Отар Чиладзе

Mart xoruzu


Скачать книгу

öləcək, bu fikir hardansa beyninə gəlib və o buna da əmindir ki, başına gələnlərin səbəbkarı onun yaxınlarıdır, onu səmimi qəlbdən sevənlərdir, əzizləridir. Bayırda utancaqdır, evdəsə üzünü görmə. Çünki evdəkilərdən utanmaq lazım deyil. Adam arasında ağzından söz ala bilməzsən, amma evdə bircə kəlmədən qızışır, ocağa kerosin tökəndə necə alovlanırsa, o da elə özündən çıxır. Evdə bircə o bilir ki, nə lazımdır, nə lazım deyil, belə yaşamaq olar, amma belə yaşamaq olmaz. Onun öz xüsusi və təzə baxış bucağı var və qədimdən qalma heç nəyi bəyənmir. Belə çıxır ki, insanların gözü birdən-birə müharibəyə açıldı və hər şeydən qabaq vaxtın rəhmsizliyini, necə tez keçib-getdiyini gördülər… (Tik-tak, tik-tak – uçdu getdi. Sonra otur onu köhnə şəkillərdə, gözyaşına bələnmiş məktublarda axtar…) Burdan da belə çıxır ki: əgər bu gün tərpənib payına düşəni götürməsən, sabah gec olacaq və gəldiyin yerə əli boş, ürəyi boş, başı boş qayıtmalı olacaqsan, yəni necə gəlmişdinsə, eləcə və daha ordan çıxa bilməyəcəksən. “Siz bu həyatda heç nə başa düşmürsünüz, – o deyir, bəzən hətta özündən çıxır, hisslərini cilovlaya bilmir, – siz karlığa və korluğa düçar olmusunuz, sizə heç tanrı da kömək edə bilməz, çünki kimə ki tanrı karlıq və korluq göndərib, o öz bəsdbəxtliyini nəinki hiss edir, heç gizlətməyə də çalışmır.” O bu cür və ya buna oxşar günahlandırmalarla yaxınlarının üstünə düşür. Evdə o nəinki cəsarətli olur, həm də çox danışır. Ola bilsin çox şeyi kitablardan götürür – kitablar ona özündən də əzizdir, Nikonu da oxumağa o həvəsləndirib, gecələr kitab oxumasa gözünə yuxu getməz, düzdür, Nikoya çarpayıda oxumağa icazə vermir, düzdür, uzanan yerdə oxumaq ayrı zövqdür və özü özünü bu zövqdən məhrum etmir; amma özü başqadır, Nikoya elə oxumaq olmaz, Niko gərək özünü onunla bir tutmasın, o ölü kimi bir şeydir, ona daha heç nə kömək etməz, çünki onun çiçəklənmə dövründə (yəni ərə getmək vaxtında) qar yağmağa başlayıb (müharibəni nəzərdə tutur), Nikonunsa həyatı hələ qabaqdadır (Niko, Niko, xoşbəxt ol, eşidirsən? Mənim xətrimə xoşbəxt ol, mənim yerimə də, hamımızın yerinə); onun əsas davası atasıyladır, Nikonun babasıyla; o qədər danışır ki, atasına başını qaldırmağa da imkan vermir, yorulanacan danışır, çünki bütün bədbəxtliklərin əsas səbəbkarı odur, çünki o evin böyüyüdür, həyatın və taleyin sükanı onun əlindədir. Onun atası – Nikonun babası günahkardır ki, nəinki Siqnaxidə və Gürcüstanda, eyni zamanda bütün Sovet İttifaqında qızlar yayda da, qışda da eyni ayaqqabıyla gəzirlər; atası günahkardır ki, istənilən mal od qiymətinədir; atası günahkardır ki, sabun keyfiyyətsizdir və yumurta tapılmır; onun ərə gedə bilməməyinin və Nikonun ata-anasız böyüməyinin də səbəbkarı atasıdır. “Beləcə əbədi yaşamaq da istəyirsiniz?” – o bir az qabaq Çsnoridən evə tələsən, indisə bir az dincəlib özünə gəlmək və qapının dalında ac canavar kimi gözləyən həyatı səhərə qədər də olsa, unutmaq istəyən atasına, Nikonun babasına belə qışqırır. Qızsa hərəkətinin düzlüyünə əmin olan adamlar kimi atasının qabağında dayanıb qışqırmağa davam edir: “Mən bacarmıram, mən daha belə bacarmıram, siz yola mənsiz davam etməli olacaqsınız. Bir də bilirsiniz nə var, əgər mən bədbəxt olacağamsa, onda cəhənnəm olun hamınız!”

