bu vaxtında günü davası çəkməyəcəyəm! Yox, məni boşa! Mən dəxi heç vaxt səndə otura bilmərəm!
– Başım üstə, gözüm üstə, sözüm nədir. Ba bu yaxşı sözdü. Elə sabah səni boşaram. Heç ürəyini sıxma. Qoy səhər açılsın, səni boşuyum. Baş üstə, baş üstə.
Xudayar bəy sözünü deyib qurtardı, amma övrəti bir cavab vermədi; nə dedi boşa, nə də dedi boşama. Övrətin bu cür sakit olmağından elə başa düşmək olardı ki, özü dediyinə peşman oldu. Həqiqətdə övrət artıq peşman oldu Xudayar bəyə boşa sözü deməkdə; çünki indiyə kimi, yəni Xudayar bəy evlənmək fikrinə düşəndən bəlkə yüz dəfə övrəti ona deyib məni boşa. Amma indiyədək Xudayar bəy övrətinə heç belə cavab verməmişdi. Həmişə boşanmaq sözü ortalığa gələndə Xudayar bəy övrətinə hər nə eləsəydi, – ya döyəydi, ya söyəydi, – heç vaxt deməzdi ki, boşaram. Ancaq bunu deyərdi ki, “ölsən də boşamaram səni. Boşuyum, pəs uşaqların necə olsun?” Pəs indi ki, Xudayar bəy bu cür cavab verdi, övrətin qəlbinə belə gəldi ki, “ey dili-qafil, bəlkə də elə doğrudan sabah bu kişi məni boşadı. Onda pəs mən başıma nə gün ağlıyım?”.
Xudayar bəyin övrəti elə xoşbəxt övrətlərdən deyil ki, ərlərinə cürət ilə desinlər “məni boşa”. Bu sözü elə övrət ağzına alıb danışar ki, ya atasına ümidi gələ, ya anasına arxalana, ya qardaşlarını nəzərdə tuta, ya ki, öz dövləti və puluna qürrələnə. Xudayar bəyin övrəti bu nemətlərin hamısından binəsibdi.
Xudayar bəyin övrətinin adı Şərəfdi. Şərəf ortabab, qara və arıq övrətdi; yəni göyçək övrət deyil. Yaşı olar qırx, bəlkə də bir az artıq; bəlkə ki, sinndə Xudayar bəydən böyükdü. Şərəf Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma ruzgar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayar bəyin ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda; yəni hörməti artdı və övrətinə nisbət özü oldu ağa, övrəti oldu qarabaş. Amma bunilə belə Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. Elə olub ki, bir ağac Xudayar bəy vuranda birini də Şərəf vurubdu, iki yumruq Xudayar vuranda birini də övrəti vurub. Amma bununla belə genə Xudayar bəydən qorxar; çünki necə olmuş-olsa, genə Xudayar bəy kişidir. Kişi məlum zaddı ki, övrətdən güclü olar. Və bir də ki, Xudayar bəyin əlində çətin deyil ki, övrətini boşasın!
Xudayar bəy də indiyə kimi ondan ötrü övrətinin çirkinliyinə, bəddavalığına dözüb ki, kasıblığı cəhətə mümkün eləməyib xərc çəkib bir özgə övrət alsın. Şərəf bunu çoxdan başa düşüb. Odur ki, əvvəllər evlənmək söhbəti düşəndə Şərəf bir tikə narahat olub şivən eləməzdi; çünki bilirdi ki, ərinin bir qəpiyi yoxdu ki, versin saqqıza, çeynəsin. Amma indi iş özgə cürdü. İş indi bu cürdü ki, Xudayar bəy istəyir Zeynəbi alsın. Əgər Zeynəb Xudayar bəyə gəlmək xahiş eləsə, dəxi Xudayar bəyə pul lazım deyil. Zeynəbin bu saat dörd-beş dəst əcəri paltarı boxçadadı; həmçinin özünə görə pulu və malı. Şərəf də bundan qorxur ki, Zeynəb istəsə ona, yəni Şərəfə, lap yaxşı hərif ola bilər. Söz yoxdur ki, Xudayar bəy Zeynəbi də alandan sonra Zeynəb olacaq xanım, Şərəf olacaq ona qarabaş. Bu da Şərəfə ölümdən bədtərdi.
