Seymur Baycan

Adsız itin qayıdışı


Скачать книгу

dartdı. Biri başımı sığalladı. Nə baş verdiyini anlamırdım. Biri bufetdən mənə kojik və kakao aldı. Məktubda nə yazdığım yadımdan çıxıb, amma görünür ki, yaxşı məktub yazmışdım. Qızları da balaca bir uşağın belə qaynar məktub yazması heyrətləndirmişdi. Bu vaxta qədər heç kimin fikir vermədiyi bir uşaq məktəbin ən maraqlı sevgi məktubunu yazmışdı. Görünür, hətta o uzaq illərdə belə ədəbiyyat öz işini görmüşdü. Bufetə gedəndə, məktəbin həyətinə çıxanda yuxarı sinfin qəşəng qızları başıma yığışırdı. Mütləq birisi mənə nəsə hədiyyə edirdi. Şokolad, konfet, ya peçenye. Bufetdə onlar məni gördükdə mütləq ya kakaoya, ya da kojikə, biskvitə qonaq edirdilər. Yanağımı dartaraq məktubda yazdığım cümlələrdən bir-ikisini aktrisa kimi təkrar edirdilər, sonra gülüşürdülər, sonra araya sakitlik çökürdü və onlar mat-mat üzümə baxırdılar. Elə bil, balaca bir uşağın elə məktub, elə cümlələr yazmasına inanmırdılar. Sonra yenə də onlardan biri müəllifi olduğum məktubdakı cümlələrdən birini təkrar edirdi. Onlar gülüşürdülər. Bir tərəfdən, böyük qızlarla dostlaşmağım, onların mənə qayğı göstərməsi xoş idi. Digər tərəfdən, məktubumdan başqalarının xəbər tutması məni qəzəbləndirirdi. Elnarədən zəndeyi-zəhləm getdi. Mədəsində yara olan adam qızardılmış ətdən necə uzaqlaşırsa, mən də Elnarədən elə uzaqlaşdım. Buna baxmayaraq, ilk sevgim sayəsində mən musiqi məktəbinə getdim. Nəticədə, dahi bəstəkarların, ümumiyyətlə, dahilərin həyatına maraq göstərməyə başladım. Bu xatirələr uzun illər boyu ürəyimin dərinliklərində itib qalmışdı. Partlayışdan gicəllənən balıqlar suyun üzərinə çıxan kimi, birdən-birə üzə çıxdılar.

      Azad ev

      Onların evində hər bir uşağın arzusunda olduğu azadlıq havası vardı. Bizi də o evə çəkən bu azadlıq havası idi. Kim nə vaxt, harada istəyirdi, yatırdı. Kim nə vaxt istəyirdi, yeyirdi. Onlar daha çox kartof soyutması, kartof qızartması, kartof püresi, qayğanaq, soyutma yumurta, yayda qarpız-yemiş, pomidor-xiyar, pendir, qışda borş, xəmir yeməkləri yeyirdilər. Bibim evdə səliqə-sahmana fikir verən qadınlardan deyildi. Həmişə evin ortasında çoxlu kirli, əzik-üzük paltarlar tökülüb qalırdı. Əşyaların üstündə bir qarış toz olurdu. Masanın üstündə çörək qırıntıları, qəzet parçaları, konserv qutuları bir-birinə qarışırdı. Baxan oldu-olmadı, televizor daima işləyirdi. Üstəlik, radioda da diktor nəsə qırıldadırdı. Evdə hökm sürən pintilik heç kimi bir qram da narahat etmirdi. Əksinə, bu evi təmiz təsəvvür etmək mümkün deyildi. Deyəsən, pintilik bu evə yaraşırdı. Evdə çoxlu siçanlar vardı və evin sakinləri siçanlarla səmimi bir dostluq havası içərisində yaşayırdılar. Divarlardan boz və tozlu hörümçək torunun saçaqları sallanırdı. Torlarda həmişə qurumuş milçək ölüsü olurdu. Hətta hörümçək torlarının birindən sarı filtrli siqaret kötüyü ilişib qalmışdı. Bu azad ev ildə bir dəfə bibimin universitetdə müəllim işləyən qardaşı şəhərdən rayona qonaq gələndə düz-əməlli yığışdırılırdı. Bütün otaqların döşəmələri yuyulurdu. Pəncərələr silinirdi. Xalça-palazı bayıra atıb tozunu çırpırdılar. Düzünü desəm, təmizlik bu evin azad havasına xələl gətirirdi. Bibimin qardaşı sanatoriyada da, kurortda da dincələ bilərdi. Lakin o, yay tətilində mütləq bibimgilə gələrdi. Çünki bacı-qardaş hədsiz dərəcədə bir-birlərini çox istəyirdilər. Bibim universitetdə müəllim işləyən qardaşıyla fəxr edirdi. Bacısı uşaqları da dayılarını həddindən artıq sevirdilər. Onun gəlişi bayrama çevrilərdi. Uşaqdan tutmuş böyüyə qədər hamıya hədiyyə gətirərdi. Bacısı uşaqları bir-birlərinə aman vermədən onun qulluğunda durmaq istəyirdilər. Onun hər bir istəyi anındaca böyük həvəslə yerinə yetirilirdi. Bibimin qardaşı yumru, balacaboy, keçəl, şalvarı göbəyinə qədər qaldıran, nazik ayaqlı bir kişi idi. Adətən, fransız romanlarında bütün notariusları ucdantutma belə təsvir edirlər. Yumru, enlisifət, balacaboy, nazik ayaqlı… Mən ondan soruşurdum:

      – Sən nə işləyirsən?

