dük. Kələkidə yaşayanlar bir neçə ailə və Əylisdə yaşayan qarabağlıların 60 faizi bir yerdə dədə-baba yurdları olan Pirdavdan yaylaqlarına köçərdilər. Bu yaylaqlar Qapıçıq dağının ətəklərində, Sakkarsu və Göy-gölün ətrafında (bu gölə Şabadın gölü deyərdilər) yerləşirdilər. Bu yaylaqlara gedənlərin qoyunu, mal-qarası çox olanlar idi, yerdə qalan qarabağlılar yaxın yaylaqlara gedərdilər (Alçalığa, Ağyurda, Yağlı Dərəyə, Urmusun yanına). Bunların hamısı Ordubad bölgəsində yerləşirdi. Yuxarıdakı yaylaqlar Qafan bölgəsinə baxırdı.
Yol tədarükünü və mal-qaranı götürüb qardaşım İbrahimlə axşam Əylisə getdik. Anamı, Almuradı dayım sabahısı gətirdi. İki atımız var idi, biri yük, biri minik atı idi. Biz Nüs-nüs kəndindən yuxarı düşərgədə atamız Qədirqulu kişinin verəcəyi qoyunları ora gətirməliydik. Yolda əylislilərə (onların hamısı bizim qohumlar idi) qoşulub böyük bir bölük mal-qara sürüsü oldu. İnəklərin, buzovların mələşməsi qulaq batırırdı. Axşama Ələngəz dağının ətəyində Güllü zəmiyə çatdıq. Hərə öz alaçığını qurub arvad-uşağını yerləşdirdi. Yerli camaat bizə elatlılar deyirdilər. Yaylağa gedib çatmaq üçün bizə iyirmi gün vaxt lazım olurdu. Güllü zəmidə iki gün qaldıq. Anamı, Almuradı dayım gətirib biz oğlanlarına təhvil verdi. Bizimlə görüşüb hamımızı bir-bir öpüb bərk-bərk tapşırdı ki, ananızdan muğayat olun, qayıdıb getdi.
Dayım erməni-müsəlman davasında bacılarını, qardaşlarını itirmişdi. Bir bacı, bir qardaş qalmışdılar. Ona görə də bacısını çox istəyirdi. Heç ayrılmaq istəmirdi. Ancaq o kolxoz sədri işləyirdi, tez qayıtmalı idi. Qardaşım İbrahimə dedi ki, yaylağa çatan kimi yerbəyer elə. Dağdan aş gəl, ona kimi dağın qarı əriyib yol açılacaq. Dağ yolu çox yaxın idi. İki gün qalandan sonra (Güllü zəmidə) elat yoluna davam etdi. Qardaşım anamı, Almuradı apardı, mən isə mal-qaranı sürürdüm. Mal-qara sürən uşaqlarla bir yaşda olardıq. On-on bir yaşda mən Murad, Novruz, İsrafil, Nuru, Hüseyn və b. Bizə rəhbərlik edən bizdən üç-dörd yaş böyük olan Əli idi. Şamı əminin böyük oğlu nə desəydi, biz də tez yerinə yetirərdik.
İkinci düşərgəmiz Ələngəz aşırımını aşıb Mehri bölgəsinin Buğukər meşəsində olacaqdıq. Bu düşərgə Buğukər pirinin yanında Qaranlıq dərənin sağ tərəfində idi. Biz ora axşam üstü çatdıq. Alaçıqlar qurulurdu. Mən anamın yanına qaçdım. Almuradla qucaqlaşdıq. Anamdan soruşdum ki, İbrahim hanı? Dedi ki, gedib meşədən alaçıq çubuğu gətirsin. Almuradın beş yaşı var idi. Anamın yanından heç bir yana getmirdi. İbrahim çubuqları gətirdi. Atamız da gəlib çıxdı. Tez köməkli alaçığı qurduq. Hava qaranlıqlaşırdı. Meşədən odun yığmağa qaçdım. Hər tərəf odunla dolu idi. Gətirib ocağı yandırdıq. Anam tez çay qoydu. Çay, süd, pendir, sacda bişmiş lavaşla yedik. Anaları heç bir yana getməsinlər deyə buzovları mıxa bağladıq. Qoyun itlərimizə südlə qarışıq yal verdik. Rahat olub ocağın başında mürgüləyirdik. Anam dedi ki, ocağın başında az mürgü vurun, durun yatın, yerinizi düzəltmişəm.
