Ali Kafkasyalı

Qafqaz qaçaqları


Скачать книгу

bacarırdı. İşğal güclərinə nökərlik eləyən bu zülm köpəklərinə tərəf heç baxmırdı da.

      Təpənin ayağında nökərlərin hazır saxladıqları öküz arabalarının yanına endilər. Zalxa xanım ilə qohum qadınlar bir arabaya, molla ilə ağsaqqallar da başqa bir arabaya minib Şıxlıya yola düşdülər.

* * *

      Üç qoyun kəsib ətini kasıblara paylamışdılar, ehsan məclisi üçün də bir düyə kəsilmişdi. İri-iri qazanlarda bozartma ət, plov bişirilmişdi. Kəndin camaatı gözləyirdi. Onlar kəndə çatar-çatmaz Aloy Hacının milislər tərəfindən tutulduğu xəbəri də çatdı və tez bir zamanda qulaqdan-qulağa yayıldı. Ehsan süfrəsinə dəvət edilmiş onlarla qonum-qonşuya, yaxından-uzaqdan gəlmiş qohum-əqrəbaya yemək verildi. Zalxa xanım ilə birlikdə bir neçə ağbirçək qadın da üst tərəfdə əyləşmişdilər. Mollanın yanında oturan Şərif Şikəstə Zalxa xanımın ağzına apardığı loxmaların boğazında düyünləndiyini gördü. Ona və boğazından çörək keçməyən yaxınlara, qohum-əqrəbaya təskinlik vermək üçün danışdı:

      – A Zalxa xanım, anam, özünü üzmə. Sən çox böyük ağrı-acılar görübsən. Dərd – çəkmək üçündür. Dərdə dözmək lazımdır. Bu süfrədə sən yemək yeməsən, kim yeyəcək? Allah böyükdür. İnşallah, axırı yaxşı olacaq. Oğlun Hacı kəndimizin, elimizin-obamızın madarı, iftixarıdır. Xalqın qoçaq və mərd övladıdır. Onun heç bir günahı, suçu yoxdur. Allah özü ona kömək edəcək. Bir də ki, Hacını dəyirmanın boğazına ölü atsan, oradan diri çıxar. Yenə deyirəm, ona Allah özü kömək olacaq. Allah Məmməd Babaya və buradakı camaatın keçənlərinə rəhmət eləsin. Buyurun, yeməyinizi iştahla yeyin. Hamınıza nuş olsun!

      – Amin! – səsləri gəldi.

      Qəhəri boğazına düyümlənən Zalxa xanım başını yelləyib zorla gələn qırıq səslə:

      – Amin, amin! Allah sizdən razı olsun, – dedi. Məclisdəkilərin üzərinə çökmüş ağır hava yüngülləşdi.

      Camaat yeməyə davam elədi.

* * *

      Milislər Aloy Hacını əlləri arxadan bağlı atların qabağında on beş kilometrdən artıq yolu piyada yeridərək Qazax milis idarəsinə gətirdilər. Gün ilkindi vaxtını keçmişdi.

      Onlarla adamı tutub buraya gətirib dindirirdilər. Hacını dindirməyi ertəsi günə saxladılar. Köhnə həbsxanada və gözləmə evində bir adamlıq yerə beş adam salsalar da, boş yer qalmamışdı. Vaxtilə varlı bir bəyin malikanəsi və bağçası olmuş bir neçə binadan ibarət malikanədə yerləşən milis idarəsi tutulanlar üçün darlıq edirdi. İkimərtəbəli idarə, nəzarət və həbsxana binaların-dan kənarda, bağçanın içində bu binalara əlavə olaraq tək otaqlı həbsxana tikililəri salmışdılar. Bu tikililərin içi və çölü suvaqsız, döşəməsi torpaq idi. Tutulanları istintaq başa çatana, onlar sürgünə göndərilənə, ya da güllələnəcəkləri günə qədər burada saxlayırdılar. İdarədən gətirilən açarla damlardan birinin qapısının üstündəki qıfılı açıb, əllərinin bağını açdıqları Aloy Hacını içəri itələdilər. Qapı gurultu ilə örtüldü və bayırdan kilidləndi. Tüfəng əlində qapının önündə keşik çəkən ixtiyar nəzarətçi yorğun və heç nə ifadə etməyən baxışlarla onlara baxırdı.

      Aloy Hacı içəri girər-girməz burada böyük bir gözlənilməzliklə qarşılaşdı. Həzrət adlı yaxın dostu qarşısında idi. Həzrət Aloy Hacının məktəb yoldaşı olmuşdu. Üç il bir yerdə oxumuşdular. O gündən bəri də yoldaşlıqları davam etmiş, qardaşlığa dönmüşdü. Həzrət yoxsul ailənin övladı idi. Tək günahı millətçi, vətənpərvər olması, Sovet hökumətinə boyun əyməməsi idi.

