Qulu Məhərrəmli

Gələcəyə ön söz


Скачать книгу

aparılırdı. Türk zabitləri və Qafqaz İslam ordusunun Gəncəyə gəlişi, paytaxta yürüşün başlanması, Göyçay və Şamaxı istiqamətlərindəki uğurlu döyüşlər, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi ordu quruculuğu üçün əlverişli imkan yaratdı. Nazirlər Kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Həmin il dekabrın 26-da artilleriya general-leytenantı S.Mehmandarov hərbi nazir, general-leytenant Ə.Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. Nazir S.Mehmandarovun əmri ilə qısa müddətdə hərbi çağırış elan olundu. Azərbaycanın Rusiyadan qoparaq müstəqil dövlət olması və Milli hökumətin qısa müddətdə ciddi uğurlar qazanması əhalidə milli orduya böyük inam yaratmışdı. Odur ki heç kim çağırışdan yayınmaq haqqında belə düşünmürdü.

      Cümhuriyyət hökumətinin yaratdığı milli ordu qısa müddətdə misilsiz şücaətləri ilə Azərbaycan xalqının şərəf tarixini yaza bildi. Bu ordu tezliklə Biçeraxovun Lənkərandakı qiyam cəhdinin qarşısını alıb onu darmadağın etdi, Qarabağı erməni qoşunlarından təmizlədi, Zəngəzurdakı ağır döyüşlərdə Androniki əzib bu ərazilərdə Azərbaycanın müstəqilliyini təmin etdi.

      Milli ordunun zəfər yürüşü müstəqil dövlətin sabahına böyük inam yaradırdı. 1920-ci ilin yanvarında Parisdə dünya dövlətlərinin Azərbaycanın müstəqilliyini tanıması bu ümidləri daha da artırırdı. Lakin zaman müstəqil dövlətin xeyrinə işləmirdi. Rusiyada bolşeviklərin vətəndaş müharibəsini qalibiyyətlə sona çatdırması, Avropa ölkələrinin bir çoxunda başlanmış siyasi-hərbi böhran, xüsusilə Cənubi Qafqazda hərbi durumun kəskinləşməsi, Qarabağda baş qaldıran erməni qiyamları və ölkənin qərbində – Ermənistanla sərhədlərdə bolşevik Rusiyasının təhriki ilə başlanmış silahlı təxribatlar AC hökumətini gücdən salırdı. Milli ordu da bir neçə istiqamətdə döyüşlər apardığından zəifləyirdi, xüsusən şimal sərhədlərini qorumaq üçün qüvvə çatışmırdı. Buna görə də 1920-ci ilin aprelində 72 minlik qoşunla Azərbaycana hücum çəkən 11-ci Qızıl ordunun qarşısına Samurda Milli ordunun cəmi 350 nəfərlik heyəti çıxmış, Yalama stansiyasında qəhrəmanlıqla döyüşərək hamısı həlak olmuşdu. Yəqin ki, nə vaxtsa Samurda həmin əsgərlərin xatirəsinə ucaldılacaq abidə onların ruhunu şad edəcəkdir.

* * *

      Milli ordu günü bütün bunlar barədə düşünmək, Azərbaycanın istiqlal tarixini yaratmış, o cümlədən ordumuzun qəhrəmanlıq salnaməsinə qızıl səhifələr yazmış parlaq tarixi şəxsiyyətlərə aid əzəmətli bir panteonun olmasını, şərəfli tarixin gənc nəslə dürüst anladılması üçün tədbirlər görülməsini arzulamaq zərərli deyil. Çünki hələ AC dövründə ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər keçmişini, kökünü, soyunu bilməli, vətənini, dilini, millətini sevməli, onların qeyrətini çəkməlidir. Çünki bunlar cəmləşəndə yenilməz döyüş ruhu və iftixar hissi yaradır. Yalnız belə olanda təntənəli hərbi paradın da, burada iştirak edən yaraşıqlı forma geymiş əsgər və komandirlərin də, nümayiş etdirilən müasir texnikanın, silah-sursatın da bizdə yaratdığı ruh oyanıqlığının, sevincin ömrü daha uzun olur. Əgər sevgi və ruh yoxdursa, heç olmasa, bir metr torpaq azad etməmiş ordu hər gün hərbi parad keçirsə belə, yalnız bəzəkli eksponat kimi baxılacaq. Bu yerdə, yəqin ki, yaxşı yumor hissi olan oxucunun yadına böyük pul müqabilində ticarət karvanının təhlükəsizliyini boynuna götürmüş lətifə qəhrəmanı düşəcək. Belinə iri xəncər bağlamış və əsl cəngavər görkəmi olan bu qəhrəman quldurların karvana hücumu zamanı qorxudan qaçıb gizlənir, var-dövlət çapılıb aparılandan sonra yenə belində xəncər peyda olur. Sərvəti əlindən getmiş tacirin xəncərə işarə ilə «bəs bu belindəki nədən ötrüdür?» sualına bizim qəhrəman özünü itirmədən «yaman günün yarağıdır» cavabını verir. Hə… xəncər də, ordu da yaman gündə gərəkdir, xalqın, Vətənin, millətin yaman günündə…

29.06.2013

      Həqiqətin bahalaşan qiyməti

      Demokratiya bir hakim olaraq sovet və kommunist imperializmini ölümə məhkum etmişdir.

