susurdu.
– Görünür, müxbirlər Hember və Stayl sizin sözlərinizi rəsmi bəyanat kimi qələmə veriblər…
– Bu qəzetçilər axı nə əsasla mənə istinad edirlər?
– Siz Esseksi müşayiət edirsiniz, deyilmi?
– Lakin söhbət şəxsi xarakterdə idi. Bunu bilirdilər.
– Əlbəttə, bilirdilər. Amma onlar üçün müqəddəs və əziz heç nə yoxdur. Gərək sizi xəbərdar edəydim, günah məndədir. Esseksin nə tədbir görəcəyini bilmirəm…
– Qəzetçilərin bu hərəkəti məni heyrətləndirib.
– Onları hələ yaxşı tanımırsınız. Onların peşəsi belədir, – Ketrin bir filosof ahəngi ilə dedi.
Ketrin Mak-Qreqorun nə vaxt ona baxacağını gözləyirdi. Onun nəzərləri isə harasa düz irəli zillənmişdi.
– Doğrudanmı, Londona dönməyə hazırlaşırsınız?
– Mümkün olsa. Bu mənim işim deyildir. Mən nə etdiyimi dərk etməliyəm. Diplomatlar İran məsələsinə yanlış qənaət əsasında yanaşırlar.
– Arabir axınla üzməyə də çalışın. Bu, gözəl duyğudur. Xoşunuza gələcək. Daha bir neçə həftə gözləməyin sizdən ötrü nə fərqi var? Burada qalıb hadisələri izləyin…
Ketrin xizək sürməyə getdi, Mak-Qreqor isə Esseksin yanına qalxdı.
Esseks əlini sinəsində çarpazlayaraq kresloya əyləşdi.
– Mak-Qreqor, siz dinc adamsınız, lakin özünüzü cəncələ salırsınız. Amerikalılara demisiniz ki, mənim ümdə vəzifəm rusları Azərbaycandan çıxmağa məcbur etməkdir. Doğrudanmı, bunu onlara danışıbsınız?
Esseks qəzetin o yerini oxudu.
– Gör nə həyasız uydurmadır, – Mak-Qreqor dedi.
– Uydurmaq onların peşəsidir. Amma missiyamız təhlükə altına düşür…
– Mən onlara təhlükə yaradan heç bir söz demədim. Bütün bunları təkzib etmək asandır.
– Təkzib işi yalnız korlaya bilər. Mak-Qreqor, mətbuatdan oddan qorxan kimi qorxmaq lazımdır. – Sonra Esseks əlavə etdi: – Tutqun görkəminiz var, əzizim. Bu məsələ artıq bitdi.
– Bunu ürəyimə salmıram. Lakin etiraf edin ki, mən bu işə yaramıram.
– Nədir, qaçmaqmı istəyirsiniz, Mak-Qreqor? Artıq gecdir. İrana dair mənimlə nə qədər istəsəniz mübahisə edin. Təki missiyamıza mane olmasın. Axı siz, əminəm ki, ruslara haqq qazandırmırsınız?
– Heç də yox…
– Onda təşvişə əsas yoxdur. Yaxşısı budur, qəzetçiləri toplayaq. Ketrin buranın bütün müxbirlərini tanıyır.
– Bu Hember və Staylı da dəvət edək?
– Əlbəttə.
…Esseks qəsdən gecikərək aşağı enəndə hamı yığışmışdı. Dreyk, Melbi və Mak-Qreqor da orada idilər. Esseks içəri girəndə hamı dönüb ona baxdı. Müxbirlərlə tanışlıqdan sonra Esseks söhbəti, nəhayət, İran üzərinə gətirdi:
– Biz istəyirik İran barədə 1942-ci il müqaviləsinə hörmət edilsin.
– Rusların İrana göz dikdiyinə sübutlarınız varmı? – Hember israrla soruşdu.
– Bunu söyləmək çətindir. Mən ruslar barədə danışmağa vəkil edilməmişəm, – Esseks gülümsədi. O, söhbəti müqavilənin şərtləri üzərinə gətirmək istədi. Lakin onun sözünü kəsdilər. Kimsə nazik səslə soruşdu:
– Güman ki, neftin buna heç bir dəxli yoxdur?
