Xan

Qızılbaşlar: Oyanış


Скачать книгу

Solonasın səsi qaranlıq tunelin sonundakı işıq kimiydi. Nil budəfəki tapşırığı danışıldığı vaxtdan bir neçə saat tez yerinə yetirmişdi. Buna görə də bazarın cənub çıxışında hələ ki onu gözləyən qızılbaş gəmisi görsənmirdi.

      – Salam, şef. Hər şey yaxşıdır, hamı xoşbəxtdir. Öldürə-öldürə qaldığım kronlardan başqa. Tələsməyə bilərsiniz, – bir az zarafatyana, bir az da ironiya ilə cavab verən qızın səsi dayanmadan qaçdığına görə titrək və təngənəfəs çıxdı.

      – Biz, təxminən, iki saatdan sonra cənub çıxışında səni gözləyəcəyik. Gecikməməyə çalış. Yoxsa, bazarı partlatmağa məcbur qalacayıq, – Solonasın səsi arada-gedib gəlirdi. Görünür, Nilin də səsi yaxşı eşidilmirdi ki, qızın nədən danışdığını Solonas anlamamışdı. – Bu partlayış isə çox diqqət çəkər. Bunu istəmirəm.

      – Narahat olma. Belə getsə, bir neçə dəqiqədən sonra özüm partladacam bu ölüxananı, – deyən kimi damdan yerə tullanan qız düz önündəki iki kronun sinəsini gümüş bıçaqlarla iki yerə böldü. Bu dəfə qan qızın bütün üz-gözünə sıçradı. Nil sifətini turşudaraq başını yellədi. Kronları öldürmək ona hədsiz zövq versə də, qanlarından gələn üfunət iydən zəhləsi gedirdi.

      – Nil… Nələr baş verir? – Solonasın səsi qeyri-adi dərəcədə təmkinli idi. – Hər şeyi səssiz-sakit həll etməyini istəmişdim.

      – Mümkün olmadı, şef. İmpravizə eləməyə məcbur qaldım. İndi də bazarın ortasında ora-bura qaçıram və dörd bir yanımda da bir neçə kron dəstəsi var. Silahlı və əsəbi kronlar, – Nil təngənəfəs vəziyyətdə gah sağa, gah da sola dönüb qaçırdı. – İki saatlıq vaxtım yoxdur, məncə.

      – Qolbaq səndədir? – kiçik səssizlikdən sonra qızılbaş lideri az qala pıçıltıyla soruşdu.

      – Qolumdadır. Heç də biz düşündüyümüz kimi asan olmadı oğurlamaq. Bir-iki vedrə ağ qan axıtdım götürmək üçün, – deyən qız sağ biləyindəki dəmir qolbağa baxdı. Qəribəydi. Görünüşünə görə qədim döyüş qolçaqlarını xatırladan qolbaq, elə bil, sırf onun biləyinin ölçüsündə hazırlanmışdı. Rahat hərəkət etsin deyə dəmir qolbağı qoluna taxan kimi biləyində öz-özünə kipləşmiş və balacalaşmışdı sanki.

      – Nə badə qaçmağı dayandırıb açıq döyüşə girəsən, nə badə. Maksimum sürətlə gəlirik. Gizlənməyə bir yer tap və gəmimizi görənə qədər də çıxma oradan, – Solonasın yüngülcə xırıldayan səsi qarşı tərəfdən heç eşidilmirdi. – Həyatda qal, əsgər. Bu əmrdir.

      – Oldu, şef, – Nil dükanların qapı kandarlarına düzülmüş dəmir piştaxtalarının üstündən tullanaraq və ətrafındakı qəribə görünüşlü yadplanetli irqlərin nümayəndələrini sağa-sola itələyərək durmadan qaçırdı. Belə nə qədər davam edə biləcəyini heç bilmirdi.

      Birdən-birə, elə bil, sağ tərəfindən böyük bir qaya parçası dəydi ona. Zərbənin təsirindən sol tərəfdəki dükanın dəmir divarlarına çırpıldı. Nazik divarları deşib qumlu torpağın üstündə bir neçə dəfə diyirlənərək bir küçə geridəki dükanın önündəki böyük dəmir soyuducuyla toqquşdu. Toqquşmağıyla da kəmərindəki qoşa tapançanı çıxardıb zərbə gələn tərəfə tuşladı. Gözləri bir anlıq bulanıqlaşıb yenidən düzəldi. Çoxdandır bu qədər güclü zərbə dəymirdi ona. Önündəki arxa divarı deşilmiş dükandan heç kim gəlmirdi. Bir neçə saniyə bu cür dayandıqdan sonra dərin bir nəfəs aldı və beş metr irəliyə düşmüş qulaqlığı görüb yenidən ayağa qalxdı. Onu yerdən götürmək üçün əyildiyi vaxt bu dəfə solundan toz-torpaqlı bir küləyin ona yaxınlaşdığını hiss etdi. Kronlardan on qat daha sürətlə hərəkət edirdi. Başını sola çevirməyə imkan tapmamış qaya kimi sərt külək bir dəfə də Nili havaya sovurdu. Nil on beş-iyirmi metr kənara uçub başqa bir dükanın metal yığınına dəydi və dəmir-dümür ətrafa səpələndi. Sol çiynində ağrılar baş qaldırırdı. Qaşının üstündən də qan açılmışdı.

