etdiyim zaman məni birdən nə üçün qəribə hislər bürüdüyünü başa düşməyə çalışırdım. Döşəmədə oturub platformada uzanmış adamın vəziyyətini aldım. Sonra özümü həkimin yerində təsəvvür etdim, onun hərəkətlərini təkrarladım və… hər şeyi anladım.
Mister Fleminq başıma gələnləri dinləyərək məsləhət gördü ki, polisə müraciət edim. Sonra soruşdu:
– Deyirsiniz yaxınlıqda heç kəs yox idi?
– Əminəm ki, məndən arxada kimsə dayanmışdı.
Həlak olanın cibindən yalnız Marloudakı evə baxmağa icazə kağızı tapıldığını öyrəndim. “Rassel” mehmanxanasında yaşayan L.B.Kartenin adına icazə kağızını mülk üzrə agentlik yazmışdı. Hotel xidmətçisi kişinin meyitini tanıyaraq bildirmişdi ki, bir gün əvvəl otaq tutub və qeyd dəftərində Cənubi Afrikadan, Kimberlidən olan L.B.Karten adı ilə qeyd olunub. Sonrakı hadisələrin yeganə şahidi isə mən idim.
– Siz onun nədənsə qorxduğunu təsdiq edirsinizmi? – müstəntiq soruşdu.
– Bəli, o, dəhşət içində bir addım geri çəkildi və…
– Yaxşı, onu nə qorxuda bilərdi?
– Deyə bilmərəm, ancaq nəsə vardı…
– Miss, bəs sizə qəribə gəlmirmi ki, metroda meyiti yoxlayan həkim sonralar heç görünmədi, nə adını, nə də ünvanını bildirdi?
Təbəssümü güclə saxladım. Axı bu haqda mənim öz fikrim vardı və onu Skotland-Yardla bölüşmək istəyirdim. Lakin səhər gözlənilməz xəbərlə açıldı. “Deyli badcet” qəzeti “Metrodakı hadisənin qəribə davamı”, “Boş evdə qadın meyiti aşkar olunub” kimi sensasiyalı sərlövhələrlə çıxdı. Qəzet yazırdı: “Marlouda, Mill-hausda sensasiya. Parlamentin üzvü ser Yustas Pedlerə məxsus Mill-haus villası kirayəyə verilir və ona baxmaq üçün qəbz metroda həlak olan şəxsin cibindən tapılmışdır. Dünən Mill-hausun otaqlarından birində gənc, gözəl qadının meyiti aşkar edilmişdir. Onu boğmuşlar. Ehtimal ki, qadın əcnəbidir, lakin hələlik şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Mill-hausun sahibi ser Yustas Pedler hazırda Fransada istirahətdədir”.
III fəsil
Əldə olan faktlardan aşağıdakılar məlum olurdu. Yanvarın səkkizində, təxminən gündüz saat birdə yaxşı geyinmiş bir qadın Naytsbricdəki “Batler və Park” agentliyinə daxil olub. Orada bildirib ki, London yaxınlığında, Temza sahilində ev almaq, yaxud kirayə tutmaq istəyir. Mill-haus da daxil olmaqla ona bir neçə ünvan təklif ediblər. Qadın özünü xanım de Kastina adlandırıb və deyib ki, “Rits” hotelində yaşayır. Halbuki orada bu adla heç kim qeyd olunmayıb, hotelin xidmətçiləri də öldürüləni tanıya bilməyiblər.
Ser Yustas Pedlerin bağbanının arvadı, villanın qapısı ağzındakı kiçik evdə yaşayan missis Ceymsin verdiyi ifadəyə görə, gənc xanım Mill-hausa gündüz saat üçə yaxın gəlib. Evə baxmaq üçün icazə vərəqini təqdim edib. Bir neçə dəqiqə keçmiş gənc kişi peyda olub. Qəhvəyi rəngdə kostyum geyinibmiş. Kişi izah edib ki, bu saat evə baxan xanımın dostudur və teleqram vurmaq üçün poçta girdiyindən onu bir dəqiqəliyə tərk edib. Beş dəqiqədən sonra gənc kişi qayıdıb, açarı qaytarıb və deyib ki, ev onlara sərf eləmir. Kişi tək olduğundan missis Ceyms fikirləşib ki, yəqin, xanım ondan əvvəl çıxıb. Səhərisi evə baxmaq üçün daha bir “cütlük” gəlib. Həmin vaxt da meyit tapılıb. Missis Ceyms ölənin dünən gələn qadın olduğunu tanıyıb. “Batler və Park” kontorunun agenti də öldürülmüş xanım de Kastinanı tanıyıb. Polis həkiminin rəyində yazılmışdı ki, qadın artıq bir sutkadır ölüb.
