olunanda özünü tam əksinə aparırdı. O, dəvət olunduğu yerə gecikir, elmi söhbətləri kəsir, məclisdə iştirak edənlərdən, heç olmasa, biri ilə höcətləşirdi.
Günlərin birində Abbasi bundan belə heç kəsə heç nə öyrətməyəcəyini bəyan edir. Sonra məmləkəti tərk edir və onu bir daha görən olmur.
Sufinin bu davranışından qayğılanan adamlar Ənvərlə tez-tez mübahisə edən Firuz Əndakinin yanına gəlir və ondan məsələyə aydınlıq gətirməsini xahiş edirlər.
Firuz deyir:
– Siz Abbasini tənqid etməyimi istəyirsiniz, amma onun necə dahi olduğunu söyləməliyəm. Onu öz müəllimim sayıram, sizlərəsə Ənvərin öz nümunəsində çatdırdığı nəzəriyyəsinin böyüklüyündən bir-iki kəlmə söyləyim. Abbasini heç vaxt öz nüfuzu maraqlandırmayıb, onu nəzəriyyəsinin odunda yandırıb. O, mübahisəyə başlayanda on nəfərdən doqquzu deyirdi: “Necə də kobuddur!” Onuncu isə söyləyirdi: “O, mübahisənin necə mənasız olduğunu göstərir!” Abbasi öz şan-şöhrətini qorumağa deyil, həqiqi biliyi onu qavramaq iqtidarında olanların naminə möhkəmlətməyə üstünlük verib.
BİLMİRƏM
Diyarbadiyar gəzən buxaralı dərviş Nazinda ona verilən suallara tez-tez “Bilmirəm” deyə cavab verərdi.
Onun bu özəlliyi Allahabadda mübahisə mövzusuna çevrilir. Müzakirədə iştirak edənlərin bir qismi müəllimin istənilən suala münasibətdə cahillik göstərməməli olduğunu deyir, digər qismi elə bu nöqteyi-nəzərin özünün cahillik olduğunu təsdiqləyir. Bu məsələylə bağlı çoxlu sayda başqa fikirlər də səslənir.
Sonda məlum dəlillər hind panditi Ram Lalın mühakiməsinə təqdim olunur və alim brəhmən belə cavab verir:
– O, “bilmirəm” deyəndə, bəlkə də, cavabı heç kəsin bilmədiyini nəzərdə tutur. Ya da, bəlkə, bunu məhz sizin bilmədiyinizi qabardır və həmin an sizə “mən”inizi nümayiş etdirir. Yaxud sualın cavabını “bilmək” lazım olmadığına işarə edir, çünki sualda, ya da cavabda nəsə yanlış fikir gizlənir.
Birisi yenə sual verir:
– Bunu daha aydın şəkildə ifadə edə bilməzmi?
Pandit cavab verir:
– Belə etməklə yürüdülən fikirlərin və müzakirələrin qarşısını almış olar.
SİLAH
Hakim əl-Mənsuri Orta Asiyanın böyük müdriklərindən sayılırdı.
Hakim nadir hallarda və çox az danışardı. Ağzını açandasa sanki söylədiklərinin ilahi dəyərlərlə heç bir əlaqəsi yox idi.
Bir dəfə adlı-sanlı bir din xadimi Hakimi fəlsəfi yarışmaya çağırır. O belə hesab edirdi ki, əl-Mənsuri nadan olduğu üçün az danışır.
Beləcə, əl-Mənsuri din xadimi Kvari Muxtarın yaşadığı və dərs dediyi Herat şəhərinə təşrif buyurur. Mübahisə tərəflərinin hər birini yüzlərlə şagird dəstəkləyir.
Kvari nitqinə aramla, səylə düşünüb-daşındığı kəlmələrlə başlayır, amma görüşün başlanmasından bircə dəqiqə keçməmiş Hakim ayağa sıçrayır və barmağı ilə din xadimini göstərir. Kvarini sanki ildırım vurur və o bundan belə bir söz də söyləyə bilmir.
