Отар Чиладзе

Mart xoruzu


Скачать книгу

Ümid – böyük gücdür. Hətta kimsə kiməsə xeyir-dua verəndə deyir: “Tanrı ümidini əlindən almasın.” Amma ümid etmək üçün nəyisə dəyişdirə biləcəyinə və nəyisə dəyişdirməyə gücün çatacağına inanmaq lazımdır. Deməli ümid üçün üç şey lazımdır: inam, arzu və bacarıq. O isə əllərini sinəsində çarpazlayıb uzanıb, hərdən də üstündən yarasalar uçur. Gözləri açıqdır, yata bilmir. Həkim deyir ki, yatsa bir az yüngülləşər, amma yata bilmir, yuxusu qaçaq düşüb! Niko yuxunun sehirli krallığına düşə bilmədi. Həkim onun yatmalı olduğunu desə də, oturduğu stulu o qədər qıcırdatdı ki, yuxu mələkləri qorxub qaçdılar. Bu da onun böyüdüyünün daha bir sübutu! Uşaqlar həmişə dərin yuxuya gedib mışıl-mışıl yatırlar. O isə dovşan kimi gözüaçıq uzanıb. Gözləri açıq, əlləri sinəsinin üstündə, bir də hərdən yarasalar uçur. Əlləri öz-özünə sinəsinin üstündə çarpazlanıb. Bu artıq sondur, o artıq əllərini tərpədə bilmir, özünüidarəni itirib, daha bacarmır – sadəcə baxır, güdür, uşaq vaxtı anasıyla vağzalın ana və uşaqlar üçün olan otağında gözləyəndə onları güdən qırmızıburun qadın kimi. Küçədəki it isə dayanmadan, həyəcanla hürür. O bütün gecəni hürüb, bir dəqiqə də dayanmayıb. Növbəylə bütün həyətləri qoruyur. Heç kim ona belə tapşırıq verməyib, o özü öz xoşuyla bu vəzifəni üstünə götürüb, amma yenə də insana yarına bilməyib. Bir halda ki, o hamınındır, onda heç kim ona yiyələnməyəcək. Onu harda görsələr yerdən daş götürüb qışqırırlar: “Rədd ol, yaramaz!” Görəsən bu gecə kimin həyətini qoruyub? Niko heç cür bunu tapa bilməyib, külək mane olur, külək əsdikcə itin səsini yayır və itin dəqiq harda hürdüyünü bilmək olmur. Əgər düzünə qalsa, hal-hazırda qorunmağa ehtiyacı olan biri varsa, o da Nikonun özüdür. Kim bilir, bəlkə də Qogiya indi onların evinin ətrafında fırlanır, öz yaramaz hərəkətinin yeganə şahidinin – Nikonun yanına girmək üçün plan qurur; o axı Nikoyla məsələni çürütmək istəyir. Niko ölü deyil, amma ölüdən də pisdir. Dava edə bilməz, dava bir yana, heç sözlə də layiqli qarşılıq verə bilməz. Onun ağzı səhra kimi qurudur. Quru deyil, qqquuuuurrrudur. Xəyalında quş görür. Niko ondan kim olduğunu soruşur, onunla mübahisə edir – əlbəttə ki, öz-özlüyündə. Şkafdan bir-birinə dəyən butulkaların cingiltisi eşidilir. “Ana, orda deyil, o biri otaqdadır” – xalası deyir. “Eh, bu saat lap başımı itirmişəm, heç bilmirəm nəyi harda axtarıram,” – bu da nənəsinin səsidir. Pıçıltıyla danışırlar, elə bilirlər Niko yatıb. Niko isə xəyalındakı quşla məşğuldur. Quş həyəcanlıdır, görəsən nə olub? Amma Niko daha quşun səsini eşidə bilmir. O hələ ölməyib, amma ölüm belə həyatdan daha yaxşıdır. Özünüz deyin, ölüm yaxşıdır, oxsa həyat? Əlbəttə, ölümlər və həyatlar başqa-başqa olur deyə cavab verəcəksiniz. Amma insan kimin qabağında və nə üçün olduğunu bilməyəndə, ölsə daha yaxşıdır. Axı bu ölüm nədir? Heç nə. Bircə nəhayətsiz gecə, spirt iyi verən, yaxınların və qohumların kölgələri oynaşan nəhayətsiz gecə. Nəhayətsiz heç nə. Qaranlıq diyar. Ruhlar diyarında böyük daş qala var, orda, daş stolun dalındakı hündür daş kreslolarda hakimlər oturublar, stolun üstündəki daş şamdanda şam yanır, hakimlərin əlində qoyunqırxan qayçı var, onlar xəbərçilərin dilini, oğrularla qatillərin əllərini kəsirlər, sonra da bişirib özlərinə yedizdirirlər. Əgər Niko orda özünü təmizə çıxarta bilməsə, onda işi yaman olacaq. Ancaq kimsə haçansa öz taleyindən qaça bilib? İndi o da əllərini sinəsində çarpazlayıb uzanıb, fikirləşir ki, bu gün köhnə kilsənin yanında, gözümün qabağında öldürülən quldur elə mən özüm idim. O ya ölüm haqqında fikirləşdiyi üçün əllərini sinəsində çarpazlayıb, ya da əllərini sinəsində çarpazladığı üçün ölüm haqqında fikirləşir. Yeri gəlmişkən, o özü də iki gün quldur olub, əgər Yevgeni Duqladzenin dəstəsi onu vaxtında tutmasaydı, onda o da bu gün öləcəkdi. İndi ğlüm haqqında fikirləşməyi elə də təəccüblü deyil. Bundan əlavə, ölüm haqqında fikirləşmək onun xoşuna gəlir: gecədir, o təkdir, hamı yatır (ya da özünü yuxuluğa vurub), bayırda yeri-göyü titrədən külək əsir. Bu saat ölümdən daha yaxşı nə ola bilər! Ölü toxunulmazdır. Hamı ölünün qabağında baş əyir, dostlar da, düşmənlər də. Çünki o artıq ölüb, hamının yerinə ölüb. Ölüm haqqında birinci dəfə həmin o iki günlük quldurluq vaxtı fikirləşməyə başlayıb. Soyuq mağarada oturub uzun-uzun ölüm haqqında fikirləşib. Ölüm hər şeyin çıxış yoludur.

