qolbağı artıq qızılbaşlarda idi. Üstəlik Hemera da digər dostlarının yanındaydı. Bu isə o demək idi ki, bir neçə saat da ölməsəydi, yaraları tamamilə sağalacaqdı.
– Kimsə nə olduğunu desin? – Solonasın səsi bu dəfə səsgücləndiricilərdən çıxdı. – İşlədi? Alındı?
– Mənim üçün asan tapşırıq oldu, şef! – Nil yenə zarafatyana dedi. – Seçilmişi tapmaq bundan asan olmayacaq.
– Biz tapmayacayıq, – Solonas əminlikdə cavab verdi. – O, özü bizi tapacaq.
II
Hücrə
Bundan min il əvvəl bir müharibə oldu. Haradan gəldiyi bilinməyən Xaos adlı varlıq dünyanı ələ keçirtməyə çalışdı. Əvvəlcə mavi dərilərə, tükürpədici səsə malik vicdan, rəhm və qorxu duyğularından tamamilə məhrum yeni bir irqi – kronları yaratdı. Bu yarada bilmək gücü onun ilahi bir varlıq olduğunun isbatıydı. Daha sonra onun ordusuna vampirlər, ölümlü meşə və səhra cinləri də qoşuldular. İnsanların ordusu bu dəhşətli gücə qarşı tab gətirə bilmirdi. Üstəlik, başqa irqlərdən də kömək gəlməyəcəyi bəlliydi. Moyraların sayı sürətlə azalır, digər canlılar isə Xaosa qarşı müharibədən açıq-aşkar qorxurdular. Yeni vəhşi irq olan kronlar bir yana, vampirlər və cinlərin ordusundan bütün irqlər çəkinirdi. Döyüşlər həddindən artıq qanlı keçir və insanlar üçün faciəvi sonluqla yekunlaşırdı. İnsanların lideri Korteqan döyüşlərdən birində Xaosa meydan oxudu və onu təkbətək döyüşə çağırdı. Xaos çox güclü cadügar idi. Lakin döyüş qılınc döyüşü olacaqdı. Nəhəng cüssəli düşmən müharibənin düz ortasına birdən-birə ildırım zərbəsiylə endi. Qapqara paltarından çıxan dalğalı duman və üzünü hər kəsdən gizləyən maskasının altından yalnız sapsarı gözləri görünürdü. Xaos özünü insanlara ilk dəfə bu cür göstərmişdi. Endiyi yerdə ayaqlarının altındakı hər şey darmadağın olmuşdu. Korteqandan iki dəfə böyük bədəniylə ondan qat-qat güclü olduğu hər halından bəlliydi.
İnsanların lideri qılıncı çəkdi qınından və ilk zərbəni özü endirmək istədi. Lakin qılınc Xaosun əlinə dəyib çilik-çilik oldu. Xaos elə ilk zərbədən Korteqanın başını bədənindən ayırdı. İnsanların sonuncu kralının bircə anın içində ağappaq olan başı yerdə diyirlənərkən Qara Hökmdar əlini başsız bədənə uzatdı. İnsanların liderinin bədəni həmin dəqiqə alışıb yanmağa başladı. Üzünü bütün insanlığa çevirən Xaos var gücü ilə bağırdı:
– Mənə qarşı çıxan hər kəs əbədi qaranlıqlar içində sonsuza qədər yanacaq. İnsanlar və onların müttəfiqlərinə bu dünyada rahatlıq yoxdur artıq. Hər kəs bilsin. Xaosun hakimiyyəti başladı. Böyük Müharibə bitdi.
Bu dəhşətli mənzərə insanlığın çöküşü oldu. Korteqanın oğlu döyüş meydanından biyabırçı şəkildə qorxaraq qaçdı. Xaos dünyanın hakimiyyətini ələ keçirtdi və Xaos dağında qərargahlaşdı. Nəinki bu dünyanın canlıları, hətta başqa dünyaların da canlıları ona itaət etdilər. Qaranlıq illər, qaranlıq əsrlər də bu cür başlandı.
Sağ qalan insanların əksəriyyəti Xaosun hakimiyyətinə boyun əyərək yer üzündəki başqa bütün canlılar kimi onun sərkərdələrinin quluna çevrildilər. Lakin bu zülmə boyun əyməyən insanlar da var idi. Onlar dağlarda, mağaralarda, yeraltındakı sığınacaqlarda məskunlaşdılar. Əsrlər boyu öz azadlıqları uğrunda müharibələri davam etdirdilər. Çünki inandıqları bir şey var idi. Ulu Bilgə Ağ Qadın tərəfindən söylənilən əfsanə. Bu əfsanədə Xaosun hakimiyyətinin sonundan danışılırdı. Seçilmişdən və qaranlığın sonundan. Müharibəni əsrlər boyu davam etdirən bu insanlar özlərinə Qızılbaşlar deyirdilər. Onlar insanlar arasında ən güclü döyüşçülər idilər. Başqa bütün canlılar bir neçə əsrdən bəri qızılbaşların nəslinin tükəndiyini desələr də, Oriana şəhərindəki son hadisələr bunun tam əksini sübut etmişdi. Qızılbaşlar hələ də var. Getdikcə də insanlar arasında aydınlanıb çoxalırlar. Daxillərindəki gücü hiss edənlərin, əfsanəyə inancını içlərində boğa bilməyən və artıq gizlətmək istəməyən insanların bir gün mütləq Solonasın Rufina qərargahına və bəmbəyaz Qalateyaya yolu düşəcəkdi. Qızılbaşlar hərəkətə keçdilər. Geriyə sadəcə seçilmişi tapmaq qalır.
