Вальдемар Бонзельс

Arı balası Maya


Скачать книгу

lovğa-lovğa gülümsündü.

      – O!.. – Maya köməksiz halda pəncələrini yellədi. – O çox sevimlidir! Həm də sizə pisliyi dəyməyib, eləmi?

      İynəcə fikirli-fikirli zavallı böcəyə baxdı.

      – Hə, qəşəng gəncdir! – nəvazişlə dedi və yazığın başını qopartdı.

      Mayaya elə gəldi ki, ağlını itirir, baş verənlər ona möhkəm təsir eləmişdi. Vahimə içində dinməz-söyləməz iynəcənin Hansın bədənini xırçaxırçla yeməsinə baxdı.

      – Xahiş edirəm, yalandan canıyananlıq etməyin! – iynəcə ovunu çeynəyib udandan sonra dedi. – Məgər siz arılar nümunəvi davranırsınız? Siz hələ çox cavansınız, xalqınızın adət-ənənələrinə yaxşı bələd deyilsiniz. Yay qurtaranda erkək arıları öldürməyiniz heç kəsi heyifsiləndirmir, düzdür?

      – Yeyib qurtardınız? – Maya soruşdu. O qərara gəlmişdi ki, Hans Kristofu yeyən iynəcənin üzünə baxmasın.

      – Hələ bir ayaq qalıb!

      – Xahiş edirəm, onu da yeyin, sonra sizə cavab verərəm! – Maya erkək arıların yayın sonunda niyə öldürüldüyünü yaxşı bilirdi, belə axmaq sual verdiyi üçün iynəcəyə acığı tutmuşdu. – Özünüz də mənə yaxınlaşmağa cürət etməyin! Yoxsa sancaram sizi!

      Maya yaman hirslənmişdi. Həyatında ilk dəfə idi ki, başqa məxluqu hədələyir və silahı olduğuna sevinirdi.

      İynəcə də ona hirslə baxırdı. O, naharını yemişdi, indi azacıq əyilmiş halda oturub balaca arını hər an öz qurbanının üstünə atılmağa hazır olan quldur kimi süzürdü. Ancaq Maya daha qorxmurdu. Özü də anlamırdı ki, bu cəsarət onda haradandır. Ucadan vızıldadı. Bir dəfə pətəyə eşşəkarısı yaxınlaşan vaxt keşikçi arının bu cür vızıldadığını eşitmişdi.

      – İynəcələr arı xalqı ilə həmişə sülh şəraitində yaşayıblar! – iynəcə yavaş-yavaş və hədələyici tərzdə danışmağa başladı.

      – Düz də eləyiblər! – Maya tez cavab verdi.

      – Sizə elə gəlir ki, mən sizdən qorxuram? Mən – sizdən!

      Qamış gövdəsi bərk silkələndi və iynəcə qanadlarını bir neçə dəfə sürətlə çalıb suyun üzəri ilə alçaqdan uçmağa başladı. Elə bil iki iynəcə uçurdu: biri suyun üstü ilə, o biri altı ilə. Hər ikisinin şüşə qanadları bir gümüşü işıqda birləşirdi. Bu elə gözəl oldu ki, Maya hətta Hansın yeyildiyini də unudub heyrətlə qışqırdı:

      – Gözəldir! Gözəldir!

      – Məni deyirsiniz? – İynəcə bir az təəccübləndi, amma o dəqiqə də əlavə etdi: – Bəli, məndə təəccüblənməli çox şey var! Siz hələ axşamlar çay kənarında dincələn insanların mənim haqqımda nələr dediklərini eşidəydiniz!

      – İnsanlar! Siz insanları görmüsünüz?

      – Əlbəttə, bəs necə! Siz hələ mənim kim olduğumu bilmirsiniz! Mənim adım Şnukdur, mən sərtqanadlılar fəsiləsindənəm, iynəcəyəm!

      – Ah, mənə insanlardan danışın! – Maya da özünü təqdim edib xahiş elədi.

      Daha bir-birinə acıqları tutmurdu. İynəcə arının yaxınlığına qondu. Maya etiraz etmədi, bilirdi ki, Şnuk ona hücum etməyəcək.

      – İnsanların iynəsi var? – arı soruşdu.

