– başqa sürücü də yoğun səslə soruşdu.
– Yox, atacan… Ay gözəl, mənə bircə dənə qızılgül bağışla da!
– Bir dayan, səfeh. Yaxşı olar ki, danışasan…
– Deməli, belədir… Əvvəlcə hamı elə fikirləşirdi ki, onu öldürüblər. Sonra onu meyitlərin arasından tapmadılar.
– Bəlkə, onu kanala atıblar? – sürücü soruşdu.
Söhbətə dilənçi qoşuldu.
– Kimi kanala atıblar? – deyə soruşdu. – Gimnast Tibul pişik deyil ki, onu suda boğasan. Gimnast Tibul sağdır. O qaçıb aradan çıxıb!
– Yalan deyirsən, dəvənin biri dəvə! – sürücü dedi.
– Gimnast Tibul sağdır! – gülsatanlar şövqlə qışqırdılar.
Balaca oğlan dartıb bir qızılgül götürdü və qaçmağa üz qoydu. Yaş gülün damcıları doktorun üzünə çiləndi. Doktor damcını acı göz yaşları kimi üzündən sildi və yaxına gəldi ki, görsün dilənçi nə danışacaq.
Söhbət bəzi səbəblərdən yarımçıq qaldı. Küçədə qeyri-adi təntənəli mərasim göründü. Qabaqda əllərində məşəl iki atlı gəlirdi. Məşəllər odlu şölələrlə yanırdı. Dalınca qara gerbli karet asta-asta hərəkət edirdi.
Arxada isə dülgərlər gəlirdi. Onlar yüz nəfər olardı.
Dülgərlər qolları çırmanmış halda, əyinlərində önlük, əllərində mişar və rəndə, qoltuqlarında yeşik işləməyə hazır idilər. Təntənəli mərasimin hər iki tərəfində atlı qvardiyaçılar gəlirdi. Onlar şahə qalxmaq istəyən atları saxlamağa çalışırdılar.
– Bu nədir? Bu nədir? – deyə yoldan keçənlər narahat oldular.
Gerbli qara karetdə Üç Gonbul Şurasının məmuru oturmuşdu. Gülsatan qadınlar bərk qorxdular. Yanaqlarını ovuclarına alıb onun şüşə qapıdan görünən başına baxırdılar. Küçə parlaq işıqla işıqlandırılmışdı. Parik qoyulmuş qara baş cansız halda yırğalanırdı. Elə bil karetdəki quş idi.
– Kənara çəkilin! – qvardiyaçılar qışqırdılar.
– Dülgərlər hara gedirlər? – balaca gülsatan qız qvardiyaçıların başçısından soruşdu.
Qvardiyaçı elə sifətlə onun üstünə qışqırdı ki, qızın başındakı tükləri biz-biz oldu:
– Dülgərlər edam kötüyü düzəltməyə gedirlər! Başa düşdün? On dənə edam kötüyü düzəldəcəklər!
– Hə!
Gülsatan qız kasanı əlindən saldı. Qızılgüllər kompot kimi yerə dağıldı.
– Onlar edam kötüyü düzəltməyə gedirlər! – deyə doktor dəhşətə gəlmiş halda təkrar elədi.
– Edam kötüyü! – qvardiyaçı qışqıraraq geriyə dönüb çəkməyə bənzər bığlarının altındakı dişlərini qıcadı. – Bütün qiyamçılarçün edam kötüyü! Hamısının boynu vurulacaq! Kim ki Üç Gonbul hakimiyyətinə qarşı çıxmağa cəsarət edəcəksə, hamısının!
Doktorun başı gicəlləndi. Ona elə gəldi ki, özündən gedəcək.
“Bu gün həddən artıq həyəcan keçirdim, – doktor öz-özünə dedi, – həm də acam, bərk yorulmuşam. Evə tələsmək lazımdır”.
Doğrudan da, doktora dincəlmək lazım idi; gördüyü və eşitdiyi bütün hadisələrdən elə həyəcanlanmışdı ki, hətta qüllədən aşağı uçaraq şlyapasını, plaşını, əlağacını və ayaqqabılarının dabanını itirdiyinə o qədər də əhəmiyyət vermədi. Əlbəttə, ən pisi də o idi ki, eynəksiz qalmışdı.
