Эвальд Флисар

Sehrbazın Şagirdi


Скачать книгу

qapıya yaxınlaşdığını hiss etdin?"

      "Hansı qapı?" Göz yaşlarımı boğaraq ağladım.

      “Bu an içəri girə biləcəyin qapı. Sənin mövcud olduğun yeganə an".

      Dolama cığırla dumanlı dərəyə doğru yolumuza davam etdik. Mən tamamilə çaşqın halda onun ardınca səndələdim.

      O niyə belə etdi?

      "Mən səni oyatmaq istədim, – dedi. – Bunun mümkün olduğu məqamlar var, – deyə izah etdi. –Şagird rahatlaşdıqda və ustasının onun irəliləyişindən razı qaldığına əmin olduqda qəfil çubuq zərbəsi xüsusən də şagirdin razılıq gözlədiyi zaman baş verərsə, onun içəri itələnərək özünüreallaşdırma işığına apara biləcək qapını görməsinə səbəb olur”. Mənim vəziyyətim üçün bu cəhd uğursuz oldu. Ola bilsin ki, mən qapıya nəzər salmışam, amma intellektual zirehim o qədər ağır və istifadəyə yararsızdır ki, nə baş verdiyini anlamadan onun hansısa işarəsi də dağılıb getdi.

      İndi çox gec idi. Daha çubuq işə yaramayacaqdı. Hər zərbədə ilk reaksiyam belə olacaqdı: “Aha, hə, qoca məni oyatmağa çalışır”. Düşüncə isə qapısı və çıxışı olmayan bir divardır.

      Sonra daxil olan nəfəslə çıxan nəfəs arasındakı fasilədən danışdı. “Biri var, – dedi, amma diqqətimi verə bilmədim. – …Beləliklə, Budda Budda oldu. Nəfəs almasına diqqət yetirərək bir gün gözlənilmədən nəfəs almama anını yaxaladı və onun vasitəsilə indiki ana daxil oldu və orada qaldı.

      Bu, təbii ki, mənim intellektimin qəbul etməyi bacardığı hər şeyə ziddir. İnanıram ki, mühüm məqsədlərə ancaq tədricən, əzablardan keçərək nail olmaq olar. Budda birdən-birə idrakın ani işıltısı ilə necə aydınlana bilərdi? Mən və mənim dünyam da inanır ki, yalnız çəkilmiş əziyyətlərin nəticələri hansısa dəyərə malikdir və səy nə qədər böyükdürsə, o qədər də dəyərlidir. Məhz buna görə də mənimçün aydınlanma yolu imtinaların, zəhmətin, təhsilin, fəlsəfənin çətin yoludur. Mən həqiqətin bu an içimdə olduğunu və yalnız bu an olduğunu qəbul edə bilmirəm.

      "Yoxsa bacara bilərsən?" – məndən soruşdu.

      "Bəlkə də yox, – deyə etiraf etdim. – Bu, böyük problemdir?"

      “Yalnız vəziyyəti rasional hesab etdiyim müddətcə”, – dedi.

      Rasional ağıl üçün hər şey problemdir. Problemin hər həlli başqa bir problem yaradır. Reallığın özü problematik deyil. Problemli olan mənim onunla bağlı anlayışımdır. Hər şey başımdan keçir. Başım dövlət sərhədi kimidir, intellektim isə qiymətli idxalın böyük hissəsini, yeni və yad olan hər şeyi, fərqli və təxribatçı ola biləcək hər şeyi müsadirə edən gömrük xidmətidir. İntellektin rolu sistemi qorumaqdır. Çox mühafizəkardır, kənardan demokrat kimi görünür, əslində isə heç vaxt yatmayan hiyləgər bir diktatordur.

      Buna görə də bambuk çubuqla vurulan zərbənin məni birbaşa aydınlanma vəziyyətinə gətirə biləcəyinə inanmağa cəsarət etmirəm. Mənim intellektim üçün bu, təslim olmaq demək olardı. Bu qədər uzun illər öyrənmək, oxumaq, faktları, ideyaları, fikirləri toplamaq və yoxlamaq! Bütün bu yığılmış xəzinələr mənimçün çox qiymətli olmalıdır. Onları belə asan uçurmaq olmaz.

      "Hə, doğrudur, – dedi. – Olmaz. Asanlıqla olmaz. Yalnız düzgün üsulla bunu etmək olar. Ancaq bu cəhd asan deyil. Birdən-birə özünü boşluqda tapmağın şoku səni öldürə bilər".

      Amma qorxmamalıyam, – gülərək dedi. Mənim intellektim o qədər hiyləgərdir ki, qəfil daha yaxşı bir üsul seçəcəyəm. Biz bunu sınadıq və alınmadı. Mənim gömrük xidmətim çox insaflıdır.

