Отар Чиладзе

Mart xoruzu


Скачать книгу

fikirləşmə” – deyə Niko dodaqlarını ayırmadan, öz yatağından ona qışqırır, amma heç kəs onu eşitmir, öldürülən hətta ona tərəf baxmır da, onun işi yalnız leytenantladır və haqlıdır: leytenant zirzəmidə, onun yanında yuxusuz gecə keçirir, Niko isə yataqda nazlanır. Öldürülmüş şəxs hey gülür və leytenanta deyir: “Məndən əl çək, axı mərhuma rahatlıq lazımdır, mən heç kəsi günahlandırmıram. Heç kəsdən şikayətlənmirəm, mənə nə peşmançılıq, nə də intiqam yanğısı əzab vermir, artıq burdakı dünya ilə hesabları çürütmüşəm”.

      – Məni bircə şey təəccübləndirir – bir dəqiqə sonra, əvvəlki kimi, gülüşlə davam edir. – Niyə məni belə, sadəcə, baxmadan və fikirləşmədən, o dünyaya yola saldınız? Heç olmasa, adımla maraqlanaydınız -bəlkə, quşu yolmağın zəhmətinə dəyməzdi?

      – Sən haqlısan, – leytenant qızğınlıqla razılaşır. – Elə buna görə də burdan evə gedə bilmirəm -vicdanım imkan vermir…

      – Deməli, mənim üçün heç də hər şey itirilməyib, – öldürülmüş şəxs gülür, – o, qurbanını, leytenantı – sakitləşdirir. – Vicdanı insanı narahat etdikcə, hələ ona kömək etmək olar, axı, ən əsas olan allahın onu fani olandan yaratması deyil, ona öz ruhunu üfürməsindədir.

      – Həqiqətən, sən kimsən? Adın nədir? – leytenant ehtiyatla, elə bil, ötəri soruşur.

      – Adım Tantredir. Itirilmiş eşşəyi axtarırdım, sizin səfeh Qogiyaya ilişdim, – deyə öldürülmüş şəxs gülür.

      – Səndən həqiqəti soruşuram, zarafatlıq halım yoxdur! – deyə birdən leytenant coşur.

      Öldürülmüş şəxs isə elə hey gülür: “İndi həqiqəti axtarmaq gec deyilmi?”

