böyük deyildi. Anam axar sudan bir ovuc götürüb içdi, «ox Vətən» deyib qəhərləndi. Hamımıza dedi ki, siz də bu sudan için, bu su dərmandır, qüvvədir, saflıqdır. Biz (oğlanları) bir yerdə gəlirdik. Suyu-çayı adlayıb yerə oturub hamımız bu sudan içdik. Sanki elə bil şərbət içirsən. Amma çox soyuq idi, çox içə bilmədik. Artıq kəndin – Pirdavdanın çəmənləri ilə irəliləyirdik. Çox geniş çəmənliklər var idi. Hər tərəf yazda açılan güllərlə dolu idi. Bu mənzərədən doymaq, ayrılmaq istəmirdik. Qabaqda atları İbrahim çəkirdi. Biz də inəkləri, buzovları sürürdük. Anam Almuradın əlindən tutub gəlirdi. Kəndin girəcəyinə çatmışdıq. Qabaqda gedənlər hərə öz evinin xərabasına baxır, dörd tərəfi dolanırdı. Anam da bizi gətirib Qasımlılar məhləsinə, öz ev damlarının yanında qəhərlənib ağladı. Biz də anamıza baxıb ağlayırdıq. Ağlayıb qurtarandan sonra yolumuza davam etdik. Kəndin kənarında təpənin güney tərəfində qəbristanlığa çatdıq. Qəbristanlıq dağılmışdı. Bəzi-bəzi qəbir daşları görünürdü. Qəbristanlığın yuxarısında pirin günbəzi görünürdü. Divarlarını uçurmuşdular. Gəlib-gedənlər daşları kənara yığmışdılar. Qəbirlərin üstü görünürdü. Bizim də köçümüz ora çatanda anam Almuradın əlindən tutub bizimlə bir yerdə qəbrin başına fırlanıb ordan bir az narın torpaq götürüb hərəmizə verib dedi: «Duz kimi yalayın». Biz də o torpağı yaladıq, udduq. Anam dedi ki, bu imam Rzanın nəvələrindən birinin qəbridir. «İmam sizə yar olsun» deyib duasını oxudu, fatihə verib qəbri bir daha öpüb yola düşdük. Pirin təpəsindən aşdıq. Böyük bir çayın sol tərəfində böyük bir kənd görünürdü. Bu kənd Qacaran erməni kəndi idi. Anam bizə göstərib dedi ki, bu aşağıda görünən xarabalar Oxçudur, kəndin aşağı hissəsində Sakkarsu Qapuçuq, Yağlı dərənin çayları qovuşan yerdə kəndin yuxarısı genişlik bir düzənliklə qovuşan yer – Şabadın kəndidir. Bunların hər ikisi müsəlman kəndləri idi. Bizim kəndi dağıdanda bunları da ermənilər dağıdıblar.
Yolumuzu davam edib çayın kənarına endik. Çay çox gur gəlirdi. Çaydan keçmək mümkün olmazdı. Odur ki, çayın üstündən ağacdan – palıd tirlərindən böyük bir körpü salmışdılar. Qabaqda da bir dəyirman var idi. Anam oranı tanıyırdı. Dəyirmanın yanındakı ev atamızın keçmiş dostunun evi idi. Körpünün üstü çox rahat idi. Bütün köç körpünün üstündən keçdi. Qabaqda gedənlərdən köhnə dostumuzun qarısı bizim gəlməyimizi soruşub, deyiblər daldan gəlirlər. Biz evin yanına çatanda qarı nəvələri ilə bizi gözləyirdi. Biz yaxınlaşanda qarı Mernisə deyib gəlib anamızla görüşdü. Biz uşaqlarla da görüşüb, başımızı sığalladı, öpdü, ağladı. Anam hal-əhval tutdu. Bucüs kirvəni soruşdu, Qarı dedi ki, Bucüs kirvə ölüb. Oğlanlar da Qafana gediblər. Bunlar da nəvələrimdir. Allah pis adama lənət eləsin. Biz iki qonşuları bir-birimizdən ayırdılar. Yolumuza davam edəndə bir xırda səbətdə yumurta, bir torba da kartof verdi. Anam almırdı, çox yalvar-yapış edib dedi ki, bilirəm siz erməni xörəkləri, çayı içmirsiniz, ona görə sizə yumurta ilə kartof gətirmişəm. Uşaqlar üçün sən allah götür. Anam razı olandan sonra qardaşım alıb, atın üstünə bərkitdi. Qarı bizi kəndin yarısına kimi yola salıb qayıtdı və dedi ki, nə lazım olsa, uşağı yolla gəlib aparsın. Anam da yaylağa çatandan sonra qarının qoyduğu payın əvəzini çıxdı, pendir, yağ yolladı. Yaylağa çatmaq üçün hələ çox məsafə var idi. Kəndin döngələri dar olduğu üçün xeyli vaxt lazım oldu. Günorta olardı ki, kənddən çıxıb Qapuçuq çayını keçib Yağlı dərə vadisinə daxil olduq. Yurd yerlərinə çatmaq üçün 6–7 km yol qalırdı. Daha taxıl zəmiləri, biçənəkləri geridə qoymuşduq. Mal-qaranı, atları çayın kənarına buraxıb biz də camaatla birlikdə günorta dincəlmək üçün çaydan kənar çəmənlikdə süfrə açıb çörək yedik. Anam bişirdiyi südlə yoğrulmuş isti daş üzərində bişirilmiş fətiri, pendir, yağ, şor ilə yedik. Yaşlı atalar, analar çayın suyundan dəstəmaz alıb çaydan aralı ibadətə başladılar. Dağın döşündə meşəlik var idi. Mən də tay-tuşlarım olan uşaqlarla birlikdə ora gedib quru odun yığıb gətirdim. Yaylaqda odun yox idi. Hər uşaq bir qucaq odun gətirib öz yük atları üstünə bağlayırdılar. Dincələndən sonra yolumuza davam etdik. Artıq yurd yerlərimiz görünürdü. Hələ günün batmağına çox var idi.
