Арчибалд Джозеф Кронин

Qala


Скачать книгу

Əndrunu getdikcə daha çox boğurdu. O, qaşqabaqla cavab verdi:

      – Mən Blenellini kurorta – mineral suları çağlayan kurortvarı bir şeyə çevirmək istəyirdim, başa düşürsünüzmü?

      Denni təzədən qəhqəhə çəkdi. Bu gülüş Əndrunu təhqir edir, onda Denniyə şillə ilişdirmək arzusu oyadırdı.

      – Ağıllı cavabdır, mənim əziz doktorum, ağıllı cavabdır. Buxar katoku kimi yüngül, əsl şotland yumoru! Təəssüf ki, buranın suyunu kurort üçün tamam yararlı su kimi sizə məsləhət görə bilmərəm. Tibb işçiləri məsələsinə gəldikdə isə, əziz doktor, deyə bilərəm ki, bizim vadidə bu şanlı və doğrudan da nəcib peşənin nümayəndələri tör-töküntüdən başqa bir şey deyil.

      – Siz də o cümlədən?

      Denni başını tərpətdi:

      – Tamamilə doğrudur!

      O, kürəntəhər qaşları altından Əndruya baxaraq bir dəqiqəyədək susdu. Sonra kifir sifətindən istehzalı ifadə yox oldu, o, təzədən qaşqabağını tökdü. Bu dəfə səsinin ahəngi yanıqlı və ciddi idi:

      – Bura baxın, Mənson! Mən belə bilirəm ki, Blenelli sizin üçün Harli-stritə gedən yolun ancaq bir mərhələsidir, lakin nə qədər ki, burdasınız, bu yer haqqında bəzi şeyləri bilsəniz pis olmaz. Siz görəcəksiniz ki, bura yaxşı romantik ənənələrə cavab vermir. Burada nə xəstəxana, nə təcili yardım kareti, nə rentgen şüaları var! Xəstə üzərində cərrahiyyə əməliyyatı aparmaq lazım gələndə bu işi mətbəx masası üstündə görür, sonra da əllərini qab-qacaq yuyulan tasda yuyurlar. Sanitariya şəraiti heç tənqidə də layiq deyil. Quru yay aylarında uşaqlar vəbadan milçək kimi qırılırlar. Patronunuz Peyc çox böyük təcrübəyə malik qoca həkimdi, lakin onun işi artıq bitib, onu Bloduen parçalayıb uddu, bundan belə doktor Peyc heç vaxt işləyə bilməyəcək. Mənim patronum Nikols həkim yox, adicə olaraq acgöz və xəsis mamaçadır. Bremvel, Gümüş kral bir neçə sentimental kəlamdan və Solomonun "Nəğmələr nəğməsi"indən başqa heç nə bilmir. Qaldı ki, mən… Mən yaxşı günlərin yetişməsini gözləyə-gözləyə möhkəm içirəm. Hə, bir də sizin fağır aptekçiniz Cenkins. O, qıyamət işlər görür, xəlvətcə qadın xəstəliyindən müalicə üçün qurğuşun həb alveri edir. Hə, deyəsən, hər şeyi dedim. Gedək Qoukins! – O, itini səsləyib ağır addımlarla qapıya sarı yönəldi. Kandarda dayanıb əvvəlcə piştaxta üstündəki dərman şüşəsinə, sonra Mənsona baxdı. İstər-istəməz, tamamilə laqeyd halda dedi:

      – Yeri gəlmişkən, sizin yerinizə olsaydım yoxlardım görüm, Qlayder-pleysdəki xəstənizdə qarın yatalağı deyil ki. Tipik olmayan hallara da təsadüf edilir.

      Qapının zəngi yenə "dzin" çalındı. Əndru bir söz deməyə macal tapmamış doktor Filipp Denni və Qoukins qaranlıqda yox oldular.

      III

      Əndrunu bu gecə yatmağa qoymayan içindəki yunu yaprıxmış bərk döşək yox, Qlayder-pleysdəki xəstə sarıdan getdikcə artan nigarançılığı idi. Görəsən bu yatalaqdımı? Denninin vidalaşarkən dediyi sözləri onun artıq həyəcanlanmış qəlbində, yeni şübhələr, bədbin fikirlər oyatdı, xəstəliyin mühüm bir əlamətini gözdən qaçırdığından qorxaraq o, elə sübhün bu erkən çağında durub təzədən xəstənin yanına yollanmaqdan özünü güclə saxlayırdı. Bütün gecəni yuxusuz keçirən, səhərədək narahat halda qurdalanan Əndru artıq o məqama çatdı ki, öz-özündən soruşdu: görəsən onun, ümumiyyətlə, tibb aləmindən cüzi də olsa başı çıxırmı?

