Роберт Вальзер

Dələduz


Скачать книгу

pafos dolu, zəhər dolu, qürur və qərəz dolu) Mən sənin ideal bir ər müdriklliyində olduğuna şahidəm. Üstəlik çiyinlərin də güclüdür. Mən hələ belə enlikürək birini görməmişəm.” Bütün bu axmaq sözlərə isə Dələduz yalnız zəif səsli bir cümlə ilə etiraz edirdi, “Mənim çiyinlərim mənim gördüklərimin ən zəifidir”. Qadınsa onu Herakla bənzətməkdən vaz keçmirdi ki, vaz keçmirdi. Ətrafda həqiqi bir Dələduz görünüşündə gəzən bizim bu sosial həyat fərarisinin xəncər asılmış kəmərinə diqqət yetirməlisiniz. Tutqun rəngli geniş şalvarı, incəlmiş belinə sarıdığı qurşaq, saçları, şapkası ilə qorxusuzluq hissinin cisimlənmiş halını təcəssüm etdirən bu adamın köynəyini zərif bir işləmə bəzəyirdi. Düzdür pencəyi bir qədər köhnəlmişdi, amma kürkünün görünüşü öz bahalılığına, dəbdəbəsinə görə diqqət çəkirdi. Əgər onun əynindəkilərini bir rənglə ifadə edəsi olsaq bu ancaq yaşıl ola bilərdi ki, bu yaşıl qarlı havada çox aydın, uzaqlardan nəzərə çarpanlardandı. Mavi baxışlar səpələyən gözlərində müəyyən bir sarışınlıq sizin diqqətiniz cəlb edə bilərdi ki, bu uyum da gözlərlə qəlbin əbədi qardaşlığının bir harmoniyası idi. Üstəlik əlində tutduğu tapança sanki sahibinə gülüş yağdıran formada dekorativ bir izlənim yaradaraq bir palitra rəssamının əsəri ilə yarışacaq qədər uğurlu təsir bağışlayırdı. Qısası çiyinlərinin zəifliyini bəhanə gətirən Dələduz tapançanın lüləsini özünə tərəf çevirərək bu hiddətli, bir kitabçıdan Şlatterin “Frauenpfadesini” (Qadınların bildiyi üsullar – terc.) alıb, diqqətlə oxumuş, bir sözlə cümlə-cümlə hafizəsinə yazmış qadına onu, Editin təsirindən çıxa bilməyən, onu sevən qadına yalvaran səslə “Mənə qarşı çox qəddarsan deyə” pıçıldadı. Həqiqətən Dələduz Editin təsirindən çıxa bilmirdi. Edit onun üçün çox dəyərli, çox yüksəklərdə idi. İndisə gəlin bir qədər Rathenau haqqında danışaq.

      Bir zamanlar yüzlərlə özünü “yaxşı” sayan vətəndaşın başına itin oyununu açmış, zənginləri zənginlikdən soyutmuş, onlardan aldığını yoxsulların xeyri üçün xərcləyən Rinaldini ilə bizim bu dəliqanlı gəncimiz arasında necə də kəskin nəzərə çarpan fərqlər var. Hər şeydən əvvəl Rinaldini böyük bir idealist idi. Öz ideyaları uğrunda hər kəsi öldürə bilərdi. Amma siz bizim bu yerli qəhrəmanımıza baxın, məsələn onun hansısa macarlardan ibarət orkestrinin ifa etdiyi hansısa Vyana kafesində məsum gözlərinin ilığa qədər işləyən dərin maqnetizminin köməkliyi ilə qurduğu telepatiya sayəsində pəncərə kənarında oturmuş hansısa qəşəng bir qızın daxili sakitliyini, hüzurunu öldürməkdən başqa əlindən heç nə gəlməz. Bizim bu Dələduz hüzur qatilidir. Hələ mən onun musiqi dinləyərkən düşdüyü ruh halını demirəm, musiqinin verdiyi ekstaz halından ifadə olunmayacaq bədbəxtliklər aləminə yuvarlanan Dələduzun bu halı həssas ruhları çox asanlıqla özünə kölə etməyə kifayət edirdi. Hərdən onun insanları bu cür kölələşdirməsini, onların xoşbəxtliklərini əlindən almasının qarşısını almaq üçün onun arxasınca onu kölgə kimi izləyən birilərini qoşurdular, bu ibitai sinif müəllimi də ola bilərdi. Bir dəfə Dələduz belə gözətçilərdən olan Orlandoya “Din çox zəifdir, elə deyilmi?” deyərək təvəkkülə varmış baxışlarla gülümsəmişdi. Əlbəttə Dələduzun qüsurlu cəhətləri çoxdur, irəlidə biz bu xüsusları optimist yanaşmalarla xatırlayacağıq, amma bütün bunlardan əvvəl gəlin yaxınlarda yerləşən insanların Gurten deyə adlandırdığı dağa səyahətə çıxaq. Üstəlik sizə onu deyə bilərəm ki, biz bu dağın təpəsinə çıxdıqdan sonra Dələduzla bütün mövzulardan, açıq havanın beynimizə gətirdiyi təravətlə söhbət aça bilərik. Üstəlik burada siyasətdən də danışmaq çox asandır, ən azından sizi kimsə eşidə bilməz. Amma onu da deyim ki, Dələduzun xəyallarını siyasət yox, gözəl əndamlı şahzadələr bəzəyirdi ki, bu əndamlar haqqında danışmaq Dələduza əlavə zövq verirdi. Əlbəttə, həmin bizim bu dədəsinin goru çatlamış qaradulumuz, onun ev əşyaları da bu kiçik qeybətimizdən yaxasını qurtara bilmir. Üstəlik dağın təpəsində olarkən ətrafı dördgözlə necə izləməyimiz də sizə maraqlı gələ bilər. Yox siz düşünməyin ki, ətrafa diqqət kəsilmək yorucu bir işdir. Əsla. Ətrafa diqqət kəsilmək insana qeyri-adi bir güc bağışlayır. Bunu bilin ki, insanı ən çox yoran şey onun ətrafa diqqətsiz yanaşmasıdır.