Axşamdan xeyli vaxt keçməsinə baxmayaraq, alaçıqların qabaqlarında ocaqlar yanırdı. Kimisi xörək bişirir, kimisi sac qoyub sabahı üçün çörək (lavaş) bişirirdi, arabir itlər hürüşürdü. Mən yorğun olduğum üçün yatdım, heç bilmədim sabah necə açıldı. Elat burda on gün qalacaqdı. Dedilər burdan bir-bir yaylağa getmək olmaz. Mal-qara, qoyunlar xəstələnə bilər. Havasına uyğunlaşa-uyğunlaşa getməliyik. Tezdən ayılıb paltarımızı, çarığımızı geyib mal-qaranı örüşə ötürüb qayıdıb, buzovları da başqa səmtə ötürdük. Bu minvalla on gün qalmalı olduq. İkinci gün anam biz oğlanlarını götürüb yaxındakı Buğukər pirinə apardı. O çox uzaq deyildi. Biz pirin həyətinə çatanda anam dedi ki, ayaqlarınızı soyunun. Biz soyunduq. Əlimizdən tutub içəri apardı. Qəbiri dövrə vurduq. Anam dua oxuyub fatihə verdi. Bizi həyətə ötürdü. O içəridə qalıb namazını qaldı. Ziyarət edib gəldi. Orda qaldığımız müddət bütün orda olanlar pirə gedib qurban kəsir, nəzir verib gəlirdilər. Ziyarətə gedər, «Allah qəbul eləsin» – deyərdik. Mehrinin yaxın kəndləri eşidəndə Pirdavdanlıların köçü burdadır, anamı görmək üçün görüşə gələrdilər. Təcəmirdən, Buğukərdən, Lehvazdan, Maralzəmidən. Çünki anamın anası bu bölgədən idi. Xala uşaqları, dayı, dayı uşaqları biz nə qədər orada olduq, hamısı gəlib görüşürdü. Anam gələnləri boş qaytarmazdı. Pendir, yağ, şor yığıb verərdi aparmağa. Onlar da bizə çörək, un, gilas və başqa yetişmiş meyvələr gətirərdilər.
Artıq köçün, elatın tərpənmək vaxtı gəlib çatdı. İndi üçüncü düşərgə ata-baba yurdu, torpağı olan Qızğınlı meşəsi olan Daş-başı yatağıdı. Meşənin baş tərəfində idi. Gündoğan tərəfdə Dübək deyilən aşırım idi ki, oradan Pirdavdan, ata-baba kəndi görünürdü. Dediklərinə görə, bu düşərgədə 8 gün qalacaqdıq. Yenə də həmişəki kimi hamı üçüncü düşərgəyə yola çıxdı. Gəlib yatağa çatdıq. İbrahim Almuradı, anamı götürdü, mən də inəkləri, buzovları qabağıma qatıb yenə də uşaqlarla bir yerdə erməni kəndlərinin yanından keçirdik. Erməni uşaqları yolun kənarına çıxıb bizə tamaşa edirdilər. Əli bizdən pul yığıb kənddə olan dükanlardan peçenye, konfet və başqa şirniyyat alıb gətirib bizə paylayırdı. Əli bir neçə il gəlib-gedib hər yeri tanıyırdı. Oralar ona tanış idi.
