Михаил Лермонтов

Zəmanəmizin qəhrəmanı


Скачать книгу

sual verdim.

      – Bir ilə qədər. Lakin bu bir il mənim xatirimdən heç vaxt çıxmaz. Dinləyin, söyləyim.

      Qaladan altı verst uzaqda dinc bir tatar knyazı olurdu. Onun on beş yaşında bir oğlu vardı. O, bizim yanımıza gəlməyə dadanmışdı. Yanımıza gəlmək üçün gündə bir şeyi bəhanə edirdi. Diribaş oğlan idi. Dördnala çapan atın belində yerdən papaq götürməyi, at belində sərrast güllə atmağı bacarırdı. Bircə pis xasiyyəti pul düşkünü olmasıydı. Bir gün Qriqori Alekseyeviç məzə üçün ona dedi ki, atasının sürüsündən yaxşı bir keçi gətirsə, bir qızıl onluq verəcək. Ertəsi gecə o, keçini buynuzlayıb sürüyə-sürüyə gətirdi. Hərdən biz qəsdən onu cırnadanda gözləri qanla dolur, o saat xəncərə əl atırdı. Mən ona:

      – Əzəmət, sənin başın yaman bəlalar çəkəcək, – deyirdim.

      Bir gün qoca tatar bəyi özü gəlib bizi toya çağırdı. Böyük qızını ərə verirdi.

      Bəyin evinə çoxlu adam toplaşmışdı. Asiyalılarda yoldan keçəni də, qarşılarına çıxanı da toya çağırmaq adətdir. Bizi hörmətlə qəbul edib qonaq otağına apardılar. Peçorinlə mən yuxarı başda əyləşmişdik. Ev sahibinin on altı yaşındakı kiçik qızı Peçorinə yaxınlaşdı və ona komplimentə oxşar bir söz ataraq oxumağa başladı.

      Peçorin ayağa qalxdı, baş əydi, əlini döşünə və gözünün üstünə qoyaraq məndən qıza cavab verməyimi xahiş etdi. Mən onların dilini yaxşı bildiyimdən Peçorinin cavabını tərcümə etdim.

      Qız bizdən uzaqlaşanda Qriqori Alekseyeviç dedi:

      – Çox qəşəng qızdır, adı nədir?

      – Bela, – deyə cavab verdim.

      Doğrudan da, qız qəşəng idi. Ucaboy idi, ceyran gözləri kimi qara gözləri vardı. Baxışları adamın ürəyini dəlirdi. Dalğınlaşmış Peçorin gözlərini ondan çəkmirdi. Bela da tez-tez gözlərinin altından ona baxırdı. Lakin Peçorindən başqa, otağın qaranlıq küncündən qırpılmayan bir cüt odlu göz də Belaya zillənmişdi. Mən diqqətlə baxıb köhnə tanışım Kazbiçi tanıdım. Onun qatı bir qaçaq sifəti vardı; balaca, arıq, kürəkləri enli bir adamdı. Amma şeytan kimi qıvraqdı. Hərdən bizim qalaya ucuz qiymətə qoyun gətirərdi. Qiymət üstə çənə-boğaz etməyi sevməzdi. Nə qiymət desə, onu da verməliydin. Atı bütün Kabardada ad qazanmışdı. Dünyada Kazbiçin Qaragöz atından yaxşısı adamın ağlına gəlməzdi. Şəvə kimi qapqara bir kəhərdi, ayaqları incə, gözləri isə Belanın gözlərindən geri qalmazdı. Qaragöz əsl qaçaq atıydı!..

      Az sonra mən təmiz hava almaq üçün eşiyə çıxdım. Fikrimdən keçdi ki, çıxmışkən atlara baş çəkim. Çəpərin kənarı ilə gedirdim, birdən qulağıma səs gəldi. İki nəfər idilər. Onların birini səsindən dərhal tanıdım – ev sahibinin oğlu Əzəmət idi. O biri az-az, astadan danışırdı. Çəpərin dibinə sinib qulaq asmağa başladım.

      Əzəmət:

      – Sənin atın gözəldir, – deyirdi, – əgər üç yüz madyanlıq ilxım olsaydı, yarısını sənin köhlən atınla dəyişərdim, Kazbiç!

      “Aha, ikincisi Kazbiçdir!” – deyə düşündüm.