      Həmin dəqiqədə yuxarıda, pilləkənin üstündə qapı cırıltı ilə açılır, öldürülmüş şəxs tələsik yerinə qayıdır, bayaq ayağa qalxana və leytenanta: “Məndən nə istəyirsən, xeyirxah insan, niyə məni rahat buraxmırsan?” – deyənə kimi olduğutək: əvvəl uzandığı kimi, donmuş plitələrin üstündə brezentlə örtünərək, arxasıüstə, üzüyuxarı olmaqla, əllərini sinəsində çarpazlayaraq, yer-ləşir.Leytenant isə, əvvəlki kimi, döşəmədə, brezentlə örtülmüş meyidin ayaqları yanında əyləşir və tam diqqətə çevrilərək, ölüsünü qorxutduqlarına, yenicə qaydasına düşmüş söhbəti kəs-diklərinə görə, bir qədər qıcıqlanmış halda, gözlənti ilə pilləkənə baxır. Amma axı ölü kim olduğunu danışa bilərdi, açıq-aşkar etirafa köklənmişdi və məhz bu yerdə Georgi Uparaşvili rəhbərlik qarşısındakı səyini göstərmək istəmişdi (bir daha!) – yəni, baxın, necə diqqətli asılıyam, sizinlə birlikdə oyağam, sizin kimi, burda yuxusuz gecə keçirirəm. ”Öz aramızdır, izafi, zahiri səy də tez-tez işi pozur” – leytenant dilxorluqla belə düşünür. Bu arada pilləkənin pillələri tədricən qeyri-müəyyən, tərəddüd edən, həyəcanlı işıqla şəfəqlənir.Leytenant Georgi Uparaşvilinin peyda olmasını gözləyir, lakin bu dəfə pilləkənlə hamilə arvadı Lamara enir. Onun bir əlində çıraq var, digər əlilə xalatının ətəklərini dizləri yanında tutub saxlayır. Xalatı altından güllü bamazı şalvar geyinib.Lakin belə zülmətdə Lamaranın xalatı altından nə geyindiyini necə fərqləndirmək olar? Nə geyinilibsə, geyinilib. Başlıcası o deyil, əsası onun ərinə dəymək üçün gəlməsi, ürəyinin dözməməsi və heç nəyin – nə gecənin, nə zülmətin, nə küləyin, nə hamiləliyin – onu saxlaya bilməməsidir, – o, əri üçün çətin, ağır ola bilər deyə; dost, yaxın insan acımasına ehtiyacı ola bilər deyə, qaçıb, onun yanına gəlmişdir. Onun qadın qəlbinə eşq olsun. Deməli, hələ dünyada ləyaqətli qadınlar var! Çırağın qeyri-müəyyən işığının parçalara ayırdığı zülmət bir tərəfdən o birinə, bir divardan digərinə atılır. Gah tünd xəyal, brezentə bükülmüş meyidin qarşısında oturan adamın onqat böyümüş kölgəsi, gah da brezent altındakı meyidin özünün, hansısa böyük evin qəbir təpəsinə bənzəyən iri kölgəsi, ekrandakı kimi, divar boyu qaçır. Xəyallar dartınır, uzanır, nazilir, ayrılır və yenidən birləşir.Lamara pilləkənin ortasında dayanır və irəli əyilərək, diqqətlə zirzəminin döşəməsinə baxır. Qərarsız şəkildə: “Roland! Roland!” – deyə çağırır.Leytenant isə, əllərilə dizlərini qucaqlayaraq, başını yuxarı atır və arvadına baxır, dörd gözlə baxır, sanki bu, arvadı deyil, kimsə onun rolunu oynayır, yalnız, çalışsa da, onu kimin bu cür, bənzər təsvir etdiyini tapa bilmir (öz aramızda, Batum teatrından fərqli olaraq, burdakı teatrda əsas olan – aktyoru tanımaqdır; bu və ya digər aktyorun nə dediyini dinləmək əvəzinə, hamı yalnız bunun Siko, yoxsa Qiquşa olduğunun mübahisəsini edir. Aktyorların özü də rolu öyrənməkdən daha çox, tamaşaçıların onları tanımayacağı, yaxud, ən azından, tanımaqda çətinlik çəkəcəkləri şəkildə qrimlənməyə çalışırlar, – tamaşa zamanı uca gülüş, danışıq, qəhqəhə, zalda olduğu kimi, səhnədə də, bir dəqiqə də olsun, kəsilmir; amma hələ hansısa aktyorun bu oyunda zala qalib gəlməsi və onu axıra kimi axmaq vəziyyətdə qoyması halı olmayıb); dinmədən, pilləkəndə bir əlində göz vuran çıraqla dayanmış, o biri əlilə xalatının ətəyini tutmuş və gerçək aktrisa kimi zirzəminin qaranlığına göz gəzdirən arvadına baxır. O, baxışı ilə zülmətdəki ərini artıq tapıb, fərqləndirib və bir qədər sakitləşib, daha səsləmir, onu çağırmır. İndi, ər, qanuna görə, səksənməli, yerindən sıçramalı, qarşılamaya atılmalıdır: axı ailə həyatı da özünəməxsus teatr, ər-arvadlıq – üstünlük uğrunda mübarizədir və ər yalnız bir şey barədə, küçüyü yatağına və sümüyünə öyrəşdirəntək, arvadı yerinə öyrətmək barədə fikirləşir.Lakin arvad elə hey ipinə doğru, yuxarı, getdikcə yuxarı can atır və kişini qamçıdan yapışmağa, ya da döşənəyə daha bir döşənək, sümüyə başqa sümük əlavə etməyə məcbur edənə qədər sakitləşmir. Hər şey kimin daha israrlı və möhkəm olmasındadır. Baba belə olduğunu və həmişə də belə olacağını deyir. Həqiqətən – arvadının həssaslığı və sədaqətindən təsirlənmiş leytenant: “Lamara!” – deyə qışqırır, yerindən sıçrayır, pilləkənlə onun qarşısına qaçır, qədərincə şişmiş gövdəsini qolu ilə, sevgi və ehtiyatla qucur və indi artıq qaçışla deyil, asta-asta, sanki, qərarsız halda, arvadı ilə bərabər ikilikdə ehtiyatla pillələri enir. Yolda onu mehribanlıqla danlayır: onu gecə yarısı küçəyə nə çıxarıb; axı bu cür güclü külək var, xəstələnmək isə ona heç cür olmaz; o qorunmalı və yenə də qorunmalıdır; özünün qayğıları isə kifayət edir – başını brezentlə örtülmüş meyidə tərəf tərpədir, ancaq birdən arvadının gözlərinin yaşlı olduğunu qeydə alır və ürəyi qopur.”Niyə ağlamısan, Lamara?” – deyə titrəyən səsilə qışqırır. Axı Coxola da başqası üçün dərd çəkməsini çox istədiyinə görə, daha doğrusu, onun ürəyini aldatmaması gümanının özünü doğrultmasını çox istədiyi üçün, arvadından niyə ağladığını soruşur – axı öz Aqazasını yaxşı tanıyır və onun səhv etməyəcəyinə əmindir, etməli olduğu kimi, qadın ləyaqətinin hökm etdiyitək hərəkət edəcək. Nə olsun, yaddır? Əgər sən ləyaqətli qadınsansa, kim olmasından asılı olmayaraq, ölmüş qəhrəman üçün ağlamalısan. Dərd ölümə yaraşmalıdır. Xatırlayırsan? Hələ məktəbdə öyrənirdik!