pis yaxşıları üstələyib ki, gözə girir…
Deyəsən Ağasadıq əminin proqnozu düz çıxmadı. Mərkəzdən anama zəng eləmişdilər ki, iki günə protezlər gəlir. Anam elə sevinirdi, sanki, şəhərin mərkəzində beş otaqlı mənzilə order vermişdilər!..
– Ayaqyoluna istəyirdin, ata? – Qəfil soruşdum. Dinmədi. Baxışlarını gizlətməyə çalışırdı. Əlacsızlığından, möhtac olduğundan darıxırdı, sıxılırdı məncə. Əlbəttə, arabaya mindirib ayaqyoluna apara bilərdim. Bəs sonra? Sonrasını anam yaxşı bilirdi. Birdən çarpayının altına qoyduğu qab yadıma düşdü. Yəqin onu qaldıranda yıxılıbmış. Əyilib götürdüm.
– Niyə çağırmırdın? – Cavab vermədi. Məcburi, könülsüz gülümsədi. Bir böyrü üstə çevrilib şalvarının zəncirbəndini açanda başıyla işarə elədi ki, üzünü çevir. Utanırdı. Qabı özünəsarı çəkəndə uzaqlaşdım. Çox çəkmədi ki, isti sidik iyi otağa yayıldı…
On dəqiqə qapı dalında gözlədim; qoy rahatlansın. “Bircə anam tez gələydi!”
İstəklərini anamdan yaxşı kim bilərdiki? Evdə olanda atamı uşaq kimi qucağına alıb divanın bir küncündə oturdar, özü də böyrünə qısılıb dərdləşərdilər. Belə vaxtlarda otaqdan çıxardım; qoy xısınlaşsınlar. Neçə dəfə hiss etmişəm ki, onu stula, ya da divana əyləşdirəndə atam anamın belinə sarılaraq pıçıldayıb: “Nolar, heç yana getmə, yanımda qal.” Gecə növbəsinə hazırlaşanda da, “bəlkə getməyəsən?” – deyirdi. Bunu başqa yerə yozur, onları birlikdə buraxıb bir bəhanəylə evdən çıxır, məhəllədə veyillənirdim. Sonralar başa düşdüm ki, hər dəfə anam işə gedəndə atam qorxurmuş. Onu atacağından, bir daha geri dönməyəcəyindən qorxurmuş. Tənha qalmaqdan, küçələrdə insanların gur yerində kəsik ayaqlarını nümayiş etdirə-etdirə dilənməkdən qorxurmuş.
Bilirdim ki, onun gecə növbəsində işləməsi atamı çox darıxdırır. Yuxusu gözündən tökülsə də yatmırdı, anam evə qayıdanacan rahatlanmırdı. O qapıdan girəndə qonur gözləri parıldayırdı. Dava başlayana qədər işləməsinə razı olmamışdı. Ev-eşiyə, uşağa, özünə bax, bəsdi, hələ ölməmişəm, deyərdi. İndi də ölməmişdi atam, ancaq anam işləyirdi; gündüzlər varlıların evində sil-süpürdə, gecələr də çörək sexində. Gecə növbəsində ikiqat pul verirlər, deyirdi, dörd çörək də əlavə. Çörəyin üçünü qonşu Zəhra xalaya satırdı, biri qalırdı bizə.
Bir-iki həftə qabaq atam, işlədiyi məmur evindəki şəraitdən ağızdolusu danışan anama söz vermişdi ki, inşallah, nemesski ayaqlarım çatsın əlimə, əfəl deyiləm, işləyəcəm, qəşəng kuxna mebeli, paltaryuyan, lap qabyuyan da alacam sənə. Anam:
– Təki sən ayağa dur, yeri, mən paltarı əlimlə də yuyaram, ölmərəm, – demişdi. Bu, atama ləzzət eləmiş, yanına çağırıb anamın əllərindən öpmüşdü…
…İçəri keçib qabı götürdüm, aparıb ayaqyoluna boşaltdım, su şırnağında yaxalayıb otağa qayıtdım. İcazə istəyib yanında uzandım. Duyğulu idi. Divardan asılmış toy şəklinə baxıb qüssələnirdi. Yəqin ötən xoş günlərinə qonaq düşmüşdü. Gah ona, gah da şəkilə nəzər yetirdim. Mənə elə gəldi ki, şəkildəki atam daha xoşbəxt görünürdü.
– Anan gec gələr, – dedi, – hələ saat ikidi.
– Nəsə istəyirsən? – Soruşdum.
– Hə, – cavab verdi, – bir az yuxulayaq… Həyacanlıyam, sabah ayaqlarımla görüşəcəm axı.
