bu yazı latıncadır.
Xəlifə əmr etdi: –Bir halda ki bunu bildin, onda de görüm, orada nə yazılıb?
Səlim yazını tərcümə etməyə başladı: “Bu kağızı tapan adam Allahın kərəminə şükür etsin! Kim bu qutudakı külü iyləsə və “honestus” (mötəbər) sözünü desə, istənilən heyvan, quş cildinə girə bilər və o, bütün heyvanların, quşların dilini bilər. O adam yenidən insan cildinə girmək üçün üç dəfə qibləyə təzim etməli və yenə də həmin sözü deməlidir. Lakin, ey heyvan və ya quş cildinə girmiş adam, məbada güləsən ha, yoxsa sehrli söz sənin yadından çıxar və həmişəlik qeyri-bəşər cildində qalarsan”.
Müdrik Səlim əlyazmanı oxuyub qurtarandan sonra xəlifənin sevinci yerə-göyə sığmırdı. Müdrik Səlimə and içdirdi ki, bu sirri heç kimə deməsin, ona gözəl bir ənam verib buraxdı.
Sonra xəlifə öz vəzirinə müraciət elədi:
–Ya Mənsur, – dedi, – bax bu oldu əsl bazarlıq! Heyvan cildinə girmək yaman ləzzət verər! Sabah səhər tezdən gəl yanıma, bir yerdə gedərik çölə, mənim bu balaca qutumu bir-iki dəfə iyləyib qulaq asarıq quşların və heyvanların səsinə, görək onlar göydə, meşədə, çöldə nə danışırlar!
Ertəsi gün xəlifə Qasid səhər yeməyini yeyib paltarını dəyişməmiş artıq böyük vəzir buyruğa əməl edib gəldi ki, gəzinti zamanı ona yoldaşlıq etsin. Xəlifə içində sehrli kül olan tütün qutusunu qurşağına keçirtdi və əshabələrinə əmr etdi ki, onu bu gün müşayiət etməsinlər. Böyük vəzirini yanına salıb yola çıxdı. Əvvəlcə xəlifənin böyük bağında xeyli gəzdilər, orada bir ins-cins yox idi ki, xəlifə sehrli külü sınaqdan çıxarsın. Onda böyük vəzir gölün kənarına getməyi məsləhət gördü. Vəzir bilirdi ki, orada həmişə quş olur. Xüsusən leyləklərin təşəxxüslü duruşu və dimdiklərinin şaqqıltısı tez-tez onun nəzərini cəlb edərdi.
Xəlifə öz vəzirinin təklifi ilə razılaşdı və hər ikisi gölün qırağına getdi. Çatan kimi gördülər ki, bir leylək qürurla gəzib qurbağa axtarır, burnunun altında da nəsə mızıldayır. Havada da bir leylək vardi, bu həndəvərə uçub qonmaq istəyirdi.
– Mərhəmətli ağam, mərc gəlirəm ki, bu uzunayaqlılar bu dəqiqə bir-biriylə çox maraqlı söhbət edəcəklər, düz demirəmsə, saqqalımı qırxdıraram. Bəlkə, elə leylək cildinə girək, hə?
– Yaxşı təklifdir, – dedi xəlifə. – Ancaq bəri başdan bir də yadımıza salaq ki, təzədən adam cildinə necə qayıdacağıq. Deməli, üç dəfə qibləyə təzim etməli və “honestus” sözünü deməliyik, onda mən dönüb yenidən xəlifə olaram, sən də vəzir. Gülmək olmaz ha, yoxsa məhv olarıq!
Xəlifə vəziri ilə danışanda ikinci leylək onların başı üstündən keçib tələsmədən yerə qondu. Xəlifə tez qurşağından tütün qutusunu çıxartdı, içindəki küldən bir çimdik götürüb böyük vəzirə uzatdı. Hər ikisi iyləyib eyni vaxtda dedi: “honestus!”
Elə o andaca ikisinin də ayaqları nazilib qırmızı rəng aldı, qolları qanada döndü, boyunları uzandı, saqqalları yoxa çıxdı, bədənlərində isə yumşaq tük bitdi.
Heyrətindən yenicə özünə gəlmiş xəlifə dilləndi:
– Cənab vəzir, əcəb dimdiyin var ha! Peyğəmbərin saqqalına and olsun ki, belə şey görməmişdim.
