Baltazar və beş nəfər araukalı sahildə əyləşib səssiz-səmirsiz gözləməyə başladılar.
Ay çıxdı. Onun işığı okeanın səthində əks olunurdu. Sakitlik idi. Hamını qeyri-adi həyəcan bürümüşdü. Bir azdan adamlar mürgüləməyə başladılar.
Qəflətən zınqırovlar cingildədi. Hamı dik atıldı, kəndirlərə tərəf cumub toru qaldırmağa başladılar. Tor ağır idi. Kəndirlər titrəyirdi. Torda kimsə çapalayırdı.
Budur, tor okeanın səthinə qalxdı, ayın zəif işığında görünürdü ki, torda yarıadam, yarıheyvan bədənli məxluq çapalayır. İri gözləri və gümüşü pulları ay işığında parıldayırdı. İblis tora ilişmiş qolunu azad etmək üçün çox böyük səy göstərirdi. O buna nail ola bildi. Belindəki ensiz qayışdan asılmış bıçağını çıxararaq toru kəsməyə başladı.
– Ay kəsdin ha! – Baltazar pıçıldadı.
Lakin bıçaq məftil toru kəsdi. İblis deşiyi cəld hərəkətlərlə genişləndirir, ovçular isə toru sahilə tez çıxarmağa tələsirdilər.
– Var gücünüzlə dartın! Hə-hə! – deyə Baltazar qışqırırdı.
Lakin ov onların az qala əllərində olduğu anda iblis açdığı deşikdən çıxıb suya düşdü, bir andaca dərinlikdə gözdən itdi.
Ovçular toru ümidsizliklə buraxdılar. Baltazar heyran qalaraq:
– Yaxşı bıçaqdır! Məftili kəsir! – dedi —Sualtı dəmirçilər bizimkilərdən yaxşıdır.
Başını aşağı salan Zurita suya elə baxırdı ki, sanki bütün var-dövləti orada batmışdı. Sonra başını qaldırdı, pırpız bığlarını dartışdıraraq təpiyini yerə vurdu.
– Səndən əl çəkən deyiləm. Pul əsirgəməyəcəyəm, ən təcrübəli dalğıcları çağıracağam, bütün körfəzi torlara bürüyəcəyəm, sən mənim əlimdən qurtarmayacaqsan!
Pedro Zuritanın damarlarında İspaniya qəsbkarlarının qanı axırdı. O, cəsarətli və inadkar adam idi. Həm də mübarizə aparmağa dəyərdi.
DOKTOR SALVATOR
Zurita körfəzin dibində xeyli məftil hasar çəkdi, bütün istiqamətlərdə tor qurdu. Lakin tora yalnız balıq düşürdü. Dəniz iblisi isə elə bil yoxa çıxmışdı. Zurita saatlarla sahildə dayanıb sıra ilə gələn ləpələrə baxırdı. Nəhayət, o, Baltazara müraciət edərək dedi:
– Yox, bunun faydası yoxdur. Başqa bir şey fikirləşib tapmaq lazımdır. İblis öz yuvasından çıxmaq istəmir. Deməli, ovu ələ keçirmək üçün onun yanına getmək lazımdır. Dərhal Buenos-Ayresə gedib oradan oksigen balışlı iki dalğıc paltarı gətir. Sualtı səyahətə çıxmalı olacağıq. Özünlə elektrik fənəri götürməyi də unutma.
– Siz iblisin yanına qonaq getmək istəyirsiniz? – deyə Baltazar soruşdu.
– Əlbəttə, səninlə birlikdə, qoca dostum.
Baltazar şəhərə gedib özü ilə nəinki yalnız dalğıc paltarları və fənər, həm də bir cüt uzun bürünc bıçaq gətirdi. Dedi:
– Bu, araukalıların qədim bıçağıdır. Xətrinizə dəyməsin, mənim ulu babalarım vaxtilə ağ adamların qarınlarını bu cür bıçaqlarla yırtırdılar.
Bu tarixi məlumat Zuritanın xoşuna gəlmədi, bıçaqları isə bəyəndi.
– Sən çox tədbirli adamsan, Baltazar.
