Onlar deyən qədər yuxarı dırmaşdıqdan sonra, üçüncü meydançada oxuyan bir uşaq səsi eşitdim: Atam tezliklə gələcək, şirin atam. Qapını döydüm və bir qadın, yaxud xanım onu açdı. Onun haqda nə düşünəcəyimi bilmirdim. O, çox solğun görünürdü və sifət cizgilərində yorğunluq nişanəsi vardı. O, mənə arvadımın paltar yuma günü bitəndə olan halını xatırlatdı. Əynində dizlərinə kimi uzanan, belində ipi olmayan uzun ağ xalatı vardı. Xalatın yaxalığı öndən qara sancaqla sancaqlanmış-dı. Hörmətli ətək əvəzinə o, altdan güllərlə örtülmüş qara parça geyinmişdi – sanki bu parça onun bədəninə, budlarına, dizlərinə tarım sarılmışdı. Qadın olduğunu xatırladan heç bir qabarıq nəsə, çıxıntı yox idi. Fredi göndərmədiyimə sevindim. Çünki onun geyimi fövqəladə qeyri-adi idi və geyimin qəribəliyi onun lətafətli hərəkətləri ilə ucalırdı. Sanki belə özünü tamamilə haqlı hesab edirdi, sanki başqa qadınlar kimi görünmədiyindən tamamən xəbərsiz idi. Həmçinin, mənim gəlişimin onda çaşqınlıq yaratmadığını anladım, o, nəyisə masanın altına dürtmədi, stulları çəkmədi, bir sözlə, evə qəfildən hörmətli bir cənab girəndə hər zaman edilən şeyləri etmədi.
Saçını çinlilər kimi geriyə daramışdı və başının arxasında düyünəbənzər bir şəklə salmışdı. Sonradan öyrəndim ki, paltarı hind kostyumunun bir növüdür, Hindistanda bu paltara saronq və kabaai deyirlər, amma məncə çox çirkin idi.
– Sən “Şallı kişi”nin arvadısan? – mən xəbər aldım.
– Kiminlə danışmaq şərəfinə layiq görülürəm? – o soruşdu. Və soruşduğu tondan belə başa düşdüm ki, mən də gərək şərəf deyərdim.
Bilirsiniz, mən komplimentləri xoşlamıram. “Müdirlə” bu məsələ bir qədər fərqlidir və mən vəzifəmi bilmədən biznes adamı olmuşam. Amma üçüncü mərtəbədə özümə çox zülm verməyi vacib hesab etməmişdim. Belədə qısaca adımın cənab Dristubl olduğunu söylədim. Dedim ki, Lauirier Kanalı 37 ünvanında qəhvə dəllalı işləyirəm və onun əri ilə söhbətləşmək niyyətindəyəm.
Balaca bir stulu mənə işarə etdi və həyətdə oynayan balaca qızı dizləri üstünə aldı. Bayaq oxuduğunu eşitdiyim balaca oğlan səbatlı baxışlarla mənə baxır, başdan-ayağa məni süzürdü. Cəmi altı yaşı olmasına baxmayaraq, o da çaşqın görünmürdü. Çox qəribə geyimi vardı, enli şalvarı güclə baldırına çatırdı və ayaqları topuq hissədən çılpaq idi. Çox nalayiq! – mən düşündüm.
– Atamla danışmağa gəlmisiniz? – o, qəfildən soruşdu.
Və dərhal pis tərbiyə aldığını bildim, yoxsa mənə “cənab” deyə müraciət edərdi. Mən hər şeyi üzdən keçmək istədiyim-dən və danışmaq istəmədiyimdən belə cavab verdim:
– Hə, oğlum. Bura atanla danışmaq üçün gəlmişəm. Səncə tez gələr?
– Bilmirəm, mənə bir qutu rəng almaq üçün pul axtarmağa çıxdı.
– Sakit ol, oğlum. – qadın dedi. Öz şəkillərinlə, ya da oyuncaq tamaşa ilə oyna.
– Bilirsən, ana? O cənab dünən hər şeyi götürüb getdi.
Son dəfə bir cənab gəlibmiş və hər şeyi aparıbmış – “nə xoş bir ziyarət.” Qadın nəsə problemi varmış kimi göründü, çünki gizlincə göz yaşlarını sildi və balaca qızı qucağında qardaşının yanına gətirdi.
– Bax, burada bir az Nonni ilə oyna.
Qəribə addır. Və o, oynamağa başladı.
– Hmm. Gözəl xanım, – mən xəbər aldım. Ərini bu dəqiqələrdə gözləyirsənmi?
