qoyub ardımca gəlin. Biz miss üçün səhər yeməyi hazırlamalı və bir şüşə yaxşı şərab tapmalıyıq.
– Lənət şeytana! Siz məni qulluqçu, ya aşpazmı eləmək istəyirsiniz? Bəlkə, bir onun ayaqqabılarını təmizləyib iynə-sancaq da gətirim?
– Mən istəyirəm ki, siz az danışıb çox iş görəsiniz. Di çevrilin görüm!
Su səhrasında
– Mister Qatlinq, deyə bilərsinizmi, gəmi niyə batmayıb? – Qatlinqlə birlikdə başdan-başa səhər günəşinə qərq olmuş göyərtədə oturan miss Kinqman soruşdu. Ətrafda göz işlədikcə okeanın zümrüdü səhraya bənzəyən səthi uzanıb gedirdi.
– Müasir okean gəmiləri, – Qatlinq cavab verdi, – daxili arakəsmələr, yaxud divarlarla təchiz olunub. Gəmi deşilərkən su onun bir hissəsinə dolur, içəri çox gedə bilmir. Əgər dağıntı elə də böyük deyilsə, gəmi suyun üzündə hətta böyük deşiklərlə də dayana bilir.
– Bəs niyə sərnişinlər paroxodu tərk etdilər?
– Heç kəs paroxodun suyun səthində dayana bilmək üçün davam gətirəcəyini deyə bilməzdi. Baxın, kil1 suya batıb. Dal tərəf o qədər yuxarı qalxıb ki, vintlərin ağzı görünür. Göyərtə okean səthindən, demək olar, otuz dərəcə bucaq altında əyilib. Bu dikdirdə gəzmək elə də rahat deyil, amma bu, hər halda, suda çapalamaqdan yaxşıdır. Biz hələ yaxşı qurtarmışıq. Paroxodda böyük ərzaq və su ehtiyatı var. Əgər dəniz yollarından çox yayınmamışıqsa, bir gəmi rastımıza çıxıb bizi götürər.
Ancaq günlər ötür, mavi səhra isə əvvəlki kimi ölü olaraq qalırdı. Simpkins gözlərini zilləyib uzaqlara baxırdı.
Yeknəsəq günlər bir-birini əvəz edirdi.
Miss Kinqman çox tezliklə ev sahibəliyi etməyə başladı. O, mətbəxdə vurnuxur, alt paltarlarını yuyur, yemək otağında və “salon”da – kiçik kayutda səliqə-sahman yaradırdı. Onlar yatmazdan əvvəl axşamı burada keçirməyi xoşlayırdılar.
Yeni, onun üçün yad olan cəmiyyətdə özünü necə aparacağı barədə çətin sual elə bil öz-özünə həll olunurdu. O, Simpkinsə mehribanlıqla və istehzayla yanaşırdı, Qatlinqlə isə sadə dostluq münasibəti qurmuşdu. Bundan başqa, Qatlinq onu öz taleyinin və təbiətinin müəmmalı olmasıyla maraqlandırırdı. O, ədəb gözləyərək heç vaxt Qatlinqdən keçmişi barədə soruşmamışdı, nə də Simpkinsin bu haqda danışmasına yol vermirdi, hərçənd Simpkins dəfələrlə Qatlinqin yanında onun dəhşətli “cinayəti” barədə söz açmaq istəmişdi.
Onlar kiçik təsərrüfat işlərini bitirib axşamlar, günəş batan vaxtlarda həvəslə söhbətləşirdilər. Simpkins öz gözətçi qülləsində vurnuxur, xilas olmağın, özünün peşəkarlıq qələbəsinin və söz verilmiş mükafatın müjdəçisi ola biləcək paroxod tüstüsünü axtarırdı.
Miss Kinqman bu ünsiyyətdən həmsöhbətinin təhsilli, ədəbli və tərbiyəli olduğu qənaətinə gəlmişdi. Hazırcavab miss Kinqmanla söhbət aparmaq, görünür, Qatlinqə də böyük ləzzət verirdi. Miss Kinqman Avropaya səyahətini xatırlayır və gördükləri yerlərin maraqlı cəhətlərini söyləyib onu güldürürdü.
– İsveçrə? Bu, turistlər üçün dağ otlağıdır. Mən özüm bütün dünyanı gəzmişəm, amma quyruq əvəzinə soraq kitabçası gəzdirən bu ikiayaqlı otyeyənlərdən zəhləm gedir.
Vezuvi? Cırtdanın biri ucuz siqaret tüstülədib özündən dəm vurur. Siz Kolorado dağ silsiləsini görmüsünüz? Xes Pik, Lone Pik, Aranxo Pik – dağ bax bunlardır. Hələ 8800 metr hündürlüyü olan Everest kimi nəhəngləri demirəm. Vezuvi onlarla müqayisədə küçükdür.
