hiss etdi.
– Sizinlə telefonda danışan kim idi? Denni idi, hə? Siz gərək elə adamlarla oturub-durmayasınız. Ondan sizə heç bir xeyir dəyməz.
Əndru soyuq nəzərlə qadının gözünün içinə baxdı:
– Əksinə, onun mənə çox xeyri dəyib.
Sözünə etiraz edilməsinə heç vaxt dözməyən Bloduen qeyzlə çımxırdı:
– Bəsdir, doktor! O, əsl dəlidir! Heç kəsə dərman yazmır. Məsələn, bütün ömrü boyu həkimlərin dərmanla müalicə etdikləri Ris Morqan onun yanına gedəndə qadına məsləhət görüb ki, hər gün iki mil piyada dağlara tərəf getsin, daha "donuz yemi olan hər cür horranı qarnına tökməsin". Bu, onun öz sözləridir. Onda qadın onun siyahısından çıxıb yanımıza gəldi, Cenkinsdən butulka-butulka qıyamət sulu dərmanlar almağa başladı. Bu Denni çox qaba, iyrənc adamdır. Hamı deyir ki, onun hardasa arvadı var, arvad onunla yaşamır. Görürsünüz necə adamdır! Bundan başqa, demək olar ki, həmişə sərxoşdur. Yaxşısı budur ki, onunla əlaqənizi kəsin, doktor. Bir də unutmayın ki, siz doktor Peyc üçün işləyirsiniz.
Artıq dəfələrlə eşitdiyi bu tapşırıq Əndrunu bərk əsəbiləşdirdi. O, missis Peyci razı salmaq üçün onsuz da əlindən gələni edirdi, lakin tələbatın hədd-hüdudu yoxdu, Missis Peycin bir-birini əvəz edən şəkk-şübhə dolu hərəkətləri və saxta şənliyində həmişə Əndrudan son imkanadək istifadə etmək, əvəzini isə mümkün qədər az vermək meyli duyulurdu. Birinci ayın maaşını artıq üç gündü ki, yubadırdı. Bu, bəlkə də qadının tərəfindən adi unutqanlıqdı. Lakin belə unutqanlıq, Mənsonu narahat edir, qəzəbləndirirdi. Odur ki, öz firavanlığını hər vasitə ilə qoruyan, Dennini tənqid eləməyə cəsarət edən bu piyli, ətli-əndamlı qadının görkəmi onu özündən çıxartdı. Əndru qeyzlə dedi:
– Missis Peyc, əgər maaşımı vaxtında alsaydım, onda doktor Peyc üçün işlədiyimi daha yaxşı xatırlayardım.
Qadın birdən-birə qızardı, Mənsona aydın oldu ki, maaş missis Peycin həmişə yaxşı yadında imiş. Qadın başını həyasızcasına dikəltdi:
– Alarsınız! Böyük şey imiş!
Yeməyin axırınadək missis Peyc qaşqabağını töküb oturdu, onu Əndru təhqir edibmiş kimi başını qaldırıb üzünə baxmadı da. Yeməkdən sonra Əndru qonaq otağına çağrılanda qadın onu tamam başqa əhvali-ruhiyyə ilə qarşıladı. O, həddən artıq nəzakətli, şən, gülümsərdi.
– Budur, bu da sizin pulunuz, doktor. Əyləşin və bir qədər xoşrəftar olun. Biz gərək dostcasına yaşayaq, yoxsa aramız dəyər.
Qadın xovlu yaşıl kresloda əyləşmişdi, dolu, ətli dizləri üstdə bir funtluq iyirmi kağız pul, bir də qara dərili pul kisəsi vardı. Pulları əlinə götürüb ağır-ağır saymağa və Mənsona verməyə başladı: "Bir, iki, üç, dörd…" Əlindəki pullar azaldıqca o, daha ağır sayır, qara, hiyləgər gözləri oğrun-oğrun qırpılırdı. On səkkizə çatanda təəssüf bildirən bir ah çəkib dayandı.
– A doktor, bizim bu çətin zəmanədə bu az pul deyil. Elə deyilmi? Mənim devizim belədir: "Ver-al". Qalan iki funtu olarmı ki, bəxtimi sınamaq üçün özümə saxlayım?
Mənson dinmədi. Qadın xırdaçılığı, acgözlüyü ilə özünü alçaldır, çox pis vəziyyətdə qoyurdu. Mənsona məlumdu ki, onun həkimliyi missis Peycə çoxlu qazanc gətirir. Qadın neçə dəqiqə oturub gözlərini Əndrunun üzünə zilləyib durdu, sonra xahişinə buz kimi soyuqluqdan başqa heç bir cavab almadığını görərək axırıncı iki funtu da əsəbi bir hərəkətlə üstünə atıb kəskin tərzdə dedi:
– Baxın ha, bu pula layiq iş görün!
