Curci Zeydan

Kərbəla dilbəri


Скачать книгу

edilmişdir. O vaxt ərəb tarixi romanı hələ tam təşəkkül tapmamışdı və müəllif ərəb ədəbiyyatında bu janrın pionerlərindən biri olmuşdur. Roman yazmaq texnikası hələ təkmilləşməmişdi. C.Zeydanın əsərlərinin redaktoru onun özü olmuşdur, yəni onun hər hansı bir priyomuna, ifadə tərzinə irad tutan, tarixi faktları dəqiqləşdirən əsl redaktor olmamışdır. Məhz buna görə də romanda bəzi uyarsızlıqlar vardır. Onların bir çoxuna dair tərcüməçidən izahlar verilmişdir. Bütün bunlara baxmayaraq, əsərin muasir oxucuda həmin dövrdə baş verən hadisələr barədə daha dəqiq təsəvvür yaradacağına əminik.

Eldar MƏMMƏDOV

      1. Bənu-Haşim və Bənu-Uməyyə

      Hicaz ərəblərinin Qureyş qəbiləsinin çoxlu qolları vardır. Onların ən məşhuru isə Əbd Manaf tayfasıdır. Onun özünün isə Bənu-Uməyyə və Bənu-Haşim adlı iki soyu vardır. Qəbiləyə rəhbərlik həmişə Qureyşin bu iki soyundan olurdu. Başqa soyların heç biri onların qarşısında dayana bilmirdi. Bənu-Uməyyə adamlarının, xüsusilə də öz döyüşçülərinin sayının çoxluğuna görə Bənu-Haşimdən üstün idi. Buna görə də müharibələrdə qəbilə dəstəsinə onlar başçılıq edirdilər.

      İslam dininin Peyğəmbəri Bənu-Haşimdən olduğuna görə haşimilər ona çox hörmət edirdilər. Adamlar Peyğəmbərin nəsihətlərindən çox razı qalırdılar və əvvəlki təəssübkeşliklərini unutmağa çalışırdılar. İslam dini, xüsusilə bir hədisdə deyildiyi kimi, onları bu əməllərindən çəkindirirdi: “Allah cahiliyyət dövründəki bəd əməllərinizi və onlarla fəxr etməyinizi sizdən uzaqlaşdırdı, çünki biz də, siz də Adəm övladıyıq, Adəm isə torpaqdan yaradılmışdır”.

      Bənu-Haşimin Məkkədə hörmət və izzəti Peyğəmbərin əmisi Əbu-Talibin vəfatınadək davam etdi. Bundan sonra onun övladları və Peyğəmbərin digər səhabələri Mədinəyə hicrət etdilər. Peyğəmbərin əmiləri Həmzə və Əl-Abbas, Əbdülmütəllibin digər övladları və Bənu-Haşimdən olanların bir çoxu da onların arasında idi. Beləliklə, Məkkədə hər şeyin Bənu-Uməyyənin əlinə keçməsi üçün fürsət yarandı. Müsəlmanlara qarşı aparılan Bədr və digər döyüşlərdəki qüvvələrə Bənu-Uməyyə tam başçılıq etmişdi. Həmin vaxtlar onlara sonralar Əməvilər dövlətinin başçısı olmuş Müaviyənin atası Əbu-Sufyan özü rəhbərlik etmişdi.

      Müsəlmanlar qəzəvatlarda dalbadal uğurlar qazananda və xüsusilə də hicrətin 7-ci ilində Məkkənin fəthi ərəfəsində Əbu-Sufyan hələ də burada Qureyş qəbiləsinin başçısı idi. Əbu-Sufyan müsəlmanların Məkkəni hökmən fəth edəcəklərini qəti dərk edəndən sonra əvvəlcə özü, sonra isə övladları islamı qəbul etdilər.

      Əbu-Bəkr xəlifəliyə başlayanda Bənu-Uməyyənin və Qureyşin digər soylarının başçıları ilk mühacirlərdən fərqli olaraq heç bir mənsəbə təyin edilmədilər. Onlar bu barədə Əbu-Bəkrə şikayət etdilər. Əbu-Bəkr isə onlara “Qardaşlarınıza cihadda kömək edin!”– dedi və onları mürtədlərlə – islamdan üz döndərənlərlə müharibəyə göndərdi. Onlar cihadda yaxşı döyüşürdülər və ərəblərə kömək göstərirdilər. Ömər xəlifəliyə başlayanda onları Şam diyarına Bizans ilə müharibəyə göndərdi. Onlar Şamı fəth etdilər və çoxları da orada məskən salıb qaldılar. Əbu-Sufyanın oğlu Yəzid Şam vilayətinə vali təyin edildi. O, Əmvas1 taununda ölənədək həmin vəzifədə qaldı. Onun yerinə qardaşı Müaviyə vali oldu. Osman xəlifə seçiləndən sonra onu həmin vəzifəyə rəsmən təyin etdi. Beləliklə, Bənu-Uməyyə əvvəllər olduğu kimi islamda da ərəblərə başçılığı ələ keçirdi. Bənu-Haşim isə peyğəmbərliyin məsələləri ilə məşğul olmağa başladı və dünyəvi işlərdən imtina etdi.

