bunu adamların gözü qabağında necə edəsən? Onlar bunu nəyə görə etdiyimi başa düşəcəkdilərmi? Əlbəttə ki, üzümə deməsələr də, ürəklərində düşünəcəkdilər, yazığın başı xarab olub.
Çevrilmə
Universiteti iki il əvvəl bitirmiş, öz sənətini sevən, ömrünün sonuna qədər bəşəriyyətə və insaniyyətə xidmət etməyi qarşısına məqsəd qoymuş gənc rəsm müəlliməsi Orxanın çəkdiyi at rəsminə baxıb dərindən bir ah çəkdi və çox böyük nəvazişlə uşaqdan soruşdu:
– Orxan bəy, mənim balam, bu at niyə belə arıqdır? Bir az kök at çəkə bilməzdiniz?
– Müəllimə, bu at çox yorğundur.
Müəllimə Orxanda çoxdan qeyri-adilik hiss etmişdi. Bu uşaq sinifdəki bütün uşaqlardan kəskin seçilirdi. Uşaq daima pəncərədən bayıra baxırdı. Yağış yağanda xırdaca yağış damcılarının zərbəsindən ağacların yarpaqları titrəşər, navalçadan nazik su şırnağı axardı. Navalçanın altındakı gölməçədə balaca yaşıl qurbağa oturardı. Su qurbağanın başına tökülərdi, ancaq qurbağa yerindən tərpənməzdi, Təkcə gözlərini qırpardı. Gecələr Orxan yuxudan ayılar, pərdənin qırağını qatlayar, zəif işıqlı küçəyə tamaşa edərdi. Onun artıq on yaşı tamam olmuşdu. Heç kimlə danışmırdı. Gündüzlər evlərinin qarşısındakı balaca həyətdə oturub torpağı bir ovucundan o biri ovucuna boşaldar, susardı. Suallara qeyri-müəyyən və həvəssiz cavab verirdi. Sevgidə bəxti gətirməmiş və sevgiyə inamını itirmiş rəsm müəlliməsi (bir əclaf yazıçı müəllimənin sənətə, ədəbiyyata olan sevgisindən sui-istifadə edərək qızı aldatmış, kefini çəkmiş, sonra da aradan çıxmışdı) uşağın gözlərinə baxdı və uşağın gözlərində böyük kədər, yorğunluq gördü. Müəllimə uşağın başını sığallaya-sığallaya növbəti sualını verdi
– Bu at niyə belə yorğundur?
– Bilmirəm.
– Orxan bəy, siz böyüyəndə nə olmaq istəyirsiniz?
– Heç nə
– Necə yəni heç nə? Bəlkə, həkim olmaq istəyirsiniz?
– Yox, istəmirəm
– Bəlkə, təyyarəçi olmaq istəyirsiniz?
– Yox, istəmirəm
– Bəlkə, polis olmaq istəyirsiniz, ya da müəllim?…
– İstəmirəm
– Bəs nə olmaq istəyirsiniz? Axı hər bir insan böyüyəndə nəsə olmalıdır.
Orxan müəllimədən yaxa qurtarmaq istəyirdi. Ətrafa göz gəzdirdi və divardan asılmış balıq rəsmini gördü. Həvəssiz-həvəssiz müəlliməyə cavab verdi.
– Müəllimə, mən balıq olmaq istəyirəm
– Balıq?
– Hə, balıq
– Orxan bəy, balıqlar suda yaşayırlar. Biz insanlar isə quruda, torpaqda yaşayırıq.
– Mən balıq olmaq istəyirəm.
Müəllimə qeyri-adi uşaqları sevirdi, lakin Orxanın cavabı, uşağın balıq olmaq istəməsi onu çaşdırdı. Uşağın qeyri-adi olması yaxşı şeydir, daha bu qədər də yox.
– Yaxşı. Başa düşdüm. Ananıza deyərsiniz, sabah məktəbə gəlsin.
Həmin gün Orxan məktəbdən çıxıb evə getmədi. Bulvara tərəf üz tutdu. Heç nə ala bilməyəcəyi mağazaların qabağından keçdi. Bulvar məktəbdən bir kilometr aralıda yerləşirdi. Orxan sürahiyə söykənərək öpüşən, qucaqlaşan cütlüklərə əhəmiyyət vermədən çiynində çanta, bulvarda gəzdi. Sakit, nisbətən adamsız bir yer tapıb xeyli dənizə baxdı. Çantasından bulka çıxarıb qağayıları yemlədi. Ətrafa göz gəzdirdi. Sakitlik idi. Heç kim ona mane ola bilməyəcəkdi. Orxan məktəb çantasını asfaltın üstünə qoyub sürahinin üstünə çıxdı. Tərəddüd etmədən cəsarətlə özünü dənizə tulladı.
