Энвер Мамедханлы

Hekayələr


Скачать книгу

bir yerdə taqqıltı ilə qupquru sinəsi üstünə düşmüşdü.

      Və o şam ki çoxdan ərimişdi, çoxdan tükənmişdi, amma bir tikə alovu ilişmişdi dibində, ərinti üstündə qalmışdı, indi, nəhayət, o da sönmüşdü – ananın inadkar ürəyi son dəfə çırpınmışdı və son zərbəsini vurmuşdu.

      Sonra o uğursuz və sirli səssizlikdən içəridəkilərin qulaqları cingildəyəndə, Məsmə qarı dərindən köksünü ötürmüşdü və hər iki əlini göyə qaldırmışdı:

      – Ey bu vaxtın sahibi, – demişdi, – axır ki, o, əzabdan qurtuldu, sən də əgər adilsən, günahından keç, sən də əgər rəhmdilsən, bu aciz bəndənə, həmişə dərgahında boynunu bükənə rəhm elə!

Bakı, 1944

      ƏFSANƏLİ DAĞLAR

      (Uzaq dağlarımıza qalxan ilk məktəb müəlliminə)

      O birinci dəfə idi ki, bu yerlərə ayaq basırdı. Üç gündü ki, bu uzaq dağlarda itirdiyi ovunu axtarırdı. Onu buralara aşağıdan, qalın aran meşələrində izinə düşdüyü bir maral çəkib gətirmişdi. Nabələd olduğu bu dağlarda isə o azıb yorulmuş və artıq ovunu tapmaqdan tamamilə ümidini kəsmişdi ki, birdən axtardığına rast gəldi. Ovçu onu meşənin dərinliyində, göydə çətirləri bir-birinə qarışmış qalın gövdəli, ucaboylu vələs ağacları arasında dayanmış gördü. Maral başını aşağı salıb ağac gövdəsinə söykənmiş, elə bil məruz qaldığı təqiblərdən yorulub indi dərin fikrə getmişdi.

      Ovçu qəfildən onun üstünə çıxarkən qeyri-ixtiyari diksindi, sonra həyəcan içində tələsik və qəti bir hərəkətlə əlini tüfənginə atmaq istəyirdi ki, birdən maral ağır-ağır başını geri çevirdi, boynunu büküb qara, işıltılı qonur gözləri ilə ovçuya baxdı.

      Lənətə gələsən səni, dəli şeytan! Yenə ovçunun əlləri sustaldı, yenə ovçu yerində donub qaldı. Heyvanın gözləri o qədər qəşəng, parlaq və cazibəli idi ki, ovçu bu dəfə də ona əl qaldıra bilmədi. Ona elə gəldi ki, əgər o, təbiətin bu nadir yaraşığına qəsd edərsə, əgər bu saat ona zillənmiş o qəribə gözlər qapanarsa, yanaqlardan süzülən bütün bu yaşıl işıqlar bir anda sönəcək, meşə üzərinə zülmət bir gecə enəcək, dağlar-qayalar belə fəryad edib haray qoparacaqlar. Sanki bu dəqiqə təbiət özü ürəyini tutub nəfəsini udmuş, rəngi qaçmış meşə çiçəkləri gözlərini geniş açmışdı.

      Ovçu davam gətirməyib başını aşağı saldı, ayaqları altındakı qorxmuş çiçəklərə baxıb gülümsədi – o, təqib etdiyi ovuna imkan verirdi ki, qaçsın, uzaqlaşsın. Yox, görünür, o, bu maralı ovlaya bilməyəcəkdi. Artıq ikinci dəfə idi ki, maral onu bu cür sehrləyirdi. İkinci dəfə idi ki, o, bu günəş gözlü varlığa qıya bilmir, ürəyini gəmirən acgöz ovçuluq ehtirası ruhuna işləyən bir gözəlliyin amansız cazibəsi ilə üz-üzə gəlirdi. Ovçu şikarının yox olduğunu güman edərək başını qaldırdı. Lakin maral getməmişdi. Maral ona baxırdı. Ovçu heyrət içində gözlərini döydü. Bu zaman maral xəfif bir hərəkətlə başını buladı, sol biləyini qaldırıb dırnaqlarını iki dəfə yerə çırpdı, sonra yola düzəldi. Bu dəfə o qaçmayaraq ağır-ağır gedirdi. Bir qədər uzaqlaşıb yolunu kəsən pöhrəliyi döşü ilə yardı, sonra dayandı, boynunu büküb yenə geriyə baxdı.

