etməli idi. Sonra səhnədə mən peyda oldum. Atamın şəhərdə yaşadığı kasıb həyat heç zaman mənim olmayacaqdı.
Atam hər şeyini oyun masasının üzərinə qoymuşdu.
O sutkanın 24 saatını işləyirdi və sürücü kimi çox xoşbəxt idi. Bəzi insanlar babamın atama nəzarət etdiyini, pis əməllərinə göz yumduğunu iddia edirdilər. Sərnişinlər onu maşının qabaq oturacağında oturan görmüşdülər.
Sərnişinlər atamdan onları ölkənin şərqinə və qərbinə sürüb aparmağı xahiş edirdilər. Bir dəfə sükan arxasında yataraq çaya düşmüşdü. Başqa bir dəfə isə o, Hvalfyord dolanbaclarını heç bir xəta-bəlasız yarı yuxulu vəziyyətdə dırmaşmışdı.
Yeganə məqsəd isə Briqqyusundakı zirzəmi evi abırlı bir görkəmə salmaq idi. Həm anamla evlənsin, həm də hər üçümüz köçüb orada yaşaya bilək…
9
Atam evi sahmana salana qədər anamla mən nənəm və babamla birlikdə Skeggjagatada qaldıq. Mən ana tərəfdən ailənin birinci nəvəsi sayılırdım, anam isə dostları arasında ilk uşaq sahibi. Bu, o zamanlar idi ki, qadınların məşhur Bett Devisin filmlərinə heyranlığı yalançı və qeyri-səmimi deyildi. Mən sanki pərəstişkarlarımın əhatəsində şöhrət dənizinin içində üzürdüm. Bircə dəfə dilimi çıxarmaq bəs edirdi ki, ətrafımdakı insanları başlarını silkələyəcək qədər qəhqəhələrə boğum.
Məni təkcə gözyaşardıcı qaz və daşlarla qarşılamadılar. Çarpayımın ətrafında böyük bir izdiham vardı. İnsanlar mənə gülümsəyir və əl yelləyirdilər. Mən uşaq çarpayıları ilə əhatə olunmuş böyük bir səhnədə uzanmışdım.
Mənim doğuluşum dünyanın bütün kölgələrini bir tərəfə qovdu. Ətrafımda gecə və gündüzün hər saatında işıq vardı.
Var idimi, yoxsa?
– O həmişə rəqs meydançasında olur, – deyə anamın dostu Hafdis dedi.
Bu sözləri ilə atamı nəzərdə tuturdu.
– O nədir? – anam söylədi.
– Hə, deyirlər o həmişə rəqs meydançasına gedərək hündür boylu, uzun, dalğalı saçları olan bir qadınla rəqs edir. Digər dostları da eyni fikirdə idilər. Onlar da başqa qadınlardan eşitmişdilər.
Anamın döşlərini əmərkən şübhələrin onu necə tədirgin etdiyini duyurdum. Atam bizə zəng edib uğurlarından – mətbəx üçün lazımi avadanlıqları tamamladığından, qazan dəsti almaq üçün hətta sürücülükdən kifayət qədər pul qazanmasından danışanda, anam sadəcə qəzəblənirdi.
Sanki bu işıqlı dünyada qazan və digər mətbəx ləvazimatlarından başqa yeni heç nə yox idi. Axı, bu axmaq kimdir ki?
Anam ona şübhəli nəzərlərlə baxırdı. Yəqin ki, bu söz-söhbətlər əsassız deyildi. Taksi sürücüləri hamısı qadın düşkünü olurlar… Və Hafdis dostları ilə birlikdə rəqs meydançasına gedərkən bütün bunları öz gözləri ilə görmüşdü. Fakt fakt idi. Atam rəqs meydançasının ortasında sanki bir kavaler imiş kimi rəqs edirdi. Bundan əlavə, o özünü elə aparırdı ki, elə bil nə qadınları, nə Hafdisi, nə də başqalarını görüb tanıyır. Hətta bütün gecəni oturub onlara Kamb kilsəsinin kasıbların müalicəsi üçün hazırladığı samaqondan, anasının – mənim nənəmin yaşamaq uğrunda apardığı mübarizədən danışırdı. Ətrafdakılar ona heç nə söyləmədən qulaq asırdılar.