      Aloy Hacı necə bir yerə salınacağı, gecəni necə keçirəcəyi, daha nələri, nələri düşünməkdə ikən ən yaxın yoldaşını tapmışdı. Bu ona böyük mənəvi güc verirdi. Onları gün işığından məhrum, nəm və yarıqaranlıq dama salmışdılar. Buranın eni-uzunu üç-dörd, hündürlüyü üç metr olardı. Əl uzadanda çatan pəncərəsinə dəmir barmaqlıqlar vurulmuşdu.

      Bir-birinin boynuna sarıldılar. Saatlarla bir-birlərinin kürəklərini sığalladılar. Belə məşum bir yerdə qarşılaşmağın, bir yerdə olmağın, təbii ki, ayrı bir mənası və əhəmiyyəti də vardı. Aloy Hacı həyəcanla soruşdu:

      – Həbsdən nə zaman çıxdın?

      – Bir həftə oldu.

      – Niyə xəbər vermədin?

      – Çox əziz bir dostumun toyu var idi. Toyu yola verəndən sonra sənin yanına gələcəkdim.

      – Ay sənə Allah kömək olsun, kaş xəbər göndərmiş olaydın… Buraya nə zaman gətirdilər?

      – Dünən axşam.

      – Harada tutdular?

      – Heç onu soruşma. Həm mən biabır oldum, həm də dostumun toyu vaya döndü. Bayaq dedim dostumun toyu idi. Mən də toya getmişdim. Toyun ən yaxşı vaxtında, şən bir hava çalındığı, gəlinlərin, qızların oynadığı, qonaqların yeyib-içdiyi zaman içəriyə bir milis komandiri ilə beş milis girdi. Ayı kimi donquldan-donquldana bağırıb çalğıları susdurdular. Səs-səda kəsildi, yolkəsən ədası ilə mənim qabağıma gəldilər.

      “Aya a Həzrət, qalx! Səni tutub aparacağıq”, – dedilər. Yerimdən durub özümü tarazlayana qədər toybabası və böyüklərdən bir neçəsi irəli yeridi. Toybabası: “A komandir, gəlin oturun, çörək kəsin. Toy da bir azdan dağılacaq. Ondan sonra apararsınız”, – dedi.

      Komandir dediyindən dönmürdü: “Xeyr, olmaz. Bu dəqiqə aparmalıyıq. Ya aparacağıq, ya da vuracağıq”.

      Toybabası irəli atılıb: “A kişi, belə biabırçılıq olarmı? Belə şey dünyanın harasında görünüb? Toyumuzu niyə bu hala salırsınız?”, – dedi. Komandir dal ayaqlarının üstünə qalxmış ayı kimi kükrədi: “Kəs səsini, it oğlu it! Abırsız sizsiniz ki, belə bir xalq düşmənini, burjua qalığını toyunuza çağırırsınız!…” – dedi.

      Bütün dost-tanış ayaq üstə idi. Mən dərhal irəli atıldım. “A dostlar, a qonşular, amandır, – dedim. – Allaha baxın. İzin verin mən gedim. Arvad-uşağın içində dalaş-dava düşməsin!”

      Sağ olsunlar. Təmkinli davrandılar. Bir kəs yerindən tərpənmədi. Mən əllərimi irəli uzatdım, əllərimi bağladılar və qolumdan tutub buraya gətirdilər. Allaha şükür ki, dostlar mənim sözümü eşitdilər. İş bir az irəli getsəydi, insanlar susacaq, silahlar danışacaq, ortalıq dava meydanına dönəcəkdi.

      – Yaxşı eləmisən, dava-qalmaqalın qarşısını almısan. Bir an cavanların milislərin üstünə getməsini, onların da silaha sarılmasını, bundan sonra nələrin ola biləcəyini ağıla gətirmək belə insanın qanını dondurur. Yol uşaqlarını yığıb, onlardan milis dəstəsi düzəldəndə belə olar. Bunların yaradacağı quruluş da bundan artıq olmayacaq ki. Allah xeyirlisini eləsin!

      – Bəs səni harada tutdular?

      – Onu da sən heç soruşma!.. Bilirsən ki, bizim sərhəd kəndlərinin camaatı gürcülərin işğalından başını götürüb Yuxarı Salahlı ətrafındakı dərələrə sığınmışdı. Xalq qışı orada keçirdi. Əhalini könüllü atlı birliklər qoruyurdu. Qırmızı Ordunun süvariləri