illərinə qədər çatdırmaqdan ötrü qədərincə səbri və texniki cəldliyi olan tədqiqatçılar təsdiq edə bilər. Təbiblik fəaliyyəti müalicənin daha tez bitməsini tələb etdiyindən, çox vaxt bunu etməyə imkan yoxdur, psixoanalizi tətbiq edən qeyri-təbiblərin isə bu sahəyə girişi ümumiyyətlə bağlıdır, onların öz antipatiya və meyllilikdən azad müstəqil mühakimə təşkil etmə imkanı yoxdur. Əgər adamlar bilavasitə uşaqları müşahidədən nəyisə öyrənməyi bacarsaydılar, bu üç məqalə ümumiyyətlə yazılmamış qala bilərdi.
Lakin daha sonra xatırlatmaq zəruridir ki, bu kitabın məzmununu təşkil edənlərin çoxu seksual həyatın insan fəaliyyətinin bütün təzahürlərindəki əhəmiyyətinin qeyd edilməsi və burada seksuallıq anlayışının genişləndirilməsinə edilmiş cəhd həmişə psixoanaliz əleyhinə müqavimətin ən qüdrətli motivləri olmuşdur. Səs-küylü şüarlar səsləndirmək ehtiyaclarını ödəmək xatirinə, psixoanalizin “panseksualizm”indən danışmağa və onun “hər şeyi” seksuallıqla izah etdiyi haqda mənasız qınağa qədər gedib çıxdılar. Əgər biz hələ özümüz dolaşdırıcı və hər şeyi unutmağa məcbur edən affektiv anları yaddan çıxarmaq halında olsaydıq, təəccüblənmək olardı. Axı filosof Artur Şopenhauer adamlara onların hərəkət və fikirlərinin sözün ən adi mənasında seksual meyllərlə nə dərəcədə əvvəlcədən müəyyən olunduğunu artıq çoxdan göstərib və bütün oxucular dünyası belə qəribə göstərişi başından çıxarıb atmağa qadir olmamalı idi! Uşaq və perverziyalı adlananların analizi sayəsində zəruri olmuş seksuallıq barədə anlayışın “genişlənməsinə” gəlincə, öz nöqteyi-nəzərindən psixoanalizə nifrətlə baxanların hamısına psixoanalizin genişləndirilmiş seksuallığının “ilahı” Platonun Erosu ilə necə yaxın olduğunu xatırlatmağa icazə versinlər (S.Naxmanson, “Freydin libido nəzəriyyəsi Platonun Eros barədəki təlimi ilə müqayisədə” “İnternet Zeitschrift für arztliche Psychoanalyse”, III, 1915).
CİNSİ MEYL NƏZƏRİYYƏSİNƏ DAİR
I
SEKSUAL SAPINTILAR
İnsan və heyvanda cinsi tələbat faktı biologiya elmində onlarda “cinsi meyl” güman edilməklə ifadə olunur. Bu hal qida qəbul etməyə, aclığa bənzədilir. Xalq dilində “aclıq” sözündən daha uyğun ifadə yoxdur, elm isə “libido” sözündən istifadə edir.
Ümumi qəbul olunmuş baxış bu cinsi meylin təbiəti və özəllikləri barədə tamamilə müəyyən təsəvvürə malikdir. O, uşaqlıqda, elə bil, yoxdur, təqribən yetişmə prosesləri zamanı, ərgənləşmə mərhələsində və bununla əlaqədar olaraq meydana çıxır, bir cinsin digərinə göstərdiyi qarşısıalınmaz cazibə meylləri ilə ifadə olunur və onun məqsədi cinsi qovuşmadan, ya da, ən azı, ona doğru yolda olan tendensiyalardan ibarətdir.
Amma bizdə bu göstəricilərdə gerçəkliyin olduqca düzgün olmayan əksolunmasını görməyə əsas var: əgər onlara yaxından diqqətlə baxılarsa, onlar səhv, qeyri-dəqiqlik və səthiliklərlə doludur.
Burada iki termin daxil edək: cinsi istək təlqin edən şəxsi seksual obyekt, istəyin meydana gətirdiyi hərəkəti isə seksual məqsəd adlandıraq; bu halda dəqiq elmi təcrübə hər ikisinə həm seksual obyektə, həm də seksual məqsədə münasibətdə çoxsaylı sapıntılar olduğunu göstərir və onların seksual normaya münasibəti detallı tədqiqat tələb edir.
