Curci Zeydan

Kərbəla dilbəri


Скачать книгу

islam tarixinin müxtəlif dövrlərində baş vermiş hadisələr üçün əsl illüstrasiya materialları kimi qəbul edirlər. Yazıçının əsl qayəsi də bundan ibarət olmuşdur.

      C.Zeydan romanlarındakı tarixi şəxsiyyət olmayan obrazları tarixi şəxslərlə çox inandırıcı şəkildə bir-birinə bağlayır, hətta qohumlaşdırır. O həm də ərəb şifahi xalq ədəbiyyatının dastanlarındakı ənənəvi ifadə və ibarələrdən, priyom və üsullardan bacarıqla istifadə etmişdir.

      Yazıçının həyat və fəaliyyətini tədqiq edənlər Curci Zeydanı ərəb tarixi romanının atası, ərəblərdə yazıçı etikasının banilərindən ən barizi hesab edirlər. Həyatında hər şeyə öz zəhmətsevərliyi və əzmkarlığı sayəsində nail olduğuna görə onu “Ərəblərin Lomonosovu” da adlandırırlar. C.Zeydan yaradıcılığının çiçəkləndiyi dövrdə -1914-cü ildə Qahirədə vəfat etmişdir.

      Ona “Zeydan ərəblərin haqq işinin cəfakeşidir”, “Zeydan islam yazıçısıdır” kimi yüksək qiymət verənlər heç də səhv etmirlər. Sağlığında təriflənən yazıçını sonralar bəzi tədqiqatçılar onun öz əsərlərində xristianların həyat tərzindən daha şövqlə bəhs etməsini, bəziləri isə İmam Əlidən və onun övladlarından xüsusi məhəbbətlə yazmasını ona irad tuturlar. Ümumiyyətlə, Curci Zeydan öz müsbət qəhrəmanlarından onların hansı dinə və ya zümrəyə mənsub olmalarından asılı olmayaraq çox ehtiram və şövqlə bəhs etmişdir. Qərb və rus şərqşünasları onun romanlarına öz minbərlərindən qiymət verərək onları köhnə modalı və çox sentimental əsərlər adlandırırlar. Başa düşmək olmur ki, XIX əsrin axırıncı rübündə ərəb romanının təşəkkül tapmasında böyük rol oynamış yazıçının həmin romanlarını o dövrdəki hansı ərəb romanı ilə müqayisədə köhnəmodalı romanlar adlandırmaq olar? Onun romanlarında hadisələrin həddindən çox olmasından şikayətlənənlər də vardır. Hadisələrin kasadlığı heç bir tarixi romana şöhrət qazandırmamışdır. Bəzi tənqidçilər isə onun elmi əsərlərində bir sıra qeyri-dəqiq hallar olduğunu aşkar etdiklərini yazırlar. Ərəb dilində elmin müxtəlif sahələrində ilk dəfə yazanlarda belə səhvlərin olmasını onlara irad tutmaq da yersizdir. Bu iradlardan əlavə, C.Zeydanın romanlarının böyük əksəriyyətinin mövzularını ərəblərin tarixinin şanlı dövrlərindən deyil, sülalələrin hakimiyyət uğrunda apardıqları qanlı çarpışmalardan, ərəblərlə farslar arasında olmuş toqquşmalardan, bir-biri ilə mübarizə aparan məzhəblərin tərəfdarlarının fəaliyyətindən götürməsini də mənfi hal kimi qəbul edənlər vardır. Əlbəttə, hər bir yazıçı öz əsərlərinin mövzularını tarixin hansı dövründən götürməkdə sərbəstdir. Əlbəttə, müəllifin əsərləri barədə iradlar onun sağlığında deyiləndə daha səmərəli ola bilərdi və öz məntiqi nəticəsini verərdi.

      C.Zeydanı ərəblərin tarixini saxtalaşdırmaqda ittiham edənlərə, onun bütün romanlarının ərəbləri təhqir etmək üçün yazıldığını bildirənlərə ətraflı cavab verməyə ehtiyac yoxdur. Tarix hər şeyə özü qiymət verəcəkdir. Bütün iradlara baxmayaraq, C.Zeydanın ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olduğunu heç cür danmaq olmaz.

      Doğrudan da, onun romanlarında bəzi diqqətsizliklərə rast gəlmək olur. Lakin bu iradlar yuxarıda göstərilənlərlə əlaqədar deyildir. Yazıçı bir romanında hər hansı bir şəhəri və yaxud hazırda mövcud olmayan qəsri təsvir edəndə göstərir ki, bu şəhər və yaxud qəsr onun filan romanında daha müfəssəl şəkildə təsvir edilmişdir və həmin romana müraciət etmək lazımdır. Ərəb tarixi romanı janrının təşəkkül tapdığı XIX əsrin axırlarında və XX əsrin əvvəllərində bəlkə də yazıçının belə bir bəsit priyomuna irad tutmaq heç kəsin ağılına gəlməyib.