      Başını qaldırıb zərbənin dəydiyi tərəfə baxdı. Toz-duman yavaş-yavaş çəkilərkən qanadlı bir məxluqun siluetini görə bildi. Qanadları asta-asta belinə doğru yığılıb yoxa çıxdı. Havaya sovrulan toz-torpağın arasından incəbelli və həddindən artıq gözəl bir qız çıxdı. Nil bir az əvvəl yerdən götürdüyü qulaqlığından Solonasın səsini eşitdi, nəhayət ki. Aparatı qulağının arxasına bərkitdi.

      – Nil? Orada ancaq kronların olduğuna əminsən?

      – Yox, şef. Bir vampir də var. Qanadlı. Meledadır, yəqin ki, – Nil hələ də yıxıldığı yerdən qalxa bilməmişdi. Qara paltarları və üzünün yarısı sapsarı torpaq olmuşdu.

      – Onunla döyüşməyi ağlına da gətirmə.

      – Nəhayət ki, onunla qarşılaşdıq. Özü öz ayaqlarıyla ölümünə gəlib, – Nilin özündən əmin danışığı Solonası əsəbləşdirmişdi, deyəsən.

      – Onunla döyüşmə deyirəm. Qalib gələ bilməyəcəksən. Onu öldürə biləcək silahın yoxdur üstündə, – Solonasın bayaqkı təmkinli səsindən artıq əsər-əlamət yox idi. – Qanadlı vampirləri öldürmək, demək olar ki, imkansızdır.

      – Qisasımı alacam, şef! – Nil son sözlərini deyib qulaqlığa toxundu və əlaqə kəsildi.

      Ayağa qalxıb düşmənin hücum həmləsini gözləməyə başladı. Tozların arasından qızılbaş döyüşçüyə tərəf gələn qapqara və damdar dəri paltarlar geyinmiş qızla təkbətək döyüşün asan olmayacağı bəlliydi. Boyu kronlardan belə daha uzun olardı. Qıpqırmızı gözləri ağappaq dərisinin fonunda işıq kimi parıldayırdı. Dodaqlarında ifritə bir gülümsəmə var idi.

      – İnsan qanının ətrini kilometrlərlə aralıdan hiss edirəm. Bu dadı heç bir şeylə əvəz etmək olmur, – qara vampir özündən əmin şəkildə asta-asta addımlayaraq Nilə yaxınlaşırdı. – Qızılbaşların qanını içmədiyim bir neçə yüz il olub. Darıxmışdım.

      – Gəl, qancıq, gəl. Səni öz qanında boğacam, – Nil qızılbaşlara yaraşmayacaq bir şəkildə ona verilən tapşırığı şəxsi prinsiplərinin arxasına atmışdı. – Mənim qılıncımsa tez-tez vampir bədəni doğrayır. Bu gün qanın ətrini hiss etdiyin son günün olacaq, – deyib əlini qaşının üstündən süzülən qana sürtərək vampirə tərəf uzatdı.

      – Çox cəsarətlisən, qızcığaz. Görək, bir azdan bədəninin hər yerindən qan axanda da bu qədər cəsarətli danışa biləcəksən?

      Meledanın belindən iki yana doğru qapqara tüksüz qanadlar açıldı və üzünün görünüşü bir anda dəyişildi. Dırnaqları caynaqlara çevrildi və vampir dişləri uzandı. Azacıq havaya qalxıb sürətlə Nilə tərəf uçdu. Hər dəfə qanadları çırpıldıqca bazarın toz-torpağı bir az da havaya sovrulurdu. Yaranan külək ətrafdakı bütün dükanların qapı-pəncərələrini çırpıb bağladı. Küləyin bağlamadıqlarını isə dükan sahiblərinin özləri bağladılar. Hərə öz yuvasında kiçik bir deşik tapıb meydanda nələrin baş verəcəyini səbirsizliklə izləməyə başladı. Aralarında iki metr məsafə qalmış qızılbaş döyüşçü ani hərəkətlə fırlanaraq dabanıyla