Venesiya? Orada yalnız qurbağalar yaşaya bilər. Qayıqçı məni əsas kanalla aparıb malları, bütün bu sarayları, heykəlləri, nəmişlikdən yaşıllaşmış digər gözəllikləri və irigözlü ingilis qızlarını göstərmək istədi. Amma mən göstəriş verdim ki, o məni kiçik kanalların biriylə aparsın, bilmirəm düz dedim, ya yox, ancaq qayıqçı məni başa düşdü, bir də göstəriş verəndən sonra qayığı həvəssiz-həvəssiz dar kanallardan birinə yönəltdi. Mən venesiyalıların özlərinin necə yaşadıqlarını bilmək istəyirdim. Bu, dəhşətdir. Kanallar elə ensizdir ki, üzbəüz qonşuna əl verə bilərsən. Kanalların suyu kif iylənir, suyun üzərində isə portağal qabıqları və pəncərələrdən atılan hər cür zir-zibil üzür. Bu daşlı dərələrə heç zaman gün düşmür. Hələ uşaqları demirəm, zavallı uşaqlar! Oynamağa yerləri yoxdur. Bu solğunbənizli, raxitli uşaqlar çirkli kanala yıxılmaq təhlükəsi ilə üz-üzə qalaraq pəncərələrin qabağında oturur və uşaqlara məxsus olmayan bir həsrətlə gəlib-keçən qayıqlara baxırlar. Mən heç onların yeriyə bildiklərinə də inanmıram.
– Bəs İtaliyada xoşunuza gələn nə oldu?
Bu zaman söhbət ən gözlənilməz bir tərzdə kəsildi:
– Əllər yuxarı!
Onlar geri baxıb qarşılarında tapançanı Qatlinqin sinəsinə tuşlamış Simpkinsi gördülər.
Xəfiyyə artıq çoxdan idi ki, onların söhbətinə qulaq asır, gözləyirdi görsün, Qatlinq öz cinayəti barədə söz açacaqmı. Söhbətin məsumluğuna əmin olan Simpkins yeni rolda – “cinayətlərin qarşısını alan” rolunda çıxış etməyi qərara almışdı.
– Miss Kinqman, – o, qızğınlıqla sözə başladı, – mənim xidməti vəzifəm və namuslu adam kimi borcum sizi təhlükədən xəbərdar etməkdir. Mən daha bu söhbətlərin təklikdə aparılmasına yol verə bilmərəm. Miss Kinqman, sizi xəbərdar etməliyəm ki, Qatlinq təhlükəli cinayətkardır. Hər şeydən əvvəl də siz qadınlar üçün təhlükəlidir. O, şirin sözləri ilə gənc bir qadını tora salaraq öldürüb. Öldürüb və qaçıb, amma mən, Cim Simpkins onu ələ keçirmişəm, – o sözünü bitirib qürurla dediklərinin necə təsir göstərdiyinə baxdı.
Təsirin onun gözlədiyi kimi alındığını demək olmazdı.
Miss Kinqman, doğrudan da, pərt olmuş, həyəcanlanmış və təhqir edilmişdi, ancaq buna səbəb Simpkinsin sözləri yox, onun qəflətən və kobudluqla müdaxilə etməsi idi.
Recinald Qatlinq isə qətldə ifşa olunmuş cinayətkara qətiyyən oxşamırdı. O, adi bir sakitliklə Simpkinsə yanaşdı. Lüləyin ona tərəf tuşlanmasına baxmayaraq qısa mübarizədən sonra tapançanı Simpkinsin əlindən alıb bir tərəfə atdı və sakitcə dedi:
– Belə görürəm, sizə bəzi adamların məni elektrik stulunda oturmuş görüb həzz alması üçün söz verilən on min dollar da azlıq edir! Yalnız xanımın burada olması məni sizinlə layiqincə hesablaşmaq fikrindən daşındırır!
Mübahisəyə miss Kinqman son qoydu.
– Sözü mənə verin, – onlara yaxınlaşıb dedi və daha çox Simpkinsə müraciət etdi, – bir də belə səhnələr təkrarlanmasın. Mən sarıdan narahat olmayın, mister Simpkins, mənim himayəyə ehtiyacım yoxdur. Öz haqq-hesablarınızı ayağımız torpağa dəyənədək bir kənara qoyun. Biz burada üç nəfərik, ucsuz-bucaqsız okeanın ortasında üçcə nəfər. Kim bilir, qarşıda bizi nələr gözləyir? Bəlkə, bizlərdən biri təhlükə anında başqası üçün gərək olacaq? Günəş batıb,