      Müasir dövrdə Curci Zeydanın tarixi romanlarının köhnəldiyini yazanlar da səhv edirlər. Çünki hələ də ərəb ölkələrində heç bir yazıçı islam tarixindən bəhs edən, az-çox maraqla oxunan tarixi romanlar seriyası yarada bilməmişdir.

      Yazıçı öz romanlarında təsvir etdiyi hadisələrin böyük əksəriyyətini tarix kitablarından, o vaxtlar nəşr edilməmiş əlyazmalardan və s. mənbələrdən götürdüyünü göstərmişdir. Lakin həmin mənbələrin bəzən yalnız müəllifini, bəzən də yalnız əsərin adını göstərir. Yazıçı bəzən müəllifin adını tamamilə unudur və hər yerdə əsərin yalnız adını qeyd edir. Çox vaxt isə bu adlar yarımçıq şəkildə verilir, yəni rəsmən qəbul olunmuş ad şəklində olmur. Məlumdur ki, ərəb tarixçilərindən bir çoxunun əsərinin adı eyni cür olur. Məsələn, “Tabaqatul-ətibba” adlı bir neçə əsər mövcuddur. Yazıçının əsərində göstərdiyi əsərin kimin olduğunu, nə vaxt və harada çap edildiyini müəyyənləşdirmək mümkün olmur. Bəzən hadisələrin təsvirində istifadə etdiyi hər hansı bir əsərin adından sonra onun neçənci hissəsindən götürüldüyünü yazır, çox vaxt isə yalnız mənbənin adını yazır, amma neçənci hissəsindən istifadə edildiyini yazmır. Bəzi hallarda hətta müəllifin yalnız adını və neçənci hissə olduğunu göstərir. Halbuki həmin müəllifin bir neçə əsəri olduğu məlumdur.

* * *

      Yazıçının tarixi romanlarının bir çoxu hələ onun sağlığında bir sıra Avropa və Şərq dillərinə tərcümə edilmişdir. Bu dillərin arasında Azərbaycan dili də vardır. Bakı qazısı Mirməhəmmədkərim Mircəfərzadə 1908-1911-ci illərdə Curci Zeydanın “Əzrayi-Qureyş”, “17 ramazan”, “Kərbəla yanğısı” və “Ərmanusətul-Mısriyyə” romanlarını hələ müəllifin sağlığında ərəb dilindən Azərbaycan dilinə tərcümə edib Bakıda nəşr etdirmişdir. Əliabbas Müznib isə yazıçının “Osmanlı inqilabı” romanını tərcümə edib 1914-cü ildə nəşr etdirə bilmişdir. Çox güman ki, həmin roman farscadan və yaxud türk dilindən tərcümə edilmişdir. Mirabbas Mirbağırov isə yazıçının “İslam sivilizasiyasının tarixi” əsərini 1913-cü ildə tərcümə edib Bakıda nəşr etdirmişdir. Ehtimala görə, bu əsər türkcədən tərcümə edilmişdir.

      Oxuculara təqdim edilən “Kərbəla dilbəri” romanı bir vaxtlar Mirməhəmmədkərim Mircəfərzadənin tərcümə etdikdən sonra “Kərbəla yanğısı” adlandırdığı əsərin Azərbaycan dilinə ikinci tərcüməsidir. Mirməhəmmədkərim Mircəfərzadənin 1911-ci ildə nəşr etdirdiyi "Kərbəla yanğısı" çoxdan biblioqrafik nadir nüsxəyə çevrilmişdir. Tərcüməçi əsərin ərəbcə adı “Ğadətu Kərbəla”dakı “ğadə” sözünün Azərbaycan dilinə tərcüməsinin mümkün olmadığına görə romanı “Kərbəla yanğısı” adlandırdığını yazmışdır. Bəlkə də Mirməhəmmədkərim Mircəfərzadənin əlinin altında nəinki ərəbcə-azərbaycanca, hətta ərəbcə-türkcə lüğət də olmamışdır. Bu söz ərəbcədən tərcümədə “gözəl gənc qız”, “dilbər” mənasındadır. Həm də birinci tərcümə ərəb qrafikasındadır. Tərcümənin dili o qədər qəlizdir ki, onu müasir Azərbaycan qrafikasına transliterasiya etmək faydasızdır. Onun tərcüməsinin dilini indiki oxucular başa düşə bilməzlər. Doğrudur, onun tərcümələrindən birini müasir dilimizə transliterasiya etmək cəhdi göstərilmişdir. 2003-cü ildə “17 ramazan” romanı İran İslam Respublikasının “Daneşe Hamidun” nəşriyyatında Natiq Rəhimovun “yeni redaktəsilə” buraxılmışdır. Lakin həmin tərcüməni nə Mirməhəmməd Mircəfərzadənin,