hesablaya bilən birisinin öz müqəddaratını təyin etməsi müəyyən qədər mümkün idi. Ancaq indi bu, mümkünsüzdür. Özü də, bu qayda hamı üçün keçərlidir. İndi hər kəs güclülüyündən asılı olmayaraq sadəcə obyektdir. Generallıq belə insanı obyekt olmaqdan qoruya bilmir. Faşist bir dövrdə heç bir razılaşma baş qərargahı hava hücumlarından müdafiə edəcək qədər öhdəlik yaratmır . Ənənəvi ehtiyatlılıqlarına sadiq generalları dar ağacına yollamaq Hitler üçün ən adi işdi. O biri tərəfdə Hitlerin yerində Çan Kay Şe nəzərimizdən yayınmır. Bütün bunlara əsasən deyə bilərik: sağ qalmaq istəyən şəxs (hərçənd sağ qalmanın qəribə, absurd bir cəhəti də var – sağ qalma bir qədər kabusları xatırladır – dünyanın sonuncu gününü yaşayıb, sonra da bir evin zirzəmisindən sürünərək çıxdığımızı canlandırdığımız kabusları) hər an həyatına son verməyə hazır olmalıdır. Zərdüştün azadə ölümü səciyyələndirən çoşqun şən doktrinasının çatdığı həqiqət budur. Azadlıq əzilib-büzülərək saf bədxahlığa çevrilib. Dünyamız ölümdən daha dəhşətli şeylərlə doludur və ”art nouveau” günlərində gözəl ölüm olaraq təsnifləndirilən şey – belə bir dəhşətli dünyada yaşamağın sonsuz alçalması ilə ölümün sonsuz iztirabının qısaltmaq istəyinə qədər enib. İnsanlığın obyektiv olaraq fəlakəti. Hadisələrin başqa cür adlandırılması. Şəxsin fərd olaraq bütün insanlığı təmsil edərkən bunu realizə etmək müstəqilliyini itirməsi.
18
Evsizlərə sığınacaq – Şəxsi həyatın səhnəsinə baxaraq onun halından hali ola bilərik. Sığınacaq – sözün həqiqi və hamı tərəfindən başa düşülən mənasında – artıq qeyri-mümkündür. İçində böyüdüyümüz ənənəvi evlər artıq dözülməzdir: belə evlərdə yaşadığımız hər cür rahatlığın əvəzi biliyə xəyanətdir, ən kiçik sığınma hissinə belə ailə mənafelərinin çürümüş qoxusu qarışmaqdadır. “Tabula rasa” üzərində inşa edilən modern rahat binalarsa mütəxəssislərin zövqsüzlər üçün emal etdiyi, içərilərində yaşayanlarla heç bir əlaqəsi olmayan yaşama qutularıdır. Yaxud yolunu azaraq istehlak sahəsinə girmiş zavod binaları. Bunlar hamısı coşqusunu çoxdan itirmiş azad varoluş həsrətinə daban-dabana zidd şeylərdir. Bir alman jurnalı Hitlerdən əvvəl kahincəsinə bir mazoxizmlə deyirdi ki, modern insan eynilə heyvanlar kimi quru torpaqda yatmaq istəyir. Belə olduqda, yataqla birlikdə xəyal və oyaqlıq arasındakı bərzəx də aradan götürülür. Yuxusuzlar hər an tapşırıq üçün çağırıla bilərlər, onlar hər şeyə hazır və müqavimətsizdirlər. Eyni anda həm diqqətlidirlər, həm də şüursuz. Tamamilə real, ancaq satın alınmış köhnə bir mülkdə sığınacaq axtaran şəxs özünü diri-diri basdırılmış hesab edir. Otel, yaxud pansionata köçərək öz iqamətgahımızın məsuliyyətindən qaçmaq cəhdi də qaçqınlığın kənardan gələn təzyiqin şərtlərində müdrik bir seçim olaraq görünməsinə şərait yaradır. Zərbəni ən çox hiss edənlər isə, hər yerdə olduğu kimi, seçim şansına malik olmayanlardır. Bunlar şəhərin xaraba yerlərində olmasalar belə, gələcəkdə yerini hinlərə, avtomobillərə, vaqonlara, çadırlara, yaxud lap açıq havaya buraxacaq daxmalarda yaşamaqdadırlar. Ev artıq tarixə çevrilib. İş və ölüm düşərgələri qədər Avropa şəhərlərinin bombalanması da sənayenin inkişafı ilə ev üçün lap çoxdan oxunmuş hökmün həyata keçirilməsi mənasına gəlirdi. Yox edilməlidir. Artıq evlər konserv qutuları kimi işlənib atılası şeylərdir. Sosialist mühit də- özünü reallaşdıracaq fürsəti əldən qaçırdıqdan sonra işləri burjua həyatının köklərini çürütmək olan – həqiqi sığınacaq imkanını yox etməkdədir. Bu prosesə