Anam özünü dəhşətli dərəcədə pis hiss edirdi. Rəqs meydançasından qayıdan dostlarını görüncə, gözləri yaşarırdı. Hətta ən möhkəm təməllər belə sarsıla bilir. O, gərək Kamb kilsəsindən çıxan küçə tüfeylisinə inanmayaydı. Amma indi ondan bir uşağı vardı.
Və hətta…
– Mən gedib onunla danışacağam, – böyük dayım Johannes söylədi. O bu oğlanla niyə sevişmişdi? Bununla bağlı qeyri-müəyyən şübhələr onun üzərinə çökürdü. Bütün bu təlaşları heç cürə anlaya bilmirdi. Dayım Johannes şəhərə gedərək rəqs meydançasının qapısından çətinliklə içəri daxil oldu. Atam yenə də rəqs edirdi. Johannes birbaşa onun qarşısına keçdi.
– Siz arvadınız və uşağınız haqqında çox az düşünürsünüz, – kəskin bir şəkildə söylədi.
– Nə? – deyə rəqs meydançasının kralı özünü heç bir şey anlamırmış kimi göstərdi. – Bu nə əsəbdir belə?
Johannes boğazını arıtladı.
– Bu nə deməkdir? Sən mənimlə necə danışırsan? Çaşmısan deyəsən?
– Siz yeni doğulmuş oğlunuzu da tanımaq istəmirsiniz? – deyə Johannes söylədi.
– Yox, siz yəqin ki, mənim qardaşım Olafı nəzərdə tutursunuz. Mən Qammiyəm – söyləyərək rəqsinə davam etdi. Və Johannes gördü ki, indi onlar bir-birləri üçün ölüm zəngindən başqa bir şey deyillər.
Johannes evə tələsirdi. Axı niyə bu qadınlar Olaf və qardaşları onlarla salamlaşmadıqda hisslərinin təhqir olunduğunu düşünmürlər…
Johannes başını yellədi. Bəli, bu dünyanın çılğınlığı böyükdür.
10
Anam gecənin kölgəsində beşiyimin başında oxuyurdu. Şirin və uzun laylalar məni dərin yuxuya aparırdı.
Nənəm Mariya da mənə qolları arasında laylalar söyləyirdi. Bütün dünya sanki həzin bir poeziyanı nəğmənin dili ilə dinləyirdi. Nənəm çoxlu hekayə və şeirlər bilirdi. Bildikləri təkcə şairlərin poeziyasından deyildi. İslandiyanın Hraungerdisdalur vadisinin Lyosaland fermasında yaşayan kor qadının söylədiyi şeirlərin də vurğunu idi. Bu vadinin ən möhtəşəm yerlərindən biri sayılan Eyjafjord rayonu nənəmi hər zaman xatirələri ilə təqib edirdi. Baxmayaraq ki, nənəm əlində çəlik bu yerləri gəzmədi, amma hekayə və təsvirlərini on illərlə yaddaşında yaşatdı; saatlarla mətbəxin sakit guşəsində oturaraq.
Nənəm oraları ruhunda yazda quşların civiltisində, yayda otların şehində yaşadırdı. Bu münasibətinə görə nənəmin şimallı insanlarla oxşarlığı vardı. Onun düşüncələrinin bir hissəsi hələ də bir-birləri ilə vadi olmaq uğrunda rəqabət aparan şimallıların düşüncələri ilə eyni idi.
Anam həkim müayinəsindən gələnə qədər nənəm məni döşəmənin üzərində qolları arasında yelləyirdi. Anam paltosunu çıxardıqdan sonra güzgü qabağında saçlarını səliqəyə saldı.
– Onlar gülməli suallar verirlər, – anam söylədi. – Ailədə bir dəlilik varmı deyə bir şey soruşdular.
– Dəlilik, – nənəm mənə baxaraq cavab verdi. – Məgər bütün ailələrin daxilində bir dəlilik yoxdurmu?
Anam gülümsündü. – Necə də axmağam, gərək nə isə deyib cavabını verəydim.
Nənəm on beş yaşında ikən anasını itirmiş, atası isə iki il fermanı tərk edib getmişdi. O, Reykyavikə piyada gedənə kimi heç zaman doğulduğu vadini tərk etmədi.
Orada bir müddət qulluqçuluq etdi, sonra sərhədi keçərək Danimarka və İsveçdə fermalarda