m. Azərbaycan bölümündən qəflətən rus bölümünə keçməyim mənə olmazın çətinliklər, əzablar yaşatdı. İt kimi idim. Başa düşürdüm, danışa bilmirdim. O vaxtlar itlərin necə əzab çəkdiyini bütün hüceyrələrimlə hiss edirdim. Hərbi məktəbdə bir qayda vardı. Çalışan, zəhmət çəkən, öyrənmək istəyən uşaqlara müəllimlər rəhm edir, mərhəmət göstərirdilər. Qiymət almaqdan ötrü bilmədiyim rus dilində bir neçə səhifəni əzbərləməyə məcbur olurdum. İnsan çətinliklə qarşılaşmasa, öz qüvvəsini bilməz. Heç kimdən kömək gözləmirdim. Xoş təsadüfə ümid bağlamırdım. Məndə çətinliyə dözmək bacarığı, iradə güclənirdi. Şərait nə qədər çətinləşirdisə, özümü bir o qədər ağıllı və möhkəm hiss etməyə vadar edirdim. Çox tezliklə anladım ki, insanı möhkəmləndirən onun xarici mühitə göstərdiyi müqavimətdir. Hamı yatandan sonra kazarmanın koridorunda əlimdə tarix, ədəbiyyat, coğrafiya kitabları gəzişə-gəzişə bütöv səhifələri əzbərləyirdim. Zabitlər dərslərə hazırlaşan, rus dilini bilməyən kursantlara “yat” əmrindən sonra yatmamaq icazəsi vermişdilər. Rus dilini bilən ağıllı bir kursant rus dilini bilməyən kursantlara dərslərini hazırlamaqda köməklik edirdi. Yaxşı yadımdadır, bir gün tarix dərsində müəllimə məni ayağa qaldırıb yazı taxtasının önünə dəvət etdi. Özümü birtəhər ələ alaraq, bütün iradəmi, cəsarətimi səfərbər edərək qorxa-qorxa yazı taxtasının önünə keçib Puqaçov üsyanı mövzusunda əzbərlədiyim dərsi danışmağa başladım. Onu da qeyd edim ki, Puqaçova, nədənsə, hər zaman simpatiyam olub. Puqaçov üsyanından bəhs edən filmə uşaqlıqda bir neçə dəfə baxmışdım. Özüm də bilmədən Puqaçova dərin hörmətim yaranmışdı. Yazı taxtasının önündə əzbərlədiyim dərsi danışdığım zaman müəllimə birdən məni saxlayıb sual verdi. Suala təbii ki, cavab verə bilmədim. Müəllimə söhbətin nə yerdə olduğunu, dediklərimin mənasını anlamadığımı, dərsi əzbərlədiyimi başa düşdü.
– Sən bütün bunları əzbərləmisən?
Başımla təsdiq etdim.
– Boje moy. Kakoy ujas. Koşmar… İdi sadis na svoe mesto.
Bütün sinif heyrətlə mənə baxdı. Əzbərlədiyim cümlələrin mənasını özüm başa düşməsəm də, tarix müəlliməsi çəkdiyim zəhmətə görə mənə bir üç yazmaq məcburiyyətində qaldı. Tarix müəlliməmiz kök, fiqurasız, mərhəmətli, ürəyiyumşaq bir qadın idi. Elə bil, müxtəlif ölçülü yarımkürələrdən quraşdırılmışdı. İçi qarpızla dolu bir çuvala oxşayırdı. Bu qadından söz düşmüşkən onun yaddaşıma həkk olunmuş bir hərəkətini mütləq qeyd etməliyəm. Atam təzə rəhmətə getmişdi. Tarix müəlliməsinin sinfində, pəncərənin yanında oturarkən Günəşli qəsəbəsindən şəhərə doğru hərəkət edən 333 və 223 nömrəli avtobusları görürdüm. Xüsusən, yağışlı günlərdə şəhərə doğru hərəkət edən avtobusları görəndə ürəyim bərk sıxılırdı. Ta uşaqlıqdan darıxmaqdan əziyyət çəkən bir adam hərbi məktəbin böyük ərazisində canını qoymağa yer tapmırdı. Avtobusda şəhərə gedən adamlara qibtə edirdim. Hərbi məktəbin ərazisindən mülki həyat mənə çox əsrarəngiz görünürdü. Hərbi məktəbə daxil olmağıma it kimi peşman olmuşdum. Amma təəssüf ki, artıq geriyə yol qalmamışdı. Üç ilimi burda keçirmək məcburiyyətində idim. Atamın rəhmətə getməsi, Günəşli qəsəbəsindən şəhərə doğru hərəkət edən avtobuslar, yağışlı hava, darıxmağım – hamısı bir-birinə qarışdı. Balaca ürəyim bu qarışıq hislərə, bu qüssəyə dözmədi. Qızmar qəhər yumağı sürünərək hülqumuma yaxınlaşdı, məni boğmağa başladı. Ağzım duz daddı. Dərsdə qəfildən hönkürdüm. Bütün sinif çevrilib mənə baxdı. İrina Feodorovna, tarix müəlliməmiz yerindən qalxıb mənə yaxınlaşdı. Sual verdi:
– Sən onu xatırladın?
Ağlaya-ağlaya başımla təsdiq etdim. O, toppuş əli ilə başımı sığalladı və dedi:
– Get, bir az bayırda gəz, gələrsən.
Onun mehriban səsini, səsinə çox gözəl yaraşan məxmər kimi yumşaq, ətli əlini indiyə qədər unutmamışam. “Sən onu xatırladın?” Üç sözdən ibarət bu sualda böyük bir qəlb gördüm. İndi də tarix müəlliməmi xatırlayarkən mənə elə gəlir ki, sakit bir məbədə daxil oluram.