O, fayton tutub evinə yollandı.
III fəsil
ULDUZ MEYDANI
Doktor evinə qayıdırdı. O, faytonla salonlardan da daha parlaq işıqlandırılmış, asfalt döşənmiş geniş küçələrdən keçir, yan-yana zəncirvarı sıralanmış fənərlərin işıqları onun başı üzərində səmaya qalxırdı. İçərisinə ağappaq qaynar süd doldurulmuş şarlara bənzəyən fənərlərin ətrafında mığmığalar vızıldaşır və yanaraq yerə tökülürdülər. O, sahil küçəsi ilə, daş hasarların boyunca gedirdi. Orada bürünc şirlər pəncələrində qalxan tutmuş, uzun dillərini bayıra çıxarmışdı. Aşağıda aramla qatran kimi qapqara və parıltılı gur su axıb gedirdi. Şəhərin əksi başı üstə suya düşür, suya qərq olunmuş kimi görünür, üzmək istəyir, amma üzə bilmir, yalnız zərif qızılı ləkələrə çevrilirdi. O, tağ şəklində əyilmiş körpülərin üstündən keçirdi. Aşağıdan, ya da o biri sahildən uzanan körpülər sıçrayışdan qabaq dəmir belini əymiş pişiklərə bənzəyirdi. Buradakı hər körpünün başında keşikçilər dayanmışdı. Əsgərlər təbillərin üstündə oturub qəlyan çəkir, kart oynayır və ulduzlara baxa-baxa əsnəyirdilər.
Doktor faytonda gedir, oyan-buyana baxır və dinləyirdi. Küçələrdən, evlərdən və meyxanaların açılı qalmış pəncərələrindən, hasarın o tayındakı könülaçan bağlardan gələn mahnıların sözləri eşidilirdi:
Prospero düşdü hədəfə,
Bir dəfə yox, neçə dəfə.
Oturub dəmir qəfəsdə,
Ola bilməz son nəfəsdə.
Qəşəng geyimli kefli adam bu bəndi göydə tutdu. Onun xeyli pulu, üzündə bu puldan da çox çılləri olan və heç bir qohum-əqrəbası olmayan xalası ölmüşdü. Xalasının bütün pulları qəşəng geyimli bu adama miras qalmışdı. Əlbəttə, ona görə də xalqın varlıların hakimiyyətinə qarşı çıxmasından narazı idi.
Heyvanxanada böyük tamaşa gedirdi. Taxta səhnədə tüklü üç gonbul meymun Üç Gonbulun təqlidini çıxarırdı. Foksteryer1 mandalinada çalırdı. Kürəyində qızılı günəş və qarnında qızılı ay təsviri olan moruq rəngində kostyum geymiş kloun musiqinin ritmi ilə şeir deyirdi:
Buğda kisəsitək yerə
Düşüb gonbul üç heyvərə.
Yoxdur özgə qayğıları,
Təki şişsin qarınları!
Ey, qoruyun özünüzü,
Sonu çatıb ömrünüzün!
– Sonu çatıb ömrünüzün! – deyə saqqallı tutuquşular hər tərəfdən qışqırdılar.
Bir səs-küy qalxdı ki, gəl görəsən. Müxtəlif qəfəslərdəki heyvanlar hürməyə, nərildəməyə, dişlərini şaqqıldatmağa, fit çalmağa başladılar.
Meymunlar səhnədə özlərini ora-bura vurdular. Əl-ayaqlarının harada olduğundan baş açmaq olmurdu. Onlar özlərini tamaşaçıların üstünə atıb aradan çıxmaq istədilər. Tamaşaçıların arasına da çaxnaşma düşdü. Xüsusən də kök olanlar səs-küy salmışdılar. Gonbullar sir-sifətləri qızarmış halda qəzəbindən titrəyir, klouna şlyapalarını və durbinlərini atırdılar. Tosqun xanım çətirlə qolaylandı və kök qadına ilişdirib onun şlyapasını başından yerə