gizlindən-gizliyə bir-biri ilə razılığa gələcəklərini sezməkdədir. İnsanlar arasındakı münasibətlərdə bunun başqa yansıması müşahidə olunur. Həqiqi möminləri – bunlar jestlərinin və nitqlərinin çətin təsnifləşdirilən xüsusiyyəti ilə bir-birlərini tanıyırlar, yəni parolu əvəz edən açıq sözlü təslimiyyətçiliklə – birləşdirdiyi görünən xəyali bildirişi imzalamadığı halda bu gün keçərli şablonlara görə əminliklə yenilikçi kimi sinifləndirilən şəxs həmişə eyni təcrübəni yaşayacaqdır. Həm ortadokslar, həm də onlara çox bənzəyən təhrifçilər müəyyən həmrəylik gözləntisi içində yanaşırlar ona. Aşkarca və gizlincə yenilikçi andlaşmanı xatırladırlar. Ancaq şəxs bu adamların onlardan həmrəyliyin ən kiçik dəlili, yaxud sosial cəhətdən öz paylarına düşən işlərə, heç olmasa, rəğbətlə yanaşılması istənilən anda onu tək qoyacaqlarını görəcəkdir. Kilsə müqəddəslərinn köhnə izzətlərinə yenidən qovuşduğu bir çağda materializm və ateizmdən geriyə qalan yeganə şey budur. Bu təşkilat adamları dürüst intellektualın üzə çıxıb onlar üçün özünü təhlükəyə atmasını tələb edir, eyni anda özlərinin üzə çıxacaqları təhlükəsini hiss edən kimi onu bir kapitalist, arxalandıqları və istifadə etməyi umduqları dürüstlüyü isə gülünc sentimentallıq və axmaqlıq olaraq görməyə başlayırlar. Həmrəylik qütbləşməkdədir. Bir ucda qaçacaq yeri olmayanların ümidsiz sədaqəti, digər ucda həbsxana gözətçilərindən uzaq dayanmaq və eyni anda oğruları da əsəbiləşdirmək istəməyənlərə tətbiq olunan feili şantaj.
32
Vəhşilər daha əsilzadə deyillər – Afrikalı iqtisadi siyasət tələbələrində, Oksforddakı siamlılarda və daha ümumi olaraq kiçik burjua mənşəli tarixçi və musiqişünaslarda bir meyillənmə var. Yeni mövzunun assimilyasiyasını oturuşmuş, təsdiqlənmiş hər şeyə birləşdirməyə həvəslidirlər. Üsyankar bir beyin ibtidailiyin, gecikmişliyin, yaxud “kapitalist olmayan dünyanın” tam əksidir. Çünki təməlində təcrübə var. Tarixi yaddaş. İti zəka. Ən əsası da, doymuşluq. Radikal qruplara sonradan qoşulan təcrübəsiz cavanların bircə dəfə mühafizəkarlığın gücünü hiss etməklə cəbhə dəyişdirdiklərinə misal çoxdur. Ənənədən nifrət edə bilmək üçün ona sahib olmaq lazımdır. “Avanqard” sənət hərəkatlarına proletarlardan daha çox ədabaz varlıların meyilli olmağı bizə siyasət üçün də mənalı bir ipucu verə bilər. Gecikənlərin və təzələrin qorxuducu meyillənmələri var pozitivizmə doğru – Bu, Hindistandakı Carnaq müridlərindən Alman masterlər Matyias Qrünvald və Haynrix Şützün inanclı tərəfdarlarına qədər hamısında oxşar cəhətdir. Kənarda qalmağın təkcə nifrət və qəzəb oyandırmağını iddia etmək naşılıq əlamətidir. Çünki bundan, yəni kənarda qalmaqdan həddindən artıq sahiblənici və xoşgörülü bir eşq də doğula bilər. Odur ki, despotik mədəniyyətin kənarda saxladığı insanların onun ən sadiq müdafiəçilərinə çevrilmələri adi bir şeydir. Sosialist olaraq nəsə öyrənmək, mədəni miras adlanan şeydən pay götürmək, istənilə fəhlədə belə bunun əks-sədası eşidilir hərdən.
Bebellerin zövqsüz qeyri-müəyyənliyi isə mədəniyyəti başa düşməkdən daha çox onu səthi dəyərləriylə qəbul etməyə və onu özününküləşdirməyə acgözlükdə göstərir özünü. Sosializmin nə belə bir çevrilməyə, nə də nəzəri olaraq pozitivizmə düşməyə qarşı ümumi bir immuniteti var. Uzaq şərqdə Marks asanlıqla Driş və Rikertin işğal etmədikləri yerləri tuta bilər. Qərbdən kənar cəmiyyətlərin sənaye cəmiyyətinin toqquşma-larının içinə çəkilməsi – ki, bu daha əvvəllər edilməliydi – əsl qazananın, həyat standartlarında gözlənən kiçik artımı kənara qoysaq, müstəqilliyə qovuşmuş xalqın özündən daha çox rasional olaraq inkişaf etdirilmiş istehsal və paylanma olmasından ehtiyat edilir. Daha qoca xalqlar kapitalizm öncəsi xalqlardan möcüzələr gözləmək yerinə onların təsdiqlənmiş hər şeyə və Qərbin uğurlarına göstərdikləri dardüşüncəli, tənbəl iştaha qarşı ayıq olmalıdırlar.