Yurd yerinə qoyun-quzu gəlib çatmışdı. Köç karvanı da gəlib çatdı. Hərə öz alaçıq yerinə yükləri düşürürdülər. Anamız tez gəlib alaçıq çubuqlarını götürüb ağacdan hazırlanmış mıxla alaçığın yerini otdan, xırda daşlardan təmizlədi. Baltaynan ağac mıxı yerə vurub 40–50 sm gedəndən sonra çıxarıb yerinə alaçıq çubuğunu taxırdı. Çubuqların sayı dövrə 20-yə yaxın idi. Onları köməkli əyib uclarını bir-birinə bağladıq. Qurtarandan sonra bel (qabırğa) və yan çubuqlarını da bağlayıb keçələri (qəlibləri) üstünə daram çəkib külək atmasın deyə yanlarını qamışdan toxunulmuş çətənləri çəkib üstündən 2 yerdə ipdən toxunmuş (qəzildən) sicimi dartıb bağladıq. Yağış yağanda alaçığın içərisinə su gəlməsin deyə hər tərəfindən balaca xəndək qazdıq. Bu işləri qurtarana kimi anam çay, xörək hazırlamışdı. Oturub yeyib-içdik, alaçığın içinə keçə, palaz salıb yorğan-döşəyi içəri yığdıq. Alaçığın içərisində 2 metrlik yeri pərdə tutub bağladılar. Oraya yeyinti məhsulları – un, düyü, qənd və başqa azuqələri yığdıq. Artıq işləri qurtarmışdıq. Gün batmağa yaxınlaşırdı. Hərə öz buzov, inəklərini alaçıqlarının yan-yörəsinə bağlayırdı. Biz də buzovları çatmaq üçün köhnə alaçığın daşlarını təmizləyib divarlarını hördük. Çöldən isə bir-iki mıx vurub inək, at bağlamaq üçün yer düzəltdik. Yurd yerində birinci gün olduğu üçün çoxlu səs-küylü idi. İnəklərin mələşməsi, itlərin hürüşməsi, çobanların bir-birini səsləməsi sanki bu dərəyə bir canlanma verirdi. Yaylaq həyatı bu cür başladı.
İki gündən sonra qardaşım İbrahim atın birini – minik atını götürüb kəndə qayıtdı. Gəldiyimiz yollarda dağın zirvələri qarla örtülü idi. Ordan gəlmək mümkün deyildi. Biz, anam, atam, Almurad, bir də mən yaylaqda qaldıq. Almurad balaca olduğu üçün anam onu yuxudan oyatmırdı. Mən anama kömək edib inəkləri sağırdıq. Sonra onları aparıb örüşə ötürüb gəlirdim. Sonra da buzovları başqa səmtə aparıb ötürüb qayıdırdım. Otlaqlar çox uzaq deyildi. Hər tərəf çəmənlik otlağıdır. Yaxından da çay axırdı. Yağlı dərənin bu yurd yerinə iki çay arası deyilirdi. Çayın biri Şabadın gölündən, biri isə Yağlı dərədən gəlib burada bir-birinə qovuşurdu.
Biz iyun ayının iyirmidən sentyabrın birinə kimi yaylaq həyatı keçirdik. Mən hər tezdən durub tay-tuşlarımla meşəyə gedib bir bağlama quru odun yığıb gətirirdik. Meşə çox uzaq deyildi, 2 km olardı. Gətirəndən sonra çörək yeyib zuzu oyunu oynayardıq. Bu oyunun qaydası belə idi. Hər uşağın əlində bir ağac olurdu. Ona tulazma, çomaq deyilirdi. Uşaqlar iki komanda olurdu. Komandanın biri ağacın birini 25–30 metr uzaqda dik basdırardı. O birisi komanda o ağacı yıxmaq üçün tulazmanı atırdı. O çomağı yerə yıxan komanda bir nəfər zuzu deyib bir nəfəsə yığıb gətirsə, udmuş komanda uduzmuş komandanı hərəsi birini minib 100 metr aparıb gətiridi. Bu minvalla uşaqlıq vaxtımızı keçirirdik. Bəzi vaxtlar atların yarışını keçirirdik. Hərə öz atını minib iki-iki çapdırırdıq. O yarışda qocalar, balaca uşaqlar da tamaşaya çıxıb baxırdılar. Uşaqlardan biri atdan yıxılıb qolu çıxdı. Ondan sonra at minib yarış keçirməyi qadağan elədilər.
Yaxınlıqda ermənilərin qoyun yamacı var idi. Çoxlu çoban itləri var idi. Çobanlar