Esseks həmin jurnalistə sərt şəkildə baxdı.
– Bəs onda orada nəyə nail olmaq istəyirsiniz, lord Esseks? – ingilis müxbir Holms soruşdu.
– Bax bu, birbaşa sualdır! Mən İranın şimal əyalətlərində qanuni hakimiyyəti bərpa etmək ümidindəyəm. Azərbaycan hadisələri barədə bizdə ifşaedici məlumatlar var. Güman edirəm ki, ruslar bizimlə danışıqlara həvəssizdir, lakin ortada faktlar var.
– Bunlar nə faktlardır ki? – balacaboy, ağbəniz missis Bell qəmzəli nəzərlə baxdı.
– Bax bu, sırf qadın sualıdır! Əziz missis Bell, bu faktlar indiki halda yalnız Molotovun qulaqları üçündür.
– Britaniya hökuməti İran Azərbaycanındakı islahatları öyrənibmi? Bu barədə nə deyə bilərsiniz? – sual verildi.
– Bunu Mak-Qreqordan soruşun. Buraya İranı yaxşı tanıdığına görə göndərilib. Yerli dilləri bilir.
Suala Mak-Qreqor cavab verməli oldu:
– Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. İranda hər şeyin yenidən təşkilinə ehtiyac var.
– Bəs onda Azərbaycandakı islahatlara niyə etiraz var?
Mak-Qreqor Esseksə baxdı. Esseks dedi:
– Britaniya hökuməti hesab edir ki, demokratiya üçün xalqların heç də hamısı yetişməyib. Bu işdə tələsmək olmaz. Azərbaycan Demokrat Partiyası öz qonşusunun bolşevik partiyası timsalında yaradılıb.
– Demokrat Partiyasının və muxtar hökumətin buraxılmasını tələb edəcəksiniz? – deyə Hember soruşdu.
– Biz istəyirik ki, Azərbaycanda İran hökumətinin suveren hüquqları bərpa edilsin, – Esseks cavab verdi.
Müxbirlər dağılışmağa başlayanda Esseks yorulmuşdu. Sonuncuları qapıya ötürüb yüngül nəfəs aldı.
…Ketrin otağa daxil olanda Mak-Qreqor pəncərədən onların darvazadan çıxdıqlarına baxırdı.
– Hə, müxbirləri ifşa etdiniz? – Ketrin gülərək soruşdu.
– Dedilər ki, mən özüm günahkaram.
Səkkizinci fəsil
– Əgər bu gün nota vermək icazəsi almasaq, deməli, Londona dönməliyik. Bu gün cümədir, sabah Londondan bir şey qoparmaq, ümumiyyətlə, çətindir. Bazar ertəsi isə artıq gecdir, – Esseks Mak-Qreqora gileyləndi.
Mak-Qreqor da Esseks kimi səbirsiz olmuşdu. Esseks dedi:
– Bunun hamısı səfirliyin ucbatından baş verir. Onlar öz qayğıları ilə yaşayırlar. Gəl gedək Moskvaya baxaq.
Onlar metroya enib, qatarla bütün Arbat radiusunu gəzib geri döndülər. Dreyk onları xəbərlə qarşıladı: London cavab vermişdir. Esseksə hərəkət sərbəstliyi verilir, yalnız bircə şərt qoyulur: notanı Dreyk təqdim etməlidir.
– Mənə bircə şey aydındır, – Esseks söylədi. – Nota onları hərəkətə gəlməyə məcbur edəcək. Molotovun buna necə münasibət göstərəcəyinə baxmaq maraqlı olacaq.
…Onlar Molotovun deyil, Vışinskinin qəbuluna düşdülər. O, Esseksə öz ovunu səbirlə gözləyən aslan kimi göründü. Dreyk notanı verəndə Vışinski:
– Aha, nota! Nə barədədir? – sənədə baxıb soruşdu.
Onlar sadə dəri divanda və kreslolarda əyləşdilər. Dreyk səlis və aydın şəkildə dedi:
– Nota