      Elə bil o, ovçunu harasa çağırırdı. Ovçu ovunun iradəsinə tabe olaraq maralın dalınca getdi. Maral qabaqda, ovçu arxada meşə ilə çox getdikdən sonra, nəhayət, onlar uçurumlu böyük bir dərəyə yetişdilər. Ovçu bütün cığırların bu uçurumlu dərə kənarında bitdiyini gördü. Elə bil buradan o tərəfə heç kəs keçməmiş, dərənin o biri tayı nə insan səsi eşitmiş, nə insan ləpiri görmüşdü…

      Maral yana buruldu. Sonra dönüb geri baxdı, qonur gözlərinin lal çağırışı ilə o yenə ovçunu dalınca çəkib harasa aparırdı. Gizlin və sanki marala məlum bir cığırla aşağıya, uçuruma endilər, sonra divar kimi dik bir yoxuşa rast gəlib yuxarı dırmaşdılar. Ovçu yoxuş divarında üfüqi istiqamət almış ağac budaqlarından, üzüaşağı sallanıb bir-birinə sarmaşan müxtəlif bitkilərin uzun hörüklərindən yapışaraq özünü yuxarı qaldırır, girinti-çıxıntıları ayaqları altında pillə edib sanki dik bir divara dırmaşırdı. Qabaqda gedən maral isə tez-tez gah sağa, gah sola burulur, ayaqları altında qopan daşlar gurultu ilə aşağı töküləndə, ovçu cəld özünü ağacların gövdələri arxasına verib daldalanmağa məcbur olurdu. Nəhayət, onlar yoxuş başına qalxıb yüksək və hamar bir yaylaya çıxdılar. Burada, meşənin seyrələn yerində qarşılarında bir tala açıldı. Talanın yuxarı tərəfində əfsanəvi qala bürclərini andıran çılpaq qayalar yüksəlirdi. Onlardan biri, görünür, vaxtilə dəhşətli bir sarsıntı nəticəsində qopub aşağıya, talaya yumarlanmış, sonra isə bu nəhəng qaya parçasının böyrünə kiçik bir dağ kəndi sığınmışdı. Kənd cəmisi on dörd komadan ibarət bir oba idi.

      Maral irəli gedib kənardakı ucqar bir komanın yanında dayandı. Komanın hörmə çubuq çəpərli həyətindən çıxan ensiz cığırın bir qolu qızıl lalələrlə örtülü kiçik bir dərəyə enir, digər qolu isə talanı kəsib keçərək meşə içində gözdən itirdi.

      Ovçu dayanıb bir an ətrafı gözdən keçirdikdən sonra maralı nişan tutub ucqar komaya doğru yönəldi. Maral orada başını aşağı salıb komanın divarına söykənmiş, elə bil yenə nə barədə isə öz-özünə fikirləşirdi.

      Ovçu artıq ona çatmışdı ki, birdən heyvan diksinib kənara sıçradı, ildırım kimi dərə döşüylə üzüaşağı götürüldü, bir dəqiqə sonra isə artıq sıx meşəyə girib gözdən itdi.

      Ovçu koma yanında dayanıb uzun-uzadı maralın arxasınca baxdı, sonra birdən yorğunluq ona elə güc gəldi ki, tüfəngini çiynindən çıxardıb, özünü koma arxasındakı dikdir üstünə yıxdı. Ovçu bu cür yorğun-arğın çox oturub qaldı. Axşam günəşi odlu bir quş kimi üfüqdə yarımdövrə vurub, qərbdəki Yasamal dalına endi.

      O zaman ovçu da ayağa qalxdı, obada gecələmək niyyəti ilə ucqar komanın qapısını döydü. Qapını açan, üzündə keçmiş gözəlliyindən solğun izlər qalmış alagöz bir qadın idi. O, ovçunu Allah qonağı kimi içəri buraxdı. Ovçu komaya girib qapı ağzında dayandı. Komanın yuxarı tərəfində baca altında ocaq yanırdı. Ocağın sağında çal qaşları altındakı gözləri dərin çuxurlara düşmüş bir qoca oturmuşdu. O, əlində yonduğu ağac parçalarından qaşıq və çömçə qayırırdı. Ocağın solunda həsir üstündə salınmış yataqda kim isə yorğan altında uzanmışdı.

      Qoca içəri girən qonağın salamını alıb öz yanında, ocaq başında ona yer göstərdi, sonra üstünü çırparaq, yonub yanına tökdüyü yonqarı çəngələyib ocağa atdı. Ovçu bilirdi ki, əgər özü deməsə, heç kəs ondan – Allah qonağından – haradan gəldiyini, haraya getdiyini və kim olduğunu soruşmayacaq. Qoca kəhildəyib ayağa qalxarkən:

      – Otur, oğlum, – dedi, – otur, mən də bu saat qayıdıram.

      Qoca komadan çıxarkən ovçu yuxarı başa keçdi və bu zaman ocağın gözünü tutmuş yonqar topası birdən çatırdayıb alışdı, alov çırpınıb quş kimi qanad çaldı, közərən kösövlərdən qopan çırtdaqlar yuxarıya, bacaya doğru sıçradı.

      Bu