      "Sonra? – soruşdum. – Ani üsul daha işə yaramayacaqsa, geriyə nə qalacaq?"

      “Sonrası mərhələli yoldur”, – dedi. Ancaq xatırlatmalıyam ki, bu, xüsusi bacarıqların inkişaf etdirilməsi və s. tipli bir yol deyil. Buddist mətnlərini öyrənməklə əla alim ola bilərəm, amma Budda yox. Budda olmaq istəyirəmsə, bunun baş verməsini gözləməliyəm.

      “Nə qədər?”

      "Beş saniyədən üç min ilə qədər hər an", – dedi.

      IV

      ŞÜBHƏ ANI

      Vadidə yerli əhalinin çinar adlandırdığı qovağabənzər ağac qruplarının olduğu geniş tarlalar və çəmənliklər vahəsinə rast gəldik. Yaxınlıqdakı çayın sahilində səpələnmiş yak naxırı otlayırdı. Günəş soba kimi yanmağa başladı. Dərhal arxa çantamın içindən bir günəş kremi axtarıb çıxardım. Qoca Yoqanandanın hava ilə döyülmüş sifəti eşidilməz gülüşə çevrildi.

      "Bunu istifadə elə, – dedi. O, əyildi, bir ovuc nəm qəhvəyi torpaq götürdü. Mən uzaqlaşmaq fürsəti tapmamış sol əli ilə boynumdan tutdu, sağ əli ilə bütün torpağı üzümə yaydı və güldü. – Hə, indi yerliyə oxşayırsan!"

      Hirsimi uddum və hətta yüngül təbəssüm etdim, sanki palçığın həqiqətən günəş kremindən daha yaxşı müdafiə olduğunu söyləməyə çalışırdım. Amma dayaz çaya çatanda bildirdim ki, palçıqlı günəş losyonu xoşuma gəlməyib və onu yuyub təmizləyəcəm. Əyildim, əllərimi sürətlə axan suya saldım – və yol yoldaşımı qorxudacaq qışqırıq qopardım.

      Amma o, sadəcə güldü. "Soyuqdur, hə?" Başım günəşdən yanırdı, amma buzlu su sanki elektrik naqilinə toxunmuşdu. Nəfəs aldım və cəld üzümdəki pis qoxulu palçığı sildim.

      “Burada qışda həyat necə olur, görəsən”, – deyə düşündüm.

      "Əziz oğlan. – Yoqananda güldü. – Hər şey donur, suya çatmağın yeganə yolu buzu qırmaqdır, lakin bunu yalnız daha böyük çaylarda edə bilərsən; kiçik çaylar düz dibinə qədər donur. Düzənlikdə kəskin küləklər fit çalır və o qədər qar yağır ki, ən yaxın qonşuna da gedib çıxa bilmirsən. Kəndlilər donmuş qarın içində dar keçidlər qazırlar və tez-tez canavarların dadandığı bu piyada keçidləri uzun qış boyu təsərrüfatlar və kəndlər arasında yeganə ünsiyyət vasitəsi olaraq qalır”.

      Biz qayalıq yamacdan asılmış düzbucaqlı ağ rəngli evlərdən ibarət dəstəyə doğru irəlilədik. Monastır ərazisinin girişini göstərən bir kortenə çatdıq. Buddist Himalayı kortenlərlə doludur. Qədim hind məzarlarını xatırladan bu simvolik tikililər buddistlərin reallıq anlayışını ifadə edir. Kvadrat yer torpağı, yuvarlaq kurqan suyu təmsil edir, ucu sivri qırmızı paqoda odun simvoludur, yuxarıdakı çətir isə yeli təmsil edir. Bunlar insanın və dünyanın dörd tərkib elementidir.

      Kortenin arxasındakı cığır ayrılaraq yastı dua daşları ilə örtülmüş qayalıq kurqanın hər iki tərəfində davam edirdi. Hamısına Om Mani Padme Hum sözləri həkk olunmuşdu, lotusun mirvarisinə salam deməkdir, Tanrının Duasının Tibet dilində ekvivalentidir. Onu hər yerdə görə bilərsiniz; yol kənarındakı qayalara, dağ tərəflərinə, evlərin və məbədlərin divarlarına həkk olunur, rahiblər bunu dualarında təkrarlayırlar və meditasiya üçün təsirli mantra olduğu deyilir.

      Rahiblər bizi böyük təbəssüm və nəzakətli təzimlərlə qarşıladılar. Rolumdan əmin olmadığım üçün gülümsəməyə və başımı tərpətməyə davam