      Babası diz çöküb yerdə oturur, qorxudan başındakı tüklər biz-biz dayanıb, vaxtaşırı dillənir, amma qızına yox, arvadına – Nikonun nənəsinə müraciət edir: “Bəsdir, əzizim, axı divarın da qulaqları var!” Nənəsi deyir: “Onun nə qədər yoldaşı davada ölüb, əsəbləri pozulub.” Burası da istisna deyil ki, o özü Nikonu qısqanclıqda günahlandırsa da, əslində özü qısqancdır, Nikonun anasını – özünün böyük bacısını qısqanır, əslinə qalsa, onun qısqanmağa haqqı da çatır, buna səbəbi var: birincisi, o kiçik bacıdır, üstəgəl subaydır, amma bacısı elə başgicəlləndici həyat yaşayıb ki, eləsini kitabdan oxusanız və ya teatrda görsəniz, gözünüzə inanmazsınız; doğrudan da həyatın belə gedişatına, xoşbəxtliyin bir göz qırpımında sərhədsiz bədbəxtliklə əvəz olunmasına inanmaq çətindir. Birinci ondan başlayaq ki, evlənən kimi əriylə uzaq sahil şəhərlərindən birinə köçdü, oralar qonşu Sakobo və ya Çotori şəhərləri kimi deyil; əri isə hansısa avaranın biri, Serqo Tsaltvinaşvili və ya Kola kimi yarımağıllı yox, məşhur biri oldu; ən əsası isə, o sevib evləndi – özü hələ məktəbli idi, həmin məşhur adam isə tələbə, buna görə də evlənəndən çox sonra nikaha girdilər. Onlar hara getsəydilər, mütləq bütün nəzərlər onlara dikilirdi və hamı bir ağızdan deyirdi: “Necə də bir-birinə yaraşırlar!” Tanrı onları oğul övladıyla mükafatlandırdı, özü də Niko kimi oğulla; o xoşbəxt qadın, xoşbəxt ana idi, amma xoşbəxtliyini etiraf etməyə qorxurdu. “Kədərlənmə, görəcəksən, sən məndən də xoşbəxt olacaqsan,” – o kiçik bacısına belə yazırdı; düzdür, o hər dəfə bacısına belə yazanda, bu sözləri tək bacısına yox, ərlik vaxtı çatan bütün qızlara ünvanlayırdı, hamısına tək-tək deməyə imkanı olmadığı üçün bütün xoş sözləri ümumiləşdirib təkcə bacısına yazırdı, çünki səmimi qəlbdən utanırdı, elə bilirdi ki, bütün qızların xoşbəxtliyinə sahiblənib, elə bilirdi ki, onun xoşbəxtliyində çox adamın payı var, çünki bu xoşbəxtlik bir nəfərin çəkə biləcəyindən dəfələrlə böyük idi; bu inamsızlığa görə də tanrı onu cəzalandırdı, əri xəstələnib yatağa məhkum oldu, bu xəstəlik elə dəhşətli idi ki, elə bil göylərdən məxsusi göndərilmişdi, özü də əri ailəsinə – köməksiz arvadına və hələ heç nə qanmayan oğluna ən çox lazım olduğu vaxtda xəstələndi. Amma o özünü itirmədi, oğlunu atasıgilə göndərdi, özü isə qollarını çırmayıb vuruşmağa, var gücüylə ərini xəstəliyin əlindən almağa başladı. Hansı kiçik bacı belə taleyi qısqanmaz, hansı kiçik bacı bu cür həyat keçirdən bacısını qısqanmaz, özü də əgər məktəbi də oxuyubsa, üstəlik texnikom təhlisini də başa vurubsa və hələ də atasının evindədirsə? Əslinə qalsa, o bütün günü evdə oturub qalmır, kinoteatrda hesabdar işləyir, amma ərə getməyib və deyəsən, heç getməyəcək də, çünki kişi qalmayıb, nəinki məşhurları, heç adiləri də qalmayıb; müharibədən qayıtmayıblar, ölüblər, ya da itkin düşüblər, itkin düşənlərsə gec gələcəklər, gərək çox gözləyəsən, lap çox gözləyəsən, ümumiyyətlə qayıdacaqlarsa. O tez-tez Nikoya deyir: “O-o-o, Niko, mən çox darıxıram.” Darıxmağı da xasiyyətindən irəli gəlir. Adamlar kinoteatra indi gedir, o isə çoxdan qayıdıb. İşdə, öz balaca hesabdar otağında gün uzunu oturub qalır, zibillikdə eşələnən toyuq kimi kağızları eşələyir, hesabları dönə-dönə yoxlayır. Otaq isti olduğu üçün o təngnəfəs olur, amma pəncərəni açmaq bir yana, heç pəncərədən bayıra da baxmır. Evdəsə şikayətlənir: “Daha bacarmıram. Bu haqq-hesab məni boğaza yığıb, barmağım mazol olub, görərsiniz, barmağım kəsilməli olacaq.” Və alnına düşən saçlarını əliylə dala atır. Bütün hərəkətləriylə nə sevginin, nə də etibarın daha mövcud olmadığını sübut edir. Müharibəyə qədər utanılmalı sayılan hərəkətlər, indi nəinki bağışlanılandır, hətta vacibdir, eyni zamanda da müharibəyə qədər yaxşı qarşılanan hərəkətlər indi axmaqlıq və geridəqalmışlıqdır. Buna görə də, əgər tanrının ona yazığı gəlsə, o kiməsə vurulsa, daha müharibədən əvvəl qızların elədiyi kimi utanmayacaq, gecələr ədyalı başına çəkib həsrətlə