Əvvəlcə sinif otağını, sonra isə tədris korpusunu tərk edərək zeytunluğa tərəf getdim. İnsan öz qəm-qüssəsi ilə mübarizəyə var qüvvəsini sərf etdiyi bir zamanda, yanında şahid olması ona xoş gəlməyə bilər. Zeytun ağaclarının arasında gəzərək, uşaqlığımda olduğu kimi, göz yaşlarımdan zövq alaraq doyunca ağlayıb yüngülləşdim. Üzümü yuyub sinfə qayıtdım. Bütün bunlar həyatımdan 15-20 dəqiqə vaxt apardı. İndi də Zığ şosesi ilə maşınla gedərkən zeytun ağaclarını gördükdə o ağacların altında gəzişə-gəzişə ağladığım vaxtları xatırlayıram.
Çatski nə istəyirdi?
Tarix dərsi ilə müqayisədə rus dili və ədəbiyyat dərsində daha çox əzab çəkirdim. Rus dilini bilən uşaqlar rayondan gəlmiş rus dilini bilməyən uşaqları hər addımda sancır və incidir, onlara hər fürsətdə gülürdülər. Başqa millətin nümayəndələri, məsələn, ruslar, beloruslar, xüsusən xoxollar bizə, rus dilini bilməyənlərə daha hörmətlə yanaşırdılar, bizə köməklik etməyə çalışırdılar. Rus dilli müəlliməmiz tarix müəllimimizə nisbətən daha tələbkar və sərt müəllimə idi. Yaxşı yadımdadır, biz Qriboyedovun “Ağıldan bəla” dərsini keçirdik. Müəllimə məni ayağa qaldırıb sual verdi:
– Kursant Əliyev Seymur!
– Mən!
– Qalxın ayağa!
Qorxa-qorxa ayağa qalxdım.
– Deyin görüm, Çatski nə istəyirdi?
Suala cavab verə bilmədim. Üstəlik, işləri lap korlayaraq müəlliməyə “siz” yox, “sən” deyə müraciət etdim. Müəllimə bərk əsəbiləşdi. Məni möhkəm danladı. Dedi ki, mən müəlliməyəm. Siz mənə hörmət etməlisiniz. Müəlliməyə “sən” deyə müraciət etmək olmaz. Bu, tərbiyəsizlikdir. Onu başa sala bilmədim ki, müəlliməyə «sən» deyə müraciət etməyim tərbiyəmin nəticəsi deyil, dili bilməməyimin nəticəsidir. Ləyaqətimi sübut etmək üçün ağlamaqdan savayı özgə bir vasitəm qalmamışdı. Müəllimə peşman oldu. Ürəyi yumşaldı. “Çatski nə istəyirdi” sualına cavab vermək üçün mənə bir həftə vaxt verdi. Həmin gün axşam bir zabitdən ömrümün ən faydalı məsləhətlərindən birini eşitdim. Fikirli-fikirli kazarmanın önündə gəzişirdim. Zabit məndən niyə fikirli olduğumu soruşdu. Dedim ki, müəllim tapşırıq verib. Bir həftəyə öyrənməliyəm. Zabit dedi:
– Rus dilində keçdiyin dərsləri Azərbaycan dilində oxu. Vaxt itirmə. Dili sonra, onsuz da, öyrənəcəksən. Burda bir kursant vardı. O da rayondan gəlmişdi. Rus dilini bilmirdi, amma keçdiyi dərsləri Azərbaycan dilində oxuyurdu. Sonra rus dilini öyrəndi, ali hərbi məktəbə daxil oldu. Təyyarəçidir…
Bu məsləhət ağlıma batdı. Böyük çətinliklə Qriboyedovun “Ağıldan bəla” əsərini tapıb Azərbaycan dilində oxudum. Bir həftədən sonra rus dili və ədəbiyyat müəlliməmiz məni yenidən ayağa qaldırıb sual verdi:
– Kursant Əliyev Seymur!
– Mən!
– Qalxın ayağa. Deyin görüm, Çatski nə istəyirdi?
Suala rus dilində cavab verə bilmədim. Müəllimə məni xeyli danladı. Sinifdə uşaqların arasında xeyli xəcalət təri tökdüm. Müəllimə rəhm edərək mənə daha üç gün vaxt verdi. Dedi ki, bu sonuncu möhlətdir. Əgər suala cavab verə bilməsəm, məni bir daha dərsə buraxmayacaq və məktəbdən xaric olunmağım üçün rəhbərliyə müraciət edəcək. Dərs bitdi. Uşaqlar sinfi tərk etdi. Mən sinifdə ləngidim. Qorxa-qorxa müəlliməyə yaxınlaşaraq Azərbaycan dilində dedim:
– Müəllimə, mən bilirəm Çatski nə istəyirdi.
– Yaxşı. Danışın!
Çatskinin nə istədiyini Azərbaycan dilində müəlliməyə danışdım. Müəllimə baxdı sifətimə. Dedi ki, gündəliyinizi verin mənə. Çantamdan gündəliyimi çıxarıb müəllimənin masasının üstünə qoydum. Müəllimə gündəliyimə “üç” qiyməti yazdı. Həmin gündən sonra Azərbaycan dilində kitabları taparaq oxuyurdum. Xeyli rahatlaşmışdım. Başa düşdüm ki, əslində, mən öz kursant yoldaşlarımın çoxundan bacarıqlıyam, sadəcə, dili