Энвер Мамедханлы

Hekayələr


Скачать книгу

tərpənən kimi olurdu, amma səsi çıxmırdı və belə dəqiqələrdə ananın çəpər arxası ən yaxın qonşusu Məsmə qarı ananın üstünə əyilirdi və dodaqlarının tərpənişindən ananın nə dediyini oxuyurdu:

      – Deyir, ey rəbbim, nə olardı möcüzə göstərəydin: göydə bir quş oxuyaydı ki, Murad sağdır… Deyir, xudaya, nə olardı bu saat bir uşaq qaçıb gələydi, xoş xəbər gətirəydi ki, dava qurtardı…

      Ananın oğlu müharibənin birinci günündən cəbhədə idi və bu oğuldan, bu yeganə övladdan başqa ananın heç kəsi yoxdu və indi bu oğul o qədər uzaqda idi ki, düşmən arxasındakı bir meşədən göndərdiyi üçkünc məktublar həftələrlə yol gəlib, sonra kəndə çatırdı.

      Və bu il qış qurtaranda, məktub gəlməyəndə ana bir səhər yatağından qalxa bilmədi…

      O vaxtdan həftələr keçmişdi və indi o labüd, qaçılmaz son gəlib çatmışdı. Artıq heç bir dava-dərman ananı həyata qaytara bilməzdi, buna görə idi ki, kəndin dünyagörmüş qarıları ananın neçə gün, neçə gecədən bəri uzanan bu can çəkişmə əzablarını yüngülləşdirmək üçün nə isə bir çarə, bir əlac tapmaq istəyirdilər, amma nə idi o çarə və nə idi o əlac – tapa bilmirdilər.

      – Hə, onu deyirdim axı, öyrəli dili söz tutanda birdən dikəldi, yerindən qalxdı, əlimi qamarladı, sinəsinə basdı, Məsmə nənə, dedi, ölüm haqdır, amma mən ona görə bu qədər əzab çəkirəm, ona görə sizə də bu qədər zülm eləyirəm ki, xoşbəxt ölmək istəyirəm… O günə, Məsmə nənə, dedi, o günə, oğlumun əli əlimə dəyən günə mən bu ürəyimi qurban demişəm…

      Qadınlar kövrəldilər, qara kağız alanların dərdi təzədən qövr eləyirdi, yollarını gözlədiklərinin nigarançılığı yenidən daş olub ürəklərindən asılırdı, amma özlərini boğurdular, xısın-xısın ağlayırdılar ki, səslərini ana eşitməsin, sonra əllərinin tərsi ilə gözlərini silirdilər və heyrətlə bir-birinin üzünə baxırdılar: xoşbəxt ölüm? Məgər vardımı bu dünyada belə bir ölüm?

      Ana üçün vardı…

      Vardı ki, sinəsi ölmüşdü, əlləri-ayaqları ölmüşdü, gözləri, dili, dodaqları ölmüşdü, ciyərləri, saçları ölmüşdü, təkcə ürəyi ölməmişdi, o ürəyi ki, həmişə yalnız oğlu üçün döyünmüşdü və indi yenə o ürək ananın bircə dəfə oğlunu görüb xoşbəxt ölməsi üçün bu qədər inad edirdi, təslim olmurdu, son zərbəsini vurmurdu və bununla da ananın can çəkişmə əzabını bu qədər uzadırdı.

      Oğul! Hələ iki yaşı tamam olmamış atasından yetim qalmışdı və o vaxt ana hələ çox gözəl və çox gənc idi, amma neçə dəfə qapısına elçi gəlmişdisə, hər dəfə qapısı ağzından geri qaytarmışdı, gənc vücudunun, şəfqət istəyən ürəyinin, çiçəkli və təravətli qadınlığının bütün istək və diləklərini boğmuşdu.

      Və oğul böyütmüşdü.

      Elə mərd bir oğul ki, igid yaşına dolanda bütün kənd ananın adına oğlunun da adını qoşmuşdu və böyük-kiçik, xüsusilə balaca uşaqlar hər dəfə anaya ”Murad dayının anası xala“ deyəndə, ananın gülüşü, ana üçün ən xoşbəxt bir gülüş olmuşdu.

      Sonra ana oğlunu şəhərə göndərmişdi, məhrumiyyətlərə qatlaşmışdı, ayrılığa dözmüşdü, səbir eləmişdi, “qoy oğlum şəhərdə böyük elm” oxusun, demişdi.