Ümumi qəbul olunmuş cinsi istək nəzəriyyəsi insanın iki hissəyə – yenidən sevgidə birləşməyə can atan kişi və qadına bölünməsi barədəki poetik nağıla daha çox uyğun gəlir, buna görə də seksual obyekti qadın deyil, kişi olan kişilər, belə obyektləri kişi deyil, qadın olan qadınlar rast gəldiyini eşitmək tamamilə gözlənilməzdir. Belə adamları pozğun-seksual, ya da daha yaxşısı, inverziyaya uğramış, faktın özünü isə inverziya adlandırırlar. Belə şəxslərin sayı, dəqiq müəyyən etmək çətin olsa da, olduqca böyükdür.
Bu şəxslər müxtəlif istiqamətlərdə özlərini fərqli şəkildə aparırlar.
a) Onlar mütləq dərəcədə inverziyaya uğramışlar, yəni əks cins heç vaxt cinsi istək predmeti ola bilmədiyi, onları soyuq saxladığı, ya da hətta onlarda cinsi ikrah doğurduğu halda, seksual obyekt yalnız onlarla eyni cinsdən ola bilər. Belə kişilər ikrah səbəbilə normal cinsi aktı həyata keçirməyə qabil olmurlar, yaxud onu yerinə yetirərkən heç bir ehtiras hiss etmirlər.
b) Onlar amfigen olaraq inverziyaya məruz qalmışlar (psixoseksual hermafroditlər), yəni, onların seksual obyekti onunla həm eyni, həm də digər cinsə aid ola bilər; beləliklə, inverziya istisna xarakterindən məhrumdur.
c) Onlar təsadüfən inverziyaya məruz qalmışlar, yəni, birinci yerdə normal cinsi obyektin əlçatmaz olduğu və təqlidin dayandığı məlum xarici şəraitdə onlar seksual obyekt olaraq eyni cinsdən olan şəxsi seçə bilər və belə seksual aktda məmnunluq əldə edə bilərlər.
İnverziyaya uğrayanlar, sonradan öz cinsi meyllərinin özəllikləri barədəki mühakimələrində müxtəlif münasibət aşkara çıxarırlar. Onlardan bəziləri inverziyaya normal şəxsin öz libidosunun aşkara çıxmasına münasibət göstərdiyi kimi, çox təbii hal kimi yanaşır və onun normal şəxslə yanaşı eynihüquqluluğunu qızğın şəkildə müdafiə edir. Bəziləri isə özlərinin inverziyalı olmasından hiddətlənir və buna əsəbiliklə reaksiya göstərirlər. (İnverziyaya qarşı belə əsəbi münasibət təlqin və ya psixoanalizin tətbiqi üçün əlverişli şərait hesab oluna bilər.)
Digər variasiyalar müvəqqəti münasibətlərə aiddir. Fərddə inverziyanın xüsusiliyi çoxdan, onun xatirələrinin yetdiyi qədər mövcuddur, ya da cinsi yetişməyə qədər, yaxud da sonra, yalnız müəyyən anda aşkara çıxmışdır. (Müxtəlif müəlliflər tərəfindən tamamilə düzgün göstərilib ki, inverziyaya uğrayanların inverziyaya meylliliyinin başlanması vaxtı barədəki avtobioqrafik göstəriciləri heteroseksual hisslərinin sübutunu yaddaşlarından sıxışdıra biləcəklərinə görə, etibarlı deyil; psixoanaliz uşaq amneziyasının aradan qaldırılması ilə onların anamnezini dəyişərək, inverziya hallarını müşahidə edə bildiyi dərəcədə bu şübhəni təsdiq etdi). Bu xarakter bütün həyat boyu saxlanılır, ya da müvəqqəti yox olur, yaxud normal inkişaf yolunda ayrıca epizod təşkil edir. O, normal cinsi fəaliyyətin uzunmüddətli mərhələsinin bitməsilə gec yaşda da aşkara çıxa bilər. Normal və inverziyaya düçar olmuş seksual obyektlər arasında mərhələli tərəddüd də müşahidə olunmuşdur. Normal seksual obyektlə əzablı təcrübə əldə etdikdən sonra libidonun inverziya mənasında dəyişdiyi hallar xüsusən maraqlıdır.
Variasiyaların bu cür çeşidli sıraları ümumiyyətlə bir-birindən asılı olmayaraq var olur. Kənar formaya münasibətdə inverziyanın olduqca erkən yaşdan mövcud olduğunu və bu şəxsin həmin özəlliklə həmişə tamamilə barışdığını təsdiq etmək olar.
Bir çox müəlliflər burada sadalanmış halları bir qrupda birləşdirməkdən imtina edərdilər və bu qrup hüdud-larındakı fərqləri qeyd etməyi bütün qruplara xas ümumidən üstün tutardılar; bu onların üstünlük verdikləri inverziyaya baxışdan asılıdır. Amma belə ayırmalar nə qədər doğru olsa da, hər halda, xeyli keçid dərəcələrinin olduğunu