Ucsuz-bucaqsız bir çölün ortasında tək qalmış qalın gövdəli bir ağac çatır-çatır çatlamağa başlayır. Ağaca tərəf var gücüylə irəliləyən qanadlı bir qasırğa var. Ağ rəngli və qanadlı qasırğa. Küləyin ən qəzəbli halıdır bu. Ağacın arxasından göylərə qədər uzanan əzəmətli dağ birdən-birə partlayır və qapqara duman Günəşin qabağını kəsir. Qasırğa Günəşin qarşısını kəsən bu qaranlıq dumanı ətrafa sovurduqca səmada bir balaca deşik əmələ gəlir. Bu deşikdən Günəşin işığı yalnızca ağacın üzərinə düşür. İşıq gücləndikcə ağac daha da çatırdamağa başlayır və birdən tam ortasından partlayaraq içindəki nuru ətrafa yayır. Bu Nur Dağın zülmət dumanıyla qarışır. Sanki döyüşürlər. Hansının daha güclü olduğunu anlamaq mümkünsüzdür. Bir az əvvəl burada olan ağaca tərəf yaxınlaşan ağ qanadlı qasırğa da ağacın yoxluğuyla sakitləşir. Bu bir atdır. Peqasus. Ağacın yerində indi yalnız ağ döyüşçü paltarı və mavi bir qılınc var. Paltara göylərdən qara ləkələr düşməyə başlayır. Peqasus bədənini sipər edir. Ləkələr onun bədəninə düşdükcə at yanmağa başlayır. Lakin bir an belə ağ paltarı qorumaqdan vaz keçmir. Ən sonda böyük və qapqara bir ağac parçası Peqasusun belindən girib yerə sancılır. Atın qanı paltara axdıqca paltar qıpqırmızı bir rəng alır.
Yarıqaranlıq bir daxmada üç çılpaq erras qızının qoynunda yuxudan ayılan Kleon Ximelu şəhərində keçirtdiyi hər gündən başqa bir zövq almışdı. Əlbəttə ki, arada-bir gördüyü bu kabusları çıxmaqla. Hər kabusdan sonra sağ əlinin ovucundakı yanıq izləri sızıldayır, qəribə bir yanğı verirdi. Amma yaxşı ki, Ximeluya gəlmişdi. Bu şəhərdəki, demək olar ki, hər şey ona təpədən-dırnağacan sərf edirdi.
Həyatı boyu heç vaxt idmanla məşğul olmasa da, əzələli bədəni Ximelunun ehtiraslı qızlarını o dəqiqə özünə çəkirdi. Həm də bu şəhərin sakinləri Erraslar idilər. Onlar qısqanclıq hissindən bütünlüklə arınmışdılar. Erras oğlanları nə arvadlarını, nə sevgililərini başqa bir kişiyə qısqanmazdılar. Səhər tezdəndən gecəyə kimi özlərinin tarla dedikləri yerlərdə işdə olan kişilər hətta bura qonaq gələnlərə daha yaxşı xidmət göstərdikləri üçün öz xanımları ilə fəxr də edirdilər.
Qaranlıq dövrlərdə aydınlıq içində olan tək-tük şəhərlərdən olsa da, Ximelu da Xaosun nökərləri tərəfindən idarə olunurdu. Buranın baş naibi Hazaratın doğmaca oğlu Haimid idi. Hazarat qədər güclü və böyük olmasa da, dərisinin rəngi azca atasına bənzəyirdi. Ximelu şəhərində yaşayan errasların gözəl qadınları onunla yatmaq üçün dəridən-qabıqdan çıxırdılar. Ən gözəlləri onun, qalanları isə qonaqların payına düşərdi. Kleon da bu paydan kiçik bir parça almışdı. Artıq bir aydan çox idi ki, bu şəhərdə havayı yeyib-içirdi. Baxmayaraq ki, Naqanazardan bura gələndə oğru dostları “bircə Ximeluya getmə, ora çox təhlükəlidir” demişdilər. Halbuki, burada təhlükədən əsər-əlamət yox idi. Lənətlənmiş