– Acizanə minnətdarlığımı bildirirəm, – böyük vəzir baş əyib cavab verdi, – cürət edib deyim ki, əlahəzrətə leylək olmaq xəlifəlikdən daha çox yaraşır. Bəs indi həmcinslərimizi dinləmək, onların həqiqətən nə danışdığını bilmək ürəyinizdən keçmirmi?
Artıq ikinci leylək yerə qonmuşdu. O, dimdiyi ilə ayaqlarını təmizləyib tüklərini oxşadı və birinci leyləyə tərəf getdi. Hər iki təzə leylək tez yaxınlaşdı, təəccüblü görünsə də, belə bir söhbətin şahidi oldular:
– Sabahın xeyir, xanım Uzunayaq, səhərin gözü açılmamış bu çəmənlikdə neynirsən?
– Çox sağ ol, əzizim Şax-şax! Səhər yeməyimi düzəldirəm. Kərtənkələ, yaxud qurbağa əti istəmirsən?
– Heç iştaham yoxdur. Mən tamam ayrı məqsədlə bu çəmənə uçub gəlmişəm. Atamın bu gün qonaqları var, onların qabağında oynamalıyam, odur ki bir az məşq etmək istəyirəm.
Bunu deyib leylək şahanə duruşla bir ayağı üstə dayandı, qanadlarını cazibədar şəkildə çırpdı. Xəlifə ilə vəzir özlərini saxlaya bilmədilər, qeyri-iradi olaraq dimdiklərindən gülüş qopdu, qəhqəhə çəkib uğundular. İlk əvvəl xəlifə özünü yığışdırdı.
Elə bu vaxt vəzirin yadına düşdü ki, cildini dəyişəndə gülmək olmaz. Tez xəlifəni xəbərdar etdi:
– And olsun Məkkəyə və Mədinəyə, ömürlük leylək qalmağım heç zarafata oxşamır. O zəhrimar sözü bilirsənmi? Nəsə mənim yadıma düşmür.
– Biz üç dəfə qibləyə təzim edib deməliyik: ho-ho…
Üzlərini qibləyə çevirdilər və təzim etməyə başla-
Tilsimlənmiş xəlifə ilə vəzir qəmli-qəmli çöllü- biyabanda dolaşır, başlarına bir çarə qıla bilmirdilər. Leylək cildində qalmışdılar. Şəhərə qayıdıb deyə bilməzdilər ki, biri xəlifədir, biri vəzir. Axı kim inanardı ki, o, leylək yox, xəlifədir? Lap elə tutaq ki, kimsə inandı, nə olsun? Məgər Bağdad camaatı razı olardımı ki, onların xəlifəsi leylək olsun?
Beləliklə, bir neçə gün avara-sərgərdan dolaşdılar, yedikləri də dənli bitkilərdi. Kərtənkələyə, qurbağaya meyil salmırdılar, qorxurdular ki, bu cür təamlarla mədələrini xarab etsinlər. Bu bədbəxtlərin yeganə təsəllisi uçmaqdı. Ona görə də tez-tez Bağdada uçub evlərin damına qonurdular ki, görsünlər şəhərdə nə var, nə yox.
İlk günlərdə şəhərin küçələrində böyük narahatlıq və qəm-kədərin şahidi oldular. Bir neçə gün sonra xəlifə sarayının damına qonanda aşağıda, küçədə böyük təntənə gördülər. Şeypurlar çalınır, təbillər guruldayırdı. Adlı-sanlı əshabələr tərəfindən dövrəyə alınmış bir adam at belindəydi. Əynində al-qırmızı əba vardı. Bağdad camaatının az qala yarısı atlının dalınca yüyürüb ucadan qışqırırdı: “Bağdad hökmdarı Mitsraya eşq olsun!”
Sarayın damına qonmuş leyləklər dönüb bir-birinin üzünə baxdılar. Xəlifə dedi:
– İndi bildinmi, mən niyə tilsimlənmişəm? Bax bu Mitsra adlanan adam mənim qatı düşmənim olan qüdrətli sehrbaz Kəşnurun oğludur. Həmin o cadugər bir dəfə and içmişdi ki, məndən amansız intiqam alacaq. Ancaq mən ümidimi itirməmişəm. Gəl yanımca, ey mənim ağır gün dostum, gedək peyğəmbərin türbəsinə pənah aparaq. Ola bilsin ki, müqəddəs ocaqda tilsimimiz qırılsın.
Onlar sarayın damından qalxıb Mədinəyə tərəf üz qoydular. İki saatlıq uçuşdan sonra böyük vəzir zülüm-zülüm