dinmirdi. Birdən coşub:
– Bəs atam? – dedi.
– O heç kənddən bir yana çıxmır?
– Doğrudan da…
– Razısanmı?
– Razıyam, – deyə Əzəmət ölü kimi sapsarı kəsilərək pıçıldadı – nə vaxt?
– Kazbiçin buraya gələcəyi birinci gün.
Bir gün Kazbiç gəlib: “Qoyundan, baldan bir şey istəyirsinizmi?” – deyə soruşdu. Mən ertəsi gün gətirməsini tapşırdım.
Qriqori Alekseyeviç Əzəmətə:
– Sabah Qaragöz mənim əlimdə olacaq. Bela burda olmasa, onda atı görə bilməyəcəksən… – dedi.
– Yaxşı, – deyə Əzəmət atını aula doğru səyirtdi.
Axşamüstü Qriqori Alekseyeviç silahlandı və atlanıb qaladan çıxdı. Onların ikisi də gecə qayıtdı. Keşikçi qolları və ayaqları bağlanmış, başı çadra ilə örtülmüş bir qadının Əzəmətin yəhərinə çəpəki uzadıldığını görmüşdü.
– Bəs at nə oldu? – deyə ştabs-kapitandan soruşdum.
– Kazbiç ertəsi gün səhər tezdən gəldi. Satmaq üçün on qoyun gətirmişdi. Mən onu çaya qonaq etdim. Ordan-burdan söhbət etməyə başladıq. Birdən at ayaqlarının səsi gəldi. Kazbiç dik atıldı:
– Mənim atım!.. Mənim atım! – deyib bəbir kimi bayıra atıldı. Uzaqda toz duman kimi qalxırdı. Əzəmət Qaragözü səyirdirdi. Kazbiç qaça-qaça tüfəngini qaldırıb bir güllə atdı. Güllənin boşa getdiyini yəqin edəndə hayqırıb tüfəngini daşa çırpdı. Yerə döşənib uşaq kimi hönkürdü. Gecə yarısına qədər yerə döşəli qaldı. Ertəsi gün səhər qalaya gəldi. Oğrunun kim olduğunu biləndə Kazbiçin gözləri parladı. Tez Əzəmətin atası yaşayan aula tərəf yola düşdü.
Həmin vaxt Əzəmətin atası evdə yox idi, altı günlüyə harasa getmişdi. O vaxtdan Əzəmət də yoxa çıxdı. Yəqin, bir abrek dəstəsinə qoşulub ya Terekdə, ya da Kubanda qəfil gülləyə tuş gəlmişdi…
Belanın Qriqori Alekseyeviçin evində olduğunu bilincə onun yanına getdim.
Peçorin qabaq otaqda yatağına uzanmışdı.
O, bir əlini başının altına qoyub, o birisi ilə sönməkdə olan çubuğunu tutmuşdu. İkinci otağa açılan qapı bağlanmışdı. Açar da üstündə deyildi. Mən o saat hər şeyi anladım… Öskürməyə və dabanımı astanaya döyməyə başladım. Ancaq o, özünü eşitməməzliyə vurdu.
Mən mümkün qədər ciddi səslə:
– Cənab gizir! – dedim, – Mənim sizin yanınıza gəldiyimi görmürsünüzmü?
– Ah, xoş gördük, Maksim Maksimıç! Çubuq çəkməyə meyliniz varmı? – deyə yerindən qalxmadan cavab verdi.
– Üzr istəyirəm! Mən Maksim Maksimıç yox, ştabs-kapitanam.
– Fərqi yoxdur. Çay istəyirsinizmi? Əgər bir qayğının mənə necə iztirab verdiyini bilsəydiniz.
Mən çarpayıya yaxınlaşaraq:
– Mən hər şeyi bilirəm, – dedim.
– Lap yaxşı. Onsuz da danışmağa hövsələm yoxdur.
– Cənab gizir, sizin tutduğunuz işdə mən də günahkar ola bilərəm…
– Yetər! Nə böyük iş olub axı? Biz ki bir-birimizin dərdinə çoxdan şərikik.
– Zarafat vaxtı deyil! Buyurun, qılıncınızı gətirsinlər!
