kimi! Hətta bir müddət sonra iş o yerə çatdı ki, bəzi müstəmləkələr öz nicatını Tirdə deyil, Karfagendə axtarmağa başladı.
M.ö. 498-ci ildə yunanlar Karfagen şəhərlərinə hücum çəkməyə başladılar. 18 il davam edən bu mübarizədə heç bir strateji uğur əldə olunmadı. M.ö. 480-ci ildə isə karfagenlilər Siciliyaya soxularaq, yunanları adadan qovmağa çalışdılar. Həmin vaxt Karfagen 300 min əsgər, 200 hərbi və 3 min yük gəmisindən ibarət hərbi gücə malik idi. Bu qədər nəhəng orduya isə həmin vaxt Karfagenin aparıcı dövlət xadimi olan Haminkar başçılıq edirdi.
Qarşı tərəfə gəlincə, 2 yunan tiranı17 – Qelon və Teron 24 min piyada əsgər və 2 min atlıdan ibarət ordu toplamışdı. Müttəfiqlərinin dəstəyinə ümid bəsləyən Haminkar isə süvari dəstələri özü ilə götürmədi. Bundan xəbər tutan Qelon karfagenliləri qəfil yaxaladı və Haminkarın ordusunu darmadağın etdi. Bu məğlubiyyəti özünə sığışdırmayan Haminkar müqəddəs tonqala atılaraq özünü öldürdü.
Həmin hadisədən sonra karfagenlilər 90 ilə yaxın müddətdə Siciliyanı rahat buraxdılar və Afrikadakı torpaqları ələ keçirməyə yönəldilər.
Nəhayət, M.ö. 409-cu ildə Karfagen ordusu Siciliyanı qaytarmağa cəhd etdi. Ordu Hannibalın başçılığı altında dəniz yolu ilə Siciliyaya gəldi. Əvvəlcə buradakı Selinus, ardınca isə Qimer şəhəri tutuldu. Haminkarın özünü müqəddəs tonqala atdığı yerdə 3 min kişi və qadın işgəncələrə məruz qaldıqdan sonra qətlə yetirildi. M.ö. 406-cı ildə Sirakuz istisna olmaqla, Karfagen artıq Siciliyanın yunan hissəsinə sahib idi. Bir il sonra Sirakus tiranı Dionisi Karfagenlə sülh müqaviləsi bağlamağa məcbur oldu.
Siciliyada mövqelərini gücləndirən karfagenlilər Qərbi Aralıq dənizinə nəzarəti də ələ almışdılar. Həmin vaxt Karfagen dövlətinin tərkibinə Cənubi İspaniya, Qades, Korsika, Sardiniya, Balear adaları, Malta və Şimali Afrika sahili daxil idi. M.ö. 348-ci ildə Karfagenlə Roma arasında müqavilə bağlandı. Həmin müqaviləyə görə karfagenlilər romalıların, romalılar isa karfagenlilərin torpaqlarına yaxınlaşa bilməzdilər. İki ölkənin torpaqları arasındakı sərhəd Korsika şəhəri oldu. M.ö. 306-cı ildə Roma ilə Karfagen arasında növbəti müqavilə imzalandı. Bu müqaviləyə görə Karfagen Romanın İtaliyada, Roma isə Karfagenin Şimali Afrikada hakimiyyətini tanıyırdı.
Beləcə, təxminən M.ö. VIII əsrdən III əsrədək Roma ilə Karfagen Qərbi Aralıq dənizi sahillərində əsas dövlətlər kimi inkişaf etdi. Nə qədər ki, Karfagen Roma limanlarına soxulmur, Roma isə Karfagen ərazisinə girmirdi, hər iki dövlət qarşılıqlı uzlaşma şəraitində yaşayırdı.
İtaliya üzərində hakimiyyətini tamamilə möhkəmləndirmək üçün Romaya təxminən üç əsr lazım oldu. Nəhayət, İtaliyanın böyük bir hissəsinə ağalıq edən Roma karfagenlilər və yunanların Siciliyada mövcudluğunu həzm etməməyə başladı. Romalıların fikrincə, bu onların daha geniş əraziləri ələ keçirmələrinə mane olurdu.
Beləliklə, M.ö. 264-cü ildə Roma Siciliyaya soxulmaq qərarına gəldi. Bununla da Birinci Pun müharibəsi başladı.
