sevindi. Ancaq onun halı getdikcə pisləşirdi. Bütün Muğanın bilicilə-ri tökülüşüb gəldi. Amma heç kim gəlinə bir kömək edə bilmədi.
Gözəl ölüm yatağına düşdüyünü duyub Sarvanı yanına çağırdı, dedi:
– Əzizim, Sarvanım, mənim səndən bir xahişim var, qulaq as, deyim. Körpəmizə hələ də ad qoyulmayıb. Adını mən verdim, yaşını yaradan versin: Sara! Qoy hamı qızımı Sara çağırsın. Mənim sözüm bu idi… İndi də balamı gətir, qoy sonuncu dəfə onunla görüşüm.
Sarvan tez Saranı gətirib Gözələ vermək istədi. Amma yetişmədi… Gözəl artıq gözlərini əbədi yummuşdu. Sarvan ağladı, ürəyində ağladı… Sara… balaca məsum körpə də, elə bil, anasının ölümünü duyub atasına qoşuldu, bərkdən qışqıraraq ağladı.
Gözəli torpağa tapşırdılar.
Sarvan Saranı qayğısız böyütməyə çalışırdı. Sara evdə oturmur, tez-tez Arpaçayın sahilinə gəlirdi. Qız heç kəslə oynamır, yalnız Arpaçayla oynayırdı. Arpaçay da sanki Saraya öyrəşmişdi; qız sahilə gəlməyəndə kədərlənir, sakit-sakit axır, gələndə isə sevincindən aşıb-daşırdı. Bütün Muğan camaatı bu qızı görəndə Gözəli xatırlayıb deyirdilər:
– Sara lap elə Gözəlin özüdü ki, durub. Torpağı sanı yaşasın.
– Gözəl də uşaq çağlarını Arpaçayın sahilində keçirib, Sara da.
– Gözəl də Muğan gözəli idi, Sara da.
Belə deyənlər çox idi. Amma heç kəs istəmirdi ki, Saranın ömrü Gözəlinki kimi qısa olsun. Odur ki, deyirdilər:
– Surətdə oxşayıb, baxtda oxşamasın.
Beləcə, Sara qayğı bilmədən Arpaçayın sahilində oynaya-oynaya böyüdü. Qızlar bulağından su içdi. Qızı istəyən çox idi. Sara bu cavanların içində gözəl bir gənci – Xançobanı sevdi.
Xançoban çobanlıq edirdi. Onu bütün Muğan camaatı sevirdi; çox qızlar gizli-gizli onun həsrətini çəkirdi, o isə təkcə Saranı sevirdi. Kəndin mötəbər qocaları Saranın atasına elçi düşdü. Ata qızının razılığı ilə onu Xançobana ərə verdi.
Muğan düzünə yaz gəldi. Xançoban sürüsünü yaylağa aparmalı oldu. Sara bu ayrılığa çox kədərlənirdi. Bunu görən Xançoban soruşdu:
– Mənim Saram, sən axı niyə ağlayırsan? Bir-iki gündən sonra qayıdıb səni də aparacağam.
Sara dedi:
– Heç özüm də bilmirəm niyə ağlayıram. Səndən ayrıla bilmirəm, ürəyimə damıb ki, sən gedəndən sonra bir bədbəxtlik olacaq. Bəlkə, bir də səni görməyəcəyəm, ondan qorxuram.
Xançoban güldü və Sarasının ipək tellərini sığalladı:
– Qorxma gülüm, – dedi, – heç nə olmaz.
Çoban sürüsünü çəkib dağlara getdi.
Sara Xançobanı yola salandan sonra köhnə dostu Arpaçayın sahilinə gəldi, oturub fikrə daldı.
Bu vaxt ölkənin xanı çayın qırağından keçəndə Saranı gördü, durdu, hərisliklə qıza tamaşa etməyə başladı.
Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə gördü. Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı, sonra da heç nə olmayıbmış kimi sakit-sakit axmağa başladı. Bütün Muğan camaatı tökülüb gəldi. Saranı oturduğu yerdə görməyib kədərləndilər, ürəklərinin ağrısı qəmli bir mahnıya çevrildi. O gündən həmin mahnı dillər əzbəri oldu:
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaçdı…
İntİqam
Deyirlər ki, qədimdə Arpaçayın sahilində bir kişi yaşayırmış. Onun Sara adında gözəl bir qızı varmış. Sara hələ uşaqlıqdan əmisi oğlunu sevirmiş, əmisi oğlu da Saranı. Sara boya-başa çatdıqdan sonra atası onu qonşu kənddən olan varlı bir adama ərə vermək istəyir. Bunu eşidən oğlan qızı qaçırmaq istəyir. Ata bunu duyur və mane olur. Oğlan əmisindən hayıf almaq üçün çox fikirləşir.
Oğlanın bir atı var imiş. Saranın gəlin köçməsinə az qalmış, oğlan atı tövləyə salır. Ata üç gün arpa verir, amma bir gilə də su vermir. Sara gəlin gedən gün atı bəzəyib toya gəlir, əmisinə deyir.
– Mən atımı Saraya bağışlayıram; istəyirəm ki, Sara bu atla gəlin getsin.
Arpaçay yaz yağışından sonra daşıbmış. Üç gün su içməyən at suyu görcək çaya cumur… Sellər onu gəlinlə birlikdə alıb aparır.
Deyirlər ki, Apaçay hər il o vaxt aşıb-daşır.
Apardı sellər Sarayı
Xançoban tayfasından Nuru adlı bir oğlan Şamaxı yaxınlığındakı Məlikçobanlı tayfasından Saray adlı bir qıza nişanlı idi. Yaz vaxtı idi. Toy başlandı.
Bu tayfalardan biri çayın bu tayında, o birisi isə o biri tayında idi. Oğlan evindən bir dəstə adam balabançılarla bərabər çayı keçib Məlikçobanlı tayfasına, Saraygilin qapısına, gəlini aparmağa gəldi. Xörək bişincən, yeyilincən axşam düşdü, hava qaraldı. Oğlan evinin adamları gəlini ata mindirib çayın qırağına gəldilər. Biri dedi:
– Su elə gündüz qədərdir.
Başçı dedi:
– Azacıq artıb.
Kor yengə Minabacı dedi:
– Çəkilin belə, mən balağımı çırmalayıb keçim. Çayda su nə gəzir?
Onun belə ürəkli danışması kişiləri cürətləndirdi. Atları suya vurdular. Heç iki qədəm getməmişdilər ki, gəlin minən at çayın çökək və dərin yerinə düşdü. Saray utandığından qışqırmadı; qaranlıqda at qarışıq suya yıxılıb batdı. Heç kəs cürət edib suya girə bilmədi, su da get-gedə artırdı, qaranlıqda göz-gözü görmürdü, adamlar çayaşağı çox yüyürdülər, çayın sahillərini çox axtardılar. Lakin su daha da artdı, sel Sarayı apardı. Səsə, ağlaşmaya Məlikçobanlı camaatı tökülüb gəldi. Sabaha kimi axtardılar. Saray tapılmadı. Kişilər axtarmağa, arvadlar isə ağı deməyə başladılar. Artıq sel yatdığı üçün Xançobanın camaatı da çayı keçib onlara qoşuldu. Ağlaşma başladı:
Nurunun anası:
Arpa çayı aşdı, daşdı,
Sel Sarayı aldı, qaçdı,
Nuru qaldı gözüyaşlı,
Apardı sellər Sarayı,
Bir ala gözlü balanı.
Sarayın anası:
Arpa çayı dərin olmaz,
İçmə, suyu sərin olmaz,
Saray kimi gəlin olmaz.
Apardı sellər Sarayı,
Bir başı şallı balanı.
Sarayın bibisi:
Düyünü