      Deməli belə. Səhər on radələrində, açıq yaşıl rəngli çəmənliklərdən enərək yenidən ayaq basdığı şəhərdə Dələduz bir elan, Rathenaunun öldürüldüyünü bildirən bir elanla qarşılaşır. Bəs sizcə bu adam bu hadisəyə belə sarsıdıcı, dəhşətli xəbərə necə reaksiya verir? Məndən olsaydı bu elanı görər-görməz dərin bir üzüntüyə qapılar, ayaqlarımın altından qaçmasını ümidsizcə hiss edərdim. Amma Dələduz nə etdi? Başladı əlini əlinə vuraraq meymun kimi hoppanıb düşməyə. Kimsə gəlib bizə bu sevinc göstərisini izah etsin görək. Görək niyə bu adam bu hadisəyə yerlə-yeksan olacağı yerdə başladı meymun kimi sevinməyə. Bəlkə də bunun səbəbi qaşıq olayıdır. Bu hadisə haqqında da sonra. Fürsətdən istifadə edib, stansiya kafesinə bir daha girə bilməməyimin üzüntüsünü də sizə çatdırmaq istəyirəm. Ah, həsir şapkamı şef qarsona asması üçün uzatmağım necə də böyük nəzakətsizlik idi. Fiasko. Ah mənim bu nəzakətim necə də nəzakətsizlik kimi alqılandı. Hamı mənə alçalmış biri gözüylə baxdı və mən də indi həmin alçalmanın yox, həmin kafeyə bir daha girə bilməməyin üzüntüsü ilə boğuşuram. Çox heyf. Hər nəsə bunlardan yox, dağın təpəsindəki havanın təravətindən danışmaq ən yaxşı seçimdir indi. Əsl cənnət havası, şam ormanının möhtəşəm gözəlliyi və bu təpədən baxaraq, nəhəng bir adamın bir neçə milçəkfason, kiçik, zəif adamlar tərəfindən məğlub edildiyini oxumağın insana verdiyi ilahi zövq. Əgər Niçşeyə inansaq hansısa bir tragediyanı yaşamaq, həmin tragediyaya şahid olmaq və yaxud həmin tragediyanı hansısa formada bölüşmək ən ali bir həzz, həyatı şənləndirən ali bir təcrübə deyilmi? Ah, bizim bu Dələduzun həmin məni utandıran kafeyə Bravo! Əla! Möhtəşəm! nidaları ilə daxil olması. Gəlin ilk baxışdan anladılması çətin olan bu Bravonun mahiyyətini sizə açmağa çalışım. Haydı! Dələduz Gurten dağına dırmaşma qərarı vermədən öncə, sən eh dəqiqlik və yaddaş tanrısı, hər şeyi olduğu kimi nəql etmə gücünü ver mənə. İlk xatırladığımsa bizim bu qəhrəmanın özünü həmin qaradulun içoğlanı (qadının hesabına qadın təsirində yaşayan kişi – tərc.) hesab edərək qaradulun qaşığını yalaması olur. Dulun sonsuz bir dəbdəbəli tənhalığın hökm sürdüyü mətbəxindəyəm. Bu tənhalığı Dələduzun harada gördüyünü xatırlamaq istəyirəm. Deyəsən bu yalnızlığı Dələduz bir gün öncə kitab və sənət nümunələri satılan bir mağazanın vitrinində Fragonardın “le Baiser a la derobee” adlı rəsminin kopiyasında görmüşdü. Bu tablo onu sehirləmişdi. Mənə görə də bütün zamanlarda çəkilmiş ən əsrarəngiz tablolardan olan bu Fragonar şahəsərindəki tənhalıq həmin mətbəxdə də var idi. Budur ətrafda kimsə yoxdur. Mətbəx ləyəninin yanındakı fincanın içində dul qadının qəhvə içərkən istifadə etdiyi həmin o kiçiçik qaşıq özünün xəyal aləmində səssizcə dayanıb gözləyir.

      “Dul qadın bu qaşığı bir rəsim qədər gözəl olan ağzına aldı. Həqiqətən bu qadının başqa heç nəyində, heç harasında onun bu ağzında olan gözəllik yoxdur. Və mən bu gözəl ağızda bir anlıq olsun