      Kazbiç azacıq sükutdan sonra cavab verdi:

      – Bəli, bütün Kabardanı gəzsən, belə at tapa bilməzsən. Bir dəfə Terekin o tayında ruslardan ilxı oğurlamağa getmişdim. Amma bəxtim gətirmədi. Dörd kazak mənim dalıma düşmüşdü. Qabaqda isə yoğun meşəlik idi. Yəhərə yatdım, Allahın adını çağırıb, ömrümdə ilk dəfə atıma bir qamçı vurdum. At quş kimi budaqların arasına cumdu. İti tikanlar paltarımı cırır, quru budaqlar üzümə çırpılırdı. Atım kötüklərin üzərindən sıçrayır, kolları sinəsiylə yarırdı. Başımın üstündən bir neçə güllə vıyıldayıb keçdi. Kazakların atdan düşüb məni təqib etdiklərini artıq eşidirdim… Birdən qabağıma yarğan çıxdı. Köhlənim duruxdu və sıçradı. Onun dal ayaqları yarğanın o biri tərəfindən üzüldü, qabaq ayaqlarından asılı qaldı. Mən cilovu buraxıb dərəyə tullandım. Bu, atımı ölümdən xilas etdi, at sıçrayıb o taya keçdi. Bunların hamısını kazaklar gördü. Ancaq məni axtarmaq üçün heç biri yarğana enmədi. Bəlkə də, məni ölmüş bildilər. Atımı tutmaq üçün necə qovduqlarını eşidirdim. Ürəyim qana döndü. Qalın otların içi ilə dərə uzunu süründüm. At meşədən çıxmışdı. Bir neçə kazak talada onu qovurdu. Qaragöz birbaş onlara tərəf çapdı. Arada az qaldı kəməndi boğazına salıb tutsunlar. Mən titrədim, gözümü göyə dikib Allaha yalvardım. Başımı qaldıranda gördüm ki, Qaragöz quyruğunu qaldırıb yel kimi uçur, kafirlərin atı yorğun düşüb ondan çox aralıda qalmışdı. Gecədən xeyli keçənə qədər mən dərədən çıxmadım. Birdən nə görsəm yaxşıdır, Əzəmət? Zülmət içində bir at kişnəyib ayağını yerə döyürdü. Qaragözün səsini o saat tanıdım. O idi, mənim yoldaşım! O zamandan bəri biz ayrılmamışıq.

      Əzəmət:

      – Sənin atın gözəldir, – deyirdi, – əgər üç yüz madyanlıq ilxım olsaydı, yarısını sənin köhlən atınla dəyişərdim, Kazbiç!

      – Qulaq as, Kazbiç, – deyə Əzəmət mehribanlıqla danışırdı, – sən yaxşı adamsan, igidsən. Məni atam dağlara buraxmır, ruslardan qorxur. Atını mənə ver, əvəzində nə istəsən, eləyərəm. Lap atamın ən yaxşı tüfəngini, qılıncını, ürəyin nə istəyir onu oğurlayıb sənə verərəm. İstəyirsən bacımı oğurlayıb verim? Bilirsən necə oynayır, necə oxuyur! Heç Türk padşahının da belə arvadı olmayıb.

      Nəhayət, Kazbiç təngə gələrək onun sözünü kəsdi:

      – Rədd ol, dəli uşaq! Mənim atımı minmək sənin işin deyil. Üç addım atan kimi səni yıxar, daşlara dəyib boynunu sındırarsan.

      Əzəmət coşaraq:

      – Mənimi? – deyə bağırdı.

      Onun uşaq xəncəri Kazbiçin zirehli geyiminə dəyib zingildədi. Kazbiç Əzəməti itələdi. O, çəpərə nə təhər dəydisə, çəpər yırğalandı. Əzəmət arxalığı cırılımış halda evə qaçıb guya Kazbiçin onu yaralamaq istədiyini deyəndə hay-küy qopdu. Hamı yerindən sıçradı, silahdan yapışdı. Kazbiç isə bayaqdan atının belində qılıncını oynadaraq eşikdə – camaatın arasında şeytan kimi fırlanırdı.

      Mən Qriqori Alekseyeviçin əlindən tutub dedim:

      – Tez aradan çıxmağımız yaxşıdır.

      – Dayanın, görək axırı necə olacaq.

      – Yəqin ki, pis olacaq, – dedim. – Asiyalılar belədir – buza içdilərmi, kəshakəs başlanacaq!..

      Biz atlarımızı minib evə doğru çapdıq.

      Bir az susduqdan sonra ştabs-kapitan ayağını yerə vurub sözünə davam etdi:

      – Özümün bir günahımdan heç vaxt keçməyəcəyəm. Şeytan işinə düşdüm: qalaya gələndə çəpərin dibində eşitdiklərimi Qriqori Alekseyeviçə danışdım. O, çox hiyləgər idi. Gördüm gülür – ağlına nə isə bir fikir gəlmişdi.

      Dörd gün sonra Əzəmət qalaya gəlmişdi. Peçorinin yanındaydı, mən də ordaydım.