Bu səbəblərin hamısına görə, Xudayar bəy ki, övrətinə dedi sabah səni boşaram. Şərəf artıq peşman oldu ki, ortalığa boşanmaq söhbəti saldı. Pəs bu cəhətə ərinin sözünün qabağında bir söz danışmadı. Xudayar bəy durdu ayağa. Bir gərnəşdi, əsnədi və Gülsümə dedi ki, gətirib yerini salsın və Vəliqulunun yanına yeriyib, ona alçaq səs ilə bu cür nəsihət elədi. Vəliqulu da durdu ayaq üstə. Xudayar bəy ağzını tutdu onun qulağına:
– Qulaq as, Vəliqulu. Ağlını yığ başına və mən nə deyirəm, ona əməl elə. Əgər istəyirsən ki, mən səndən razı olam və səni qohumluqdan kənar eləmiyim, mən sənə hər nə deyirəm, hamısını bir-bir yadında saxla və hamısına əməl elə. İndi bu saat durub gedərsən Qasıməligilə. Gecə yat orda. Amma heç kəs sənin orda qalmağını bilməsin. Qasıməliyə mən sabah özüm də tapşırram hər kəs soruşsa, desin səni qlava dama qatıbdı. Sən qalarsan orda və heç yana çıxmazsan, ta ki mən özüm genə hər vaxt lazım olsa, səni çağırram, danışarıq. Bəlkə bir tövrnən o bədyolu yola gətirək. Di indi get, get.
Vəliqulu çömbəldi çarıqlarını geysin. Gülsüm də bir tərəfdən bir köhnə döşək salıb bir-iki köhnə yorğan açdı və köhnə yasdıqları gətirib düzüb çəkildi kənara. Vəliqulu çarıqlarını geyib çıxdı getdi. Xudayar bəy soyunub, məşğul oldu bitlənməyə çiraq işığına. Bir-iki bit dırnaqları ilə öldürüb uzandı və yorğanı çəkdi üstünə. Qalanlar da hərə bir yanda çəkilib yatdılar.
Nə Xudayar bəyin, nə də Şərəfin yuxusu gəlir. Xudayar bəy bir saat qədəri oyaq qalıb və sabahkı günün tədbirini töküb ancaq yuxuladı. Xudayar bəy bu cür tədbir tökdü.
Xudayar bəy Zeynəbin xasiyyətinə bələd idi. Yəqin elədi beləliknən ipə-sapa gəlməyəcək. Oyza çöndü, buyza çöndü və axırı bir mətləbdə gəldi dayandı. Xudayar bəyin yadına bir əhvalat düşdü. Bu əhvalat da bu yavıqlarda olmuşdu.
Əhvalat bu idi ki, bir-iki ay bundan əqdəm bir şəxs gəlir qazının yanına, deyir ki:
– Qazı ağa, sənə iki kəllə qənd verrəm, əgər filan övrətin kəbinini kəsəsən mənə.
Qazı bir az fikirləşib cavab verir ki:
– Axı o övrət xalqın kəbinli övrətidir. Nə tövr xalqın övrətinin kəbinini özgəyə kəsmək olar?!
Haman şəxs cavab verir ki:
– Qazı ağa, mən özüm də bilirəm ki, belədir. Pəs sənə mən niyə iki kəllə qənd verirəm? Ondan ötrü iki kəllə qəndi verirəm ki, kəbinli övrəti mənə alasan da! Yoxsa dul övrətin kəbinini cicim də kəsər. Və bir də, qazı ağa, indi o övrətin əri gedib Kərbəlaya. Kim nə bilsin gələ, gəlmiyə. Gələndən sonra, genə əlinə bir düdük vermək çətin deyil.
Bu mətləb Xudayar bəyin yadına düşən kimi öz-özünə dedi ki, “çox əcəb, hələ o övrət kəbinli övrət idi. Qazı iki kəllə qənd alıb haman şəxsin işini düzəltdi. Hələ Zeynəb, Allaha şükür, dul övrətdir. Heç kəbinli də deyil. Pəs belə olan surətdə mən niyə gedib ərzimi qazıya deyə bilmərəm? Xeyr, yəqin ki, bu iş bundan savayı özgə cür baş tutmayacaq. Görükür ki, qazı lotudu və yaxşı adamdı. Allah onun atasına rəhmət eləsin. Görükür ki, dərdmənddi. Pəs elə sabah gedim qazının yanına”.
Bu tövr tədbir töküb Xudayar katda genə bir yerdə duruxdu və fikrə cumdu. Onun qabağını bir şey kəsirdi. Xudayar bəyin bu saat cibində yeddi abbası pulu var idi. Onu da töycü hesabından vermişdilər ona, versin qlavaya. Xudayar bəy bu yeddi abbasını indi şəhərə gedib xərcləsə də, o qədər ziyan yoxdu; qlavaya sonra düzəldib verə bilər. Və bir də qlava nə deyəcək? Qlava onun dədəliyi deyil?
Çox yaxşı, qoy bu belə olsun. Amma yeddi abbası ilə iş düzəlməz. Qərəz, bir qədər də fikirləşib, bunun çarəsini tapdı ki, qabaqca bizə məlum olubdu.
Səhər Xudayar bəy yerindən durub, boxçadakı