      Aylar keçmişdi, illər dolanmışdı, oğul şəhərdə böyük elm oxumuşdu, təhsilini bitirmişdi, kəndə gəlmişdi və ilk sözü bu olmuşdu:

      – Yır-yığış elə, ana, şəhərə aparıram səni, orda böyük bir fabrikdə işə başlamışam…

      Və ana nə deyəcəyini bilməmişdi, oğlunun üzünə baxa-baxa qalmışdı, dədə-baba ocağından, torpağı altında ürəyinin parasını dəfn etdiyi bu yerlərdən ayrılıb getmək istəməmişdi, amma oğul fərağına dözməyə də artıq ürəyində taqəti qalmamışdı.

      Və elə o gün şəhərdən gələn müharibə xəbəri bütün kəndi vəlvələyə salmışdı.

      Oğul bir dəqiqə yubanmadan dəmiryol stansiyasına getmişdi, ordan şəhərə zəng eləmişdi, sonra axşamüstü qayıdıb gəlmişdi ki:

      – Şəhər söhbəti sonraya qaldı ana, səbir elə, yolumu gözlə və heç vaxt məndən naümid olma…

      Və yenə ana nə deyəcəyini bilməmişdi, amma o ifadə ki gözlərində zahir olmuşdu, oğul gözlərini qaçırtmışdı və elə o axşam şəhərə qayıtmışdı.

      … İndi bu axşam yenə ölüm ilə ananın ürəyi arasında elə amansız və növbəti bir döyüş başlanmışdı ki, içəridəki qadınlar ananın üzünə baxa bilməmişdilər, başlarını aşağı salmışdılar.

      Bu vaxt Məsmə qarı da gəlib çıxmışdı, amma qarı bu dəfə balaca qız nəvəsinin əlindən tutub içəri girmişdi. Qızcığaz elə qapı ağzındaca geniş açılmış gözləri ilə yatağında huşsuz yatan anaya baxanda və bərk-bərk nənəsinin böyrünə qısılanda, qarı yavaşdan onu irəli itələmişdi və qızcığaz yaxın getmişdi, ananın başı üstündə dayanmışdı, amma ananın üzünə baxmağa qorxmuşdu, gözlərini yummuşdu və birnəfəsə nənəsi ona nə əzbərlətmişdisə, təkrar eləmişdi:

      – Xalacan, gözün aydın, dava qurtardı… Xalacan, dədəm, Murad dayı, Şirin bacının qardaşı Bədəl – hamısı ismarış göndərib ki, qırmızı vaqona minib kəndə gəlirlər… Sonra qızcığaz geri dönüb nənəsinin üstünə qaçmış və bu dəfə də Məsmə qarı qızcığazı içəridən çölə qovmuşdu ki, çıx, orda, artırmada məni gözlə.

      Və içəridə kim vardısa, hamısının canından buz kimi soyuq bir gizilti keçmişdi, amma hamı sidq-ürəkdən inanmışdı ki, yalnız bu bir tikə məsum qız uşağının tərtəmiz, cingiltili səsi gedib can çəkən ananın huşuna çatacaq və ana oğlunun davadan sağ-salamat qayıtdığını eşidib, nəhayət, son dəfə rahat nəfəs alacaq, canını təslim eləyəcək və neçə gündən bəri çəkdiyi bütün bu əzaba son qoyulacaq.

      Buna görə indi içəridəkilər hamısı başını qaldırmışdı, gözlərini anaya zilləmişdi və bu vaxt günlərdən bəri yatağında daş kimi hərəkətsiz düşüb qalmış ana yerindən tərpənən kimi olmuşdu, başını hara isə çevirmək istəmişdi, amma gücü çatmamışdı, gözlərini açmaq istəmişdi, aça bilməmişdi. Məsmə qarı tez yaxın gedib ananın üstünə əyilmişdi və yenə ananın dodaqlarının tərpənişindən nə dediyini oxumağa başlamışdı:

      – Deyir, gəldiyin yollara anan qurban, oğul… Deyir, gözümü aça bilmirəm, üzünü görə bilmirəm, oğul… Deyir, əlini ver, əlin əlimə toxunsun, oğul…

      Bu vaxt ananın əli sürüşüb taxt üstündən yerə düşmüşdü, bir-birinə qısılıb oturmuş qadınlar qorxub içlərini çəkmişdilər, hətta Məsmə qarı diksinərək və bir addım geri çəkilmişdi və hamı ananın taxtdan yerə düşmüş əlinə baxa-baxa qalmışdı.

      Çünki ananın yerə düşmüş və açıq qalmış əli tərpənmirdi, amma elə bil nəyisə gözləyirdi, tərpənmirdi, amma elə bil nəyisə axtarırdı, tərpənmirdi, amma elə bil fəryad edib