Dodağı qaçdı. Alnından öpüb çarpayıdan sıçradım, üstünə yorğanı atıb otağıma keçdim. Yerimdə uzanıb atamın sabahdan ömrünün sonunacan doğma sanacağı protez ayaqları barədə düşünürdüm. “Görəsən öz ayaqları kimi görünəcək?”
Qulağıma səs gəldi. Deyəsən onun çarpayısı həzin-həzin cırıldayırdı. Adətən anam evdə olanda bu cür səslər gələrdi… Maraq məni yuxumdan ayırdı. Qalxıb barmaqlarımın ucunda yataq otağının yarıaçıq qapısına yaxınlaşdım. Çarpayı həqiqətən asta-asta cırıldayırdı; onun ayaqları yorğanın altında gah sağa, gah sola hərəkət edirdi. Əgər yuxusunda mərmilər vıyıldasaydı, minalar partlasaydı belə rahat olmaz, qışqırıb ayılardı. Neçə dəfə tərin-qanın içində oyanıb qışqırdığını, saatlarla özünə gəlmədiyini görmüşdüm axı.
Xeyli gözlədim. Hələ də ayaqları hərəkətdəydi. Mənə elə gəldi ki, o yatmayıb, yata bilmir, guman ki, həyatını həmişəlik dəyişəcək sabahına “xoş gördük” demək üçün hansısa həzin melodiyanın ritminə uyğun rəqsini məşq edirdi. Bəlkə də yuxudaydı və yuxusunda uşaq idi; başının üstündə ulduzlar sayrışır, sevinə-sevinə ağappaq buludların üzəriylə asta-asta atılıb-düşür, seçdiyi nəğməsinin ritminə düşmək istəyirdi, ayaqları da özününküydü… Atam yuxusunda xoşbəxt idi.
Onu öz dünyasıyla baş-başa buraxıb yerimə girəndə fikirləşdim;” Görəsən, atamın oynamaq istədiyi sevimli havası hansıdı?”
Portret
(hekayə)
…Adəti üzrə tində dayandı. Köhnə məhəllədə tanış üz görəcəyinə əmin olmaq üçün metronun “Nizami” stansiyasınacan uzanan dar küçə boyu qorxaq uşaqlar kimi biri-birinə qısılmış yastı damlı, çat vermiş boz divarlı evlərə qapı-qapı göz gəzdirdi. “Qorabişən ayın bu bürküsündə küçə-bacada kim olacaqdıki?! “ Bir az toxdayandan sonra, cibindən dəsmal çıxarıb dazını, boynunu, saqqalını sildi. Divarlarına noxud, hisə verilmiş kilkə, pivə iyi hopmuş köhnə köşkə yaxınlaşıb, çox yox, bircə bakal çəllək pivəsi içib sərinləmək istədi. Bilirdi ki, bu köşk sahibinin “pivzavod” da qohumu işlədiyir, pivəsi “ təmiz” olur. Amma bu gün bəxti gətirmədi; pivə yox idi – nə təmizi, nə su qatılmışı. Pivəsatan da boş çəlləyin üstündə bardaş qurub milçəyini qovurdu. Bazar günü olsa da günortanın cızzaq çıxaran vaxtında küçə-bacada kişilərin gözə dəyməməsinin səbəbini indi anladı, təəssüflənən satıcıya gözləməyəcəyini bildirib uzaqlaşdı.
Amansız istidən yumşalan köhnə asfaltdan qalxan qətranlı mazut iyi havanı bir az da təngidirdi. Gözləməyə, üç-dörd dayanacaq da olsa, bu istidə bişə-bişə avtobusda yol getməyə halı olmadığından ara yolların kölgəliyi ilə “Parapet” ə üz tutdu.
Bağla üzbəüz kitab mağazasının bir küncündə rəngkarlığa aid ləvazimatlar, məşhur rəsm əsərlərinə illustrasiyalar satılır. Qabaqlar orada satıcı işləmiş köhnə tanışı ona, Qogenin “Kralın arvadı” əsərinin keyfiyyətli surətini söz vermişdi.”İndilər orda olar” – fikirləşdi. Bəlkə də Qogenin indi şedevr sayılan bəzi əsərlərini Qogendən yüz dəfə yaxşı çəkə biləcəyi halda, kiminsə “yaratdığı keyfiyyətli surət “ nəyinə gərəkdi, özü də bilmirdi.
Kilsənin tinindən mağazanın qarşısında əlində bükülü, uca çinar ağacının altında var-gəl edən tanışını gördü. Yaxınlaşıb görüşdü. “Üç gündü gəlib-gedirəm, yoxsan, bir şey olmubki?” – soruşdu və tələsik bükülünü ona