      – O qədər qorxulu silahları ola-ola iynə onların nəyinə lazımdır! İnsanlardan hamı qorxur! Xüsusən də oğlan uşağı adlanan balacalardan. Bu oğlanlar iki ayaqları üstə çox sürətlə qaçırlar!

      – Onlar sizin ardınızca düşürlər? – Maya həyəcanlandı.

      – Bəs necə! – Şnuk öz gözəl qanadlarına baxdı. – Çox az oğlan uşağı tapılar ki, iynəcə tutmaq istəməsin!

      – Niyə? – Maya çəkinə-çəkinə soruşdu.

      – Bizdə cəlbedici nəsə var! – Şnuk gülümsəyib təvazökarlıqla gözlərini yerə dikdi. – Bəzən insanlar tutduqları iynəcələri öldürməzdən əvvəl onlara dəhşətli əzab verirlər…

      – Adamlar iynəcələri yeyirlər?

      – Yox, yox! – Şnuk onu sakitləşdirdi. – Adamlar iynəcələri yemirlər. Ancaq bəzən insanlarda şiddətli öldürmək arzusu baş qaldırır, səbəbini başa düşə bilmirəm! Bəlkə də, siz inanmayacaqsınız, elə hallar olur ki, oğlan uşaqları iynəcəni tutanda qanadlarını qoparırlar. Sadəcə, həzz almaq üçün! Görürəm mənə inanmırsınız?

      – Əlbəttə, inanmıram! – Maya özündən çıxdı.

      Şnuk çiyinlərini çəkib başını aşağı saldı, sanki yadına nə vaxtsa çəkdiyi əziyyətlər düşmüşdü.

      – Bu barədə danışmaq mənim üçün ağırdır! – iynəcənin üzündə əzab duyuldu. – Amma qulaq asın: mənim bir qardaşım vardı. Ona böyük ümidlər bəsləyirdim. Ancaq, təəssüf ki, bir az yüngülxasiyyət və hər şeylə maraqlanan idi. Bir dəfə o, bir oğlanın qurduğu tələyə düşdü. Bu, ağaca bərkidilmiş tor idi. Oğlanlar ona əl toru deyirlər. Deyin görüm, belə dəhşətli silah düzəltmək bizim hansımızın ağlına gələr?

      – Mənim heç zaman ağlıma gəlməz!

      – Oğlan mənim qardaşımın əl-əyağını nazik qara sapla bağladı, odur ki zavallı qardaşım qaçıb canını qurtara bilməzdi. Hər dəfə ona elə gələndə ki uça biləcək, sap dartılır, qardaşım təzədən insanın əlinə keçirdi!

      – İnanılmazdır! – Maya kədərlə pıçıldadı.

      – Mən qardaşımın dəhşətli ölümünü heç vaxt unutmayacağam! – Şnuk ağır-ağır köksünü ötürdü. Hər gün onu fikirləşir, gecələr yuxumda görürəm. Yazıq qardaşımın canı çıxana kimi insan onu özü ilə gəzdirdi!

      – Bəs o nədən öldü? – arı canıyananlıqla soruşdu.

      Şnuk dərhal cavab verməyib acı-acı ağladı.

      – Oğlan onu cibinə qoydu! Buna kim dözə bilərdi?!

      – Cib? Bu nə deməkdir? – Maya məyus olmuşdu. Elə təzə və dəhşətli şeylər öyrənmişdi ki, həyəcandan az qalırdı nəfəsi kəsilə.

      Şnuk izah elədi:

      – Cib insanın xarici qabığına bərkidilmiş anbar kimi şeydir. Bircə biləydiniz bu cibdə nələr yerləşir! Qardaşım ömrünün son dəqiqələrini bu dəhşətli yerdə keçirib! Yox, siz cibin nə olduğunu başa düşməzsiniz…

      – Başa düşmərəm! – Maya razılaşdı. – Bir cibdə nə olur? Bəlkə, bal olur, hə?

      – Yox, – Şnuk kədərlə dedi. – Cibdə bal nadir hallarda olur. Həmin vaxt oğlanın cibində görün nələr varmış: qurbağa, cib bıçağı, bir də kök!

      – Dəhşət! – Maya pıçıldadı. – Bəs cib bıçağı nədir?

      – Bu, süni iynə növlərindən biridir. Təbiət insana əsl iynə verməyib, buna görə də o, süni iynə düzəldir! Qurbağa ölüm ayağında idi: bir