      Osman qətl ediləndən sonra adamlarda kimə beyət etmək barədə fikir ayrılığı yarandı. İmam Əlinin tərəfdarları çoxluq təşkil edirdi. Lakin onlar əslən Yəməndən olan Rəbiə və digər qəbilələrin adamları idilər. Müaviyənin dəstələri isə Qureyşin uğursuzlarından və əli hər şeydən üzülmüşlərdən, Şam müharibəsində iştirak edəndən sonra orada məskən salıb qalanlardan ibarət idi. Müaviyə çox güclü təəssübkeşlik edirdi. Sonra Əlinin adamları arasından Əl-Xəvaric2 adlandırılanlar peyda oldular və onun başladığı iş tənəzzülə uğradı. Nəhayət, İmam Əli hicrətin 40-cı ilində qətlə yetirildi. Onun oğlu Həsən isə özü xəlifəlikdən imtina etdi. Hicrətin 41-ci ilinin ortalarında camaat Müaviyəyə beyət etməyi qərara aldı. Adamlar peyğəmbərliyin üstünlüklərini unutdular və yenidən təəssübkeşlik edərək güclülərə baş əyməyə başladılar. Bu yolla Müaviyə xəlifəliyi ələ keçirdi. O buna öz ağıl və dərrakəsi, məkrli siyasəti sayəsində nail oldu. Xəlifə eyni zamanda Bənu-Haşimdən olan ərəb başçılarını zahirən müdafiə edir, onları təhqir etmək istəyənləri cəzalandırırdı. Bunda isə onun öz məqsədi var idi.

      Digər tərəfdən isə o, Bənu-Haşimi, xüsusilə də əhlül-beyti, o cümlədən Əlinin oğullarını nüfuzdan salmağa çalışırdı. Müaviyə bəzi adamları Əlini açıq-aşkar lənətləməyə təhrik edir və bunu edənləri mükafatlandırır, bundan imtina edənləri isə cəzalandırırdı. Tarixdə bu qəbildən olan bir neçə hadisə məlumdur. Ən məşhuru isə hicrətin 51-ci ilində Bənu-Kində qəbiləsinin başçılarından biri olan Hucr ibn Adiyy Əl-Kindinin qətlə yetirilməsini göstərmək olar. Hucru ona görə öldürdülər ki, o, Əlini lənətlənməkdən qəti imtina etmişdi.

      Müaviyə Şamda hicrətin 41-ci ilindən 60-cı ilinədək iyirmi il xəlifəlik etdi. Hicazda və Kufədə müsəlmanlar Müaviyənin ölməyini gözləyirdilər ki, ondan sonra Peyğəmbərlə qohumluq əlaqəsi olan Hüseyn ibn Əliyə beyət etsinlər. Çünki o dövrdə xəlifəni şurada seçirdilər. Lakin Müaviyə ölməmişdən qabaq hökmranlığın irsən keçməsini təsbit edən elə bir bidətlik etdi ki, bu günədək onun izləri özünü göstərməkdədir. O özündən sonra oğlunun xəlifə olacağını vəsiyyət etdi. Müaviyə vəfat edəndən sonra oğlu Yəzid xəlifə oldu. O vaxt onun otuzdan bir az çox yaşı vardı. Şam diyarının Dəməşq şəhəri isə xilafətin paytaxtına çevrildi. Yəzidin xəlifə olması ilə razılaşanlar da, ona nifrət edənlər də istər-istəməz beyət etdilər.

      2. Xalid monastırı

      Dəməşqin Qutə adlanan hissəsi Şam diyarında öz məhsuldar torpaqları ilə məşhurdur. Ərazisinin eni də və uzunu da beş ağac məsafəsinə bərabərdir. Onu hər tərəfdən hündür dağlar əhatə edir. Vadinin ortasından isə bağları və bostanları suvaran bir neçə çay axıb buradakı gölə tökülür3. Şam diyarının həmin bu məhsuldar torpaqlarının ortasında yerləşən Dəməşq şəhəri bir neçə min ildir ki, öz həyatı ilə yaşayır. Qutə vadisində Dəməşqdən başqa bir neçə kiçik kənd də yerləşir. Kəndlərin ətrafındakı çoxlu əkin sahələrinin və meyvə ağaclarından ibarət olan bağların arasından gur sulu arxlar və kiçik çaylar axır.

      Dəməşqin Şərq darvazasının bir neçə ağac məsafəsində qədim bir monastır da vardır. Onu islamın ilk illərində Şam diyarını fəth etmək üçün göndərilən sərkərdə Xalid ibn Əl-Vəlid burada gecələdiyinə görə “Xalid