Polis və “Deyli badcet”in reportyorları səylə “Qəhvəyi kostyumlu kişini” axtarırdılar.
Missis Ceyms müəmmalı xanımın gəlişinə qədər evdə heç kimin olmadığına tam əmin idi. Deməli, bədbəxt xanım de Kastinanı ondan bir az sonra evə daxil olmuş “Qəhvəyi kostyumlu kişi” öldürüb. Hər şeydən göründüyü kimi, qadın qəflətən yaxalanmış və qalın, qara qaytanla boğulmuşdur.
Metrodakı hadisə isə adicə bir təsadüf kimi izah olunaraq ikinci plana keçdi və tezliklə hamı tərəfindən unuduldu. Yalnız məndən başqa. Qərara gəldim ki, Skotland-Yarda getməyi təxirə salmayım.
Məni inspektor Midouz qarşıladı.
– Sabahınız xeyir! Buyurun, əyləşin. Siz metrodakı hadisəyə görə gəlmisiniz, miss Bedinqfeld?
– Ölən kişinin cibində biletin olmaması sizə qəribə gəlmirmi? – deyə suala sualla cavab verdim.
– Yəqin ki, onu itirib, bəlkə də atıb.
– Pul da olmayıb, – mən davam etdim.
– Qəpik-quruş vardı.
– Belə olan halda qəzetlərdəki xəbərlərə həkimin heç bir reaksiya verməməsi, sizcə, təəccüblü deyil?
– Həkimlərin işi xirtdəyəcəndi. Qəzet oxumağa onlarda vaxt haradandı?
– Bəs əgər sizə desəm ki, o heç də həkim deyil, onda necə?
– Nə-ə?!
– O, həkim deyil!
– Nədən bilirsiniz, miss Bedinqfeld?
– Bilirsiniz, müharibə vaxtı mən hərbi hospitalda işləmişəm və həkimin yaralını necə müayinə etdiyini görmüşəm. Onların peşəkar hərəkətləri bu həkimdə yox idi. Bundan başqa, heç bir təbib ürəyə sağ tərəfdən qulaq asmır.
– Bəs o necə, sağdan qulaq asdı?
– Bəli. Əvvəlcə buna fikir vermədim. Ancaq sonra başa düşdüm. Evdə həmin səhnəni “oynayandan” sonra əmin oldum ki, o, həkim deyil.
– Hı-ııı… – inspektor fikrə getdi. – “Doktor”un zahiri görkəmini təsvir edə bilərsinizmi?
– Hündürboy, enlikürək, tündrəngli palto, qara çəkmələr, şlyapa, eynək… və şabalıdı saqqal.
– Aha, demək belə. İndisə ondan paltonu, saqqalı, eynəyi çıxardın və onu tapın görüm necə tapırsınız! Daha nə əlavə edə bilərsiniz, miss?
– Nə əlavə edərəm? “Doktorun” başı xalis braxisefalik (eni uzunundan artıq) idi. Bax bunu isə heç cür dəyişə bilməzsən!
Bu vaxt inspektor Midouzun qələminin tərəddüdlə donub-qaldığını məmnunluqla seyr etdim. O, açıq-aşkar “braxisefalik” sözünü necə yazmağı bilmirdi.
IV fəsil
Belə səfeh söhbət məni özümdən çıxartdı, buna görə də qəti addım atmaq mənə çox asan gəldi.
Skotland-Yarddan birbaşa lord Nesbinin evinə yollandım. Milyonçu lord Nesbi bir çox qəzetlərin sahibi olsa da, sevimli yetişdirməsi kimi “Deyli badcet” onun üçün daha əziz idi. Birləşmiş Krallıqda hamı onu məhz “Deyli badcet”in sahibi kimi tanıyırdı. Lordun evini tapmaq çətin iş deyildi. Düzdür, məni qəbul edəcəyinə inamım yox idi. Lakin təsadüf kömək etdi: Fleminqlərin hollunda markiz Loumslinin görüş vərəqi vardı. Onun kənarında karandaşla: “Zəhmət olmasa, miss Bedinqfeldi bir neçə dəqiqəliyə qəbul edin”, – yazdım və bu vərəqlə