təsəvvürümdə örnək bir qadın kimi qaldı. O, yalnızca gözəlliyi, qüruru, cəsarəti, davranışları ilə deyil, həm də həyatı mütləq inkar edərək ölümdən qorxmayan bir qadın kimi yaddaşımda qaldı. Firdovs haqqında yazdığım bu əsər, ümidsizlikdən ən qaranlıq nöqtəyə sürüklənən bir qadının öyküsüdür. Bütün müsibətlərə və ümidsizliklərə baxmayaraq bu qadın mənim kimi onu ömrünün son anlarında görən hər kəsdə mücadilə və uğur duyğusu oyandırırdı. İnsanı yaşamaqdan, sevməkdən və özgürlükdən məhrum edən hər cür basqıya qarşı mücadilə duyğusu.
Bir
Oxumaqda olduğunuz bu əsər bir qadının gerçək öyküsüdür. Bir neçə il öncə müxtəlif suçlar üzündən həbs edilən qadınların şəxsiyyətləri haqqında Qənatir zindanında araşdırmaya başlamışdım. Bu araşdırmada bir qadın diqqətimi çəkdi. Zindan doktorunun söylədiyinə görə, bu qadın bir kişini öldürdüyünə görə edama məhkum edilmişdi. Ancaq o, zindandakı qatil qadınların heç birinə bənzəmirdi.
Heç bir zaman zindanın içində və ya dışında ona bənzər bir qadınla qarşılaşamazsınız. Kimsəyə baxımır, kimsə ilə danışmırdı. Zindanda verilən yeməyi alıb öz yerinə çəkilərək danyeri sökülənədək oyaq qalır. Bəzən zindan keşikçisi onun gözlərinin saatlarca bir nöqtəyə zilləndiyini görür. Bir gün diləkçə (ərizə) yazmaq üçün kağız-qələm istədi. Kağızın üzərinə əyilərək saatlarca nəsə yazdığı hiss olunurdu. Zindan keşikçisi onun bir məktub yazdığını sandı. Ancaq o, bəlkə də heç bir şey yazmırdı.
Zindan doktoruna “qadın məni qəbul edəcəkmi?” deyə sordum.
Doktor “səninlə danışması üçün onu razı etməyə çalışacağam. Sizi məhkəmə tərəfindən gələn şəxs kimi deyil, bir psixoloq doktor kimi tanıtdırsam, bəlkə danışmağı qəbul edər. Şəxsən mənim sorularıma cavab vermək istəmir. Hətta edam hökmünün ləğv edilərək ömürlük həbslə dəyişməsi üçün prezidentə yazılmış ərizəni də imzalamaqdan imtina edir” dedi.
“Diləkçəni kim yazmış?” deyə sordum.
“Mən yazmışam” dedi və “doğrusunu sorsanız, onun qatil olduğuna inana bilmirəm. Onun üzünə və gözlərinə baxsanız, bu qədər mehriban bir qadının qatil olduğuna inana bilməzsiniz” deyə davam etdi.
“Qatillərin mehriban ola bilməyəcəklərini kim demiş?” deyə doktora sordum.
Doktor ani olaraq heyrətlə üzümə baxdı. Sonra da gərgin bir gülümsəməylə “bu günə qədər kimsəni öldürmüsünüzmü?” deyə soruşdu.
Mən də ondan “mən mehriban bir qadın olaraqmı görünməkdəyəm?” deyə soruşdum. Başını çevirib kiçik bir pəncərəyə işarə edərək: “Onun kamerası oradadır. Gedib onunla danışacağam, səninlə söhbət etməyə razı olsa dönüb xəbər verəcəyəm” dedi.
Doktor bir neçə dəqiqiədən sonra geri dönərək onun mənimlə görüşmək istəmədiyini söylədi. Bir neçə başqa qadınla da söhbətləşməli idim. Görüşməni başqa bir zamana ertələyib oradan ayrıldım.
Evdə bir iş görməyə həvəsim yox idi. Son kitabımın əlyazısı variantı üzərinə bir az göz gəzdirdim. Ancaq fikirlərimi bir yerə toplaya bilmədim. On gündən sonra darağacından asılıb öldürüləcək olan Firdovs adında qadından başqa heç bir şey düşünə bilmirdim. Ertəsi gün yenə də zindana uğradım.
Gözətçiyə “Firdovsla görüşmək istəyirəm” dedim.