Birinci Pun müharibəsi
(M.ö. 264–241-ci illər)
Mamertinlər – İtaliyanın Kampaniya adlanan vilayətindən olan muzdlular idi. Onlar ilk Pun müharibəsinin əsas səbəbkarı hesab edilir. Sirakuzlu Aqafoklun yanında xidmət edən bu muzdlular karfagenlilərlə müharibədən sonra Siciliyada gəzib-dolaşırdılar. M.ö. 289-cu ildə Aqafokl öldü. Bundan sonra mamertinlər Messina şəhərinə doluşdular. Şəhər sakinləri onları gülərüzlə qarşıladı. Lakin mamertinlər tezliklə yerli əhalinin axırına çıxıb, mal-mülklərini öz aralarında böldülər və Siciliyanın şimal-şərq hissəsinə ağalıq etməyə başladılar. Aqafoklun varisi olan Gieron bu vəziyyətdən razı qalmayıb, onların üstünə hücum çəkdi. Lonqan çayı yaxınlığındakı döyüşdə mamertinlər məğlubiyyətə uğradı. Gieron bu qələbədən sonra Messinaya doğru hərəkət etsə də, karfagenlilər onlara qarşı çıxdılar. Mamertinlər karfagenlilərin hakimiyyəti altında olmaq istəmədikləri üçün romalılardan onları Messinadan qovmağı xahiş etdilər.
Beləcə, bu şəhər Roma ilə Karfagen arasında mübahisəli bölgəyə çevrildi. Axırda romalılar karfagenlilərlə anlaşmanı pozmaq qərarına gəldilər və öz qoşunlarını Messinaya göndərdilər. Həmin vaxt Karfagen donanyması uzaqda olduğundan Qannonun başçılığı altında azsaylı ordu romalılara müqavimət göstərməyə çalışdı. Ancaq müqavimət nəticəsiz qaldı və romalılar Messinanı tutdular. Həmin məğlubiyyətdən sonra Qannon Karfagenə qayıtdı. Karfagenlilər Messinanı qoruyub saxlaya bilmədiyi üçün onu edam etdilər.
Bu vaxt xəbər gəldi ki, Sirakuzlu Gieron da Romanın tərəfinə keçib. Beləcə, Siciliyada gücünü bir az da artıran romalılar Messinanın ardınca Aqriqent şəhərini tutdular. Düşmənə açıq döyüşdə qalib gələ bilməyəcəyini düşünən karfagenlilər maraqlı taktika seçdilər. Siciliya ərazisinə yaxşı bələd olduqları üçün pusqular qurmağa, Roma gəmilərinə hücum etməyə başladılar. Bu bir növ partizan müharibəsini xatırladırdı. Beləcə, dörd il ərzində romalıların daha da irəliləməsinin qarşısını alındı. Lakin bu onları Siciliyanı tamamilə ələ keçirmək niyyətindən daşındırmadı.
Güclü donanması olmadan Karfageni məğlub edə bilməyəcəyini anlayan Roma cəmi iki ay ərzində yüz kvinkvirema18 və iyirmi trirema19 inşa etməyi bacardı. Polibi yazır ki, donanmanın inşaatına ümumilikdə 20 min adam cəlb edilmişdi.
Ellin dövrünün20 sonundan başlayaraq kvinkvirema Aralıq dənizi donanmasında əsas hərbi gəmi idi. O da trirema kimi ilk dəfə karfagenlilər tərəfindən inşa olunmuşdu. Kvinkviremanın uzunluğu 120, eni isə 18-20 fut21 idi. Yelkənlərin ümumi sahəsi təxminən 1400 kvadrat fut təşkil edirdi. Yuxarı və aşağı göyərtələrə ayrılan kvinkviremanın heyəti 400 nəfərdən ibarət idi: 280 avarçəkən, 75-100 nəfərdən ibarət abordaj22 piyada dəstəsi, 25 matros və zabit. Sahəsi 2 min kvadrat fut olan göyərtədə cəmi 2-3 günlük azuqə və su ehtiyatı olurdu. Belə ki, uzun müddət suda qalan nəqliyyat gəmilərindən fərqli olaraq hərbi gəmilər dincəlmək, yeni ehtiyat yığmaq və heyəti tamamlamaq üçün müntəzəm olaraq sahilə yan almalı idi.
Lakin məsələ gəmi tikməklə bitmirdi, heyətə təlim keçmək də lazım idi. Odur ki romalılar inşaat müddətində təkcə 44 min adama quruda avar çəkməyi öyrədirdi. Gəmilər tikiləndən sonra isə heyətlər göyərtədə təlim keçməyə başlayır və yalnız bundan sonra hərbi əməliyyatlara qoşulurdular.
Qısa vaxtda böyük donanma yaratmalarına baxmayaraq romalılar dənizçilikdə qat-qat təcrübəli olan karfagenlilərin əlinə su tökməyə yaramırdılar. Odur ki düşmən üzərində üstünlük qazana bilmək üçün maraqlı fəndə əl atdılar: onlar gəmiləri qarmaq-lövbər və aşma körpü ilə təchiz etdilər. Yüz il əvvəl qallar həmin lövbərlərin sayəsində romalıların gəmilərini öz göyərtələrinə tərəf çəkmiş, düşmən gəmisinə soxulmuş və heyəti qətlə yetirmişdilər. Aşma körpü isə romalıların özlərinin kəşfi idi. Onlar bu körpü ilə düşmənin