Çindən tutmuş Xəzər sahillərinəcən olduqca geniş bir ərazini əhatə edən möhtəşəm bir məmləkətin başında dururdu və dastanın ruhundan bəlli olur ki, özünün renesans çaqlarını yaşayırmış. Başqa sözlə desək, həmin Türk dövlətinin, Türk ruhunun çiçəklənməsi üçün belə bir əsərin yaranması zəruri imiş. Dövlət quruluşu, dövlət başçısı necə olmalıdır, dövlət başçısı ilə rəiyyət, cəmiyyət ilə fərd arasındakı münasibətlər necə qurulmalıdır? Ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu, məsuliyyət dərəcəsi, imtiyazları, allah və bəndə qarşısında başlıca vəzifəsi nədən ibarətdir? Poema bu gibi sorğulara cavab vermək üçün yazılmışdır. Dövlət başçısı və rəiyyət necə davranmalıdır ki, bu möhtəşəm Türk dövləti daha da çiçəklənsin, düşmən qarşısında sarsılmasın, öz milli istiqlalını, ərazi böyüklüyünü axıradək qoruyub saxlaya bilsin, ayrı-ayrı tayfalar, xanlar, dərəbəylər arasındakı didişmələrə son qoysun, onları düşmənə qarşı vahid bir cəbhədə birləşdirə bilsin – poema yaradıcısı bu gibi məqsədləri də aydınca izləyir, ən tutarlı, ən dürüst cavablarını verməyə çalışır.
Əzəmətli Kaşqar şəhərini (Ordukəndi) özünə paytaxt seçmiş Qaraxanlılar dövləti şimalda Balasaqun, qərbdə Səmərqənd, ortalıqda Özkənd Herat gibi böyük elm, sənət, ticarət, mədəniyyət, mərifət mərkəzlərinə malikdi. Yaradılan elmi, bədii əsərlərin çoxu ərəbcə, farsca idi, lakin tarixi gedişat, xalqın təfəkkür tərzi, mənəvi ehtiyacı məhz ana dilli doğma ədəbiyyatın yaradılmasını tələb edirdi. Poema yaradıcısı Yusif Xas Hacib Balasaqunlunun dahiliyi bundan ibarətdi ki, həmən ehtiyacı hamıdan öncə duymuş, böyük idrak gücünü, aşıb- daşan ilhamını doqmalıq üstündə kökləmiş və demək olar ki, öz dövrünün ensiklopedisi adlana biləcək möhtəşəm bir abidə yaratmışdır. Poemanın dil saflığı, arılıqı, ərəb-fars sözlərinin, yabançı kəlmələrin çox nadir hallarda, yalnız zərurət məqamlarında işlədilməsi göstərir ki, Balasaqunlu Yusif bəy Türkcənin incə bilicisi, təəssübkeşi, cəfakeşi və mətin qoruyucusudur. Poemadan bəlli olur ki, o, öz dövrünün bütün elmlərindən xəbərdardır. Tarixi, coqrafıyanı, ulduzşünaslıqı, ilahiyyatı, Quranı, fiqhi kamil bilir, ən başlıcası adı böyük hərflər ilə yazılmağa layiq insandır, müsəlmandır, haramı yaxın qoymayan, halallığa güvənən, öz gündəlik ruzusunu, səadətini daşdan çıxaran zəhmət xadimidir, hər iki dünya qarşısında üzüağdır.
Balasaqunda anadan olmuş Yusif Xas Hacib bu əsəri 50 yaşına əlvida dediyi çağlarda, 462-ci ildə (miladi hesabla 1069-1070) on səkkiz aya tamamlamışdır. Öz dövründə böyük nüfuz və şöhrət qazanmış dastanı çinlilər "məmləkətin ədəb aynası", maçınlılar "Zəkalar zinəti", iranlılar "Türkün şahnaməsi", şərq uluslarından bir çoxu "Ölkənin öyüdnaməsi", Türklər "Qutadqu bilik" (səadət gətirən elm) adlandırmışlar. Müəllif heratda bitirdiyi əsəri Kaşğara, Xaqan dərgahına, Tavğac Uluğ Buğra Qaraxan hüzuruna ərmaqan aparmış, təşəkkür və minnətdarlıq ifadəsi olaraq haciblik (vəzirlik) rütbəsi qazanmışdır.
"Qutadqu bilik" yalnız öz müəllifinin deyil, ümumən Türkcənin, Türk bədii təfəkkürünün əbədi və əvəzsiz heykəlidir. Aradan keçən doqquz əsr ərzində nə qədər şəhərlər, səltənətlər, imperiyalar, sultanlar xəritədən və tarixdən silinmiş, yerlə-yeksan olmuş, bu möhtəşəm abidə isə öz təravətini itirməmiş, bircə qönçəsinin də solmasına, tufanlara düşməsinə yol verməmişdir.
