sərxoş olmuşdu.
Fiqurlar dağıldı. Simpkins döşəməyə yıxıldı. Qatlinqi qandal saxladı, amma “bilərzik” olan qolu biləkdən bərk dartıldı.
Simpkins deyinə-deyinə döşəməyə oturdu.
– Bura möhkəmdir, bilirsiniz, Qatlinq, mənim halım pisdir… səbəbi… dəniz xəstəliyidir. Ömrümdə belə güclü yırğalanma ilə rastlaşmamışam. Uzanıram. Amma… əgər halım pisləşərsə, siz qaçmazsınız ki?
– Mütləq, – Qatlinq taxtda yerini rahatlayıb cavab verdi. – Qandalı qırıb qaçacam… özümü dalğaların qoynuna atacağam. Köpəkbalıqlarının əhatəsində olmağı üstün tuturam…
– Zarafat edirsiniz, Qatlinq, – Simpkins sürünə-sürünə taxta çatdı, ufuldaya-ufuldaya uzandı. Heç yerini rahatlamağa macal tapmamış bütün paroxodu lərzəyə gətirən güclü təkan onu çarpayıdan bir də yerə atdı. Haradasa nəsə çartıldayır, cingildəyir, guruldayır, uğuldayırdı. Yuxarıdan eşidilən çığırtılar və ayaq səsləri bu səs-küyü batırdı, qəfildən hamını yuxarı səsləyən həyəcan siqnalı eşidildi.
Simkins yorğunluq və zəifliyini dəf edib divardan tuta-tuta qapıya tərəf getdi. O, bərk qorxmuşdu, amma bunu yoldaşından gizləməyə çalışırdı.
– Qatlinq! Orada nəsə olub. Mən baxmağa gedirəm. Bağışlayın, amma gərək sizi burada bağlayam, – Simpkins qışqırdı.
Qatlinq xəfiyyəyə nifrətlə baxıb cavab vermədi.
Yırğalanma davam edirdi, hətta belə bir yırğalanmada da paroxodun burun hissəsindən yavaş-yavaş batdığını hiss etmək olurdu.
Bir neçə dəqiqə sonra Simpkins qapının ağzında göründü. Plaşından su axırdı. Xəfiyyənin üzü artıq gizlətmək istəmədiyi dəhşətdən tanınmaz hala düşmüşdü.
– Qəza… Batırıq… Paroxod xəsarət alıb… Hərçənd heç kəs dəqiq heç nə bilmir… Qayıqları hazırlayırlar… xilasedici kəmərləri geyinmək əmri verilib… Amma hələ heç kəsi qayığa minməyə qoymurlar… Deyirlər, gəminin yüngül arakəsmələri var, əgər bir çarə tapsalar, bəlkə də, batmayacaq… Sərnişinlər isə onları qayıqlara buraxmayan matroslarla dalaşırlar. Bəs mənə, mənə nə etməyi əmr edirsiniz? – Qatlinqin üstünə elə bir tərzdə atılıb çığırdı ki, elə bil bütün olanların günahkarı o idi. – Bəs indi mən neyləyim? Canımı qurtarım, yoxsa sizə göz qoyum? Biz ayrı-ayrı qayıqlara düşə bilərik, yəqin ki, siz də qaçacaqsınız.
– Bəs bu sizi sakitləşdirmir? – Qatlinq əlindəki qandalı göstərib istehza ilə soruşdu.
– Lənət şeytana, mən sizinlə qala bilmərəm axı.
– Bir sözlə, siz özünüzü, məni və mənim tutulmağım üçün sizə söz verilən on min dolları xilas etmək istəyirsiniz? Bu çətin vəziyyətinizə acıyıram, amma heç bir köməklik göstərə bilmərəm.
– Bilərsiniz, bilərsiniz… Qulaq asın, əzizim, – Simpkinsin səsində yaltaqlıq duyuldu, özü sədəqə istəyən dilənçi kimi büzüşdü, – söz verin… bircə söz verin ki, sahilə çıxan kimi qaçmayacaqsınız, mən bu dəqiqə qolunuzdakı qandalı açıb çıxardım… bircə söz verin. Sizə inanıram.
– Etibarınız üçün sağ olun. Amma heç bir söz verə bilmərəm. Elə ilk fürsət düşən kimi aradan çıxacağam. Buna söz verə bilərəm.
