hətta silahları yunan döyüşçülərinin silahlarını xatırladırdı. Romalı əsgərlər qısa nizədən, yumru qalxandan, dəbilqədən, yaraq-əsləhədən, ayaq süpərisindən10 və qılıncdan istifadə edirdilər.
M.ö. 343–341-ci illərdə baş verən Samnit müharibəsindən sonra romalılar o vaxtadək cinahlara bölünən legionu manipullara bölünən legionla əvəzlədilər. Üstəlik, əvvəlkindən fərqli olaraq yüngül taxta qalxanlardan və skutumlardan11 istifadə etməyə başladılar. Romalılar skutumlarla yanaşı, pilumlardan12 da faydalanırdılar və hər iki silahı Samnit müharibəsindəki rəqiblərindən – Mərkəzi İtaliyada məskunlaşmış qədim xalq olan samnitlərdən götürmüşdülər. Manipulyar legion, adətən, 4300 piyada əsgərdən və 300 atlıdan ibarət olurdu. Zəruri zamanlarda legionun sayı 5200 piyada döyüşçüyədək artırıla bilərdi.
Manipulyar legion Pun müharibələri boyu əsas hərbi birləşmə idi. Lakin romalılar karfagenlilərin ispan ağır piyada qoşununa tab gətirə bilməyəcəklərini anlayanda legionun sayını daha da artırmalı oldular.
Roma ordusunun özünəməxsus düzülüşü vardı. Ən gənc və zirək, bununla belə, az təlim görmüş döyüşçülər yüngül piyada qoşunlarına cəlb edilirdi. Onlara velit13 deyilirdi, döyüşlərdə daha çox ox və nizə atıcısı kimi çıxış edirdilər. Ön xətti təmsil edən ikinci qrup döyüşçülər isə qastatlar adlanırdı və dəbilqə, sinəbənd, ayaq süpəri kimi yaraqlarla silahlanırdılar. İkinci xətdə ən yaxşı və ən təcrübəli döyüşçülər – prinsiplər düzülürdülər. Prinsiplər əsasən 30 yaşlarında olan və canları döyüşlərdə bərkimiş veteranlar idi. Onlar qastatlar kimi silahlanmışdılar. Üçüncü xətt 40-45 yaşlı veteranlardan – triarilərdən ibarət idi. Uzun nizələrlə silahlanmış triarilərin öz vəzifəsi vardı. Belə ki, irəlidəki iki ön xətt düşmənə tab gətirməyəndə onlar geriyə çəkilən qastatlarla prinsiplərin qarşısını kəsir, hər iki qrupun yenidən toparlanmasına imkan yaradırdılar. 4200 döyüşçüdən ibarət legiona 1000 velit, 1200 qastat, 1200 prinsip, 600 triari və təxminən 100 zabit daxil idi.
Romalıların döyüş taktikaları da öz dövrünə görə kifayət qədər ağıllı düşünülmüşdü. Manipullar ordunun əsas taktiki bölməsi idi və hər birinin tərkibinə 120 əsgər daxildi. Döyüşün gedişində onlar da yarıya bölünərək iki senturiya yaradırdılar. Manipullar şahmat düzülüşü ilə yerləşirdilər. Ön xəttin döyüşçüləri düşmənə güc gələ bilməyəndə tədricən geri çəkilir, bu zaman ikinci xəttin əsgərləri döyüşə atılırdı. Beləcə, fürsətdən istifadə edən ön xəttin döyüşçüləri yenidən toparlanmağa macal tapırdı. Həmin manevr bir neçə dəfə təkrarlanır və nəticədə ön xətdəki döyüşçülərin uzun müddət tam gücü ilə vuruşması təmin edilirdi.
Xətlər arasındakı bu cür yerdəyişmə daha bir üstünlük yaradırdı. O dövrdə ön cərgələr məğlubiyyətə uğrayan kimi əsgərlər qaçıb canlarını qurtarmağa çalışırdı. Lakin xətlər arasındakı mütəmadi yerdəyişmə fərarilik cəhdlərinin qarşısını alırdı. Publi Ssipion (oğul) öz əsgərlərini bu manevrlə döyüşdürən ilk romalı sərkərdə idi.
Tarixdə vahid ordunun tərkibində vəziyyətə uyğun sərbəst şəkildə qərarlar verə və həmin qərarlar üzrə hərəkət edə bilən ilk əsgərlər də romalılar olub. Bu da onlara bir çox döyüşlərin gedişatını kökündən dəyişmək imkanı yaradıb.