Sonra cəld sıçrayışla ayağa qalxıb otaqdan çıxmaq istəyirdi ki, Əndru qapı ağzında onu saxladı.
– Bir dəqiqə, missis Peyc.
Mənsonun səsində əsəbi bir qətiyyət vardı. Belə şeylərdən zəhləsi getsə də, o, bu xəsis xanıma yaxşıca dərs vermək qərarına gəldi.
– Siz bir ay üçün mənə ancaq iyirmi funt verdiniz, bu, eləyir ildə iki yüz qırx funt, halbuki şərtimizə görə mən iki yüz əlli funt almalıyam. Missis Peyc, deməli mənə hələ on altı şillinq səkkiz pens də çatmalıdır.
Qadın qəzəbdən və ümidsizlikdən ağappaq ağardı. Boğula-boğula:
– Ah, belə-ə! – deyə səsini uzatdı. – Deməli, siz qəpik-quruş üstündə mənimlə aranı vurmaq istəyirsiniz! Mənə həmişə deyiblər ki, şotlandiyalılar xəsis olurlar. İndi buna əmin oldum. Alın! Götürün öz murdar şillinqlərinizi, xırdaları da!
Tikanlı baxışlarını Əndrudan çəkməyən missis Peyc titrək barmaqları ilə ağzınacan dolu pul kisəsindən pul çıxarıb saydı. Nəhayət, Mənsona axırıncı dəfə qəzəbli bir nəzər fırladıb cəld qonaq otağını tərk etdi, qapını çırpdı.
Hirsindən ürəyi od tutub yanan Əndru evdən çıxdı. Bloduenin dediyi sözlərin haqsızlığını dərk etdiyindən bu acıdillik ona daha çox yer elədi. Görəsən, qadın, burada məsələ qəpik-quruşda yox, haqq-ədalətdə, düzgünlük prinsipində olduğunu başa düşmürdümü? Ancaq burası da vardı ki, Əndrunun anadangəlmə xasiyyəti – yüksək əxlaq qaydalarının tələbatından asılı olmayaraq ömründə heç kəsin onu aldatmasına, axmaq yerinə qoymasına qəti imkan verməmək bütün şimallıları fərqləndirən xüsusiyyətdi.
Ancaq poçta çatıb, aldığı iyirmi funtu zərfin içinə qoyaraq "Qlen fondu"nun ünvanına göndərdikdən sonra (xırda pulları özünə cib xərci saxladı) bir balaca sakitləşdi. Poçtun önündəki artırmada dayanmışdı ki, yaxınlaşan doktor Bremveli gördü, eyni daha da açıldı. Bremvel ağır-ağır yeriyir, iri pəncələrini daş döşəməli yola əzəmətlə basırdı, qara, nimdaş paltolu vücudu dimdikdi, qırxılmamış boz saçları kirli yaxalığı üstünə tökülmüşdü, gözləri irəli uzatdığı əlindəki kitaba zillənmişdi. Hələ uzaqdan, küçənin ortasından gördüyü Əndruya yaxınlaşanda yalandan diksinərək özünü heyrətlənmiş kimi göstərdi.
– Ah, əzizim Mənson! Başım kitaba elə qarışıb ki, az qala sizi görmədən keçib gedəcəkdim.
Mənson gülümsündü. Onun, ikinci "ştatlı" həkim Nikolsdan fərqli olaraq elə ilk görüşdən Mənsona səmimi münasibət bəsləyən doktor Bremvellə arası kökdü. Bremvelin işi çox olmurdu, buna görə də israfçılıq edib köməkçi saxlamağı özünə rəva görmürdü. Lakin onun lovğa ədaları, özünü məşhur adam kimi aparmaq adəti vardı.
Bremvel şəhadət barmağının kirli dırnağı ilə oxuduğu səhifəni səylə cızıb kitabı örtdü, sonra boş əlini qürurla nimdaş paltosunun yaxasına keçirtdi. Onun elə dəbdəbəli görkəmi vardı ki, Blenellinin baş küçəsində lap fantastik xəyala oxşayırdı. Denninin onu “Gümüş kral” adlandırması nahaq deyildi.
– Hə, əzizim, deyin görüm, bizim bu balaca cəmiyyət xoşunuza gəldimi? Kiçik hücrəmizdə arvadıma və mənə baş çəkdiyiniz zaman sizə demişdim ki, bu cəmiyyət ilk baxışda göründüyü kimi də iyrənc deyil! Burada bizim öz istedadlarımız var. Əziz arvadımla mən onları həvəsləndirməyə çalışırıq. Mənson, biz bu ucqar guşədə də mədəniyyət məşəlini daha uça qaldırırıq. Siz bir dəfə bizə axşam gəlməlisiniz.