heç kim müqavimət göstərə bilməz. Şəxs sözün dar mənasında əl işlərinə nə qədər qarşı olursa olsun, mebel dizaynı və iç dizayna maraq duymağa başladığı anda adi bir kitab kolleksiyaçısının o bər-bəzəkli zövqlərini də mənimsəməyə başladığını dərk edir. Müəyyən uzaqlıqdan baxılanda Vyana atelyeləri ilə Bauhaus arasında elə də fərq yoxdur. Saf və funksional cizgilər özlərinin saflığından və funksionallığından sıyrılaraq kubist abidələr kimi bər-bəzəyə qarışmışdır. Bütün bunların qarşısında hələ də heç nəyə təhkim olunmayan hələ də ehtiyatda saxlanılan təfəkkür tərzi ən düzgün davranış tərzi olaraq hesablanır: cəmiyyət qaydaları ilə şəxsi ehtiyaclarımız qarşılandığı müddətcə həyatımızı davam etdirmək, eyni zamanda, cəmiyyət qaydalarının cəmiyyət və fərd tərəfindən dəstəklənən qaydalarının olmadığını yadda saxlamaq. Nitşe “Şən elmdə” deyirdi: Ev sahibi olmamağım xoşbəxt taleyimin bir parçasıdır.” Öz evimizi ev olaraq görməmək, orada özümüzü “evimizdə” hiss etməmək əxlaqın bir hissəsidir. Bu anlayış günümüzdə fərdin öz mülkü qarşısında düşdüyü çıxılmazlığı da izah edir. Hərçənd bu gün kiminsə mülkünün qaldığını iddia etmək özü də çətindir. Oynamalı oynadığımız oyun belədir: özəl mülkiyyət heç kəsə aid deyil. Səbəb sadədir: istehlak mallarının bu qədər bollaşdığı şərtlərdə heç kimin bunların məhdudlaşdırılması prinsipindən yapışmağa haqqı yoxdur. Ancaq yenə də mülkiyyət münasibətlərinin kor-koranə davamlılığına xidmətkarlıq edən asılılıq və möhtaclıq halına düşməmək üçün şəxsin bəzi şeylərə sahib olmaq məcburiyyətində qaldığını görmək və bunu aşkar dilə gətirmək lazımdır. Qaydalar bundan ibarətdir. Bununla belə, onu da demək lazımdır ki, bu paradoksun son mənzili tənəzzüldür: əşyalar qarşısında nəhayətində insana da yönələn sevgisiz laqeydlik. Anti-tezis isə dilə gətirildiyi anda narahat vicdanla sahib olduqları şeyləri saxlamaq istəyənlərin ideologiyasına çevrilir. Yanlış yaşam doğru yaşanmır.
19
İçəri keçin, ancaq qapını döymədən – Texnologiya jestlərlə birgə insanları da qəti, sərt və məqsədyönlü edir. İnsani hərəkətlər hər növ çəkingənlik, diqqət və ədəbdən arınır. İnsan əşyaların qəddar və belə demək mümkünsə, tarixdənkənar tələblərindən asılılığa düşür. Beləliklə, məsələn, qapını astadan sakit, amma möhkəm örtmək bacarığı itirilir. Avtomobillər və soyuducuların qapıları çırpılaraq örtülür: bəzi qapılar isə – içəri girənləri arxalarına baxmamaq və onları qəbul edən evi qorumamaq nəzakətsizliyinə məhkum edən ədəbsizlik nümunəsi qapılardan danışıram – özüqapanma mexanizminə malikdirlər. Biz əgər yeni insan tipini tanımaq istəyiriksə, onu əhatəsindəki əşyalar aləminin daimi təsirlərinə məruz qalan, sistemin ən dərin nöqtələrində belə özündə bu təsirdən izlər daşıyan varlıq olaraq qiymətləndirməliyik. İçəri doğru açılıb-bağlanan köhnə pəncərələrin yerində sağa-sola sürüşdürülən sürgülü şüşələrin varlığı şəxs üçün nə mənaya gəlir? Yumşaq qapı cəftələrinin yerini dönər toxmaqların işğalı, həyətlərin yoxa çıxması, küçə qapısının önündəki kiçik pilləkənciklərin və bağça divarlarının sökülməsi yeni insana necə təsir edir? Sırf mühərrikin gücündən çuşa gəlib küçələrin həşəratlarını, piyadaları, uşaqları və velosiped sürənləri əzib keçmək istəyini bircə dəfə də olsun duymayan sürücü varmı görəsən? Maşınların istifadəçilərin-dən tələb etdiyi hərəkətlər, faşist diktaturasında gördüyümüz vəhşi, sərt, amansız qəddarlıq və ölçüsüzlüklə eynixassəlidir çox zaman. Həyatiliyin solub getməsinin də bir səbəbi elə budur.