Daha bir maraqlı məqam: romalılar karfagenlilərlə döyüşdə daha çox yunanlarda rast gəlinən qısa qılınclardan istifadə ediblər. İkinci Pun müharibəsi zamanı isə İspaniyada bəzi legionlar tədricən falkatalarla14 silahlanmağa başladılar. Bu qısa qılınclar uzun təkamül yolu keçdikdən sonra məşhur qladiusa – ispan qılıncına çevrildi. Roma qladiusunun uzunluğu iyirmi düym15, eni isə təxminən üç düymə çatırdı. Möhkəm poladdan düzəldilən bu qılınclar sınmadığından romalı əsgərə psixoloji cəhətdən ciddi üstünlük qazandırırdı. Hərçənd həmin qılıncdan istifadə etmək üçün yüksək hazırlıq və bacarıq tələb olunurdu.
Romalıların müharibədəki aparıcı hərbi gücü ağır piyada qoşunları idi. Bu qoşunlar mərkəzdə dayanır və düşmən ordusunu zəiflədənədək zərbələr endirirdi. Karfagenlilər savaş zamanı çox vaxt qalları irəli verdiyindən və mərkəzi mühafizə etmək üçün cinahlarda düzülmüş ispan piyada qoşunlarına bel bağladığından bu romalıların işinə yarayırdı. Belə ki, onlar ispanlarla müqayisədə daha nizam-intizamlı və inadkar təsir bağışladıqlarından çox keçmirdi ki, düşmən üzərində üstünlük əldə edirdilər.
Buna baxmayaraq, Roma ordusunun zəif yerləri də az deyildi. Məhz həmin zəif yerləri yaxşı dəyərləndirən karfagenli sərkərdələr uğur qazanmağı bacarmışdılar. Birincisi, romalılarda peşəkar zabitlər az idi. Bu zabitlər çox vaxt mülki şəxslər olurdu. Başqa bir problem də vardı. Orduya növbə ilə iki konsul başçılıq edirdi: bir gün biri, ertəsi gün digəri. Bu cür rəhbərlik xeyli dərəcədə ikihakimiyyətlilik yaradır, fikir ayrılığına gətirib çıxarır və qoşunların döyüş qabiliyyətini aşağı salırdı. Düşmən cəbhəsindəki belə vəziyyətlərdən Hannibal dəfələrlə istifadə etmişdi.
Romalıların daha bir zəif yeri süvari dəstələri idi. Bu dəstələr tez-tez nizamsızlıq nümayiş etdirir, hədəfi düzgün müəyyənləşdirmir, döyüş meydanında necə gəldi vuruşurdular. Hannibal romalıların süvari dəstələrinin səriştəsizliyindən istifadə edərək bir neçə həlledici qələbə qazanmışdı.
Romalılardan fərqli olaraq, Hannibalın süvari qoşunları əla təlim keçmiş və yaxşı silahlanmışdı. Karfagenlilər Romanın süvari qoşunlarını döyüş meydanında pərən-pərən salır, yalnız bundan sonra piyada qoşunlara keçirdilər. Hətta Publi Ssipion (oğul) kimi bacarıqlı və qəddar sərkərdə belə süvari qoşunlardakı vəziyyəti dəyişə bilməyib. O, sonda romalılardan əlini üzmüş və ispan muzdlularından ibarət süvari dəstələr yaratmalı olmuşdu.
Karfagenlilərlə müqayisədə qarşı tərəfin daha bir ciddi əskikliyi kəşfiyyat işinin zəif qurulması idi. Bu səbəbdən də romalılar Hannibalın planlarından və hədəflərindən, demək olar, məlumatsız idi. Onlar mütəmadi şəkildə çıxılmaz vəziyyətdə qalırdılar: nə karfagenlilərin hücumlarından, nə də başqa təhlükələrdən vaxtında xəbər tuturdular. Müxtəlif vaxtlarda Romanın altı legionuna pusqu qurulması və darmadağın edilməsi də dediklərimizi təsdiqləyir.
Hannibal isə yuxarıda da vurğuladığımız kimi güclü kəşfiyyat xidmətinə sahib idi. O, peşəkar casuslarla yanaşı, tacirlərdən və s. kəşfiyyat məqsədilə mahir şəkildə faydalanırdı. Üstəlik, karfagenli sərkərdə kəşfiyyat xidmətindən yalnız düşmən barədə zəruri bilgilər toplamaq üçün yararlanmırdı. Eyni zamanda ondan qarşı tərəfdə təxribatlar yaratmaq, Roma ilə müttəfiqləri arasına nifaq salmaq üçün istifadə edirdi.
Bir sözlə, iki amansız rəqibin – Karfagenin və Romanın arasında istər orduların quruluşu, istərsə də döyüş strategiyaları və taktikaları baxımından kəskin fərqlər