zibilliyə tullayardı! Bu özünə vurğunluq deyildi, o, əmin idi ki, “Luvr” a layiq əsər yaradıb.
Siqaret yandırıb ağaca soykəndi. Son günlər az çəkirdi. Siqareti yarıyacan sümürüb tulladı. Öskürdü. Gəlmişkən bir neçə fırça almaq üçün mağazaya girəndə, əlindəki bükülü tələsik içəridən çıxan cavan qızın iri çantasına ilişdi. Görünür qız fikirli idi və çox tələsirdi ki, qolundan sürüşüb düşən çantanı içindəki kitablar, fırçalar və yağlı boya tübikləri döşəməyə dağılanda hiss etdi.
– B-bağışlayın, mümkünsə… Günahkaram, – qoca rəssam heyfislənərək dağılan əşyalara sarı əyildi. Qız onun sümükləri, damarları üzə çıxan arıq qolundan yapışdı.
– Narahat olmayın, mən özüm…
İkisi də diz-dizə çöməlib çantanı sahmana saldılar. Qoca ayağa qalxanda, üzünə tökülən buruq saçlarını yığa-yığa minnətdarlıq edən kimi gülümsəyən qızın sifətinə elə baxdı ki, bu məftunluq, heyrət, təəccüb dolu baxış deyəsən qızı qorxutdu da. Gördüyünə inanmaq istəmədi və ona elə gəldi ki, indicə, iyirmibir il cavanlaşdı.
– Bu… bu, ola bilməz?! Yox… bu mümkün deyil! – Sanki hansısa detalı dəqiqləşdirmək üçün bir az da gözlərini qıydı. – Rica edirəm, m-məni silkələyin! Bərk-bərk silkələyin!..
Gənc qızı vahimə basdı. Günün günortasında, şəhərin mərkəzində qoca manyaka rast gəldiyini zənn etdi. İstədi qışqırsın, ətrafdan kömək istəsin, bəd ayaqda, geriyə, mağazaya qaçsın, lakin maraq qorxuya üstün gəldi. Soruşdu:
– Axı, sizə nə oldu? Mümkün olmayan nədiki? – Qız çaşıb qalmışdı. – Eeeyy… baba, bəlkə xəstələnmisiz? Təcili yardım çağırım?
Qızın sözləri qocanın qulağına çatmırdı. O, döyükmüş baxışlarıyla qızın sifətindəki tanış cizgiləri sərbirah etdikcə iyirmibir ildi yaddaşından qopmayan mələyin canlı simasını bu isti yay günündə yenidən görməyi ona bəxş edən Allahına şükr etdi.
Birdən, yuxudan diksinib ayılan adam kimi harda olduğunu anlamağa çalışdı. Aldığı fırça, yağlı boyalardan qızın rəssam olduğunu, ya olacağını güman edib ərklə, yüz ilin tanışı kimi qızın zərif qolundan tutdu və sevincini gizlətmədən, ucadan qərarını dedi:
– Siz onu mütləq görməlisiz! Mütləq!..
Qız “nəyi?” – soruşmaq istədi, amma sual boğazında quruyub qaldı.
– Tələsmirsizki?.. Xahiş edirəm… etiraz etməyin.
Qoca rəssam elə bil qızı ovsunlamışdı. Əmin idi ki, onunla razılaşacaq, əgər sənətə bircə damcı da olsa sevgisi varsa, mütləq razılaşacaq.
Qızın bayaqkı qorxusu, tərəddüdü maraq dənizində batmışdı. Çəlimsiz, lakin qıvraq, yaxından tər və tütün iyi vuran, babası yaşında olan bu qəribə qoca onun xoşuna da gəlmişdi. Nəyə baxacağını soruşmadı, eləcə gülümsəməyə çalışsa da ürəyindəki təlaş qalmaqdaydı. Özgə vaxt olsaydı tanımadığı kişinin gözlənilməz təklifinə, ən yumşaq halda, şillə ilə cavab verərdi.
– Tələsməyinə tələsirəm, – dedi, – evdə xəstə anam məni gözləyir.
– Burda, yaxındadı, “Passay” ın tinində… Çox ləngitmərəm… Beşcə dəqiqəlik… Qızım, sözümü yerə salmayın…
“Qızım” deyib təkidlə xahiş etdiyindən qocaya yazığı gəldi, daha inad etmədən “gedək” desədə ürəyi sürətlə döyünürdü.
Bu şəhər elə də böyük deyil, adına baş şəhər desələr də, bircə günə o başından vurub bu başından çıxarsan. Ürəyə yatan həmsöhbətlə mənzilbaşı lap əlçatan olur.
Söhbətləri tutmuşdu. Yol boyu, illər öncə, gənc naturaçıya necə vurulduğundan, yaş fərqinə görə axmaqlıq edib ürəyini aça bilmədiyindən, adını şərti olaraq “Xallı” qoyduğu portreti onun şərəfinə çəkib təsəlli tapdığından danışdı… Qız da çəkinə-çəkinə, rəssamlıq məktəbində oxuduğunu söylədi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.