– O!.. Bir buna baxın! Bəs mən sizi burda qoyub getsəm, tərsin biri tərs, onda necə? – Simpkins cavab gözləmədən qapıya tərəf yüyürdü. Divarlardan yapışa-yapışa, yıxıla-yıxıla dik pilləkənlə qövsvarı fənərlərlə işıqlanmış göyərtəyə çıxdı. Dərhal da tufanlı küləyin oyan-buyana səpələdiyi yağışa düşdü. Gəminin dal tərəfi su üzərində dayanmış, burun hissəsi suya batmışdı. Simpkins göyərtəyə baxıb gördü ki, hələ bir neçə dəqiqə bundan əvvəl mövcud olan nizam-intizam özünüqoruma instinkti adlanan ibtidai, heyvani hissin təsiri altında aradan qalxıb. Hələ dünən qadınlara nəvaziş dolu maraqla xırda qulluq göstərən qəşəng geyimli kişilər bu qadınları tapdalayıb keçir, yumruqları ilə qayıqlara yol açırdılar. Ən güclü olan qalib gəlirdi. Həyəcan siqnalının səsi ağlını itirmiş ikiayaqlı heyvan sürüsünün qeyri-insani bağırtılarına qarışmışdı. Ətrafda tapdanmış cəsədlər, parçalanmış meyitlər, cırıq-cırıq olmuş paltarlar gözə dəyirdi.
Simpkins başını itirdi, isti qan beyninə vurdu. Elə bir an gəldi ki, özü də döyüşə girməyə hazırlaşdı. Ancaq on min dollar haqqında, hətta belə bir vəziyyətdə, bir anlıq peyda olmuş fikir onu saxladı. Pilləkənlə başıaşağı kayuta diyirləndi, qapının ağzında sürüşüb yıxıldı, sürünə-sürünə taxtlara çatıb dinməzcə, əlləri əsə-əsə qandalı açmağa başladı.
– Yuxarı! – xəfiyyə Qatlinqi qabağa buraxıb ardınca getdi.
Onlar göyərtəyə çıxanda Simpkins acizanə bir quduzluqla çığırdı: göyərtə boş idi. İllüminatorların işıqları ilə işıqlanmış nəhəng dalğaların üzərində adamla dolu sonuncu qayıqlar görünürdü. Onlara üzüb çatmaq barədə heç düşünməyə də dəyməzdi.
Batanlar əlləriylə qayıqların kənarından yapışmışdılar. Qayıqlardan bədbəxtlərin başına bıçaq, yumruq, avar zərbələri, tapança güllələri enir, zavallılar dalğalara qərq olurdular.
– Hamısı sizin üzünüzdən oldu! – Simpkins yumruqlarını Qatlinqin burnunun qabağında silkələyib qışqırdı.
Amma Qatlinq xəfiyyəyə məhəl qoymadan göyərtənin qırağına yaxınlaşıb diqqətlə aşağı baxdı. Paroxodun düz yanında dalğalar bir qadın bədənini yırğalayırdı. O, son gücünü toplayıb əllərini uzadır, dalğalar onu paroxoda tərəf gətirəndə əbəs yerə dəmir üzlükdən yapışmağa çalışırdı.
Qatlinq plaşını cıxarıb suya tullandı.
– Siz qaçmaq istəyirsiniz? Buna görə cavab verəcəksiniz. – O, tapançanı çıxarıb Qatlinqin başına tuşladı. – Siz paroxoddan uzaqlaşmağa cəhd edən kimi atəş açacağam.
– Səfeh-səfeh danışmayın, tez olun burazın ucunu sallayın, axmağın biri axmaq! – deyə Qatlinq artıq huşunu itirməkdə olan batan qadının əlindən tutub qışqırdı.
– Hələ bir əmr də verir, – xəfiyyə burazın ucunu bacarıqsız bir surətdə sallaya-sallaya çığırdı. – Xidməti borcunu yerinə yetirən zaman vəzifəli şəxsi təhqir edir!
Viviana Kinqman kayutda özünə gəldi. O, dərindən nəfəs alıb gözlərini açdı.
Simpkins ədəblə salamlaşdı:
– İcazənizlə özümü təqdim edim: agent Cim Simpkins. Bu isə, necə deyərlər, mənim himayəm altında olan mister Recinald Qatlinqdir…
Kinqman agentin və cinayətkarın yanında özünü necə aparacağını bilmirdi. Milyarder qızı Kinqman bu adamların mühitində qalmalı idi. Üstəlik də, onu xilas etdiyi üçün onlardan birinə borcludur, gərək ona təşəkkür etsin. Bəs cinayətkara əl uzatsınmı? Yox, yox! Xoşbəxtlikdən hələ çox zəifdir, əlini tərpədə bilmir… Əlbəttə ki, bilmir.