Şirin kökəyə bənzəyən günəşin qürub etməsi haqqında mənsur şeir
Kilsənin həyət qapısının önündə dilənçi oğlan oturmuşdu. Oğlan şalvarını dizinə qədər çırmalamışdı. Onun sağ ayağı eybəcər, taqətsiz, nazik idi, gündən qapqara qaralmışdı, üstünü sarı tük basmışdı. Cansız sol əli arıq dizində, sürtülmüş şalvarında hərəkətsiz dayanmışdı. Sağ əlində taxta fincan tutmuşdu. Fincanın dibində dəmir pullar vardı. Papaqsız idi. Çiynindən qalın kətan çanta asılmışdı. Əynindəki paltarı cırılıb, didilib cındıra dönmüşdü. Cındırın altında isə bir dəri, bir sümük qalmışdı. Bir də ki, hələ, hələ ki, döyünən bir ürək. Gözlərində üzüntülü, yalvarıcı ifadə, ayaqlarında yırtıq qaloşlar vardı. Qaloşlarına yapışmış palçıq qurumuşdu. Ətrafına sorulmuş limon tikələri, yumurta qabıqları, papiros kötükləri atılmışdı. Tükləri tökülmüş, gözləri taqətdən düşmüş qoca it başını qabaq əllərinin üstünə qoyub oğlanın yanında uzanmışdı. İtin qarşısında yekə bir sümük vardı. Lakin bu sümüyü gəmirməyə itdə hey qalmamışdı. Oğlan ağzından axan seliyə daraşan milçəklərə əhəmiyyət vermədən sakit səslə dini mahnı oxuyurdu. Onun oxuduğu mahnı qəlbimi dözülməz dərəcədə sızıldadırdı. Yaşlı bir kişi dilənçi oğlanın oxuduğu dini mahnıya qulaq asa-asa pırtlaşıq gur saçlı başını bulayırdı. Kilsənin ətrafına səpələnmiş müxtəlif rəngli atlar quyruqları ilə milçəkləri qovurdular. Atlardan bəziləri tüklü, toz basmış ayaqlarını aralı qoyaraq gözlərini yumur və mürgüləyirdi. Bəziləri isə darıxdıqlarından bir-birlərini qaşıyırdılar.
Hava sərinləşir, günəş qürub edir, kilsənin ətrafına tələbələr, qonaqlar, qızlar, müxtəlif təbəqələrə məxsus şəhər əhli toplaşırdı. Onların hamısı günəşin qürubunu görmək istəyirdilər. Bu əzəmətli mənzərə insanın qəlbində dua oxumaq həvəsi oyadırdı: Ey yeri-göyü yaradan Tanrı, biçarə bəndən bilərəkdən, ya bilməyərəkdən günah iş tutubsa, keç günahından.
Biz ehtiramla sakitcə dayanıb, gözəl günəşin üfüqlərin ənginliyinə enməsinə tamaşa etdik. Bənizlər qürub edən günəşin al şəfəqləri ilə nurlanmışdı. Qürub edən günəş şirin kökəyə bənzəyirdi. Əgər əlimdə imkanım olsaydı, şirin kökəyə oxşayan günəşin qırağından bir az dişləyib yeyərdim. Yanımda dayanmış qadının sifəti mənə tanış gəlirdi. Bu sifət mənə kimi xatırladır? Başımı aşağı salıb qəfil qadının sifətinə baxdım. Adətən, bu cür fənd bir adamı haradan tanıdığımı, kimə oxşatdığımı tez xatırlamaqda mənə kömək edirdi. Ancaq bu dəfə fənd işə yaramadı.
Musiqi tarixi
Elnarə adından xoşum gəlir. Hər şey bir tərəfə, sevdiyim ilk qızın adıdır. Arıq, uzun saçlı, sərçə kimi çevik bir qız idi. Deyirdin, indicə, bu dəqiqə havalanıb göyə qalxacaq. Uçub ağaca, dama, məftilə qonacaq. Onu görəndə utanırdım, həyəcanlanırdım. Yanaqlarım alışıb yanırdı. Elə bil, hər yanağıma bir köz parçası yapışıb qalmışdı. Başqa-başqa siniflərdə oxuyurduq. Onu görmək üçün dərsdən qaçmalı olurdum. Yolumu uzadırdım. Dərslərim qurtarsa da, evə getməyib məktəbin həyətində veyllənib Elnarənin dərsdən