Ertəsi gün sübhçağı Zurita və Baltazar dalğıc paltarlarını geyinib dənizin dibinə endilər. Yeraltı mağaranın girəcəyində dar keçidə girdilər. Hər tərəf zülmət qaranlıq idi. Onlar fənərlə işıq saldılar. Bu, hündürlüyü azı dörd metr, eni beş-altı metr olan böyük mağara idi.
Zurita və Baltazar ehtiyatla addımlaya-addımlaya irəli getdilər. Mağara getdikcə daralırdı. Qəflətən Zurita heyrətindən donub-qaldı. Fənər yolun qabağını kəsən qalın dəmir çərçivəni işıqlandırırdı. Dəmir qapını açmağa çalışdı. Lakin qapı açılmırdı. Fənərlə işıq saldıqdan sonra gördü ki, çərçivə mağaranın divarlarına möhkəm geydirilmişdir, qapının içəridən qıfılı var idi.
Bütün bunlar ağlabatan şey deyildi! «Dəniz iblisi» suyun altında bütün bunları düzəldə bilməzdi. Deməli, o lazım gəldikdə uzun müddətə sudan quruya çıxır.
Zurita Baltazara işarə verdi. Onlar sualtı mağaradan çıxdılar, sahilə qalxdılar. Başlığını çıxarıb nəfəsini dərdikdən sonra Zurita dedi:
– Hə, nə deyə bilərsən, Baltazar?
– Onu deyə bilərəm ki, iblisi burada çox gözləməli olacağıq. Görünür, iblis balıqla qidalanır, orada isə nə qədər istəsən balıq var. Onu ac saxlamaqla mağaradan çıxara bilməyəcəyik. Ancaq bu qalır ki, qapını dinamitlə partladaq.
– Baltazar, sənin ağlına gəlmir ki, mağaranın iki yolu ola bilər? Biri körfəzdən, o biri – sahildən. Ətraf yerlərə baxmaq lazımdır.
İndi də sahili öyrənməyə başladılar.
Zurita sahildə böyük torpaq sahəsini əhatə edən ağ daşdan hörülmüş uca hasar gördü. Hasarın həndəvərini gəzdi. Bütün divarboyu yalnız bir dəmir qapı tapdı. Qapı içəridən bağlanmışdı.
«Əsl həbsxanadır, – deyə Zurita fikirləşdi. – Qəribədir. Fermerlər bu cür qalın və uca divar tikmirlər. İçəri baxmaq üçün divarda bir dənə də olsun deşik yoxdur».
Buralar kimsəsiz yer idi: bitkisiz boz qayalar, orda-burda görünən tikanlı kollar, aşağıda da körfəz.
Zurita bir neçə gün divarın ətrafına dolandı, dəmir qapıya xeyli göz qoydu. Lakin nə içəri girən vardı, nə də bayıra çıxan; divar arxasından səs-səmir gəlmirdi.
Axşam «Meduza»nın göyərtəsinə qayıdan Zurita Baltazarı çağırıb soruşdu:
– Sən körfəzin üzərindəki qalada kimin yaşadığını bilirsənmi?
– Orada Salvator yaşayır.
– Salvator kimdir?
– Allah, – deyə Baltazar cavab verdi.
Zurita heyrətdən sıx və qara qaşlarını dartdı:
– Zarafat edirsən, Baltazar?
– Mən eşitdiyimi deyirəm, hinduların çoxu Salvatoru allah, xilaskar adlandırır. Onlar deyirlər ki, Salvator hər şeyə qadirdir, o, möcüzələr yaradır. Çolaqlara təzə, canlı ayaq qayırır, korlara qartal gözü kimi iti göz verir, hətta ölüləri dirildir.
– Lənət şeytana! Körfəzdə dəniz iblisi, körfəzdən yuxarıda «allah», Baltazar, «allah»la iblisin bir-birinə kömək etdiyi ağlına gəlmirmi?
– Ağlıma gələn odur ki, biz buradan mümkün qədər tez rədd olub getməliyik.
Zurita Buenos-Ayresə gedib öyrəndi ki, Salvator istedadlı, hətta dahi cərrahdır. Amerikada cəsarətli cərrahiyyə əməliyyatları apardığına görə şöhrət qazanmışdı. Xəstələrin vəziyyəti ümidsiz hesab olunanda həkimlər Salvatoru çağırardılar. Minlərlə adam sağaldığına