– Pepi filosofcasına dedi, – hər kəsin öz görkəmi var! Sizin isə cazibədar gözləriniz var. Özünüz də başdan-başa qızılı rəngdəsiniz.
Maya utandığından qızardı. Ömründə ilk dəfə idi ki, onu tərifləyirdilər. Sevinclə baldan bir az da yedi.
– Çox dadlı baldır!
– Buyurun, qonaq olun. Bu, çəhrayı baldır. Bu ilin ilk balıdır. Amma ehtiyatlı olun, mədəniz xarab ola bilər! Məndə şeh də var. Bəlkə, içmək istəyirsiniz?
– Təşəkkür edirəm, mənim getmək vaxtımdır!
– Elə hey uçursunuz! – böcək gülümsündü. – Düzdür, buna sağlam həyat tərzi demək olmaz. Bir yerdə məskən salmaq yaxşı olmazdımı?
– Mən uçmağı çox sevirəm!
Böcək nəzakətlə çəhrayı pərdəni araladı:
– Gəlin sizi bir az ötürüm. Burada bir yarpaq var, oradan uzaqlar görünür. Hara istəsəniz, uça bilərsiniz.
– Təşəkkür edirəm! Mən elə istədiyim yerə uçuram!
– Sizin işiniz yaxşıdır, mənimsə alt qanadlarım çətinliklə açılır!
O, qonağı ilə əl tutuşub sonuncu pərdəni çəkdi.
– Ah, səma! – Maya ucadan dedi. – Xudahafiz!
– Xudahafiz! – Pepi yarpağa çıxdı və qonağının arxasınca baxdı.
O, düz göyə yönəldi və tezliklə səhərin təmiz havasında günəşin qızılı şüalarına qarışıb yox oldu. Pepi astadan köksünü ötürüb fikirli-fikirli öz çəhrayı evciyinə girdi. Bu qəribə arıcığaz, deyəsən, özü ilə hərarət gətirmişdi. Pepi gülümsəyib səhər nəğməsini oxumağa başladı. Səsi çəhrayı ləçəklərdən çıxıb oyanan günün gözəlliklərinə qarışdı.
İsinir göy çəmənlər,
Günəş boylanır yenə.
Doğmadır yazda-yayda
Qəşəng evciyim mənə.
Özüm bilmirəm kiməm,
Mən necə yaranmışam.
Al-qırmızı günəşi
Bir möcüzə sanmışam.
Bu ecazkar aləmdə
Min cür rəng göz oxşayır.
Bənövşə çiçək açır,
Qızılgül ətir yayır!
MEŞƏ GÖLÜ VƏ SAKİNLƏRİ
– Oy! – birdən Maya nəyisə xatırladı. – Pepidən adamlar haqqında soruşmaq tamam yadımdan çıxdı! Yəqin, o mənə maraqlı şeylər danışa bilərdi, axı çox bilir. Ola bilsin ki, mən özüm də tezliklə insanlara rast gəldim.
O, qarşısında gözəl bir xalı kimi uzanıb gedən geniş, ala-bəzək torpağı sevinclə gözdən keçirtdi.
Maya böyük bir bağın üzəri ilə uçurdu. Bağ əlvan rənglərə qərq olmuşdu. Qarşısına çoxlu həşərat çıxırdı. Hamısı onu salamlayır, uğurlu yol arzu edirdi. Gözünə arılar da dəyirdi, bu zaman ürəyi həyəcanla döyünür, özünü günahkar hiss edirdi, çünki onlar işləyir, o isə gəzib-dolaşırdı! Bir yandan da qorxurdu ki, arıların hansısa onu tanıyar. Amma tezliklə başa düşdü ki, arılar ona əhəmiyyət vermirlər.
Birdən Maya gördü ki, aşağıda da başı üzərində olduğu kimi mavi, dərin səma parıldayır! Əvvəlcə qorxdu, elə bildi ki, göyün lap yuxarılarına qalxıb. Ancaq sonra ağacların əksini görüb başa düşdü ki, qarşısındakı səhər işığına qərq olmuş sakit meşə gölüdür. Maya heyranlıqla suyun səthinə yaxın uçdu və özünü gördü! Budur o! Qanadları şüşətək parıldayır, ayaqlarını Kassandranın öyrətdiyi kimi bədəninə sıxıb. Özü də başdan-başa par-par yanır!
