Отар Чиладзе

Mart xoruzu


Скачать книгу

tüstü edən, içində yanan rezin qırıqları olan alovla da təsdiq olunurdu – sonunun yaxınlaşdığını hiss edən təki, yarıyanmış, tüstülənən kösövu nahaq yerə közlərin üstünə atmamış və Nikonu yarımdağılmış kilsədən az qala güclə çıxarmamışdı. Düzdür, Niko ilə vidalaşmış, ona demişdi: ” Görürəm, yaxşı oğlansan, məni unutma”, lakin, əlbəttə, bu, qapıya kimi ötürmədən çox, nəzakətli qovmaya bənzəyirdi. Amma Niko, heç olmasa, oda tərəf dəvət olunduğuna, bərabər kimi yanında dayandıqlarına, qulağından yapışmadıqlarına görə sağ ol deməlidir – böyüklər imkan olan kimi, qulağı dartmağı sevirlər, onu heç vaxt ötürməzlər, dərhal qulağından yapışarlar. Bununla belə, köhnə kilsədəki adam onlara oxşamırdı, tamamən elə deyildi. Onlar, o qulaqçəkənlər hamısı doğma qardaş kimi, biri-birinə bənzəyir. Onları dərhal, uzaqdan tanıyırsan, bütöv insan güruhundan seçirsən. Doğrudur, onu dağılmış kilsədən çıxaranda bir anlığa Nikoya bunun da qulağını burmağa hazırlaşdığı kimi görünmüşdü, o da kirpitək tamamilə pırpızlanmış, Yevgeniya Duqladzenin əvvəlcə düz burnu önündə şeir dəftərini cırdığı, sonra isə hətta qulağını çəkməyə hazırlaşdığı həmin yaddaqalan gündə olduğu kimi, döyüşə hazırlaşmışdı; amma görünür, Nikonun sifəti dönmüş, həm də hörmətli hamisinin artıq şagirdinin qulağı üzərinə qalxmış əlinin havada donacağı dərəcədə dönmüş, çənəsi əsmişdi və müəllim yaşlının kiçik qarşısındakı nüfuzunu və pedaqoqun hörmətini möhkəmlətmək-dən ötrü başqa heç nə fikirləşə bilməyib, utanmadan onun üstünə düşmüşdü: ”Təkrar et, nə dedin, fərsiz!” – və öz nöqteyinəzərincə, ləyaqətini qorusa da, onda əvvəlki aplombdan və özündənrazılıqdan artıq çox şey qalmamışdı və Niko bunu dərhal hiss etmişdi; lakin yaş və hakimiyyətdə onu bu qədər üstələyən düşmənin gözlənilməz məğlubiyyəti onu nəinki sevindirməmiş, əksinə, özünü itirməsinə və hətta bir qədər qorxmasına səbəb olmuşdu, o vaxt ilk dəfə özünün də müəyyən qüvvə olduğunu hiss eləmişdi və ən əsası, şüurlu, yaxud qeyri-iradi, zahiri, ya da səmimi itaətin Yevgeniya Duqladze kimi pedaqoqlarda öz şagirdlərini əzmək və onların qulaqlarını çəkmək meylini daha da artıq alovlandırdırdığına, birdəfəlik olaraq, əmin olmuşdu, halbuki şagirdin istənilən ən əhəmiyyətsiz, təsadüfi, gözlənilməz, bir dəqiqəlik etirazı, hiddəti, müqaviməti onlarda nəinki belə istəyi susdurur, ümumiyyətlə, şagirdlərin sözsüz, demək olar, heyvani tabeliyindən doğmuş və onlara hər şeyin icazə verildiyi barədəki inamlarını laxladır. Xoşbəxtlikdən, köhnə kilsədə buna oxşar heç nə baş verməmişdi. Amma nəzakətli bayıra çıxarma Nikoya qulaqçəkmənin doğura biləcəyindən az inciklik yaratmamışdı.Üstəlik, ola bilsin, qulağından yapışıb sürüsəydilər, daha yaxşı olar, ən azından, kimlə işi olduğunu bilər, müqavimət göstərər, özünü qoruyar, nəhayət, özü, öz iradəsilə gedər, yaxud, hətta, sadəcə, ordan qaçardı. O isə bu adama hətta bunu da deyə bilmədi: ”Bəlkə mən hələ burdan getməyə hazırlaşmıram; bəlkə hələ qızınmamışam; bəlkə, ümumiyyətlə, həmişəlik burda qalmağa hazırlaşıram, belə şıltaqlığım var – axı hərənin öz xasiyyəti var”. Həqiqətən, hər kəsin öz xasiyyəti var – bəziləri evdə oturur, diğərləri dağılmış kilsələrdə pis qoxulu alovun yanında büzüşür. Kim hesablaya bilər, Gürcüstanda belə köhnə, atılmış neçə kilsə var! Lakin Nikonun dili məhz lazım gələndə lal olur, bilirsiz niyə? Anadangəlmə utancaqlıq, cəsarətsizlikdir – budur onun əcdaddan miras alınmış ailəvi xəstəliyi. Əlbəttə, nəzakətsiz olmaq da pisdir, nəinki yaxşı deyil, daha da pisdir, ədəbsiz adam