Seymur Baycan

Mənim mübarizəm - 9


Скачать книгу

kimi baxan, Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda əziyyət çəkən adamlara şövqlə, məhəbbətlə qucaq açırlar. Elə zənn edirlər ki, doğrudan da bunlarla maraqlanan adamlar var. Məsələn, azdan-çoxdan populyarlıq qazanmaq istəyən bir türk blogeri Azərbaycan mətbəxi, Azərbaycan musiqisi, nə bilim Azərbaycan qoyunları və keçiləri haqqında bir video çəkir. Natamamlıq kompleksinin altında şiddətlə əzilən azərbaycanlılar qarışqa qəndə darışan kimi tez bu videonun üstünə darışırlar. Səydəş-səydəş, səviyyəsiz-səviyyəsiz şərhlər yazmağa başlayırlar. Ta bilmirlər ki, videonu çəkən adama Azərbaycan musiqisi, Azərbaycan mətbəxi, Azərbaycan qoyun və keçiləri əsla maraqlı deyil. Ona azərbaycanlılar bir “bəyənmə düyməsi” kimi lazımdır və yerdə qalan məsələlər onun üçün sadəcə lüzümsuz təfərrüatdır.

      Beş-altı dost tanış var. Harda qarşılarına adam əsəbləşdirən axmaq müsahibə, yazı, video çıxsa mənə göndərirlər, münasibət bildirməyimi tələb edirlər. Zəif damarımı tutublar. Nəyə əsəbləşə biləcəyimi dəqiq bilirlər. Bu dostlardan biri mənə dəhşətli bir video göndərmişdi. İki əyriayaq türk qızı (bloger imişlər) “Torqovı”da gəzirdilər. Bir dəstə azərbaycanlı gənc türkcə danışa-danışa bu bloger qızların arxasınca düşmüşdülər. Qızlar da onlarla mırt tuturdular. İnsan adlanan bir canlının çox yox, bir az özünə hörmət hissi olmalıdır. Lap qədimlərdən məlumdur ki, özünə hörmət etməyən adama, özünə hörmət etməyən camaata başqaları dünəndən hörmət etmirlər. O bədnam kadrlara baxdıqdan sonra bir suala cavab tapmaq istəyirdim. Görəsən bundan əvvəlki həyatımda hansı qəddar cinayəti törətmişəm, görəsən bundan əvvəlki həyatımda hansı bağışlanılmaz günahın sahibi olmuşam ki, mənə belə dəhşətli bir cəza, – bu adamlarla eyni dildə danışmaq, bu adamların dilində yazı yazmaq, bu adamlarla eyni ölkədə doğulmaq cəzası verilib?

* * *

      “Yuxu mələkləri” kitabının müəllifi Bəxtiyar Aslan haqqında yüngülvarı araşdırma apardım. Afərin, fərasətli adamdır. Sabir Rüstəmxanl haqqında kitab, Rəşad Məcidin olduqca mənasız “Qələmsiz yazılanlar” kitabı haqqında məqalə yazıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib. İnstitutun əməkdaşları çıxışlar edərək kitab haqqında fikirlər söyləyiblər. Bu mərasimdən hazırlanan xəbər və yazılar ölkənin müxtəlif qəzetərində dərc olunub. Vəssalam, Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda əziyyət çəkən bir adama, bir yazıçıya bundan artıq nə lazımdır?

      UNIVERSAL HƏQIQƏTLƏR HAQQINDA

      Qarğa on iki mahnı oxudu, hərəsi bir cür zəhlətökən.

Atalar məsəli

      Hansısa problem haqqında yazı yazdıqda oxucuların çoxunun yazıya münasibəti belə olur: “Çıxış yolu göstər”. Oxucuların çıxış yolu göstər tələbi bir publisist kimi canımı boğazıma yığıb. Nəhayət, çoxsaylı oxucu tələblərini nəzərə alaraq, ölkəni xilas etməyin yolları haqqında yazı yazmaq qərarına gəldim. Hərçənd, göstərdiyim yollara əməl ediləcəyinə inamım olduqca azdır.