– Suyun üzəri ilə uçmaq nə gözəldir!
Şəffaf suda irili-xırdalı çoxlu balıq vardı, bəziləri üzür, bəziləri sakit-sakit yırğalanırdı. Maya onlara yaxınlaşmağa qorxdu, bilirdi ki, bu, təhlükəlidir.
Qamış da, ağ suzanbağılar da, suyun üzərində boşqab kimi üzən böyük, yaşıl yarpaqlar da xoşuna gəldi. Bu yarpaqlardan birinə qondu. Onun üzərində qamış gövdələri yırğalanırdı. Yarpağa kölgə düşmüşdü, yalnız bir neçə yerdə sarı ləkə parıldayırdı.
– Oxqay! Nə sərindir! – Maya ləzzət aldı.
O özünü səliqəyə salmağa başladı. Əlləri ilə başını tutub dartdı, elə bil qopartmaq istəyirdi! Amma, əslində, başını qopartmaq fikrində deyildi, sadəcə onun tozunu təmizləyirdi! Sonra ayaqları ilə qanadlarını sildi, qanadları yenə də par-par parıldadı.
Birdən gördü ki, göy bir böcək təəccüblə ona baxır.
– Siz mənim yarpağımda neyləyirsiniz? – o soruşdu.
Maya bir qədər qorxdu:
– Olar mən burada azacıq nəfəsimi dərim?
Kassandra demişdi ki, bütün həşəratlar arılara hörmət edir. Maya çox istəyirdi ki, ona hörmət bəsləsinlər. Maraqlıdır, görəsən, alınacaqmı… Ürəyi narahatlıqla döyündü. Deyəsən, bu böcəklə çox ucadan, həm də kobud danışmışdı.
Əlbəttə, Mayanın böcəyin yarpağından belə tez uçub getmək istəməməsi ona qəribə göründü. O, dilxor halda vızıldadı, qamışın gövdəsinə qondu və günəş işığında yırğalanıb bir az nəzakətlə dedi:
– Arıların vəzifəsi, ümumiyyətlə, işləməkdir. Ancaq sizin istirahətə ehtiyacınız varsa, mən gözləyə bilərəm!
– Ətraf yarpaqla doludur axı!
– Hamısı tutulub! İndi belə yaşayış yeri hamıya qismət olmur! Əgər iki gün bundan əvvəl qurbağa burada məndən qabaq yaşayan böcəyi yeməsəydi, mən indiyədək özümə sığınacaq tapmayacaqdım. Allah bilir, haralarda gecələyəcəkdim! İcazə verin, özümü təqdim edim: mənim adım Hans Kristofdur!
Maya susdu, qurbağanın pəncəsinə keçməyin necə xoşagəlməz olduğunu dəhşət içində fikirləşdi.
– Gölünüzdə qurbağa çoxdur? – ehtiyatla soruşdu və yarpağın düz ortasına qaçdı ki, sudan baxanda görünməsin.
Böcək qəhqəhə çəkdi.
– Boş yerə zəhmət çəkməyin! – səsində istehza duyuldu. – Suzanbağı yarpağı şəffafdır, parlaq günəş işığında qurbağa sizi aşağıdan asanlıqla görə bilər.
Maya domba gözlərini acgözlüklə ona zilləmiş böyük qurbağa təsəvvür etdi. Bu çox qorxulu idi və arıcığaz qərara aldı ki, tez uçub getsin. Amma bu zaman görün nə oldu… O, əvvəlcə başı üzərində incə bir səs eşitdi. Bu, küləyin quru yarpaqları xışıldatmasına bənzəyirdi. Səs getdikcə sürəkli vızıltıya çevrildi. Yarpağın üstünə şəffaf kölgə düşdü. Balaca arının ürəyi qorxudan az qaldı ki, partlasın! O, böyük, çəhrayı bir iynəcənin zavallı Hansı tutduğunu və