səni həyatı lənətləməyə məcbur edir, ancaq axı nədən utanıb-çəkinmək, nədənsə yox, sənin özündən asılı olmalıdır. Birinci növbədə yenə də nəzakətsiz adamdan, sonra sərxoşdan, dəlidən, cüzamlıdan, qatardan, avtomobildən, oddan, sudan, sifilisdən… ehtiyatlanmaq gərəkdir. Ancaq deyilməli olanların hamısını demək lazımdır, edilməli olanların hamısını etmək gərəkdir, Karfagen dağıdılmalıdır. Niko, əlbəttə, incimiş və tutulmuşdu.Lakin onun, nə iləsə (hər şeydə), həqiqətən, başqalarından (hamıdan) fərqləndiyinə, yoxsa belə təəssüratın onda yalnız kilsə dağıntılarında hakim olan alatoran və yanmış rezinin qatı, acı tüstüsü sayəsində yarandığına birdəfəlik əmin olmaqdan ötrü həmin adama gün işığında baxmağı çox istəsə də, arxasına baxmamaqla, ordan getməkdən və bununla da hiddətini ifadə etməkdən ötrü özünə güc gəlmişdi. Görünür, həmin adam da Nikonun incimiş halda getdiyini başa düşmüş, onu qaytarmış, adını bilmədiyinə görə, soruşmadığı üçün (nəyinə lazım idi?), Niko özü də adını deməmişdi, səsləmişdi: ”Ey!” Çağırılanda sevinmişdi, amma, hər halda, “Mən sənə “Ey” deyiləm” deyən qaşqabaqlı sifətlə dönmüşdü və yəqin, küləyin gözlənilməz hücumu onu pis vəziyyətdə qoymasaydı, biabır etməsəydi, daha əlverişli təəssürat doğurardı; bu külək onun kürəyi sarıdan, köhnə kilsə istiqamətində arxadan itələnərək, elə bil evsiz-eşiksiz, hamının və heç kəsin olan it kimi, çağırışa tələsmiş təki, bir neçə addım qaçacağı dərəcədə qüvvə ilə uçub gəlmişdi. Həmin adam isə kilsənin qapısında dayanmış və gülümsəmişdi. Məhz həmin dəqiqədə Niko düşünmüşdü: ”Hə, bu buradan heç yana getməyəcək”. O, gündüz işığında Nikoya daha gənc görünmüşdü; Nikoda yenə də onunla atasının oxşarlığı heyranlığı yaranmışdı – həmin işıltı, ya qalib, təntənəli ölümün, ya da təngə gətirmiş, zəhlə tökmüş həyatın sifətindəki qəribə, həyəcanı ilə narahat edən parıltısı. Anasının onu atası ilə vidalaşmaqdan ötrü xəstəxanaya gətirdiyi həmin günün xatirəsi xəyalında sayrışdı. Ayaqları onu güclə aparmışdı, bütün yol boyu kənar kömək olmadan hərəkət edən, ayaqları üstündə dayanan atası barədə fikirləşmiş və onu xəstəliyə qədər olduğu kimi xatırlaya bilmədiyinə görə hədsiz dərəcədə əzab çəkmişdi – atası isə Yelenitsanın yaşadığı qonşu həyətə baxmaqdan ötrü Nikonun güclə dırmana bildiyi daş hasardan bir baş uca idi. Bu cür ata artıq yox idi. O bunu bildiyindən də artıq hiss edirdi və buna görə də dəyişmiş (anası – onu tanımaq olmur – deyirdi), vərdiş olunmamış, başqa şəklə düşmüş atanı görməməkdən ötrü, adətən, anası ilə xəstəxanaya getmirdi; amma xalası onu Siqnaxiyə aparmaqdan ötrü gələndə, sadəcə olaraq, atası ilə vidalaşmaya bilməzdi və budur, xəstəxanaya doğru yolda daim onu – əvvəlkini deyil, indikini, hələ görmədiyini: xəstə, köməksiz, yatağa buxovlanmışı – təsəvvürünə gətirməyə çalışırdı. Onun uşaq mənliyi ağrılı dərəcədə zədələnmişdi və ümumiyyətlə, ona xas olan şəkildə, təsəvvürünün hər cür fəndlərinin köməyilə özünü aldatmağa, acı həqiqətdən gizlənməyə çalışırdı. Xəstəliyin sındırdığı atasını təsəvvür etmək iqtidarında deyildi – üstəlik də görmək istəmirdi; onu istənilən başqa vəziyyətdə – qoy lap çarmıxa çəkilmiş və zəncirlənmiş olsun – təsəvvür etməyə – və əlbəttə, görməyə – üstünlük verərdi… Buna görə də onun iltihablanmış şüurunda xəstəxananın boz divarları vaxtaşırı gurultu ilə ayrılırdı və onun arxasında, dərinlikdə, dərman iyləri və mətbəx qoxuları hopmuş alatoranda tədricən dəmir dirəyə zəncirlənmiş adamın dəbilqə kimi işıldayan qəmgin sifəti görünürdü. ”Onu niyə gətirdin, axı oğlumun məni belə görməsini istəmədiyini