və iş qabiliyyətini itirib. Ona görə də demək olar ki, acından ölür, çünki bizim geniş biznes əməliyyatlarımız cavan adam tələb edir. Hə, dediyim kimi bu Lukas çox fəzilətli, çox vicdanlı adam idi, amma o, mükafatlandırılmışdımı? Şahzadə ona brilyantlar, yaxşı şam yeməkləri verirdimi? Əlbəttə ki, yox! O kasıbdır və kasıb qalır, bu belə də olmalıdır. Mən ona yardım edə bilmərəm. Biz genişlənən biznesimiz üçün fəal, cavan adama ehtiyac duyuruq. Amma onun üçün nəsə edə bilsəm, onun yaxşılığı bu qoca vaxtında rahat həyatla mükafatlandırılacaq. Həm də əgər bütün anbar hambalları və başqa hər kəs də vicdanlı olsa, bu dünyada öz mükafatını alardı və yaxşı insanlar üçün sonradan verməyə xüsusi bir mükafat qalmazdı. Amma səhnədə onlar hər şeyi təhrif edir, hər şeyi yalana çevirir.
Mən də çox vicdanlı və fəzilətliyəm, amma bunun üçün mükafat istəyirəmmi? İşlərim yaxşı gedəndə – çox zaman bu məhz belə olur – arvadım, uşaqlarım sağlam olanda, həkimlə bir işim olmayanda, yaşlılığım üçün hər il kənara bir qədər pul ata biləndə, Fred özünü yaxşı aparanda, mən yaşlaşıb təqaüdə çıxıb Driebergendə bağ evində oturacağımı düşünəndə məmnun oluram. Amma bütün bunlar sadəcə durumların təbii nəticəsidir. Həm də öz işimlə məşğul olduğum üçün. Vicdanım və fəzilətim müqabilində heç nəyə iddia etmirəm. Və mənim vicdanlı adam olmağım həqiqətə olan sevgimdən bəlli olur. Bu mənim inancımdan sonra ikinci ən böyük meylimdir, əziz oxucu, istəyirəm səni bunun həqiqətən də belə olduğuna əmin edim, çünki bu amil mənim bu kitabı yazmağıma üzrxahlıqdır. Digər eyni dərəcədə olan güclü ehtiras isə mənim öz biznesimə olan sevgimdir. Mən Laurier Kanal 37 ünvanında yaşayıram və qəhvə dəllalıyam. Hə, oxucum, bu kitab öz varlığını mənim həqiqətə olan əyilməz sevgimə və biznesimə olan böyük canfəşanlığıma, şövqümə borcludur. Hər şey necə baş verib, sənə danışacağam. Amma indi səni bir müddətlik tərk etməliyəm, çünki qəhvə mübadilə məntəqəsinə getməliyəm. Və bu arada ikinci bölümü də sənin diqqətinə çatdırıram. Dua et və bunu özünlə götür, gərəyin ola bilər. Bura bax, bu da mənim vizit kartımdır – Meyrlər artıq oyun xaricində qaldıqlarından “Ko” yazılıb, qoca Last isə mənim qaynatamdır.
Last və Ko, Qəhvə dəllalları, Laurier Kanalı 37.
İKINCI BÖLÜM
Qəhvə mübadilə məntəqəsində işlər zəifləyib. Yaz hərracı yenidən onu qaydasına salacaq. Amma bununla belə heç nə etmədiyimizi də düşünmə. Busenlik və Votermanda ticarət hələ də durğundur. Qəribə dünyadır: 20 il bu mübadilə məntəqəsinə tez-tez gəlib-gedəndən sonra təcrübə qazanılır. Düşünə bilərsən, onlar – Busenlik və Votermanı deyirəm – məni Ludviq Sternlə ticarətdən kənarlaşdırmağa çalışıblar. Bilmirəm, qəhvə mübadiləsi ilə tanışsan, ya yox, deyim ki, Stern Hamburq şəhərinin ən tanınmış qəhvə ticarətçilərin-dən biridir. O, hər zaman “Last and Ko”nun xidmətlərindən istifadə edib. Bunu – Busenlik və Votermanın arxamca iş çevirməklərini deyirəm – tam bir təsadüf nəticəsində aşkar etmişdim. Onlar dəllallıq haqqını dörddə bir qədər azaltmağı təklif etdilər. Alçaq adamlardır, başqa heç nə deyə bilmərəm. İndi bax gör mən onları dayandırmaq üçün nə etmişəm. Bəlkə də mənim yerimdə başqa kim olsaydı, Ludviq Sternə yazardı: biz də faiz dərəcəsini aşağı salacağıq və ümid edirik ki, siz “Last və Ko”nun üzünmüddətli xidmətini nəzərə alacaqsınız.