      O isə deyirdi:

      – Sən orta məktəbi bitirib universitetə girəcəksən, bax, onda mən sənə universitetdə dərs deyəcəm.

      Universitet – bu söz mənim üçün necə də dəhşətli səslənirdi. İlahi, mən orda necə oxuyacam?! Bu ki dəhşətdir…

      Azad ev təpənin başında yerləşirdi. Ev bir az torpağa girmişdi. Sanki, ağır, nəhəng bir qüvvə evin başından basıb torpağa soxmuşdu. Hasar əyri-üyrü idi. Müxtəlif ölçülü taxtalar bir-birinə necə gəldi mıxlanmışdı. Evin taxta döşəməsi aralanmışdı, pilləkən əsim-əsim əsirdi. Addım atanda otağı səs-küy bürüyürdü. Toyuq hininin damını cır əncir kolları basmışdı. Kolların kökləri hinin damını ordan-burdan sıxışdırıb çatlatmışdı. Yetişəndə partlamış əncirlərin qırmızı meyvələri görünürdü. Evdə yekə-yekə kişilər ola-ola hər şey beləcə uçulub dağılırdı. Heç kimin heç nə vecinə deyildi. Hər kəsin başı içməyə, öz əyləncəsinə qarışmışdı.

      Gecələr avtovağzal idarəsinin, aşağıda dumanın içində gözə görünməyən evlərin işıqları közərirdi. Adama elə gəlirdi ki, nə qədər yol getsən də, bu uzaq, sakit işıqlara çatmaq mümkün olmayacaq. Yazda ağaclar yarpaqlayanda bağların hasarlarını görmək olmurdu. Bağlar bir-birinə qarışaraq böyük bir yaşıllığa çevrilirdi. Lakin ilin dörd fəslində – yazda, yayda, payızda, qışda həyətlərdən tüstü sütunları yüksəlirdi. Bu sütunlar uzanaraq göydə buludabənzər bir şəkil alır və əriyirdi. Yay aylarında ortancıl əmimoğlu həyətdə ağacların altında yatırdı. O, Robinzon Kruzo kimi ağacların altında özünə balaca yaşayış məskəni qurmuşdu. Kiçik əmimoğlu isə evin qabağında taxtaların üstündə köhnə maşın oturacaq-larından özünə yatmaq yeri düzəltmişdi. Mən dərsdən çıxanda azadlıq havası hökm sürən evə gəlirdim. Qızmar gündən və çox yorulandan sonra sərin suda çimib dincələn adam özünü necə hiss edirsə, mən də burda, azad evdə özümü çox rahat hiss edirdim. Yaşda özümdən böyük əmimoğlanlarını müşahidə etmək, onların əyləncələrinə, oyunlarına baxmaq mənim üçün hədsiz dərəcədə maraqlı idi. Onlar bəzən həyətdə ağacların arasında, otların üstündə güləşirdilər. Bu yekə oğlanların güləşməsinə baxmaq nə qədər gözəl idi! Qardaşlardan birinin balaca maşını vardı. Bizi bu maşına mindirib rayon küçələrində gəzdirərdi. Uşağa xoşbəxt olmaq üçün bundan savayı nə lazımdır ki?! Xüsusən, qış aylarında onların evi daha maraqlı olurdu. Əmim üç litrlik bankada arağı qarşısına qoyub bəzən tək, bəzən də oğlanları ilə vururdu. Bankanın içinə keşniş doğrayıb tökürdülər. Yaşıl keşniş yarpaqları araqla dolu üç litrlik bankanın içində saralırdı. Masanın üstündə kələm, xiyar, pomidor turşusu olurdu. Onlar yayda nə qədər tədarük görsələr də, elə qış fəslinin əvvəlində hər şeyi sürətlə yeyib qurtarırdılar. Xiyar, pomidor, kələm turşusunu soyutma kartofla, soyutma yumurtayla iştaha ilə yeyirdilər. Doyunca yedikdən sonra qalın, yekə şüşə stəkanlarda çay içirdilər. Hərə üç-dörd stəkan çay içirdi. Böyük qurtumlarla, ancaq nəfəs dərmək üçün dayanaraq çayı elə böyük həvəslə içirdilər ki, elə bil, səhradan gəlmişdilər, susuzluqdan ciyərləri yanırdı. Hisdən qaralmış çaynik odun peçinin qırağında həzin səslə dızıldayırdı. Əmim evdə olmayanda evin balaca oğlu odun peçinin içinə partladan atıb anasını və qoca nənəsini