Poemadakı dörd qəhrəman müəllif idealını təcəssüm etdirir. Gündoğdu – ədalətin, Aydoldu (bədrlənmiş Ay) – bəxtin və dövlətin, Ögdülmüş (əqlə yetmiş) – əqlin, zəkanın, Ozğurmuş (oyanmış) – qənaətin timsalıdır. Bu dörd surətin arasındakı suallar, cavablar Qaraxanlılar səltənətinin başçısından, hakimindən tutmuş rəiyyətədək bütün təbəqələrin, zümrələrin, fərdlərin əxlaqını, ədəb qaydalarını, hərəkət, fəaliyyət xətlərini müəyyən edir. Buna görə poema öyüd, nəsihət, təlim-tərbiyə ruhu ilə doludur.
Əsərin varlığı XIX əsrin birinci yarısında bəlli olmuş, poemanın hicri 843-də (miladi 1439-da) Heratda Həsən Qara Sayil Şəms tərəfindən uyğur yazısı ilə köçürülmüş nüsxəsi Türkiyənin Toqat şəhərinə göndərilmiş, buradan isə hicri 879-da (miladi 1474-də) Əbdürrəzzaq Şeyxzadəyə ərməğan verilmək üçün Fənəri oğlu Qədi Əli tərəfindən İstanbula gətirilmişdir. Məşhur tarixçi və şərqşünas Xammer Purqştal onu satın almış, Vena saray kitabxanasına yetirmişdir. Bundan sonra əsər barədə birinci xəbər 1823-cü ildə fransız şərqşünası Jaubert Amedes tərəfindən jurnal məqaləsi biçimində yayınlanmışdır.
1870-ci ildə məşhur macar alimi Vamberi "Qutadqu biliy"in ən mühüm hissələrini "Uyğur dili abidələri və "Qutadqu bilik" adı altında almancaya çevirisi ilə birlikdə nəşr etmişdir.
1890-cı ildən etibarən məşhur rus şərqşünas alimi Radlov əsərin araşdırılması işinə girişmişdir. 1896-cı ildə kitabın ərəb əlifbası ilə köçürülməsi – ikinci nüsxəsi Qahirədə tapılmışdır. Onun dörd cilddən ibarət fotosurəti hazırda Özbəkistan Elmlər Akademiyasının şərqşünaslıq institutunda saxlanmaqdadır.
1913-cü ildə şərqşünas alim Vəlizadə Fərqanə ekspedisiyası zamanı Məhəmmədhacı Eşan Laləreşin şəxsi kitabxanasında "Qutadqu biliy"in ərəb əlifbası ilə yazılan nüsxəsi olduğunu elm aləminə xəbər vermişdir. Məşhur özbək alimi Fitrət bundan, – əsərin Nəməngən nüsxəsindən soraq tutunca 1924-də Məhəmmədhacı Eşan Laləreşdən nüsxəni almağa, Daşkənd kitabxanasına gətirməyə nail olmuşdur. Çox keçmədən "Maarif və oxucu" dərgisində Fitrətin Nəməngən nüsxəsinə dair məqaləsi basılmış, daha sonra poemanın ayrı-ayrı parçaları nəşr edilmişdir (1928).
Bundan sonra adlı-sanlı şərqşünas Malovun araşdırmalarında həmən nüsxənin ayrı-ayrı parçalarını, tərcüməsini, izahlarını, üç nüsxənin müqayisəli təhlilini görürük (1929).
"Qutadqu biliy"in öyrənilməsində Valitovanın xidmətlərini qeyd etmədən keçinmək olmaz. Şərq mədəniyyətini, Qaraxanlılar dövlətinin tarixini, bu tarixin öyrənilməsində "Qutadqu bilik" əsərinin rolunu, mövqeyini dürüst müəyyənləşdirməkdə Valitova türkologiya elminə böyük hədiyyə vermişdir. Bu gibi uğurlara baxmayaraq "Qutadqu bilik" ilə bağlı öyrənilməmiş cəhətlər hələ az deyil. Xüsusilə əsərin dilinə dair fikirlər hələ tam durulmamış, sabitləşməmişdir. Uyğur dili, altay dili, türk dili, "Qutadqu bilik" dili, Qaraxanlılar dili, Buğraxan dili gibi anlayışlar bu sahədə ən çox işlənən terminlərdir. Burası şəksizdir ki, kitabın dili o dövrdə yaşamış bütün türk qəbilələri üçün anlaşıqlı olmuş, onların hamısını eyni ədəbi dil ətrafında birləşdirmişdir. Əsərin ilk nüsxəsi hansı əlifba ilə yazılıb? S. E. Malov bunu ərəb yazısı adlandırır. Uyğur yazısı ilə köçürülmüş Vena nüsxəsi XV əsrin yadigarıdır.
Hələlik burası da cavabsız qalır ki, əsərin ön sözü və mündəricatı kim tərəfindən yazılıb? H. İ. İlminski ön sözün müəllif tərəfindən deyil, başqasının qələmilə yazıldığını iddia edir. Fitrət və başqa Avropa alimləri də bu fikirdədirlər. S. E. Malov isə bizi bu fikirdən sakındırır, böylə hesab edir ki, "Qutadqu bilik", "Türkün şəcərəsi", "Qisasül ənbiya",