      1. Təcrübəli zabitlər əsgərin çox da boş-bekar dayanmasına imkan vermirlər. Əsgər boş-bekar dayandıqda ev haqqında düşünür, ürəyi ev yeməkləri istəyir, sevgilisini, nişanlısını xatırlayır, darıxır, beləliklə əsgərlik çəkmək onun üçün daha da çətinləşir. İradəsi zəif olanlar çətinliyə dözməyərək hərbi hissəni özbaşına tərk edir. Bu isə ümumilikdə orduda nizam-itizamın zəifləməsinə, döyüş ruhunun aşağı düşməsinə aparıb çıxarır. Əsgər gün ərzində o qədər yorulmalıdır ki, yat əmri verildikdə sevinməlidir. Əsgər başını yastığa qoyan an daş kimi yatmalıdır. Folklor diliylə ifadə etsək, div yuxusuna getməlidir.

      Əsgərlərlə qadınlar, hərbi xidmətlə məişət arasında paralellər aparsaq belə bir nəticəyə gələ bilərik. Qadınlar boş-bekar dayandıqda fitnə-fəsadla məşğul olurlar. Əbəs yerə deyilməyib: “Şeytan bir işi bacarmayanda, ora qadın göndərir”. Qadın boş-bekar dayanmamalıdır. Boş-bekar dayanmaq bütün bəd əməllərin anasıdır. Qadınların boş-bekar dayanması ölkə iqtısadiyyatına zərbə vurmaqla yanaşı, həm də ölkədəki sabitliyə təhlükələr yaradır. Ona görə də insan əməyini yüngülləşdirən, boş vaxt qazanmağa şərait yaradan bütün məişət cihazlarından (qabyuyan maşın, paltaryuyan maşın, tozsoran, ətçəkən maşın, şırəçəkən maşın, elektrik ütüsü…) qadınların istifadə etməsi qanunla ciddi şəkildə qadağan edilməlidir. Yalnız subay kişilərə məişət cihazlarından istifadə etmək icazəsi verilməlidir. Bu qayda–qanunları pozan şəxslər ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.

      2. On səkkiz yaşı tamam olmuş qadınlar üç illik hərbi xidmətə çağrılmalıdır. Hərbi xidmətdə qadınlara ən azı aşağıda göstərilən bəndlərə uyğun təlim və tərbiyə verilməlidir:

      – sıra hazırlığı,

      – yüngül silahlardan istifadə etmək qaydaları,

      – bütün klassik yeməklərin (aşdan, dolmadan, küftədən, bozbaşdan tutmuş düz dovğaya, əriştəyə, hədiyə, quymağa qədər) bişirilməsi,

      – mürəbbələrin və şirniyyatların hazırlanması,

      – şorabalar qoymaq,

      – az pulla sadə və zövqlə geyinmək,

      – hər hansı bir yerə, tədbirə, mərasimə gedərkən (toy, nişan, konsert, bazar…) ən uzağı on beş dəqiqəyə hazır olmaq,

      – uşaq bələmək,

      – yun çırpmaq, yorğan-döşək sırınması,

      – xalça toxumaq,

      – inək sağmaq, toyuq, qaz, ördək, hinduşka saxlamaq və bu qəbildən olan, yaşamaq, yaratmaq üçün digər vacib əməllər.

      – Təlimlərdə könülsüz iştirak edən, yaşamaq, yaratmaq üçün vacib əməlləri öyrənmək istəməyən qadınlar hərbi tribunala verilməlidir və ciddi şəkildə cəzalandırılmalıdır.

      3. Mədəniyyət Nazirliyi “Oxunması vacib olan yüz kitab” siyahısı hazırlamalıdır. Siyahıda adları qeyd olunan yüz kitabı oxumayan adamların evlənməsi, övlad sahibi olması, maşın sürməsi, ictimai nəqiliyyatdan istifadə etməsi, əyləncə və iaişə obyektlərinə girişi, səkidə addımlaması, ən əsası, seçkilərdə səs verməsi qadağan edilməlidir. Qadağanı pozan şəxslər ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir.

      4. Pampersdən istifadə etmək qadağan edilməlidir. Qadağanı pozan şəxslər ən azı iki illiyə islah-əmək düşərgəsinə göndərilməlidir.

      5. Uşaq baxçalarında, məktəblərdə uşaqlara sudan qənaətlə istifadə etməyin qaydaları öyrədilməlidir. Sudan qənaətlə istifadə etməyin qaydalarını öyrənmək istəməyən uşaqlar, valideynləri ilə bir yerdə ən azı iki illiyə ciddi rejimli islah-əmək düşərgəsinə göndərilməlidir. Adamlar sudan qənaətlə istifadə etməyi öyrənməsələr, yaxın gələcəkdə Azərbaycanda ölü yumaq üçün su tapılmayacaq.

      6.