– Mitka, qılıncı gətir!
Mitka qılıncı gətirib mənə verdi. Mən öz borcumu yerinə yetirib çarpayıda oturdum.
– Bura bax, – dedim, – Qriqori Alekseyeviç, etiraf elə ki, bu, yaxşı iş deyil.
– Nə yaxşı deyil?
– Belanı gətirməyin. Bu Əzəmət mənim başıma bəla oldu.
– O qızı bəyənirəmsə, neyləyə bilərəm.
Nə deyəcəyimi bilmədim. Qızın atası onu tələb edərsə, nə olacaqdı?
Elə belə də dedim:
– Qızın atası istəsə, onu geri qaytarmalı olacaqsan.
– Əsla, ola bilməz!
– Axı o, qızının burada olduğunu əvvəl-axır biləcək!
– Haradan biləcək?
Mən onun bu sözünə məəttəl qaldım. Peçorin yerindən dikələrək:
– Qulaq asın, Maksim Maksimıç! – dedi. – Axı siz mərhəmətli adamsınız. Qızı o vəhşiyə qaytarsaq, ya başını kəsəcək, ya da satacaq. İş-işdən keçib, ruhdan düşmək lazım deyil. Bela mənim yanımda qalsın, qılıncım da sizdə…
Mən:
– Qızı mənə göstərin, – dedim.
– O, bu qapının dalındadır. Mən özüm də bu gün onu görmək istədim. Örtüyünə bürünüb, bir küncdə oturub. Nə danışır, nə də adamın üzünə baxır. Ceyran kimi ürkəkdir. Bizim meyxanaçı qadını ona qulluqçu tutmuşam. O, tatarca bilir. Beladan muğayat olacaq, qızı başa salacaq ki, o, mənimdir.
Belə deyib yumruğunu masaya vuraraq:
– Çünki bu qız məndən başqasına qismət olmayacaq! – deyə əlavə elədi.
Bununla da razılaşdım… Neyləmək olardı? Elə adamlar var ki, onlarla mütləq razılaşmalısan.
– Bəs axırı nə oldu? – deyə mən Maksim Maksimıçdan soruşdum. – O, Belanı özünə ram eləyə bildimi? Yoxsa qız əsarətdə qalıb vətən həsrətiylə əriyib məhv oldu?
– Əzizim, vətən həsrəti nədir? Onun aulundan görünən dağlar qaladan da görünürdü. Onlara da elə bu lazımdı. Bundan başqa, Qriqori Adeksandroviç hər gün ona bir şey bağışlayırdı. İlk günlər Bela dinmədən, qürurla bu hədiyyələri rədd eləyirdi. Hədiyyələr də qulluqçu qadına qalır, onun dilini daha da şirinləşdirirdi. Ah, bu hədiyyələr! Əlvan bir cındır üçün qadın nələr eləməz!.. Eh, nə isə, bunları bir qırağa qoyaq.
Qriqori Alekseyeviç onunla çox əlləşdi. Bu arada o, tatarcanı da öyrəndi, Bela da bizim dili anlamağa başlamışdı. O, yavaş-yavaş gözaltı, qıyqacı nəzərlərlə Qriqori Aleksandroviçə baxmağa alışdı, lakin yenə də qüssəsindən əl çəkmirdi. Öz dilində astadan, elə həzin-həzin mahnılar oxuyurdu ki, qonşu otaqdan onun səsini eşidəndə mən də qüssələnirdim. Bir mənzərəni heç vaxt unutmayacağam. Bir dəfə evlərinin yanından keçəndə pəncərəyə boylandım. Bela başını köksünə əyərək taxtın üstündə oturmuşdu. Qriqori Alekseyeviç isə qapının ağzında dayanmışdı. O:
– Qulaq as, mənim pərim, – deyirdi, – özün bilirsən ki, sən gec-tez mənim olacaqsan, bəs mənə niyə əzab verirsən? Yoxsa sən bir çeçeni sevirsən? Elədirsə, mən səni bu saat evinizə buraxaram.
Bela güclə duyulacaq bir titrəyişlə əsdi və başını buladı.
– Yoxsa, – deyə Qriqori