33
Ön cəbhədən uzaqda – Hava bombardmanları ilə əlaqəli xəbərlərdə çox vaxt bombardmançı təyyarləri istehsal edən firmaların adı da keçir:“Focke – Wulff”, “Heinkel”, “Lancaster”. Bəli, indi bu adlar söhbətlərdə bir vaxtlar işlədilən Hussar süvarilərinin, nizəli dəstələrin, zirehli cəngavərlərin yerlərini tutmaqdadır. Yaşamı təkrar istehsal etməyin, ona ağalıq etməyin və onu yox etməyin mexanizmləri birdir və bu səbəbdən sənaye dövlət və reklamçılıq iç-içə keçib. O vaxtlar şişirdilmə sayılmışdı, ancaq bu gün “müharibə ticarətdir” deyən liberalların haqlı olduqları açıq-aşkar görsənir. Hətta dövlət belə qazanc dünyasının şəxsi mənfəətlərindən müstəqil deyil, əslində, həmişə onların qulluğundaydı. İndi isə ideoloji olaraq da onların köləsinə çevrilib. Şəhərlərin dağıntısındakı əsas günahkarın (daha doğrusu, günahı üzərinə götürən şəxsin) adının hər xatırlanması, hər alqış, bərpa dövründə də onun ən yaxşı qazanacaq şəxs olması dayaqlarını möhkəmləndirməkdədir.
Otuz illik müharibə kimi, bu müharibə də – sona çatanda heç kim başlanğıcını xatırlamayacaq – mənasız intervallarla bir-birindən ayrı hərəkatlardan təşkil olunub: Polşa işğalı, Norveç Hərəkatı, Fransanın işğalı, Rusiya və Tunis hərəkatları, İşğal, İşğal, Yenə də İşğal. Bu ritmdə, coğrafi olaraq çatılası düşmən tapılmayan anların mütləq hərəkətsizliyi ilə ani hərəkətlar arasındakı bu var-gəldə hərbi texnikanı xatırladan mexaniklik mövcuddur. Müharibənin liberalizmdən əvvəl formasını yenidən canlandıran da elə bu oxşarlıqdır. Ancaq bu mexaniki ritm insanın müharibə ilə münasibətini də bütünlüklə müəyyənləşdirir və bunu təkcə fərdi bədəninin gücü ilə texnika arasında gözəçarpan uyğunsuzluq yaratmaqla deyil, həm də təcrübənin ən gizli qalalarına daxil olaraq edir. Bundan əvvəlki sonuncu toqquşmada belə bədənin mexaniki texnika ilə harmoniyada olmaması həqiqi təcrübəni qeyri-mümkün etmişdi. Bu savaşdan heç kim topçu general Napalyonun döyüşlərini danışan kimi danışa bilmirdi. Sülh elanı ilə hərb xatirələrinin yazılması arasında uzun intervalın olması da təsadüfi deyil. Bu xatirələrin canlandırılmasının və yaddaşın yenilənməsinin nə qədər çətin bir proses olduğunu göstərməkdədir. Və müəlliflərin yaşadığı dəhşət nə qədər qandonduran olursa olsun, bütün kitablarda bir kifayətsizlik, zəiflik, hətta saxtalıq hissi qarışıb bu xatırlamaya. İkinci müharibə isə təcrübədən büsbütün qopuqdur, bu, texnikanın işləmə prosesinin insan gövdəsindən qopuqluğunu xatırladır. Ancaq unutmaq da lazım deyil ki, bu hərəkətlər patalojik vəziyyətlərdə texnikanı yenidən xatırlatmağa başlayır. Bu savaşda daimilik, tarixilik, epik elementler çatışmır. Bu savaş hər mərhələsindən sanki sıfırdan başlayır. Odur ki, ondan yaddaşda qorunmuş, qalıcı bir xatirə qalmayacaq. O, hər yerdə, hər partlayışla xəbərdarlıq maneəsini deşib keçmişdir. Halbuki təcrübə, sağaldıcı unuduluşla sağaldıcı xatırlanma arasındakı interval bu maneə ilə qorunan bir sahədə formalaşır. Hərəkətsiz, mənasız intervallarla kəsilən, zamandankənar titrəmələr ardıcıllığına çevrilib yaşam. Ancaq gələcək üçün əsl dəhşətli olan tezlikdə bütün bunların üzərində düşünə bilmək qabiliyyətimizi itirməkdən ibarətdir. Cəbhədən qayıdan döyüşçülərin aldıqları hər tramva, mənəvi