Ə.Fətəlibəyli-Düdənginski

      Kim nə deyir-desin, həqiqətin qiyməti getdikcə artır, çünki onu demək çətinləşir. Həm də həqiqəti söyləyənlərin sayı azalır. Sayı azalan bir şey isə həmişə qiymətli olur. İndi Azərbaycan cəmiyyətində həqiqət belə bir bahalı mənəvi-sosial sərvətə çevrilib. Yox, söhbət çayxana və kuluarlarda danışılan həqiqətdən getmir, onun ictimai miqyasda söylənməsindən, mətbuatın, televiziya və radionun həqiqətə nə dərəcədə sadiq qalmasından gedir.

* * *

      Xalq hərəkatının başlandığı ilk illərdə kiçik vərəqələrdə, senzuradan gizli buraxılan əl nəşrlərində həqiqətin isti nəfəsi yavaş-yavaş insanları qızdırırdı. Sonra «Azərbaycan», «Gənclik, «Azadlıq», daha sonra «Yeni Müsavat», «Müxalifət», «Aydınlıq», «Yeni fikir», «Rezonans», «Avropa», «Monitor», «Ayna», «Zerkalo», «Gün səhər» kimi qəzet və jurnalların səhifələrindən qanad açaraq yayılmağa başladı. Amma onlardan çox-çox əvvəl bu həqiqəti xarici radiostansiyalar misqal-misqal sızdırırdı. Bəli, o vaxtlar da həqiqət ört-basdır ediləndə, yalanlar ayaq açıb yeriyəndə və insanlar dəqiq məlumat almaq ehtirası ilə yaşayanda «Azadlıq» və «Amerikanın səsi» kimi radiostansiyalar kara gəlirdi. 1990-cı ilin məşum yanvar gecəsindən sonra səsimiz heç yana yetməyəndə, baş-başa qaldığımız tranzistorlarda bir-birinə qarışmış dalğalar arasında biz «Azadlıq» radiosunun xışıltılarla gəlib çatan tanış və doğma səsini axtarırdıq.

      Həmin radionun Azərbaycan xidməti öz tarixi missiyasını bugünkü şəraitdə də davam etdirir, həqiqətin və demokratik dəyərlərin yayılmasına öz töhfələrini verir, «onun proqramları Azərbaycanda müstəqil və obyektiv media üçün böyük ehtiyac duyulan nümunə funksiyası daşıyır». Mötəbər məlumat mənbəyi olan radionun proqramlarını ölkə əhalisinin əhəmiyyətli hissəsi dinləyir. Təsadüfi deyildir ki, ən populyar vaxtında FM dalğasından çıxarılsa da, bu gün «Azadlıq» internetdə ən çox dinlənilən radiolar sırasındadır.

      Multimedia imkanlarından bəhrələnən radio, artıq bir neçə aydır ki, ayrıca telexəbər bülleteni də hazırlayaraq peyklə yayımlayır. Amma nə etməli ki, Azərbaycan həqiqətlərini əks etdirən bu yığcam xəbər bülleteni hakimiyyətdəki bəzi zəkası sönük məmurların xoşuna gəlmir. Ona görə də həmin bülletenin efirdə olduğu vaxtda peyk kanalı hücuma məruz qalır, səs və görüntü yararsız vəziyyətə salınır, bir sözlə, verilişlər vurulur. Beynəlxalq telekommunikasiya qaydalarına zidd olan bu hərəkətləri kimin törətdiyini ABŞ-da yaxşı bilirlər. «Ağ ev» in sözçüsü bu davranışı «soyuq müharibə dönəmində Sovet İttifaqının xarici radiostansiyalara qarşı geniş tətbiq etdiyi praktika» kimi səciyyələndirib.

* * *

      Sovetlər birliyinin ideoloqları, həqiqətən, «soyuq müharibə mələkləri» adlandırdıqları xarici radiostansiyalardan çox qorxurdular. Ən böyük qorxu bu radiolarda həqiqətin söylənməsi idi. Qərb radioları rok musiqisi vasitəsilə sovet dinləyici auditoriyasına tilov atır, sonra qısa xəbərlərlə həqiqətləri çatdırırdı.