      Bugünkü, bəlkə də artıq dünənki (çox güman ki, gecə yarısını keçib) gün onun həyatını tamamilə silməyibsə də, əsaslı şəkildə dəyişdirib, onun həyatı təzə axara düşüb. Buna görə də o ölümü üstün tutardı. Hətta yalançı ölümü də. Mövcud olmayana heç nə edə bilməzsən. Nikodan olsaydı, ümumiyyətlə doğulmazdı, bir halda ki, istədiyin kimi yaşaya bilməyəcəksən, onda nə üçün doğulursan? Amma indi belə fikirlərlə özünü üzüb əldən salmağın mənası yoxdur, çünki geriyə yol mövcud deyil. Həyatın özü də qəribədir, yaşayırsan, birdən-birə elə bir hadisə baş verir ki, həyatının ən vacib və qəti dönüş nöqtəsi olur. Əgər bugünkü, ya da dünənki gün olmasaydı, Niko başqa yolla gedərdi (yəqin ki, daha yaxşı yolla) və tamam başqa cür adam olardı (yəqin ki, daha yaxşı adam)…

      3

      Qogiya ən axırda gedir. Çiynindən ovçu qoşalüləsi asıb, yüyənindən tutduğu qatır isə dalınca gəlir. Qatır çox qocadır. Çətini bir dəfə ayağı büdrəyənəcəndir, o saat dərəyə aparıb alnına güllə çaxacaqlar. Elə keçən il onun tayını güllələmişdilər. Nesva demişdi ki, o xəstədir, başqa atları da yoluxdura bilər. Çuyal onun üçün qəbir qazıyırdı. Qatırsa sakitcə dayanıb Çuyala baxırdı, qulaqlarını şəkləyib belin qalxıb-enməyini izləyirdi. Qatırın boynuna bağladıqları ipin ucu yerdəydi, Nesva ayağını ipin üstünə qoyub tüfəngin çaxmağıyla oynayırdı.

      Bütün dəstə at belindədir, Qogiya isə dağdan düşən eniş yolu at belində düşməyə qorxur, ona görə də hamıdan dalda piyada gəlir. Qatır da taqətsiz halda onun dalınca sürünür. Qatır quyruğunu qaldırıb, gücə düşdüyü üçün quyruğunun altından cürbəcür səslər çıxır. Qabaqdakılar da maraqlanıb onlara baxırlar, görəsən orda nə naş verir?

      Leytenant tələsir, həyəcanlıdır, üzü ağarıb. İşarəylə o birilərə sakit olmağı və tələsməyi işarə edir. Leytenant qorxusuna qalib gəlməyə çalışır, elə o birilərin də vəziyyəti yaxşı deyil, hamı qorxur, qorxduqları üçün də şənlənməyə, zarafatlaşmağa çalışırlar. Qogiyadan başqa hamı qorxur, çünki Qogiya onlara güvənir, onlarınsa güvənməli heç kimi yoxdur. Qogiya onların dəstəsinə qəbul olunduğu üçün qürrələnir, onlarınsa qürrələnməyə səbəbi yoxdur. Onlar adi adamlardır, xidmət edirlər, ailə saxlayırlar, yaşayırlar, həyata qarışmağa çalışırlar, bununla bərabər onların varlığı həyata heç nə əlavə etmir, çünki həyat elə onlardır, onlar var olandır, nə az, nə çox. Onların dövrü gəlib və bacardıqları kimi yaşayırlar. Dünən yox idilər, sabah da olmayacaqlar. Onlar Adəmdən bu yana növbəylə gələnlərdir; elə indi də növbəyə oxşayan sıraya düzülüblər: Leytenantın dalınca Qrdzelo, Qrdzelonun dalınca Aramindara, Aramindaranın dalınca Nesva, Nesvanın dalınca Georgi Uparaşvili – o nəinki Siqnaxidə, bəlkə də Kaxetiyada, ya da elə Gürcüstanın özündə ən qoca milisdir. Onun oğlu milis deyil, amma bu dəstədə ən çox onun milislikdən