cadugər onu qabağına qoyub nəsə sehrli sözlər pıçıldadı və torpağı ölünün başına tökdü. Ölü o saat gözünü açdı, dərindən köks ötürdü və alnındakı mismar yarasından qan axmağa başladı. Mismarı asanlıqla çəkdik və yaralı yaxında dayanmış qullardan birinin qucağına yıxıldı. O ayılan kimi soruşdu:
– Kim məni bura gətirib?
Muley məni göstərdi və mən ona yaxınlaşdım. Kapitan dedi:
– Minnətdaram sənə, naməlum əcnəbi, sən məni uzun məşəqqətlərdən xilas etmisən. Artıq əlli ildir ki, bədənim bu dalğalar arasında üzür, ruhum isə hər gecə bədənimə qayıdır. Məni belə məhkum ediblər. Amma indi başıma torpaq toxundu, günahlarım bağışlandı, daha öz əcdadlarımın yanına qayıda bilərəm.
Mən ondan xahiş etdim ki, bu bəlanın səbəbini söyləsin. O dedi:
– Əlli il bundan qabaq mötəbər və adlı-sanlı bir adamdım. Əlcəzairdə yaşayırdım. Varlanmaq hərisliyim o qədər güclü idi ki, bir gəmi düzəldib quldurluğa başladım. Bir xeyli bu sənətlə məşğul oldum. Bir dəfə Zənddə gəmimə bir dərviş mindi. O, pulsuz getmək istəyirdi. Mən də onu gəmimə götürdüm. Özüm də, yoldaşlarım da qaba adamlar idik, dərvişin əməlisaleh olduğunu heç vecimizə də almırdıq. Arada onu ələ salır, gülürdük də. Dərviş bir dəfə təmiz ürəklə günahkar həyat tərzimi pislədi, məni düz yola çəkmək istədi. Gecə, şturmanımla yeyib-içəndə mən onun sözlərini xatırladım və birdən hirs vurdu təpəmə: buna bax ha, sultandan söz götürməyən bir adama gör gədanın birisi nə deyir! Tez özümü göyərtəyə salıb xəncəri sapladım sinəsinə. Dərviş öləndə mənə və heyətimə qarğış elədi, dedi ki, başınız torpağa dəyməmiş nə ölü kimi ölü olacaqsınız, nə diri kimi diri. Dərviş öldü, meyitini dənizə atıb qarğışına lağ elədik. Lakin onun dediyi elə həmin gecə müstəcəb oldu. Heyətimin bir hissəsi qiyam qaldırdı. Amansız döyüş başlandı. Tərəfdarlarım məğlubiyyətə uğradılar. Qiyamçılar məni dorağacına mıxladılar. Özləri də aldıqları yaradan həlak oldular. Beləliklə, mənim gəmim nəhəng bir qəbrə döndü. Mənim də gözümə qaranlıq çökdü, nəfəsim kəsilirdi, fikirləşdim ki, ölürəm. Lakin bu, ölüm deyildi, adicə huşagetmə idi. Sonrakı gecə dərvişi suya atdığımız saatda hər şey canlandı. Lakin biz ancaq o məşum gecə nə danışıb nə iş görmüşdüksə, yalnız onu eləyə bilərdik. Bu minvalla düz əlli ildir ki, beləcə, bu gəmidə üzürük, nə yaşayan kimi yaşayırıq, nə də ölən kimi ölürük, çünki torpağa həsrətik. Hər dəfə tufan qalxanda dəli kimi coşub bütün yelkənləri qaldırırdıq ki, qayalara çırpılaq və bəlalı başımız dənizin dibində rahatlıq tapsın. Lakin heç cür mümkün olmurdu. İndi isə, nəhayət, ölürəm. Bir daha sənə öz minnətdarlığımı bildirirəm, ey mənim naməlum xilaskarım! Əgər sərvətim sənə mükafat ola bilərsə, razılıq əlaməti kimi gəmimi götür.
Bu sözləri deyəndən sonra kapitanın başı sinəsinə endi və o öldü. Yoldaşları kimi o da həmin dəqiqə külə döndü. Biz bu külü bir qutuya yığıb torpağa basdırdıq. Sonra şəhərdə ustalar tapıb gəmini təmir elətdirdim. Gəmidəki malı böyük qazancla ayrı mala dəyişdim, matroslar götürdüm, dostum Muleyi səxavətlə mükafatlandırıb vətənimə yola düşdüm. Lakin birbaşa yolla qayıtmadım, müxtəlif adalara və ölkələrə üz tutub malımı satdım. Peyğəmbər salavatullah mənim işimə rəvac verdi. Doqquz aydan sonra Balsoraya gəlib çatdım, ölmüş kapitandan mənə qalan sərvəti ikiqat artırdım. Həmvətənlərim malıma-dövlətimə, uğuruma baxıb məəttəl qaldılar, belə hesab elədilər ki, yəqin, mən məşhur dəniz səyyahı Sindbadın almaz dərəsinin yerini bilirəm. Mən onları öz fikrindən daşındırmadım, ancaq o vaxtdan Balsoranın on səkkiz yaşına çatmış bütün cavanları səyahətə çıxırlar ki, mənim kimi xoşbəxt olsunlar. Mən isə dinc-asudə yaşayıram, özü də hər beş ildə bir dəfə Məkkə ziyarətinə gedirəm ki, beytül-müqəddəsdə Allahın rəhminə qarşı öz minnətdarlığımı bildirim və Allahdan xahiş edim ki, kapitanın və onun yoldaşlarının günahından keçsin.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.