Hesablamışam ki, bizim firmamız son 50 ildə Strernlə işbirliyi nəticəsində dörd yüz min qulden qazanıb. Biz onlarla qitədə iş görməyə başlayandan, müstəmləkə ərazilərdən buraya mal gətirənlərlə işbirliyindəyik. Yox, faiz dərəcəsinin azalmasına razılıq verməyəcəyəm.
Polen qəhvə evinə getdim, kağız-qələm sifariş verib yazdım: “Şimali Almaniyadan aldığımız şərəfli komissiya haqqına görə bizim biznes fəaliyyətimiz genişlənmişdir (Bu sadə həqiqətdir. Dünən axşam bizim kitabxanaçımız saat 11-dən sonra ofisdə qalıb eynəklərini axtarırdı.) və bu bizim sıralarımızın genişlənməsinə səbəb olmuşdur. Hər şeydən vacib, biz alman dilində yazışmalarımızı aparmaq üçün hörmətli, təhsilli bir cavana böyük ehtiyac duyurduq. Hə, əlbəttə Amsetrdamda xeyli sayda cavan alman var, hansı ki, tələb olunun kriteriyalara cavab verir (bu da həqiqətdir). Amma həmin hörmətli şirkət cavanların avaralanmağını, mənəviyyatsızlığını görəndən, hərəkətlərində artan macərapərəstliyi müşahidə edəndən sonra təbii olaraq göstərişlərin həyata keçirilməsində bir çox düzəlişlər edilməsinə zərurət hiss edib. (İstəyirəm biləsən ki, bu da həqiqətdir, yalnız həqiqət.) Yəni belə bir firma – Laurier Kanalı 37 ünvanında yerləşən “Last və Ko” qəhvə dəllalları – yeni simaların işə götürülməsinə kifayət qədər istiqanlı yanaşa bilməz.
Oxucu, bütün bunlar sadə həqiqətlərdir. Bilirsən, hər zaman qəhvə mübadiləsi məntəqəsinin yanında, 17-ci sütuna söykənib dayanan cavan alman Busenlik və Votermanın qızı ilə qaçmışdır. Bizim Merimiz də onun kimi bu sentyabrda 13 yaşını tamamlayacaq.
Cənab Safaleri dinləmək şərəfinə layiq görülmüşəm. (Safaler Stern üçün səfərlər edir.) Şirkətin hörmətli başqanı Ludviq Sternin Ernest Stern adlı oğlu var. O, bir müddət “Holland evi”ndə işləməyi arzulamışdır.
“Və mən bu məsələdən xəbərdaram.”– (Burada mən yenidən işçilərin mənəviyyatsızlığına və həmçinin Busenlik və Votermanın qızlarının tarixçəsinə işarə edirəm.) Və bu məsələdən xəbərdar olduğum üçün də bütün varlığımla cənab Ernest Sternə şirkətimin Alman nümayəndəliyini təklif etmək istəyirdim.
Abırlı davranıb qonorardan, yaxud maaşdan söhbət açmadım, sadəcə bunu bildirdim:
– Əgər cənab Ernest Stern bizimlə Laurier Kanalı 37-də olmaq istəsə, arvadım bir ana kimi onun qayğısına qalar və onun döşəkağlarını elə evdəcə yamayar. (Bu lap doğrudur, çünki Meri həm yaxşı tikir, həm də yaxşı toxuyur.) Və sonda dedim, – biz dindar ailəyik.
Sonuncu cümlə yerinə düşə bilər, çünki Sternlər lüteranlardır. Yazdığım məktubu yolladım. Başa düşdüyün kimi qoca cənab Stern, oğlu bizdə işləsə, işlərini Busenlik və Votermanla görə bilməz.
Cavabı narahatlıqla gözləyirəm. Amma gəlin hələlik kitabıma qayıdaq. Bir müddət öncə bir axşam Kalver küçəsi ilə gəzirdim, baqqal dükanının qarşısında dayanıb onun həvəslə çeşidləməsinə nəzər yetirdim.
Orta ölçülü Java dənələri, gözəl, sarı Çeribon qəhvəsi, az zədələnib.
Mən hər şeylə maraqlanan olduğumdan bu diqqətimi çəkdi. Qəfildən yanımda, kitab dükanının qarşısında dayanan centlmenə gözüm sataşdı. Onu daha əvvəl haradasa gördüyümü zənn etdim, amma boşuna xatırlamağa çalışdım, çünki yadıma heç nə düşmədi. O da deyəsən məni tanımışdı. Çünki eyni anda bir-birimizə baxdıq. Etiraf etməliyəm ki, saxta qəhvəni gördüyümdə bu mənə həddən artıq maraqlı gəldi. Onun paltarları nimdaş idi, buna sonradan fikir verdim. Yoxsa heç diqqətimi çəkməzdi. Amma sonra qəfildən düşündüm, bəlkə o, alman firması üçün ticarət səfərində olan biridir və özünə etibarlı bir dəllal axtarır. Onun sifəti daha çox tipik alman sifətinə bənzəyirdi,