Теодор В. Адорно

Minima Moralia


Скачать книгу

yeni bir təcavüzü deyil. Gör çoxluq təşkil edən şüur hansı hala gəlib ki, günümüzdə keçmişdə sadəcə macar operettalarında attaşelərə uyğun görülən şampan şaqraqlığı və məcburi bədxərclik tamaşasının doğru yaşama düsturu olduğuna ciddi-ciddi inanılır. Reseptli xoşbəxtlik öz adına oxşayır: bu xoşbəxtlikdən pay alacaq nevrozlunun despotizm və geriləmənin onda buraxdığı son ağıl qırıntılarından da arınması və analizçisini məmnun etmək üçün bütün bayağı filmləri görmə mövzusunda son dərəcə həvəsli davranması, fransız restoranındakı bahalı, ancaq dadsız yeməkdən, ağır içkidən və “seks” adı altında bir dərman olaraq istifadə edilən sevişmədən zövq alması tələb olunur. “Həyat hər şeyə baxmayaraq gözəldir.” Şillerin hələ deyildiyi anda boşluq səsi çıxardan bu nəsihəti, günümüzdə hər yerə yayılmış reklamçılıqla eyni xorda yer aldığı ölçüdə, açıq-aşkar axmaqlıq halına gəlmişdir; psixoanaliz isə daha yaxşı imkanlarına rəğmən yanğına körüklə getməkdədir. İnsanların yaşadığı əngəllənmələrin sayı həddindən çox deyil, çox azdır. Özü də, bu prosesin onları bir az da sağlamlaşdırdığını iddia etmək də olmur. Odur ki, uyğunlaşma qabiliyyəti və iqtisadi uğurdan fərqli meyarlara istiqamətlənmək istəyən bir katarsis metodu da insanların ümumi və – ayrılmaz formada ona bağlı – şəxsi bədbəxtliklərinin fərqinə varmalarını təmin etmək və bu iyrənc sistemin sanki onları kənardan dustaqlaşdırması bəs deyilmiş kimi, içlərindəki yaşam üzərində də ikinci bir boyunduruq qurmasına şərait yaradan doyum illuziyalarından məhrum qalmaları üçün çalışmaq məcburiyyətindədir. İnsan yalnız saxta həzdən doyub ona təqdim edilən şeylərdən iyrəndiyi və təkcə xoşbəxtliyin müsbətlik vəkilinin deyil – bu vəkilə qarşı göstərdiyi xəstə müqavimətdən imtina etdiyi anda xoşbəxtliyi satın ala biləcəyi deyilməkdədir ona – həqiqətən adınalayiq bir xoşbəxtliyin kifayətsizliyini başa düşdüyü anda təcrübənin potensial ölçülərini də dərk etməyə başlaya bilər. Elmi epikürçü sanatoriya idarəçisi ilə əyləncə sənayesinin əsəbi propoqanda şeflərinin bir ağızdan səsləndirdikləri “xoşbəxt ol” nəsihətində işdən qaraqabaq halda qayıdıb qapıda uşaqları onu nəşəli gülüşlərlə qarşılamadılar deyə bütün ailəni məzəmmət edən atanın qəzəbini xatırladan bir şey var: hakimiyyət mexanizmi səbəb olduğu əzabların görülməsini əngəlləyir. Xoşbəxtlik moizələriylə başlayıb sırf vətəndaşlarımızın əzab qışqırıqlarını eşitmədiklərinə özlərini inandırsınlar deyə Polşanın ən ucqar yerlərində qurulan insan saqqalxanalarına qədər gedib çıxan inkişaf xətti heç də dolambaclı deyil. Bütün bu şarı partladan şəxsə psixoanalitikanın verdiyi cavab isə bunların Edip kompleksindən ibarət olmasıdır.