Gözətçi “doktor xanım, mümkün deyil, o, sizinlə görüşməyəcək” söylədi.
“Nəyə görə?” dedim.
“Bir neçə gün sonra darağacından asılacaq. Siz və ya başqa birisi onun üçün nə edə bilərsiniz? Onu yalnız və rahat buraxın” söylədi.
Gözətçinin səsində gərginlik var idi. Sanki bir neçə gün sonra Firdovsi dardan asacaq adam mənmişəm kimi, qəzəblə mənə baxdı.
Ona “mənim zindan yetkililəri və digər dövlət orqanları ilə heç bir ilişkim yoxdur” dedim.
Əsəbi tonda “hər kəs sənin dediyini söyləyir” dedi.
“Nədən belə sinirli və səbirsizsən? Firdovsun suçsuz olduğunumu düşünürsən? O kişini onun öldürmədiyinimi sanırsan” deyə sordum.
Daha sinirli tərzdə “istər qatil olsun, istər olmasın o, suçsuz bir qadındır və edam edilməməlidir. Onları dardan asmaq lazımdır” dedi.
“Onları? Onlar kimdi?” söylədim.
Şübhə dolu baxışları mənə baxaraq “Öncə mənə kim olduğunuzu söyləyin. Sizi onlarmı bu qadınla görüşməyə göndərmişlər?” dedi.
Təkrar ona “onlar dedikdə kimi nəzərdə tutursunuz?” deyə sordum.
Qorxu dolu ehtiyatla ətrafı süzüb və bir az məndən uzaqlaşaraq “onlar…, yəni siz onları tanımırsınızmı?” dedi.
“Yox, tanımıram” dedim.
Kinayəli gülümsəmələri ilə uzaqlaşdı. Uzaqlaşarkən “necə ola bilər kimsə onları tanımasın” söyləyən zümzümələrini eşitdim.
Bir neçə kərə ard-arda zindana uğrasam da, Firdovsla görüşmək mümkün olmadı. Araşdırmalarımın təhlükədə olduğunu hiss etdim. Əslində bütün həyatım risk altında idi. Özümə olan güvənim sarsılmışdı və çətin anlar keçirirdim. Edam ediləcək bu qadının məndən daha üstün və böyük olduğunu hiss etdim. Onunla özümü qarşılaşdıranda milyonlarca həşərənin içində özümü yerdə sürünən bir həşərə kimi hiss etməyə başlamışdım. Hər dəfə gözətçi və ya zindan doktorunun onun mənimlə görüşmək istəmədiyini bildirəndə içimdə aşağılıq duyğusu yaşayırdım. Ağlımda ardıcıl olaraq bu suallar baş qaldırırdı: “O necə bir qadındır?”, “O, mənimlə görüşməkdən vaz keçərək özünü məndən üstünmü görmək istəyir?” Ancaq o, qürurunu qırmayaraq bağışlanması ilə ilgili prezindentə yazılan məktuba da imza atmamışdı. Əcəba, bu onun özünü dövlət başçısından da daha üstün görməsi anlamında deyilmi? Onunla bağlı içimdə cürbəcür duyğular baş qaldırırdı. Onun özünü çox yüksəklərdə gördüyünü açıqca hiss edirdim. İçim yanıb yaxılaraq onun qarşısında öz gücsüzlüyümə qalib gəlməyə çalışırdım. Yataraq bir neçə gündən sonra edam ediləcək o qadını unutmağa çalışırdım. Lakin beynimə sızan fikirlər yatmamı önləyirdi. Mənimlə görüşmək istəməyən bu qadın məni tanıyırmı? Yoxsa məni heç tanımadanmı görüşmək istəmir?
Ertəsi gün bir daha zindana uğradım. Firdovsla görüşməkdən ümidsiz olmuşdum. Zindana uğrayışım da görüşmək üçün deyildi. Gözətçi və ya doktorla bir şeylər danışacaqdım. Doktor hələ gəlməmişdi, ancaq gözətçi ilə görüşə bildim. Gözətçiyə “məni tanıyıb tanımadığı haqda Firdovs bir şeylər söylədimi?” deyə sordum.
Gözətçi “yox, heç bir şey söyləmədi, ancaq sizi tanıyıb tanımadığını bilmirəm” dedi.
–Nədən belə fikirləşirsiniz? Məni tanımadığını