Üçüncü düşərgəyə gəlib Daşbaşına çatdıq. Axşam oldu. Hərə öz alaçığının qabağında ocaq qaladı. Uşaqlar ocağın başında dövrə vurub isinirdilər. Gün batandan sonra dağ yerləri soyuq olurdu. Yayın girməsinə on gün qalırdı. On gündən sonra hamı öz yurd yerində olacaqdı. Ona görə də kişilər, yaşlılar gedib ermənilərin yaşadığı Azərbaycan kəndlərinin dükanlarından yaylaq üçün azuqə – çay, qənd, un və başqa ərzalqlar alırdılar. Atamız da qardaşım İbrahimlə atlara minib Lehvaz, Maralzəmidə yaşayan qohumları ilə görüşür, həm də dükanlardan ərzaq alıb gətirirdilər. Onlar iki günlüyə getmişdilər. Mən, anam, Almurad onların yolunu gözləyirdik. Atam və qardaşım axşam düşəndə gəlib çıxdılar. Gətirdikləri ərzaqları – qənd, çay, un, düyü, duz və başqa şeyləri Almurad və mən tez alaçığa daşıyıb yığdıq. Hərəmizə bir dəst paltar və ayaqqabı da almışdılar. Anamla bir yerdə konfet və şəkər çörəyi payladıq. Atları örüşə buraxıb bağladıq. İki günə kimi bu yurddan yaylağa gedəcəkdik. Dördüncü düşərgəmiz yaylaq olacaqdı. Sabahısı gün dörd nəfər cavan və bir nəfər yaşlı əmi ilə atlanıb yaylağı yoxlamaq üçün yola düşdülər. Onlar gedib Qacaranın kolxoz sədri ilə görüşmək, həm də yollara baxıb gəlməliydilər. Çünki elat getdiyi yolun kənarları biçənək-taxıl zəmiləri idi. Bu yerlər isə Qacaran kolxozuna baxırdı. Kolxoz sədri bizim adamları yaxşı qarşılamışdı. Köhnə, keçmiş qonşular olduğu üçün kef-əhval tutub, tanıdığı adamları soruşub. Deyib ki, kirvə, elə pis adamlara Allah lənət eləsin. Gəlin-gedin, heç bir adam sizə söz deyə bilməz, nə çətinliyiniz olsa, mənə deyin. Buralar sizin ata-baba yurdlarınızdı, sizlərə halaldır. O görüşüb onları yola salıb. Atlılar gedib yaylaq yollarını yoxlayıb axşama qayıdıb gəldilər. Camaat maraqlanır, xəbər gətirənləri dövrəyə alıb soruşurdular ki, oğlan gəldiniz, qız? «Cüt oğlan» dedliər. Ağsaqqallar soruşub kolxoz sədrinin adını, atasının adını öyrəndilər. Sədrin atasının adını tanıdılar. Sabah hamı burdan köçməyə hazırlaşsın. Çobanlara da tapşırıqlar verdilər ki, qoyun-quzunu dağdan kəsmə yolla aparsınlar ki, otlaqlara, taxıl zəmilərinə ziyan verilməsin. Biz də hazırlıq işlərini görüb səhərin açılmasını gözlədik.
Sabah açıldı. Gözəl bir hava idi. Yaznan yayın arası idi. Yaz çıxırdı, yay gəlməkdə idi. Hamı atları, qatırları yükləməkdəydi. Biz də atlaramızı alaçığın yanında hazır vəziyyətdə saxlayırdıq. Qardaşım İbrahim və atam alaçığı söküb yükləri hazırlayırdılar. Bu köçdə atların yükü bir az da artdı. Ona görə ki, alaçığın çubuqlarını da götürmək lazım gəlirdi. Bir də yeni ərzaq alınmışdı, yüklər ağırlaşmışdı, inəklərin üstünə geçələri, palazları atıb sarıdılar, atların yükü xeyli yüngülləşdi, atları da yükləyib qurtardıq. Atamız dedi ki, mən sizi yaylaqda gözləyirəm. Sağ-salamat gəlin çıxın, özü isə xeyli aralıda qoyunları, quzuları aparmağa köməkçi gözləyirdi.
Köç artıq düzülüb yola çıxmışdı. Bu dəfəki köçdə hamı bir yerdə mal-qarasıynan gedirdi. Hər tərəf otlaq, taxıl zəmiləri idi. Bəzi yerlərə kartof əkilmişdi. Hər ailə öz köçünün, mal-qarasının yanıyla gedirdi ki, otlaqlara-zəmilərə ziyan dəyməsin. Pirdavdan görünən yerə gəlib çıxdıq. Bura Dübək