      39

      Eqo iddir – Psixologiyanın inkişafı ilə burjua fərdinin həm antik dövrdəki, həm də intibahdan sonrakı yüksəlişi arasında çox vaxt bir əlaqə qurulur. Bu psixologiya ilə burjua sinfinin təkrar bölüşdüyü və bu gün başqalarını təcrid etmək bahasına inkişaf etmiş zidd bir meyillənmənin nəzərdən qaçmasına səbəb olmamalıdır: fərdin dəf edilməsi və assimliyasiyası. Bilik də bütünlüklə fərdə xidmət etsin deyə öz subyektiylə təkrarən əlaqələndirilir. Hər cür psixologiya Protoqordan bəri insanı hər şeyin ölçüsü edərək onu ucaltmış, ancaq bunu edərkən onu ən əvvəldən obyekt olaraq, təhlil materialı kimi qiymətləndirmiş və şeylərin cansızlıq və boşluqlarını ona köçürmüşdür. Subyekt adına obyektiv həqiqətin inkarı subyektin də inkarı deməkdir. Hər şeyin ölçüsü üçün heç bir ölçü yoxdur. Təsadüfiliyə düşən subyekt həqiqətsizliyə çevrilir. Bu da cəmiyyətin həqiqi yaşam prosesinə işarədir. İnsan hakimiyyət prinsipini mütləqləşdirərək iti ucunu mütləq obyekt halına gəlmiş insana çevirmiş və psixologiya da bu ucun daha sivriləşdirilməsi işində özünün köməyini əsirgəməmişdir. Eqo, psixologiyanın əsas “id”i və subyektiv obyekti onun baxışları altında həmişə keçərsizləşməkdə və həqiqətdə mövcud olmayan bir şeyə çevrilməkdədir. Psixologiya mübadilə cəmiyyətində subyektin əslində subyekt yox, ictimai obyekt olduğu həqiqətinə müraciət etməklə cəmiyyətə bunun belə olması və belə davam etməsini təmin edən silahları da bağışlamışdır. Qabiliyyətlərindən arındırılmış insan işbölümü faktorunun özünün sözdə subyektlərinə inikas etdirilmiş halıdır və bu da onları daha səmərəli üsulla istifadə və idarə etmək cəhdinin ayrılmaz hissəsidir. Psixologiyanın təhrif olunmuş forması kimi görülə bilməyən psixotexnika ən əvvəldən bəri onun əsas qayəsinin daxili meyarıdır. Həqiqi bir humanist olan və əsərinin hər cümləsində hiss elətdirən Yum bir tərəfdən də eqonun bir önyarğıdan ibarət olduğunu deyirdi. Bu ziddiyyət ümumi olaraq psixologiyanı da əks etdirir. Üstəlik, bu nöqtədə həqiqət də Yumun tərəfindədir, çünki özünü “Mən” olaraq ortaya qoyan şey həqiqətən də bir önyarğıdır, abstrakt avtoritar mərkəzlərinin ideoloji hipostazlaşdırılmasıdır; və bu hipostazlaşdırılmanın tənqidi də “şəxsiyyət” ideologiyasının dağıdılmasını tələb edir. Di gəl ki, bu dağıntı viranəlik üzərində avtoritarlıq qurulmasını daha da asanlaşdıracaq. Psixoanalizdə aşkar görsənən də budur. O, şəxsiyyəti yaşamaq üçün zəruri bir yalan kimi nəzəri sisteminə əlavə edir. Psixoanalizə görə şəxsiyyət fərdin instinktiv təslimiyyətini və reallıq prinsipinə uyğunlaşmasını təmin edən saysız rasionallıqları bir yerdə saxlayan ən böyük və ən əhatəli rasionallıqdır. Elə təkcə bunu sübut etməklə psixoanaliz insanın yoxluğunu da sübut etmiş olur. Onu özünə özgələşdirərək, daxili bütünlüyü ilə birlikdə avtonomluğunu inkar edərək şəxsi bütünlüklə rasionallıq səviyyəsinə, uyğunlaşma səviyyəsinə dustaq edir. Beləliklə, özünütənqidin yerinin başqasının eqosuna yönələn “təslim ol” tələbi alır. Psixoanalitikin müdrikliyi də ən axırda rəsmli qorxu jurnallarının faşist şüuraltındakı “psixoanaliz” rəsminə qədər enir. Hər peşənin fırıldaqçılıq görsəndiyi bir mühitdə bu “fırıldaqçılıqlardan” birinə əzab çəkən və biçarə adamları birdəfəlik özünə əsir etmə və beləcə onlara nəzarət və onları istimar haqqını verən bir texnika. Psixoanalitikanın saxtakarlıq olaraq imtina etdiyi təlqin və hipnoz, sirk meydanında gəlib-keçənləri öz çadırına çəkməyə çalışan şaratan cadugər. Bax bunlar onun əzəmətli sistemi içində yenidən özlərini göstərməyə başlayırlar. Eynilə səssiz filmin Hollivud əfsanələrində yenidən ortaya çıxması kimidir bu özgörsənmə. Keçmişdə kömək olan şey, daha böyük bir biliyin sayəsində kömək etmək imkanı günümüzdə doqmatik ayrıseçkilik yolu ilə başqalarının alçaldılmasına çevrilib. Burjua şüurunun tənqidindən geriyə qalan tək şey həkimlərin həmişə gizli əlbirliklərini biruzə verdikləri çiyin silkələmə jestidir. Psixologiyada, saf mənəviyyət deyilən o dibsiz saxtakarlıqda (insanların “xüsusiyyətləri” ilə maraqlanılması da təsadüfi deyil) burjua cəmiyyətinin mal-mülk sahəsindəki bütün təcrübəsini görmək mümkündür. Bu mal-mülk ictimai mübadilə nəticəsində artmışdır, əlbəttə ki, hər burjuanın altdan-alta hiss etdiyi müqavilə şərti ilə birlikdə. Fərdin sahib olduğu sinfin ona əmanət etdiyi bir mülkdür, sadəcə və nəzarəti əlində saxlayanlar da mülkiyyətin ümumiləşməsi nəticəsində yenə mülkiyyətin öz prinsipi ( əsirgənməkdən ibarət olan prinsip) təhlükəyə düşdüyü anda bu mülkü onda geri almağa hazırdırlar. Psixologiya da mülkiyyətə ediləni xüsusiyyətlər bəhsində təkrarlayır.