Yolda şagirdlərindən biri soruşur:
– Müəllim, rəqibinin dəlillərini təkzib eləmək əvəzinə niyə onu iflic etdin ki?
Hakim cavab verir:
– Əlində qılınc varsa, düşmənə niyə palçıq atırsan ki? Hətta meymun daha çox şey edə bilsəydi, cırnatmaqdan əl çəkərdi. Bu adam həqiqət axtarmırdı, onun niyyəti mənə qalib gəlmək idi.
ƏHMƏD HÜSEYN
Bir gün sultan Mahmud Qəznəvi ilə sufi Əhməd Hüseyn gəzintiyə çıxırlar. Deyilənlərə görə, Əhməd insanların fikirlərini oxuya bilirdi. Sultan sufinin məharətini göstərməsini istəyirdi, amma Əhməd hər dəfə etiraz edirdi. Onda sultan hiyləyə əl atır və elə şərait yaradır ki, müdrik bilaixtiyar qabiliyyətini üzə çıxarsın.
– Əhməd, – sufiyə müraciət edir.
– Bəli.
– Səncə, orada dayanan kimdir?
– Dülgər.
– Adı nədir?
– Əhməd.
– Necə bilirsən, o, çoxdan yemək yeyib?
– Yox, bir az əvvəl, özü də şirniyyat.
Sultan həmin adamı çağırtdırır və məlum olur ki, müdrikin söylədiklərinin hamısı düz imiş.
– Görürsən, – sultan sevincək dillənir, – öz gücünü gizlədirsən. Amma boynuna al ki, bu dəfə dilini aça bildim. Olanları camaata danışsam, səni dərhal müqəddəs elan edəcəklər. Görüm onda necə kölgədə qalacaqsan.
– Sultan, – Əhməd cavab verir, – mən, həqiqətən, fikirləri oxuya bilirəm, amma bunu necə etdiyimi heç kəs bilmir. Bildiyimi əyləncəyə xərcləyənlərdən deyiləm, ona görə də sirrim açılmamış qalacaq.
– Amma axı elə indicə qabiliyyətindən istifadə elədin?
– Nədən belə düşündün?
– Yaxşı, onda suallarımı necə düzgün cavablandırdın?
– Çox sadə. Sən məni çağıranda o da çevrildi, deməli, adı Əhməddir. Meşədə onu təkcə dülgər üçün lazım olan ağaclar maraqlandırırdı, deməli, bu adam dülgərdir. Dodağına qonan arıları qovandasa düşündüm ki, şirniyyat yeyib.
BƏHAƏDDİN VƏ SƏRSƏRİ
Nəqşbəndi qardaşlığının dahi ustadı Bəhaəddin əl-Şah2 Buxaranın böyük meydanında həmfikri ilə rastlaşır. Bu, Məlamət qardaşlığından3 olan sərsəri dərviş (qələndər4) idi.
– Haradan gəlmisən? – o, sufilərin ənənəvi sualını verir.
– Bilmirəm, – dərviş səfehsayağı gülümsünür.
Bəhaəddinin bir neçə şagirdi bu hörmətsizliyə ağız büzür.
– Hara gedirsən? – Bəhaəddin əl çəkmir.
– Bilmirəm, – dərviş çığırır.
– Yaxşılıq nədir?
Onların ətrafına artıq xeyli adam yığışmışdı.
– Bilmirəm.
– Pislik nədir?
– Bilmirəm.
– Ədalət nədir?
– Mənim üçün yaxşı olan hər şey.
– Ədalətsizlik nədir?
– Mənim üçün pis olan hər şey.
Dərvişin davranışından narazı qalan kütlə onu qovur. O, inamlı addımlarla oradan uzaqlaşır. Dərvişin belə qətiyyətlə