– Bilmirəm, – o cavab verdi.
Bacısı ilə oynayan balaca oğlan onu tərk etdi və məndən soruşdu:
– Cənab, anamı niyə “gözəl xanım” çağırdın?
– Nə olar ki, elə deyəndə oğlum? – mən dedim. Ona necə müraciət etməliyəm ki?
– Necə? Başqaları kimi. Sən “gözəl xanım” aşağıda nəlbəki satan xanıma deməlisən.
Hə, mən Laurier Kanalı 37 ünvanında işləyən qəhvə dəllalıyam, ofisdə 13 nəfər işçiyik, maaş almayan Sterni də saysaq, 14 nəfərik. Heç mənim arvadım madam deyil, indi durub bu varlığı madam adlandırmalıyam mən? Bu mümkün deyil. Hər kəs öz yerində olmalıdır. Bundan əlavə, məhkəmə icraçıları hər şeyi götürüblər.
Mənim fikrimcə “gözəl xanım” ifadəsi tamamilə doğru idi və onun heç bir alternativi yox idi.
“Şallı kişi”nin niyə mənə zəng edib qutusunu istəmədiyini soruşdum. Deyəsən cavabını bilirdi, Brüsseldə olduqlarını dedi, əri orada “İndependence” jurnalında çalışırdı. Amma kişi orada qala bilməyib, çünki onun məqalələri səbəbi ilə jurnal Fransa cəbhələrində tez-tez qəbul edil-məməyə başlamışdı. Və onlar bir neçə gün öncə Amsterdama dönüblər. Burada isə “Şallı kişi” iş gözləyir.
– İşi əminəm ki, Qaafzuirgerin idarəsində gözləyir. Hə?
– Hə. Amma o iş alınmadı.
Mən bu haqda ondan çox bilirdim. O, Aqlaya cildlərini əlindən salmışdı, bundan əlavə tənbəl, məğrur və kasıb idi, bu səbəbdən də onu çıxartmışdılar. Sonra arvadı davam edib dedi ki, – “əlbəttə, bu günlərin birində mənim yanıma gələcəkdi, elə bəlkə də bu dəqiqələrdə mənim evimə yollanıb xahişin nəticəsini öyrənmək istəyir.”
Dedim, istəyirsə, “Şallı kişi” evimə gələ bilər, amma qulluqçu üçün belə problemli olduğuna görə qapını döyməsinə ehtiyac yoxdur. Dedim ki, bir müddət gözləsəydi, qapı əlbəttə ki, kimsə bayıra çıxanda açılacaqdı. Sonra isə mən şirniyyatlarımı da götürüb çıxdım. Çünki, düzünü desəm, mən həmin yeri xoşlamadım. Orada özümü rahat hiss etmədim. Dəllal əlbəttə ki, adi bir fəhlə deyil və təkrar bildirirəm ki, mən hörmətli bir şəxsəm. Əynimdə xəz paltom vardı, qadın isə hələ də bacardığı qədər rahat şəkildə əyləşib övladları ilə elə sakit tərzdə danışırdı ki, sanki yalnızdır. Bundan əlavə, deyəsən ağlayırdı, mən isə narazı insanlara dözə bilmirəm, orada həm soyuq idi, həm də adamayovuşmaz ortam vardı. Çünki hər şeyi götürüb aparmışdılar, mən isə sosiallaşmanı sevirdim. Evə gedərkən mən Bastianusa digər bir şans verməyə qərar verdim. Heç kimi işdən çıxartmağı sevmirdim.
Hazırda Sternin ilk həftəsi idi. Əlbəttə, bunun içində bəyənmədiyim çox şey vardı. Amma mən 2 saylı şərtə riayət etməli idim və Rozemeyrlər də bu fikirdə idi. Amma məncə onlar Sternə yaltaqlanırlar. Çünki onun Hamburqda yaşayan və şəkər çuğunduru biznesi ilə məşğul olan əmisi vardı.
“Şallı kişi” həqiqətən də mənim evimdə olmuşdur, o, Sternlə danışmış, Sternin başa düşmədiyi sözlər və məsələlər barədə bəzi informasiyalar vermişdir. Oxucumdan xahiş edirəm, növbəti bölümləri izləsin, belədə mən daha məzmunlu və tutumlu nəsə söz verirəm. Həmin nəsə mənim özüm, qəhvə dəllalı (iş yerim: “Last və Ko” şirkəti, Lauirer Kanalı 37) Batavus Dristubl tərəfindən hazırlanmışdır.
BEŞINCI