      Mənson hər şeyi ürəyinə salan, özünə dərd edən çılğın təbiətə malikdi. Görünür, bu xasiyyəti Şotlandiyanın dağ yerində dünyaya gəlmiş, uşaqkən vətəni Allapulda qütb parıltısından bəyaz səmada necə çapdığını görmüş anasından ona irsən keçmişdi. Əndrunun Fayfşirdə xırda fermer olmuş atası Con Mənson sağlam düşüncəli, təmkinli və zəhmətkeş adamdı. Lakin o, öz torpağına o qədər də yaxşı ağalıq edə bilmirdi, buna görə də dünya müharibəsinin sonunda cəbhədə həlak olanda işləri çox dolaşıq və acınacaqlı vəziyyətdə qaldı. Cessi Mənson tam bir il fermanı saxlamağa ciddi səy göstərdi, süd təsərrüfatı yaratdı, Əndru həddən çox kitablarla məşğul olduğundan onun əvəzinə furqona minib südü paylamağa aparırdı. Lakin çox çəkmədi ki, neçə ildən bəri heç bir məhəl qoymadığı öskürək ona daha çox əziyyət verməyə başladı və Cessi Mənson gözlənilmədən nazik dərili, qara saçlı dağ adamlarını daha çox məhv edən vərəm xəstəliyinə tutuldu.

      Əndru on səkkiz yaşında tək-tənha qaldı. O vaxt. o, University of St Andrews birinci kursunda oxuyur, ildə qırx funt təqaüd alırdı, bundan savayı əlinə bircə qəpik də olsun pul gəlmirdi. Onu xilas edən "Qlen fondu" oldu. Bu tipik şotland müəssisəsi (onun banisi mərhum ser Əndru Qlenin sadəlövh təbirincə desək) "xaç suyuna çəkilərkən Əndru adı almış layiqli və ehtiyacı olan tələbələrə ildə əlli funt borc verirdi, amma bu şərtlə ki, tələbə təhsilini başa vurduqdan sonra həmin borcunu vicdanla ödəsin".

      "Qlen fondu" və kefi kök halda aclıq çəkmək bacarığı Əndruya St.-Əndru universitetini başa vurmağa, sonra da Dandi şəhərində tibb fakültəsini bitirməyə kömək etdi. Fonda minnətdarlığı və həddən artıq vicdanlı olması onu məcbur etdi ki, diplomunu alan kimi (təhsilini təzəcə başa vurmuş həkimlərin başqa yerlərə nisbətən daha çox maaş ala biləcəkləri) Cənubi Uelsdə ildə 250 funt maaşla işə başlasın. Halbuki o, on dəfə az maaşla Edinburq kral klinikasında işləməyi, əlbəttə, daha üstün tutardı.

      Budur, indi o, Blenellidədir. Yataqdan qalxıb üzünü qırxdı, geyindi, ilk xəstəsindən nigaran olduğu üçün bütün bunları çox cəld, tələsik etdi. O, tələsə-tələsə səhər yeməyini yeyib təzədən öz otağına keçdi. Çamadanını açıb oradan göy dərili kiçik bir qutu çıxartdı. Onu açdı, ciddi görkəmlə bir müddət qutunun içindəki medala, – St.-Əndru universitetində hər il klinik təbabətdə ən böyük nailiyyət qazanmış tələbəyə verilən Hunter5 qızıl medalına baxdı. Bu medaldan o da, Əndru Mənson da almışdı! O, bu medalı hər şeydən yüksək qiymətləndirirdi, ona xoşbəxt gələcəyin rəhni olan bir tilsim kimi baxmağa adət etmişdi. Bu səhər isə o, həmin medala iftixarla, qəribə, gizli bir yalvarışla baxır, elə bil özünə inamını təzədən qaytarmaq istəyirdi. Sonra qutunu gizlədib ambulatoriyaya, xəstələrin səhər qəbuluna tələsdi.

      Əndru daxmaya daxil olanda Dey Cenkins artıq orada idi, krandan böyük saxsı dolçaya su doldururdu. Bu, qırmızı damarlı yanaqları çökmüş, gözləri dörd olan çox çevik, qərarsız bir adamdı; nazik qıçlarına elə dar şalvar keçirmişdi ki, Əndru beləsini heç kəsin əynində görməmişdi. Cenkins onunla salamlaşıb yaltaqcasına dedi:

      – Doktor, sizin belə tezdən gəlmənizə ehtiyac yoxdur. Siz gəlincəyədək mən bütün təkrar verilməli dərmanları buraxıram, kimə lazım olsa vəsiqə də verə bilərəm. Doktor Peyc xəstələnəndə missis Peyc üstündə doktorun qolu olan rezin ştamp sifariş edib.

      Əndru etiraz etdi: .

      –Təşəkkür edirəm. Bütün xəstələri özüm qəbul etmək istəyirəm. – Sonra duruxdu, aptekçinin gördüyü işdən elə heyrətləndi ki, müəyyən müddətə bayaqkı həyəcanı da büsbütün yadından çıxdı. – Siz